RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə"Segah"a qovuşmuş ad

Onu tez-tez xatırlayıram. 
İmkanım düşdükcə haqqında yazıram, ən müxtəlif mövzulu çıxışlarımda söhbətin bir səmtini ona sarı yönəldirəm və istəyirəm ki, adı mütəmadi eşidilsin, daim yaddaşların üst qatında qalsın.
O mənimçün yalnız qiymətli bir sənətkar, adı artıq xalq musiqimizin klassikləri cərgəsinə qoşulmuş böyük bir tarzən deyil.
Həmişə ürəyimdə var olan doğma bir insandır.
Elə bu anda da məqsədim tamam başqa sənətkar haqqında yazmaq olsa da, ilk olaraq yadıma o düşdü – unudulmaz tarzənimiz, xalq artisti Bəhram Mansurov.
Bəhram müəllimlə mən 1970-ci illərdə, ilk tələbəlik çağlarımda tanış oldum.
Artıq ayağım radio-televiziyaya, qələmim mətbuata açılmışdı və bir gün dərsdən çıxanda hazırlayacağım növbəti verilişlə bağlı Bəhram ustada zəng vurdum.
Həmin tanış telefon nömrəsi indi də yadımdadır.
Baxmayaraq ki, daha nə həmin məhrəm mənzildə Mansurovlar yaşayır, nə də o nömrə qalır.
Dərhal: “Evə gəl”, – söylədi və ünvanlarını başa saldı.
İşin avandlığından təhsil aldığım Azərbaycan Dövlət Universitetinin indiki İstiqlaliyyət, oçağıkı Kommunist küçəsində, hazırkı Əlyazmaları İnstitutu ilə İqtisad Universiteti arasında yerləşən şərqşünaslıq fakultəsi və Bəhram müəllimgilin evinin arası lap yaxın idi, uzaq başı 10 dəqiqəlik piyada yol.
“Hüsü Hacıyev küçəsinin axırına çatanda dərzixana var, böyründə də fotoatelye görəcəksən. Elə ordan dön həyətə sarı, qalx beşinci mərtəbəyə”
Və ilk görüşdən o evdə elə mehriban, elə simsar bir mühitlə rastlaşdım ki, sanki illər idi bu ailəylə sadəcə tanış yox, elə qohum, doğma kimi bağlıyammmış.
Gün ötdükcə də bu səmimiyyət, bu ülfət daha da dərinləşdi və rəhmətliklər Bəhram müəllim də, Münəvvər xanım da məni öz övladları kimi istədilər.
Təbii ki, uşaqlar da onlara baxdı, mənə qardaş münasibəti bəslədi.
Bəhram müəllim dönüb oldu ən mötəbər bələdçim.
Bir yandan mənə muğamın, el havacatımızın çox sirlərini açdı, musiqi biliklərimin dərinləşməsinə səbəbkar oldu, digər tərəfdən də köhnə nəsil musiqçilərlə rahat münasibətlər qura bilməyimçün hər dəfə bircə zəngi ilə münasib şərait yaratdı.
Nə deyirdi, nə demirdi, haqqımda necə zəmanət verirdi bilmirəm, ancaq hanısnın qapısını döyürdümsə, məni elə ehtiramla qarşılıyırdı, elə ürək dolusu danışırdı, arxivlərindən istifadəyə elə səxavətlə imkan yaradırdı ki, sanki məni lap çoxdan tanıyırdılar. 
Baxmayaraq ki, o vaxtlar 17-18 yaşım vardı, Xan Şuşinski kimi nəhəng də, qocaman müğənnilər Yavər xanım Kələntərli də, Sürəyya Qacar da, Sima Haşımlı da, Haşım Kələntərli də, Xanlar Haqverdiyev də, xanəndə Mütəllim Mütəllimov da... mənə sütül bir gənc kimi yanaşmırdılar, guya onlarla tay-tuşammış kimi ürək açırdılar, təfərrüatlar nağıl edirdilər.
Ona görə də indi hərdən-hərdən mənə elə gəlir ki, 1920, 1930, 1940, 1950-ci, 1960-cı illərdə mədəni gerçəkliyimizdə cərəyan etmiş çox hadisələrin bilavasitə şahidi olmuşam, olub-keçənləri öz gözlərimlə görmüşəm.
Elə xanəndə Ağabala Abdullayev haqqında da birinci dəfə mənə bəhs edən, onun oxularını büsbütün ayrı bir şövqlə dinləməyimə xeyirxah körpüyə dönən də əziz Bəhram müəllim oldu.
Bəhram məllim söyləyirdi ki, Ağabala Abdullayevlə ilk dəfə 1942-ci ildə Füzuli rayonunda görüşüb.
Hüseynqulu Sarabski həmin rayondan Ali Sovetə deputatmış və bir gün Bəhram Mansurovla Hüseynağa Hacıbababəyovdan təvəqqe edir ki, onunla birgə seçicilərlə görüşə getsinlər.
Rayonda bir neçə gün qalırlar. Hüseynqulu Sarabski çoxlu görüşlər keçirir, camaatın dərdi-səri, çətinlikləri, qayğıları ilə maraqlanırmış ki, görsün onlara nə köməkliklər göstərə bilər.
Təbii ki, görüşlərdən sonra konsertlər də verirlərmiş.
“Bir axşam Hüseynqulu bizi Füzuli teatrına apardı. Qabaqcadan da dedi ki, buralara ucqar kimi baxmayın, bu teatrda yaxşı, səviyyəli sənətkarlar var. 
O gün ki biz getmişdik, teatrda “Leyli və Məcnun” oynanmalı idi.
Teatrın aktyorlarl başladılar Sarabskidən xahiş etməyə ki, onlarla birgə səhnəyə çıxsın, Məcnunu özü ifa ləsin”.
Amma həmin gün səhhəti yerində olmadığından Sarabski razılıq vermir: “Mənim əvəzimdən qoy Hüseynağa Hacıbababəyov bu axşam Leyli olsun.
“Birinci pərdə bitdi, ikinci pərdədə səhnəyə artıq Məcnunun atası da gəlir və Hüseynqulu da mənə xəbərdarlıq etmişdi ki, sən o Ataya yaxşı fikir ver.
Həmin axşam Məcnunun atası Ağabala Abdullayev idi.
O vaxtacan sorağını almışdımsa da, səsini eşitməmişdim. Oxudu, heyran qaldım. Baxdım ki, muğamatı yaxşı bilir – bu, öz yürində. Lakin oxumağı da çox şirindir, yol bilir, əsl xanəndədir, bişmiş oxuyandır.
Tamaşadan sonra dərhal yaxınlaşıb təbrik etdim, ardınca da soruşdum ki, Ağabala, sən belə oxumağı kimdən, harada öyrənmisən?
O da qayıtdı ki, nə bilirimsə Seyid Şuşinskinin səbəbinədir. Hamısını ondan götürmüşəm...”
...“Segah” muğamı bütün başqa dəstgahlardan bizim xalqın qəlbinə, ruhuna ən yaxın olanıdır.
Heç bir muğamlı xalda “Segah” bizdə olan zənginlikdə, əlvanlıqda deyil.
Heç bir muğamlı xalqda “Segah”ın bizdəki qədər də çeşidi yoxdur.
Və heç bir muğamlı xalqda da bizdəki kimi adı “Segah”la həmişəlik bağlanmış bu qədər sənətkar yoxdur.
“Segah” İslam, “Zabul” Qasım, “Mirzə Hüseyn Segahı”, Haşım “Segah”ı, Habil “Segah”ı ...
Və o şərəfli sırada indi bəlkə də az xatırlanan, amma unudulmamalı el xanəndəsi Ağabala Abdullayevin ayrıca yeri var.
“Segah”ın əsl şirinliyini sonacan duymaq istəyəndə adı bu həzin muğamla qoşalaşmış “Zabul” Ağabalanı dinləyin.
Bənzəri olmayan yanıqlı, ruhu tərpədən avaz sizi ayrı bir aləmə aparacaq.
Soyumaz sevdaların nağıllı aləminə...

akademik Rafael Hüseynov

31 may, 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook