RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəYazılmış tale və yazılmamış gecələr

Biri var idi, biri...
Yox, elə o biri də var idi.. İkisi də var olmasaydı, heç bu nağıl da olmazdı.
Bu nağılı, ya dastanı, ya hekayəti bizlərdən kimsə elə bu cür kağız üzərində burda – Yerdə yaratmaq həvəsinə düşsəydi, əmma qoyardılar ki, məsələni çox qəlizləşdirirsən, çox uzaqdan başlayırsan, həyatda belə olmur, bütün bunları xeyli sadə yazmaq, mürəkkəbləşdirməmək olar.
Ancaq Yazı Yazan Yerdə deyildi, Ulu Dərgahda idi, O Özü idi!
Kimdir Ona irad tutan?!
Belə yazıbsa, bu təhər yazmağa qərar veribsə, deməli belə də olmalı imiş.
Amma gerçəkdən də hələlik biri vardı və biri yoxdu. 
Lakin nağılı yazan artıq hökmünü vermişdi və hələ olmayan o biri də 11 il sonra dünyaya gələcəkdi.
1947-ci il idi, Gəncədə Pərvərdigar bu usağı bir hesabdarın ailəsində dünyaya gətirmişdi. 
Gözəyarı hesabla bu oğlan böyüyüb elə atasının yolu ilə getməli, onun peşəsinə, məşğuliyyətinə uyğun bir işin qulpundan yapışmalı idi.
Fəqət Göylərdə sonralar agah olacağımız sevda nağılını Yazan Kişi hekayətinə musiqi də qatmağı düşünürdü və ona görə də gərək nəsillərində çalıb-oxuyan olmayan bu usagı nə təhərsə musiqi ilə bağlaya idi.
Çünki Xudavəndi-aləm nağılın o biri tərəfini də sahmana salmaqdan ötrü dünyadakı ən gözəl səslərdən birini hədiyyə etdiyi bir sevimli bəndəsinin illərdən bəri davam edən intizarına son qoyub ona övlad bağışlamağı qət etmişdi.
Tanrı rəva görə bilməzdi ki, bütün varlığını məlahətlə doldurduğu bu sənətkar dünyadan “dədə” müraciətini eşitmədən getsin.
Çünki adil Allah bunca istəkli yavrusuna övlad toyu da nəsib etməyi qərarlaşdırmışdı.
Bütün bunları nəzərdə tutmuşdusa, onları gerçəkləşdirməkçün tədbirlər də görməli idi.
Və görürdü də!
Gəncədə dünyaya gətirdiyi bu hesabdar oğlu ilə 11 il sonra böyük xanəndənin ocağına Bakıda bəxş edəcəyi qızı illər sonra qovuşdura bilməkçün gərək arada körpü, vasitə ola idi.
Başlanğıc üçün ən münasib vasitə musiqi idi.
Odur ki, bu gəncəli hesabdar uşağını yönəltdi tara sarı. 
1957-cu il idi və bu oğlan Gəncədəki 1 saylı musiqi məktəbində tar sinfinə qəbul edildi. Həm də özünün də təəccübünə səbəb olan asanlıqla. 
Boş sinif otaqlarından birindəki fortepianonu görüncə maraq içində yaxınlaşmışdı, barmaqları bu musiqi alətinə ilk dəfə toxunsa da, şöhrətli həmyerlisi Qəmbər Hüseynlinin dillər əzbər “Cücələrim”inin melodiyasını elə qarasına birəlli çalmağa başlamışdı. 
– A bala, hansı sinifdənsən, burda neyləyirsən?
Biləndə ki, bu uşağın barmaqları pianoya ömründə birinci dəfə toxunsa da, şirmayı dillərdən istədiyi səsləri qopara bilib, onu tərəddüdsüz məktəbə götürmüşdülər. Öz istəyi ilə tar sinfinə.
Bu 10 yaşlı uşaq Gəncədə tar çalmağında olsun, sizə xəbər verək nağılın digər parçasının gedişatından. 
Düz 1 il sonra Bakıda məşhur xanəndənin ailəsində qatar-qatar gözaydınlığı ilə bu nağılın davamı olacaq göyçək bir bala dünyaya göz acdı.
Beləliklə, daha elə həqiqi mənada “biri vardı, biri yoxdu” deyil, elə ikisi də vardı.
Qalırdı onları tuş salmaq.
1959-cu il idi. Moskvada Azərbaycanın Ədəbiyyat və İncəsənət ongünlüyü keçirilirdi.
Xan Şuşinski misilsiz avazı, yaraşıqlı camalı, şux duruşu ilə hər günü bir bayram olan o mərasimi əsas bəzəyənlərdən idi. Lakin nigaran idi. Yarı canı Bakıda idi. Əvvəllər də tez-tez səfərlərə çıxırdı, günlər yox, həftələrlə də ev-eşiyindən, ailəsindən aralı qaldığı olurdu. Ancaq indi ürəyi nanə yarpağı kimi əsirdi. Arzulayırdı ki, bircə bu öngünlük tez bitəydi, qayıdaydı Bakıya, ona həyata gəlişi ilə dünyadakı ən böyük sevinci bəxş etmiş körpə balasını, Bəyimxanımını qucağına alaydı, oxşayaydı, əzizləyəydi.
Səbri çatmamışdı, Bakıya, evlərinə zəng vurmuşdu. Aldığı xəbərdən qanadlanmışdı. 
Muştuluqlamışdılar ki, Bəyimxanım dil acdı, “dədə” dedi.
Elə orda, Bakıdan uzaqlarda Xan həmin bircə kəlmənin eşqinə ciyərparasının şərəfinə “Ay gözəl ceyran” mahnısını yaratmışdı, oxumuşdu, hər zaman oxuduğundan qat-qat təsirli oxuyub hamını məftun etmişdi..
…Payız yağışları çiləyirdi, saralan yarpaqlar tökülürdü, şaxtalar düşürdü, qar səpirdi, yenə budaqlar tumurcuqlayırdı, çiçəklər açırdı, yaz gülürdü… 
Dünya gərdişində, dəyişən təqvimlər öz işində idi.
Nağılın bir yarısı Bakıda, o biri yarısı Gəncədə qayğısız uşaqlığını yaşaya-yaşaya gündə bir arpa boyu böyüyürdü.
Pərvərdigarsa, min cür, milyon cür, milyard cür başqa işlərinin arasında nəzərdə tutduğu bu nağılı da unutmamışdı gələcək qovuşamının baisi olacaq vasitəçini də həm o, həm bu ailənin ən simsar adamı olmağa yönəldirdi.
Şövkət Ələkbərovanı Xan Şuşinskinin özü də, ailəsi də yalnız sənət yoldaşı deyil, elə doğmaca bacı kimi qəbul edirdi, Gəncədə -- Süleyman kişinin evinə də istəkli Şövkətin hər gəlişi toy-bayram idi.
…Gəncəli cavan tarzən Fikrət Verdiyev artıq Azərbaycanda tanınan çalğıçılarından idi və məntiqlə gərək çoxdan evlənmiş ola idi. 
Yaşı artıq 30-a çatmışdı və valideynləri də tez-tez ona gileylə eşitdirirdilər ki, bütün qohum-qonşu nəvə-nəticə sahibi oldu, bir biz qaldıq!
Yerdəkilərin Göydəki nağıldan nə xəbəri!
Bu yanı – oğlan tərəfi gözlədə-gözlədə o biri yanı – qızı yaşa doldururdu ki, vüsal məqamı yetişə bilsin.
Və Şövkət xanım yenə Gəncənin qonağı imiş, təbii ki, bu şəhərə gəlmişdisə, məhrəm evdə hər gün onun adına ziyafət verilməli idi.
Bir axşam Məryəm xanım şikayətlənir: “Ay Şövkət bacı, bu Fikrətin fikri-zikri çərlədəcək məni. 31 yaşı var, evləndirə bilmirik bunu. Dünya yaraşıqlı, halalsüdəmmiş qızla dolu, birinə də meyil salmır.
Şövkət xanım qayıdır ki, Xanın 2 qəşəng qızı var. Tərbiyəli, ağıllı. Xan özü də peyğəmbər kimi adam. Bəlkə baxsın o qızlara?
Anası bu söhbəti üstüörtülü Fikrətə də açır.
İş elə gətirir ki, bir neçə gün sonra Fikrət hansısa məsələylə bağlı Mədəniyyət Nazirliyinə gəlibmiş. 
Dəhlizdə təsadüfən Xan Şuşinski ilə rastlaşır. Hal-əhval tuturlar. 
Xan əminin yanında qəşəng bir qız da varmış və Fikrət onu görüncə niyəsini anlamadan diksinən kimi olur.
Zavallı nə biləydi bu görüşün cizgisi onillər əvvəldən harada çəkilib!
Şövkərt Ələkbərovagilə telefon açır: “Şövkət xanım, Mədəniyyət Nazirliyindəydim, Xan əmiylə rastlaşdım. Yanında bir qız vardı…”
Şövkət xanım dərhal tanış nömrəni yığır: “Xan bu gün nazirliyə qızlardan hansı ilə gedib?”.
Və heç yarım saat keçməmiş o artıq Xangildə idi: “Gəlmişəm Bəyimxanımı gəncəli qardaşımın oğlu Fikrət üçün istəməyə”.
Göylərdə verilmiş razılığa Yerdə nəkara idi kimsə qarşı çıxa?!
1977-ci ildə baş tutan nişandan az sonra, dekabrın 7-də Bakıda qız toyu çalınır.
Ömrü uzunu saysız el şənliyini yola vermiş, füsünkar oxusu ilə neçə-neçə toyu rövnəqləndirmiş böyük Xan Şuşinski ömrünün ixtiyar çağında ilkinə, istəkli balasına toy edirdi.
Azərbaycanın ən yaxşı xanəndələri, müğənniləri, çalğıçıları bu məclisə toplaşmışdı.
Bu məclis şirindən-şirin söz-söhbəti, bir-birindən cazibəli musiqilərilə əsl tamaşa, tarix dolu bir unudulmaz gecə idi.
Əbülfət Əliyevlə Şövkət Ələkbərova çox üz vurandan sonra Xan əmi özü də oxuyur.
Artıq neçə il idi səhnədən ayrılmışdı, oxumurdu. 
Həyatında son dəfə camaat qarşısında “Qarabağ şikəstəsi”ni o axşam oxuyur. Qonaqları və istəkli balası Bəyimxanımçün oxuyur.
Növbəti ilin – 1978-in aprelində isə Gəncədə oğlan toyu keçirilir.
Xanəndə, çalğıçı qalmamışdı. Hamısı burda idi. Toy 3 gün davam edir. Aprelin 23-də başlayıb 25-də bitir.
Toydan əvvəl Fikrəti şəhər partiya komitəsinə çağırırlar ki, Bakıdan, Mərkəzi Komitədən siqnal var ki, toya 5 min adam çağırmısan. Belə olmaz. Uzaq başı 100-120 nəfər olsun.
– Baş üstə! Necə deyirsiniz elə də edərəm. Ən yaxın qohumlara 120 dəvətnamə yazıb göndərərəm. Amma mən musiqiçiyəm. Azərbaycanın dördbir tərəfində dostlarım, yaxınlarım var. Nişanlım Xan Şuşinskinin qızıdır. Xan əmi bütün xalqınkıdır. Mən çağırmasam da axın-axın adam gələcək. Ona görə də mən siz tapşırdığınız kimi 120 adam çağıraram. Ancaq siz bizim məhəlləyə milisləri yığın ki, toya dəvətnaməsiz gələnləri toyxanaya buraxmasınlar.
Şəhər partiya komitəsi katibi gülür: “Yaman yerdən yapışdın. Yaxşı, bax da neyləyirsən. Hər halda çox hay-küy olmasın”.
Xan əminin adına, Fikrətin hörmətinə məclisə 2500-dən çox qonaq gəlir. Elə o səbəbdən də bu bəxtiyar çal-çağır 3 gün davam edir…
Amma o xoşbəxt nağılın Bakıda və Gəncədəki toylu-büsatlı günləri ilə bağlı mənim ürəyimdə dərindən-dərin təəssüf var.
Kaş əvvəldən-sona o məclislər lentə yazılaydı, çəkiləydi, qalaydı!
Necə əvəzsiz yadigar olardı!
Heyfslənirəm ki, o misilsiz gecələrin anları, istənilən vaxt keşmişləri dirildə biləcək lentin deyil, yalnız həmin günlərin bilavsitə şahidi olmuş insanların yaddaşında qalıb. 
Yazılmış olsaydı, çəkilmiş olsaydı, bu sevda nağılının Azərbaycanın sənət ulduzlarını qovuşdurmuş bir neçə xoşbəxt saatını həmişə izləmək, feyz almaq səadəti bizə də, bizdən sonrakılara da nəsib olardı…

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook