RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəHəmişə cavan qoca

O mənim borclu olduğum insanlardan biridir. 
Boynumda haqqı olanlarınsa yaxşılığının əvəzini, imkanım düşdükcə, daim çıxmağa çalışıram. Əslində bu xırda yazı da növbəti borcqaytarmadır.
Mənim elm yolum onunla başlanıb. 
İlk elmi araşdırmalarımın da səbəbkarı o idi – birinci elmi məruzəmin də yaranmasına, həmin çıxışın diqqəti cəlb etməsindən sonra mənə artıq sabah elmdə söz deyə biləcək araşdırıcı kimi diqqət yönəldilməsinə bais olan da o kişidir.
Onunla yaxın tanışlığımsa, bir təsadüfdən başlandı.
1970-ci illər idi, mən Universitetin (o vaxt Universitet bircəydi, çəkiycə də digər institutlardan daha ağır idi. İndiki kimi bütün ali məktəblərə “universitet” demirdilər) şərqşünaslıq fakultəsində oxuyurdum, sovet dövrü idi, xarici dillərdə qəzet-jurnal, kitablar tapmaq çətin idi.
Türkiyədən, İrandan, ərəb ölkələrindən tərcüməçi işləmiş tanışlarımızın gətirdiyi tək-tək kitabları gözümüzə təpərdik, belə nəşrlər əl-əl gəzər, vərəqlər süzülənədək oxunardı.
O zamanlar bazar günləri sahil bağında, ovaxtkı Lenin muzeyinin, indiki Muzeylər Mərkəzinin tuşundakı yerdə kitab alverçiləri toplaşardılar. 
Baxmayaraq ki, Bakı şəhəri bir-birindən gözəl kitab mağazaları ilə dolu idi, bu qeyri-rəsmi kitab satışı meydanını da ehtiyac, zərurət yaratmışdı.
Bu sadəcə bukinsit deyildi. 
Olmağına orda köhnə kitablar da olurdu, amma siyahı bununla tamamlanmırdı.
Həmin kitab bazarında xarici dillərdə olan nəşrləri də, nəinki kitab dükanlarında, heç çox vaxt kitabxanalarda tapılmayan dərsliklər və lüğətləri də, hətta ara-sıra “samizdat” deyilən “xatalı” məzmunlu əsərləri də əldə etmək mümkün idi.
Kitab tacirlərinin hərəsi iri bir çanta ilə gələrdi. 
Lap almasan belə əksərən nadir olan həmin ktabları sadəcə seyr eləməyin, vərəqləməyin özü adama ləzzət verirdi.
Hərdən milis nəfərləri qəfilcə ora həmlə çəkər, kitabsatanlar tələm-tələsik skamyaların oturacaqlarına düzdükləri, yerə qəzet sərib üstündə sıraladıqları kitabları yığıb qaçışardılar, yəqin ələ keçənləri də olardı. 
Amma bunu da fərz edirəm ki, görünür milislərlə həmin kitab alverçiləri nə şəkildəsə razılığa da gəlirmişlər ki, növbəti bazar günü yenə yığışardılar, yenə çantalarını açar, kitabları düzərdilər.
Bunu da ayrıca vurğulayıram ki, o kitabsatanların əksəri savadlı, mədəni adamlar, kitabın dəyərini yaxşı anlayan, müxtəlif elm sahələrindən xəbərdar şəxslər idilər. 
Mən ora ayda 2 dəfə gedə bilirdim. 
Bir tələbə təqaüdünü alan gün, bir də elə birinci kursda oxuyandan əməkdaşlığa başladığım “Bakı” qəzetindənmi, radiodan, televiziyadanmı qanorar gələndə.
Kitablar da orda oçağkı ölçülərlə baha satılardı.
Elə birinci kursda oxuyanda həmin dənizkənarı parkdakı kitab bazarından 10 rubl verib aldığım birinci qiymətli əsər Ömər Xəyyamın Türkiyədə 1927-ci ildə nəşr edilmiş “Rübaiyyat”ı olmuşdu.
Həmin kitabı Hüseyn Daneş adlı bir tədqiqatçı hazırlamışdı. 
(Yalnız bir neçə il öncə bilmişəm ki, sən demə Hüseyn Daneş Azərbaycan türkü imiş. Dəyərli dostumuz, kitabpərvər iş adamı, mədəniyyət hamisi Əli Poladsa mənə xəbər verdi ki, Hüseyn Daneşin məzarı İstanbuldadır. 
Xəyyamşünaslıqda özünəməxsus yeri olan, şeir yazmaqda da gücünü və ilhamını sınamış bu az bilinən soydaşımız haqqında məlumat toplayıram, haqqında ayrıca yazacağam və qismət olsa, ilk imkanda məzarını da ziyarət edəcəyəm).
Elə alındığı gündən masaüstü kitablarımdan birinə çevrilən “Rübaiyyat”a geniş müqəddimə yazılmışdı, rübailərin farsca mətnləri və türkcəyə tərcümələri verilmişdi. Ən maraqlı cəhətlərdən biri isə bu idi ki, həm orta əsr Şərq, həm də yeni dövr Qərb müəlliflərinin Xəyyamla bağlı məlumatları,mülahizələri həm yazıldığı dildə iqtibas edilmiş, həm də tərcümələri göstərilmişdi.
Birinci kursun ikinci semestrində ikən bu kitabdan oxuduqlarımı bir sıra başqa kitabların verdiyi bilgilərlə genişləndirərək Şərqşünaslıq fakultəsində keçirilən tələbə konfransında məruzə ilə çıxış etdim. Həmin konfransı izləyən müəllimlərimizdən professor Əhməd Şəfai dekanlıqda mənim haqqımda necə şövqlə, necə tərifli sözlərlə danışıbmıçsa 2 gün sonra məni bir-birindən xəbərsiz fakultəmizdəki 2 aparıcı kafedranın 2 müdüri, 2 böyük alim – professorlar Rəhim Sultanov və Mübariz Əlizadə söhbətə dəvət edilər. 
Rəhim müəllim dilçi idi və məni bu sahədə çalışmağa, Mübariz müəllimsə ədəbiyyatçı olmağa təşviq etdi. 
Hər ikisinə böyük məhəbbətim və ehtiramım vardı, hər ikisinin nəvazişkar münasibəti məni riqqətə gətirmişdi və heç birinin sözünü yerə sala bilməzdim. Ona görə birinin rəhbərliyi altında İran dilçiliyi, digərinin yolgöstərənliyi ilə farsdilli orta əsrlər ədəbiyyatı ilə məşğul olmağa başladım.
Xəyyamsa ilk sevgi idi və o vaxtdan indiyəcən mənimlə qalır.
Amma Xəyyam macəralarım o vaxt elə tək həmin məruzə ilə bitmədi.
Əruzu öyrənmək istəyirdim. Bizə siyasi iqtisaddan əslən İrandan olan, milliyyətcə kürd Əli Kəlavej dərs deyirdi. Son dərəcə mədəni, savadlı, kübar bir insan idi. ədəbiyyatı da yaxşı bilirdi. Elə sözarası əruzu mükəmməl öyrənmək istəklərimdən ona danışanda demişdi ki, sabah dərsdən sonra gəl Akademiyanın Yaxın və Orta Şərq xaqları institutuna, mən orda da əməkdaşam, Əkrəm Cəfər bu işin bilicisidir, onunla söhbət edərəm, səninlə məşğul olar.
Və Əkrəm müəllimlə əvvəlinci görüşümüzdə elə ilk dəqiqələrdən sonra ömür boyu davam edəcək qarşılıqlı istəyimizin yaranmasına səbəbkar yenə Xəyyam olmuşdu. Qabaqca əruz haqqında 3-4 dəqiqə ümumi məlumat verəndən sonra qayıtmışdı ki, amma rübai vəzni ayrıcadır. Mən də dərhal: “Onu bilirəm”, – demişdim, – “Hüseyn Daneşin kitabından oxumuşam”. 
Və başlamışdım nəsə bildiyimi göstərmək üçün “Rübaiyyat”ın müqəddiməsində və şərhlər bölümündə rübai vəzni ilə bağlı yaddaşıma yığdıqlarımı söyləməyə. “Xəyyamın rübailəindən əzbər bildiyin varmı?” soruşmağı lap ürəyimcə olmuşdu, çünki özümü yaxşı tərəfdən təqdim etmək üçün münasib fürsət idi bu. Başalmışdım dalbadal farsca rübailərdən deməyə. 
İndi xatirimdə deyil, səbrlə və sifətindən aydın görünən məmnunluqla dinlədiyi onuncumu, iyirmincimi, ya daha neçənci rübaidən sonra dillənmişdi: “Qulaq as, gör bunu öz vəznində necə çevirmişəm”. 
Başlamışdı özünün Xəyyamdan məharətlə etdiyi tərcümələrdən seçmələri oxumağa.
Sən demə, ustad ilk gəncliyindən Xəyyamın vurğunuymuş, ömrü boyu da Xəyyamı oxudu, zövq aldı, dilimizə çevirdi, axıracan da ondan doymadı.
Beləcə, Xəyyam körpüsü bizi ilk təmasdanca yaxınlaşdırdı.
Və biz tələbəykən Azərbaycanın teatr həyatında mühüm hadisə baş vermişdi.
Böyük teatr xadimi və filosof Mehdi Məmmədov Hüseyn Cavidin “Xəyyam” pyesini yenicə tamaşaya qoymuşdu.
Həmin tamaşanı səhnəmizin bayramı sayanlar çox idi və mən “Xəyyam”a baş rolda Həsən Turabov oynayarkən 1 dəfə, Mehdi Məmmədov çıxış edərkən 5 dəfə baxmışdım.
...Həmin tələbəlik çağlarında “Hüseyn Cavidin “Xəyyam” pyesində tarixilik” mövzusunda bir məqalə də yazdım. Unudlmaz müəllimimiz, tarixçi alim Rafiq İsmayılovun tövsiyyəsi ilə o məqalə əsasında şərqşünaslıq fakultəsinin tələbə və müəllim auditoriyası qarşısında elmi məruzə ilə də çıxış etdim...
Bu minvalla, şərqşünaslıqdakı yolumun başlanğıcında sanki Xəyyam hər an yanımda idi, mənə dayaq durur, yol açırdı.
...Həmişə qəlbimdə yaşayan qiymətli alimimiz, sevimli ustadlarımdan olan həm zahirən, həm daxilən nurlu insan Məmmədağa Sultanov mənə bir dəfə evlərinə qonaq olarkən gözəl hədiyyə vermişdi. 
Bu nəfis əl işini vaxtilə onun özünə də hədiyyə ediblərmiş.
Məşhur xəttatımız Qulam Darabadinin qamış qələmindən çıxmış, yazandan sonra naxışladığı,süslədiyi və elə özünün də düzəltdiyi çərçivəyə saldığı bir lövhə. Üstündə də şeir. Müəllifi Əbdülxaliq Cənnəti. 
Və o rübai də rübainin misilsiz memarı Ömər Xəyyam haqqındadır:

Xəyyam, səni bir daha əyyam yetirməz,
Bir sən kimi fərzane-yi banam yetirməz.
Yüzlərlə Ömərlər doğurar ümm-i təbiət,
Şair yetirər, sən kimi Xəyyam yetirməz!

Yeri cənnət olsun Cənnətinin! 
Düz deməyibmi məgər?!

Rafael Hüseynov

17 iyun 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook