RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəHamının qəbul etdiyi münsif

Bəli, o məhz belə bir kişi olub. 
O qədər insaflı, o qədər ədalətli, o qədər düzgün ki, hər kəs onu doğrunu ölçə biləcək ən dürüst tərəzi, kim, ya kimlərsə haqqı əyəndə buna susmayacaq qədər qətiyyətli həqiqət deyicisi, sözün ən yüksək mənasında münsif hesab edib.
Həmin səbəbdən də yaxından tanıyanların hamısı bütün məhəbbət və hörmətlərini bircə kəlməyə sığışdıraraq onu “Müəllim!” çağırıb.
Əhməd Bakıxanov musiqiçi idi, xalq musiqisi ilə bağlanan insanların mühitində idi və həmin sahədə də qeyd-şərtsiz münsif kimi tanınaraq yeri düşdükcə sözünü deyirdi.
Amma hər sahənin , gerçəkliyin hər səmtinin öz Əhməd Bakıxanov biçimli insanlarına, münsiflərinə ehtiyacı var.
İstənilən insanın əslində həmişə, ən azı hansısa müşkül suallarla qarşılaşanda, mühüm bir qərar qəbul etməsinə zərurət yarananda ürəyindən keçir ki, kaş yanında münsif kimi bel bağlayacağı bir kəs olaydı.
İnandığın, etibar elədiyin, özündən daha ağıllı, daha müdrik hesab etdiyin belə şəxslər tərəddüd məngənəsində qaldığın həmin anlarda sənin ömründə olursa, bu elə ayrıca bir xoşbəxtlikdir. 
Əks təqdirdə hər sualın, həm də ən çətin sualların belə cavabını tək özün tapmalısan. 
Həm də məsələ hətta cavabı tapmaq da deyil. 
Bəzən sənin ən qəliz suallara hazır cavabların, ən pırtlaşıq düyünləri çözməyə də yarayacaq açarın olur. Lakin yenə də istəyirsən ki, böyründə bir məsləhətçin olsun, öz düz cavabına onun münasibətini soruşasan.
Bütün başqa elan edilməmiş münsifləri bir kənara qoyaraq indi də tez-tez rastlaşdığımız, rəsmən münsif elan edilən, ayrıca bir masa arxasında oturaraq şəstlə qiymət verən, nəticə çıxaran, tale müəyyənləşdirən, hökm yeridən sıra-sıra insanları göz önünə gətirin.
Bizdə və dünyanın çox yerində. 
Televiziyanın sayəsində efir məkanı baxımından bizə daha əlçatan olan Rusiya ilə Türkiyədən tutmuş baxa bildiyimiz ən uzaq ölkələrəcən.
Axı görürük münsiflər heç də həmişə əsl münsif olmur, ola bilmir, olmaq istəmir.
Gözümüz görə-görə məhkəmə hakimindən tutmuş futbol hakiminəcən, musiqi yarışmasından başlamış gözəllik müsabiqəsinədək neçələri “uf” demədən həqiqəti elə əyir ki, “münsif” sözünün özü bundan xəcalət çəkə bilərdi.
Odur ki, əsl haqqpərəst münsiflərin dirisinə şərəflər, həyatdan getmişinə rəhmətlər gərək heç vaxt dilimizdən əskik olmaya!
Əhmədxan Bakıxanov sakit təbiətli, mülayim adam olub. 
Lakin təbiətən yumşaqlığı, hər məqamda barışıq, güzəşt yolunu tutmağa can atması qətiyyən mane olmayıb ki, gərək olan anda sərt üz də göstərsin, kəskin də danışsın və sözünü, aydın, barışmaz mövqeyini hamının eşidə biləcəyi səviyyədə mətbuata da çıxarsın.
Bəstəkar Azər Rzayev qəlbimə yaxın olan, dərin sayğı bəslədiyim insan idi. 
Həm musiqiçi, həm sənətşünas, həm mədəniyyət təşkilatçısı kimi ona rəğbətlərim dərin olub.
Əhvalat vaqe olur 1969-cu ildə. 
Rəhmətlik Azər müəllim bir az ifrat tələbkarlıq, bir az da cavanlara xas çılğınlıqla “Bu günün mahnısı” adlı bir məqalə dərc etdirir və bir sıra bəstəkarlar, ifaçıları sərt tənqidə məruz qoyur.
Azər Rzayev həmin tənqidi məqaləsini yazanda və Əhməd Bakıxanov da ona cavabını dərc etdirəndə mən məktəbli olmuşam, bu mübahisələrdən xəbərsizmişəm.
Azər Rzayevi mən bir az sonralar – 1970-ci illərin ortalarından, tələbəlik vaxtlarımdan tanıdım və ömrünün axırınacan da mehriban ünsiyyətlərimiz davam etdi. 
Bütün bu müddət ərzində bircə dəfə də olsa onu səsini qaldıran, hansı məsələ barədəsə çox kəskin danışan görmədim.
Fəqət həmin məqalə mən tanıyan Azər müəllimin üslubunda deyilmiş, yetərincə iynəliymiş.
Əhməd Bakıxanov Azər Rzayevin atası ilə, anası ilə dost olan insan idi. 
Azər onun gözünün qabağında böyümüşdü. O Azərçün əmi əvəzi idi, ona hər cəhətdən ərki çatırdı. Görüşərək, çağırtdıraraq, ya telefonla danışaraq ona öyüd-nəsihət verə, “belə kəskin olma, filan məslədə haqsızsan” söyləyə bilərdi. 
Di gəl ki, yox, götürüb qəzetdə yazır. 
Doğrudur, elə məqaləsində də ona bir əmi, doğması kimi müraciət edir, lakin hər halda razılaşmadığını, cavan həmkarını haqsız saydığını ictimailəşdirərək, qəzet səhifəsindən deyir. 
O vaxtın qəzetisə indinin qəzeti deyildi. 
Əvvələn qəzetlərin sayı az idi, ikincisi də mətbu sözün gücü, çəkisi, nüfuzu vardı.
Zənnimcə, Əhməd Bakıxanovun sözünü mətbuat səhifələrindən çatdırmasının əsas səbəblərindən biri bu idi ki, tənqidi məqalədə hədəfə götürülmüş həvəskar bəstəkarı və gənc müğənniləri qorusun, onların yolunda sabah yarana biləcək maneələri kənarlaşdırsın, onlar barəsində yanlış rəy formalaşmasına imkan verməsin. 
Digər tərəfdən də elə Azərin özünü qorusun, onu gənclik maksimalizmindən uzaqlaşdırsın, gələcəkdə istəməyənləri, rəqibləri yaranmasın deyə fikirlərini daha ehmalllı ifadə etməyə istiqamətləndirsin.
O çağlar idi ki, Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı bütün ölkənin musiqi ictimaiyyətinin diqqət mərkəzində idi. 
Əhmədxan müəllim mütəmadi olaraq istedadlı gəncləri, yeni avazları başçılıq etdiyi sənət birliyinə dəvət edir, onların ifalarının radioda, televiziyada səslənməsinə, nümayiş etdirləməsinə səxavətlə, qayğıkeşliklə meydan açırdı. 
Ələkbər Tağıyev bir-birinin ardınca gözəl nəğmələr qoşurdu. 
Təkəbbürlə, bir az da hikkəylə ona “həvəskar” deyərək Bəstəkarlar İttifaqına qəbul edilməsinə imkan vermirdilər, mətbuata onun haqqında tənqidi mülahizələri ötürüdülər. 
Əhmədxan ustad isə Ələkbər Tağıyevin hər yeni mahnısına “yaşıl işıq” yandırırdı, Bakıxanovun ansamblının repertuarında olması o şux mahnılara həyat vəsiqəsi bağışlayırdı. 
“Azər, oğlum, dahi bəstəkarımızın yazdığı gözəl romansları sən müasir bəstəkarlarımızın “Sənsiz”dən və “Sevgili canan”dan geri qalan romansları ilə müqayisə etsəydin, daha yaxşı olmazdımı?
Üzeyir Hacıbəyovun əsərlərini niyə həvəskar bəstəkarın mahnıları ilə qarşı-qarşıya qoyursan? 
Bunun kimə xeyri vardır? 
Hələ mən onu demirəm ki, mahnı ifaçıları haqqında danışarkən sən onların siyahısını xalqımıızn həqiqətən dərin hörmət bəslədiyi iki müğənni ilə məhdudlaşdırırsan. 
Hər bir yeni ifaçı öz cığırını açmağa çalışırsa, buna sevinmək və ona kömək etmək lazımdır.
Baltanı kökündən vurmaq isə məyusluq yaradır.
Nihilizm, bədbinlik cavan sənətkarları yolundan azdıra, onların qol-qanadını sındıra bilər”.
Kim bilir, bəlkə də Azər müəllimin sonralar həmişə mötədil mövqe tutması, sənət məsələlərindən bəhs edərkən sərt yanaşmalardan aralı durması həm də elə Əhmədxan Bakıxanovun həmin nəsihətamiz məqaləsidən qaynaqlanır?!
Bilirsinizmi Əhməd Bakıxanovun o illərdə qol-qanadını sındırılmaqdan qoruduğu gənc ifaçılardan biri kim idi?
Məhz bu cür sinəsini irəli verərək onu ürəklə müdafiə edənlərin və özünün zətmətsevərliyinin, parlaq istedadının sayəsində ən müxtəlif həmlələri yenərək, maneələri aşaraq sonralar Azərbaycanın ən üstün sənətkarlarından birinə çevrilən Zeynəb Xanlarova!
Hamımızın indi birmənalı şəkildə böyk muğam ustası və ustadı kimi etiraf etdiyimiz xanəndə Hacıbaba Hüseynovu da Əhmədxan Bakıxanov qısqanc, paxıl yanaşmalardan, fəqrli zövqlərin yaratdığı yasaqlardan mühafizə edərək lentə alıb, həmin oxuları radioda səsləndirib və bu xeyirxahlığı ilə macal verməyib ki, qiymətlidən qiymətli bir sənətkar umulmaz münasibətlər ucbatından gizli qalsın.
Və neçə-neçə başqaları...

Rafael Hüseynov

16 iyun 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook