Böyük Rəşid Behbudov dördüncü dəfə idi ki, İrana yola düşürdü.
1966-cı il idi və qüdrətli sənətkar özü ilə yenə sənətinin ucalığına yaraşan müşaiyətçi dəstəni götürmüşdü.
Tarzəni Əlağa Quliyev, kamançaçısı Tələt Bakıxanov idi.
Mahir dəfçalan Əzizağa Nəcəfzadə də onunla idi, usta pianoçu Akif Abdullayev də.
Rəşid hansı ölkədə konsertlər versəydi, ürəkləri fəth edirdi, onu ilk dəfə görənləri də məftun qoyur, öz daimi vurğununa döndərməyi bacarırdı.
Lakin İranda ona münasibət məxsusi idi.
Bu dost ölkəyə ilk gəlişlərindən necə məhəbbət qazanmışdısa, yeni konsertlərində nəinki salondakı oturacaqların hamısı tutulmuş olurdu, hətta cərgələr arasındakı boş yerlər də bütün konserti ayaq üstə dinləyən heyran tamaşaçılarla dolurdu.
İran Gənclər Cəmiyyətinin dəvəti ilə gerçəkləşmiş bu səfərlə bağlı o çağın Azərbaycan və İran mətbuatında yer almış iki rəqəm heyrətləndirməyə, Rəşid Behbudov və dəstəsinin bir neçə gün ərzində necə gərgin işlədiyinə insanı mat qoymaya bilmir.
Qonşu və xeyli cəhətdən doğma ölkəyə hər səfərində olduğu kimi bu dəfə də Rəşid Behbudov repertuarında məşhur Azərbaycan mahnıları ilə yanaşı, İran xalq təranələri və ölkənin ən sevilən bəstəkarlarının əsərlərinə də geniş yer ayırmışdı.
Bir neçə gün ərizndə 14 konsert vermiş, 400-dən çox mahnı oxumuşdu.
Az qala hər ifanın elə o ifa uzunluqda alqış selinə büründüyü həmin konsertlərdən birində növbəti mahnıdan sonra Rəşid Behbudov səhnəyə əlində bir vərəqlə çıxır.
Və elan edir ki, bu bir teleqramdır, indicə bizə, Sovet İttifaqının Tehrandakı səfirliyindən gətirib çatdırıblar. Teleqram bizə Bakıdan göndərilib və xəbər verilir ki, indi qarşınızda, mənimlə eyni səhnədə olan, neçə günlər ərzində sizin də çalğılarını məhəbbətlə qarşıladığınız kamançaçaçı Tələt Bakıxanovun bu gün oğlu dünyaya gəlib. Gəlin hamılıqla gözəl sənətkarımıza gözaydınlığı verək, onu birlikdə təbrik edək.
Kükrəyən alqışlar bir neçə dəqiqə susmaq bilmir.
Lakin Rəşid Behbudovun tamaşaçılara növbəti müraciəti elə bir riqqət, elə bir alqış tufanı oyadır ki, yüzlərlə insan uzun müddət, ayaq üstə, əllər yoruluncaya qədər sakitləşmək bilmir.
– Əziz dostlar! Tələt Bakıxanovun övladının dünyaya gəlməsinin şad sorağı bizə İran torağında yetişib. Hərarətli alqışlarınız sübut edir ki, ölkələrimizin, xalqlarımızın həyatında baş verən istənilən xoş hadisə, yaxşı müjdə bizi bir-birimizə necə də yaxınlaşdırır. Amma bizi ayıran bir Araz çayı da var. Mən təklif edirəm ki, dostumuz Tələtin dünyaya yeni göz açmış balasına Araz adı verək. Arzu edək ki, indi bu sevincli xəbər bizi belə ürək səmimiyyəti ilə qovuşdurduğu kimi, gün o gün olsun, Araz çayı da aryrılığın, həsrətin deyil, vüsalın, birliyin rəmzinə çevrilsin!
Boğazlardakı qəhəri, gözlərdən ixtiyarsız axan yaşları necə saxlayaydın belə məqamda?!
...Azərbaycan musiqiçisi, əməkdar artist ( bu “əməkdar artist” adı indi çoxlarına çox asanlıqla nəsib olan “əməkdar və xalq artisti” titullarından büsbütün fərqlənən, illərin zəhməti və əsl istedad bahasına qazanılmış layiqli ad idi) Tələt Bakıxanov 73 illik bir ömür yaşadı.
İranda baş vermiş həmin hadisə onun sənət ömrünün sadəcə bir parçası, lakin qətiyyən adi olmayan, parlaq bir parçasıdır.
Tələt Bakıxanovun sənət həyatı boyuncasa yaşadığı parlaqdan parlaq bu qəbil anlar az olmamışdı.
Ancaq təəssüflər ki, o təvazökar insanın və sənətkarın ömrünün və yaradıəcılığının hər kəsə bilinməsi gərək olanbelə füsünkar anlarının əksəri, bəlkə də az qala hamısı, insanlarımıza məlum deyil.
Hələ ki, Tələt Bakıxanovun müasiri olan, onu yaxından tanımışların, sənətini ən yaxın məsafədən izləmişlərin bir qismi həyatdadır.
Onlar bu təfərrüatları canlı xatirələrində yaşadırlar.
İllər ötəcək, onlar da gedəcək, bütün bunlar yazılmasa bəs yaddaşlarda nələr qalacaq?
Tələti elə səssiz-səmirsiz, başını aşağı salıb gündəlik musiqi həyatını yaşamış, səliqəli müşayiətçi olmuş bir ifaçı kimi ən yaxşı halda münasibətdən münasibətə, tariximizdə qalan adi bir kamaçaçaçı kimi anacaqlar.
Qaldırıram köhnə illərin qəzetlərini.
Həyatı boyu haqqında heç sanballlı bircə məqalə də yazılmayıb!
Uzaq başı hansısa musiqi xəbərlərinin içərisində eləcə adı xatırlanıb.
Tələtsə, sənətkar kimi adi olmayıb, sıravi olmayıb, seçkinlərədən olub, üstünlərdən olub.
İnsan kimi də zahirən göründüyü kmi deyil, son dərəcə koloritli, şux, daxilən zəngin bir şəxsiyyətmiş.
Səhnələrdə, açıq konsertlərdə, televiziya çıxışlarında onu həmişə təmkinli görmüsünüz. Lentin də yaddaşında belə qalıb. Amma axı onun musiqi həyatının vacib bir hissəsi də Abşeron toyları, el şənlikləri idi.
Həmin məclislərdə Tələt öz stixiyasında olurdu. Tamam başqa cilvədə bərq vururdu.
Xanəndə oxuyurdu. Bəzən də eyni toy içində biri yox, bir neçəsi.
Onlar əslində həm də bir-biri ilə yarışırdılar, “döyüşürdülər”, kim daha artıq hünər göstərə bilər cənginə qalxırdılar.
Tələtlə Səvər İbrahimov çalırdı.
Və onlar da vəcdə gəlirdilər. Arada elə coşurdular ki, sanki hər şeyi unudaraq bir-biri ilə döş-döşə dayanırdılar.
İki hünərvər aşıq deyişməyə, kim kimi bağlayacaq yarışmasına qatılıbmış kimi qəfilcə qeyri-iradi çevrilirdilər bir-birlərinə sarı.
Sərvərin tarda dediyi cümlənin cavabı Tələtin kamançasından gəlirdi, Tələtin kamanasından qopan suala Sərvərin tarı köks açırdı, əks-səda ordan yüksəlirdi.
Atəş dolu bu səsləşmədən xanəndələr də coşurdu, məclisə toplaşanlar da feyziyab olurdular.
Və bir kənd toyunun gözəlliyindən bihuş olan sadə insanlar fərqində olmurdular ki, onlar indi möcüzə ilə üzbəüzdürlər, Sərvəri, Tələti illərlə rəsmi səhnələrdə sevərək seyr edənlərin müşahidə etmədiyi vəcd məqamında görə bilirlər.
...Abşeronun aylı-ulduzlu toy axşamlarının həmin lətif sual-cavablı anlarının heç də hamısı efir boşluqlarında əriyib-itməyib.
Məhrəm toy gecələrindən yadigar qalan o cür kasetlərə öz evinin sakiyliyində hərdən-hərdən tamaşa edənlər qəlbigenişlik göstərsin.
Həmin anlar tariximizdir, mədəniyyətimizdə izi olanların əvəzsiz sənətinin və ömrünün tarixidir.
Xəsislik etməyin, duyduğunuz ləzzətlərdən başqalarını da məhrum etməyin, savab qazanın, elə edin o həvəskar çəkilişləri hamı görə bilsin.
Anlayanlar, duyanlar sizlərə minnətdar olacaq!..
Rafael Hüseynov
08 iyul 2019-cu il