RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəİşlənməmiş 30 qələm

Onun fikridir və bu dördcə kəlmə sözdə həm dərin təvazö, həm çağırış, həm xəbərdarlıq, həm arxayınlıq, əminlik, həm də bir az qınaq var.
“Maraqlananlar üçün faydasız olmaz”.
Bu sözləri deyən 100 yaşına doğru əli qələmli, aydın düşüncə ilə, gündəlik axtarış və tapıntılarla irəliləyən bir böyük şəxsiyyət, çağdaşımız olan canlı klassik idi.
Şərəfli dünənimizlə bugünümüz arasında ən mötəbər körpülərdən olan bir insan.
Ustad Şirməmməd Hüseynov!
Şirməmməd müəllim həmin o dördcə sözlük gümanını (və tapşırığını!) çox illər öncə Azərbaycanın son bir əsrdən artıq müddətdəki təlatümlü, enişli-yoxuşlu həyatının taleyüklü məsələlərinə həsr etdiyi yazılar toplusunun müqəddiməsində yazıb.
Ümumən professor Şirməmməd Hüseynovun ta cavanlığından üzü bəri (əslində, bu işləmək və yaratmaq enerjisi, bu eşqi ilə 90-ında da cavan idi və istənilən gəncə örnək olacaq bir sərt iş rejimində çalışmaqdaydı) qələmə aldığı, xalqa çatdırdığı bütün yazılar Azərbaycan istiqlalı, bu mübarizəli yolun tanınan və tanınmayan fədailəri, qoruyub yaşatmalı olduğumuz milli dəyərlər və ideallarla bağlı idi.
Və həmin dördcə kəlmə Şirməmməd Hüseynovun hər yazısına, hər tərtib etdiyi topluya, hər hazırladığı kitaba, hər doğurduğu əsərə, hər etdiyi çıxışa, hər apardığı mühazirəyə yığcam önsöz, “bismillah” biçimli bir başlanğıc kimi qavranıla bilər.
Aqil adam idi, yaxşı anlayırdı ki, qəzet səhifələrindən, cild-cild kitablar vasitəsilə xalqa təqdim etdiyi qiymətli yazıların hamı tərəfindən oxunmasına, bilinməsinə ehtiyac varsa da, daha artıq kürəsəlləşdikcə daha çox dəyişən, rəqəmsallaşdıqca kitabı, çap yazılarını mütaliə etmək həvəsi tədricən daha ziyadə azalan dünyanın çox yerində olduğu kimi, bizdə də camaatın oxumaq səbri də, şövqü də sönükləşib.
Amma o, inadla öz işini görürdü. 
Köhnə əlifbalarda əl çətin çatan arxivlərdə qalan yazıları qaldırır, indi işlək olan əlifbamıza köçürür, oxuyacaq kəslərin anlamasını asanlaşdırmaqdan ötrü ayrı-ayrı dövriyyədən çıxmış və başa düşülməsi əngəlli ola biləcək kəlmələrin lüğətini də əlavə edir və təqaüdündən bu məqsədlə ayırdığı vəsaitin üstündən müəyyən məbləği götürərək bu qəbil yazılarını əlyazmadan oxuyub çap edən kompüterçiyə taksi iləgöndərirdi, 
Ertəsi gün oradan yenə həmin yolla qayıdan yazını bu dəfə yenə təzədən oxuyub təshih edəndən sonra taksi haqqını ödəyərək yollayırdı redaksiyalara.
Savabına da heç kəsi şərik etmək istəmirdi.
Bir dəfə təklif etdim ki, sürücümü göndərim, gəlib həmin aparıb-gətirmə əməliyyatlarında yardımçınız olsun.
Stalin dövrünün təmiz kommunistlərinin ifrat prinsipiallığı ilə etiraz etdi: “Bəs birdən bu yazıları apardığı zaman sənin idarənin həmin sürücü tərəfindən görülməli işləri necə olsun?”
Yalnız gərgin alim əməyi ilə deyil, həm də ağır fəhlə zəhməti ilə araya-ərsəyə gələn bu yazıları 10 adamdan birinin oxuyub-oxumayacağına şəkki olsa da, usanmadan, bezmədən çalışırdı.
Çünki həm də bu işlərin əhəmiyyətinə inanırdı, həm də əmindirdı ki, gec-tez mütləq bu yazıları oxuyub həzm edənlər artacaq, həm də bilirdi ki, özü indi bu işləri yerinə yetirməsə, bir ayrısının onlara vaxt və ürək sərf edəcəyi ehtimalı zəifdir.
İşləyirdi və nəticəni xalqa təqdim etməzdən öncə xəbərdarlığını da yaddan çıxarmırdı ki, bunlarda fayda var ha!
Qarşına qoyulan məhsulda xeyir olduğunu sənə bəyan edirlərsə, yəqin ki, sən də maraq göstərməli, ona doğru can atmalısan.
Amma bu müdrik kişi dərk edirdi ki, maraqlanmaya da bilərlər, biganə qalanlar da olacaq.
Ona görə də bir az eyhamla (bunu yazanda gözümün önündə istər-istəməz Şirməmməd müəllimin kinayəqarışıq xeyirxah təbəssümlə işıqlanan çöhrəsi canlanır) deyirdi ki, əziyyətə qatlaşıb, heç olmazsa, öz faydanız üçün maraq göstərin bu irsə.
Adətən, ata balası üçün belə canıyananlıq edir.
Adətən, valideyn balalarından hansının hansı ağıl səviyyəsinə, hansı qabiliyyətə malik olmasından asılı olmayaraq, hər birinin bilməli olduqlarını öyrənməsinə bu sayaq nəvazişlə, qayğıkeşliklə yanaşır.
Şirməmməd müəllimin yaşı elə həddə idi ki, tay-tuşlarının, simsarlarının, ürək dostlarının əksəri getmişdi.
Bu yazılar onunçün həm də daim özü qəbildən olan məsləkdaşlarla təmas qurmaq fürsəti idi.
Səninlə bir masa arxasında oturub mülahizə, sevinc, dərd, arzu, ümid bölüşən müasirlər tükənibsə, gərək Həsən bəy Zərdabi ilə, Məhəmməd Əmin Rəsulzadə ilə, Üzeyir Hacıbəyli ilə, Əlimərdan bəy Topçubaşı ilə, Əhməd bəy Ağayevlə... həmsöhbət olasan.
Özün həmsöhbət ol, yüngülləş, bu feyz digərlərinə də nəsib olsun deyə onların köhnə, fəqət köhnəlməz sözlərini bugündəkilərə və sabahdakılara da çatdır.
Professor Şirməmməd Hüseynov bu amalın, bu əxlaqın yiyəsi, bu idealın daşıyıcısı idi!
Azərbaycan tarixinin elə hadisələri var ki, onları biz hər zaman anmalı, onlar barəsində müdam minnətdarlıqla düşünməliyik. 
XX yüzilin başlanğıcındakı Azərbaycan tarixində iki oxşar səhnə yaşanıb ki, ikisinin də əvvəlində göz yaşı dayanır. 
1918-ci il may ayının 28-də Tiflisdə sabiq Qafqaz canişinliyinin iqamətgahında Həsən bəy Ağayev Azərbaycanın İstiqlal Bəyannaməsini elan edirdi. 
O, İstiqlal Bəyannaməsinin mətnini oxuyurdu, müstəqil dövlətimizin yarandığını elan edirdi və həmin yığıncağın protokolunda o qəbil sənədlər üçün çox da səciyyəvi olmayan qeydlər də əksini tapıb ki, Həsən bəy Ağayev ağlayırdı, Xəlil bəy Xasməmmədov ağlayırdı, Nəsib bəy Yusifbəyli ağlayırdı, Xudadat bəy Məlikaslanov ağlayırdı...
O insanlar ki bu istiqlalı elan edirdilər, onlar bu möhtəşəm anların fövqəladə mənasını, millət tarixindəki yerinin ali siqlətini bütövlüyü ilə anlayırdılar, bunun bir millət üçün nə qədər müstəsna bəxtiyarlıq olduğunu dərk edirdilər, ona görə kövrəlirdilər. 
Və 1920-ci il aprel ayının 27-si Azərbaycan parlamentinin – Məclis-i Məbusanının son iclası. 
Məhəmməd Əmin Rəsulzadə söz alaraq iclasın başlanğıcında deyir ki, biz bu yığıncağımızı qapalı keçirməyək. Açaq qapıları, millət gəlsin və görsün ki, taleyimizdə nə baş verir. Millətin müqəddəratı həll olunur və insanlarımız bundan bixəbər qalmamalıdır. 
Məhəmməd Əmin Rəsulzadə qəlb ağrısı ilə belə deyirdi. Çünki Azərbaycanın müstəqilliyi əldən gedirdi, hakimiyyət, istiqlal bolşeviklərə təslim edilirdi. 
Bu sənəddə də belə protokollar üçün heç də xas olmayan belə bir cümlə var. Mötərizədə yazılıb ki, “Azərbaycan” qəzetinin baş redaktoru Şəfi bəy Rüstəmbəyli ağlayır. 
O əvvəlki göz yaşı – Həsən bəy Ağayevgilin 1918-ci ilin mayındakı göz yaşı – fərəhin, böyük səadətin, iftixarın gətirdiyi göz yaşı idi, ikinci göz yaşı müdhiş faciənin, millətin tarixində dərin yaralar açan bir acının doğurduğu göz yaşı. 
Və bu millət heç vaxt nə birinci, nə ikinci göz yaşlarını unuda bilər.
Yaxşı millət olmağın yolu yaddaşdan, yurdun taleyi, müqəddəratı ilə bağlı həlledici anları və şəxsiyyətləri unutmamaqdan keçir.
Ömrü boyu, xüsusən də təzədən qayıtmış istiqlalımızın açdığı meydan sayəsində 1990-cı illərin lap əvvəllərindən başlayaraq daha güclü şəkildə Şirməmməd müəllim bu şərəfli tarixin salnaməsini millətimizə təqdim etmək missiyasını özünə şərəf borcu seçdi. 
Daş daşımaq zəhmətlərin ən ağırı, fəhlə işlərinin ən çox güc istəyənlərindəndir.
Amma adi daşı daşımağa nə var!
Daş yükünü çəkməyə nə xüsusi hərarəti, ilhamı, sevgisi olan bir ürək gərəkdir, nə yüksək peşəkar qabiliyyətlər, ağıl, istedad.
Bütün bunlarsız da hər kəs yaxşı-yaman daş daşımaq imkanındadır.
Vətənin daşını daşıya bilmək isə ağırlardan-ağır əməkdir və burada ortabab, alababat söhbətinə yer yoxdur.
Millət naminə nə edirsənsə, ali səviyyəli olmalıdır.
Vətənin daşını çiyində yox, ürəkdə daşıyarlar!
Vətənin daşını çəkə bilməkçün ilk növbədə böyük hərflərlə VƏTƏNDAŞ olmağın vacibdir. 
Üstəlik, ürəyində gərək xalqına sonsuz sevgi daim nəbz kimi vura, qan kimi damarlarında axa. 
Millətə və torpağa sədaqət, fədakarlıq, dözüm, ardıcıllıq, təpər, görəcəyin işlərin böyüklüyü və kiçikliyindən asılı olmayaraq, bir saniyə belə səngiməyən məsuliyyət, cavabdehlik hissi, üstəlik də əməlinin bəhrələrinin hər kəsin qəlbinə yata bilməsindən ötrü bilik, zövq, şövq, qaynar həvəs, yorulmazlıq və yüksəkdən-yüksək peşəkarlıq.
Bircə Şirməmməd Hüseynovun son illərdə işıq üzü görmüş irihəcmli kitablarının bir qisminin adlarına diqqət edin: “Milli haqq və ədalət axtarışında” (Bakı, “Adiloğlu”, 2004), “Mətbu irsimizdən səhifələr” (Bakı, “Çənlibel”, 2007), “Publisistik miras və müasirlik” (Bakı, “Elm”, 2007), “Müstəqilliyin çətin yolu... Reallıqlar, düşüncələr” (Bakı, “Elm”, 2009), “Üzeyir Hacıbəylu. Nəşrlərdə kənarda qoyulmuş mətbu əsərləri” (İki cilddə, Bakı, “Elm”, 2009, 2010), “Məhəmmədəmin Rəsulzadə. Əsərləri” (Beş cilddə, Bakı, “Təhsil”, 2014), “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” (Üç cilddə, Bakı, “Qanun”, 2012, 2015, 2016, 2017)...
İnsanlara “Zəbur” da, “Tora” da, “İncil” də, “Tövrat” da, “Quran” da gərəkmiş ki, o müqəddəs kitablar yaranıb və bəşərin ayrılmaz yol yoldaşına çevrilib.
O kitablar üz tutduqları, etiqada dəvət etdikləri insanlara bütün başqa məziyyətlərindən savayı kamil insan, yaxşı adam olmağın əbədi dərslərini verirlər. 
Lakin xalqların və millətlərin onları yaxşı xalq, kamil millət edəcək kitablara da həmişə ehtiyacı olub, bu ehtiyac heç vaxt da tükənməyəcək. Şirməmməd Hüseynov bu qəbil kitabları xalqınkı, millətinki etməklə məşğul idi.
Gözdən iraq düşənləri təzədən qaytarırdı, yazılmalı olanları yazırdı.
Bu kitabların hər birinin yaranması ictimai-siyasi həyatımızda, düşüncə mühitimizdə necə qarşılanmasından asılı olmayaraq, millət tarixinin çox önəmli hadisələri idi. 
Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsərini yaradır. Bu onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyar sinnində də. 
Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru, təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür. 
Şirməmməd müəllim şərəfli ömür yaşadı, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürdü və indi onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır. 
Şirməmməd müəllim örnək sayılası ailə başçısı ömrü yaşadı, Azərbaycana çox dəyərli balalar bağışladı. 
Və ilk gəncliyindən əli qələmli oldu, durmadan işlədi, məqalələr, dissertasiyalar, kitablar yazdı. 
Valideynə balalarından hansını daha çox istədiyini söyləmək necə cavabsız qədər çətin sualdırsa, yaradıcı adama da hansı əsərinin daha üstün olduğunu müəyyənləşdirmək bir o qədər qəliz məsələdir.
Şirməmməd müəllimin isə, mənim zənnimcə, ömrünün şah əsəri kitablı “Parlament hesabatları”dır.
Hərçənd, Şirməmməd müəllimin doğurduğu və sanbalına, çəkisinə, dəyərinə görə elə bu üçcildliyə bərabər sadaladığım və adını çəkmədiyim digər kitabları da var, amma bu üçcildliyin sanbalı, məna yükü, mahiyyəti büsbütün başqadır. 
Uzaq 1918-1920-ci illərdə “Azərbaycan” qəzetində dərc edilmiş parlament hesabatlarını günümüzə çatdıran cildlər sırası qiymətəsığmaz salnamədir. 
Azərbaycanın tarixində iki əvəzsiz əsər var ki, tariximizdən bəhs edərkən, salnaməçiliyimizdən söz düşəndə hər zaman onları hökmən xatırlamaq zərurəti yaranır. 
XIII yüzildə Fəzlullah Rəşidəddin Təbrizdə Rəşidiyyə mədrəsəsini qurdu, ilk universitet təhsilimizin təməlini qoydu və “Cami ət-təvarix” adlı elmi əsaslara dayanan ilk misilsiz salnaməmizi yaratdı. 
Bu “Tarixlər toplusu”ndan sonra çoxlu oxşar salnamələr, tarixi məcmuələr yaranıb, fəqət bir örnək olaraq bütün orta əsrlər içərisində ən uca mərtəbədə qərar tutan zirvə əsər “Cami ət-təvarix”dir. 
Və XIX yüzildə Abbasqulu Ağa Bakıxanov “Gülüstan-i İrəm”i qələmə aldı. 
Bu da salnamə idi, amma artıq həm də bir peşəkar tarixçi alimin əsəri idi ki, incə təhlillər, müxtəlif mənbələri tutuşdurmaq əsasında elmi tarixçiliyin yeni dövrdə şəkillənən bir sıra ümdə xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilmişdi.
Bu iki əsər arasındakı altı əsrlik zaman kəsiyində, həmin iki kitabdan bir az əvvəli və bir qədər sonranı da nəzərə alsaq, 7-8 əsrlik iri tarix parçası ərzində çox salnamələr yaranıb. Amma bu iki müəllifin adı və əsəri, düşünürəm ki, hər zaman üstün tutularaq yaşayacaq və sayğılarla yad ediləcək. 
Artıq bizim dövrdə – XX əsrdə və XXI yüzilin ilk onillərində Şirməmməd Hüseynov və Qulam Məmmədli salnaməçiliyin yeni tipini yaratmaq hünəri ilə ziyalı mühitimizi heyrətləndirə bildilər. 
Onlar salnaməçiliyin Azərbaycanda buçağacan ortada olmayan nümunəsini ortaya qoydular. 
Qulam Məmmədli Azərbaycan teatrının salnaməsini vücuda gətirdi, “günbəgün” adlandıra biləcək janr xəlq elədi, Hüseyn Cavidin, Abbas Mirzə Şərifzadənin, Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun, Nəriman Nərimanovun, Mirzə Cəlilin, Üzeyir bəy Hacıbəylinin ömür yollarını əks etdirən tayı-bərabəri olmayan qiymətli salnamələr yaratdı və salnaməçiliyin tamam yeni çeşidi və tərzini Azərbaycan xalqına bəxş etdi. 
İlk Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, adı vətənimizin adı ilə eyni olan “Azərbaycan” qəzeti bəlli idi, ictimai-siyasi gerçəkliyimizdə, mətbuat tarixində izini qoyub getmişdi. 
Dövlət müstəqilliyimizin bərpasından az sonra, 1998-ci ildə ilk Azərbaycan parlamentinin iclaslarının stenoqramları çapa hazırlanaraq nəşr edildi. Sanki boşluq doldurulmuşdu, onillərcə hətta arxivlərdə belə gizli saxlanmış, yalnız xüsusi hallarda və məxsusi icazə ilə istifadəsinə icazə verilmiş bu mətnlər hamınınkılaşmışdı.
Lakin nə yaxşı ki, müdrik alim və mətbuatşünas Şirməmməd Hüseynov həmin dövrə bir də nəzər salmağı vacib hesab etdi. 
Onun təqdimatındakı “Azərbaycan” qəzetində dərc edilən parlament hesabatları və bu hesabatlarla bağlı yazılar, onların qovuşmasından törəyən üç sanballı cild xüsusi hadisə – məlumdan yaranan büsbütün yeni naməlum idi. 
O mənada ki, bu nə “Azərbaycan” qəzetində Xalq Cümhuriyyəti dövründə buraxılmış qəzetdə çıxmış protokolların sadəcə əski əlifbadan latın qrafikasına köçürülməsi idi, nə də 1998-ci ildəki kimi, bəlli protokolların cüzi redaktə ilə nəşri. 
Şirməmməd müəllim ömrü boyu topladığı təcrübə və biliklərə qəlbindəki coşqun millət və yurd sevgisini də artıraraq arxada qalmış şanlı, keşməkeşli, qəmli və nigaran tarixi, əslində, yenidən canlandırdı. 
Bişkin alim usta qələmi ilə bəlli protokolları zəruri izah və şərhlər, yeri düşdükcə sözə söykək duran əlavə materiallarla zənginləşdirdi. 
Buradaca bir-iki önəmli cəhətə diqqət yönəltməyə lüzum var.
Əvvələn, “Azərbaycan” qəzetinin nəşrindən 9 onillikdən də artıq böyük zaman sovuşmuşdu, yeni nəsillər o nüsxələrdən bixəbər idi. 
İkincisi isə, həmin nüsxələrlə indi kitabxanalarda, arxivlərdə açıq istifadə imkanı varsa da, yeni nəsillərçün əlifba maneəsi, ərəb-fars tərkiblərinin yaratdığı müşküllər bəlli idi. 
1998-ci ildə buraxılmış parlament protokolları isə xeyli şəkildə tələsik hazırlanmışdı, yanlışlar, kobud xətalarla ləbələb idi və heç bir tutarlı şərh və izahla müşayiət edilmirdi. 
Şirməmməd Hüseynov – bu müstəsna alimimiz, bu cəfakeş müəllimimiz, bu təpədən-dırnağa işıq olan ziyalımız üçcildlik əsərini zahirən qısa bir zaman içərisində hazırladı. 
Həmin yazıları kitablaşdıraraq xalqa təqdim edənəcən ard-arda mətbuatda dərc də elətdirdi və bu minvalla cildlərin yaranma gedişatını müşahidə etmək hər birimizə nəsib olub. Amma bilənlər bilir ki, bu kitabları hazırlamaq üçün Şirməmməd müəllim 50 illik yol gəlmişdi. 
Ömrü uzunu bu barədə düşünmüşdü, ömrü boyu bu hadisələri və adları içərisində yaşatmışdı. Və öz etirafı idi ki, ilk gənclik illərindən, Moskvadakı aspirantura dövründən, orada məxfi arxivlərdə işlədiyi çağlardan, bu qəbil materialları nəinki üzə çıxarmağa, hətta oxumağa belə yasaq qoyulduğu zamanlardan gizli ümid və inamla tariximizin bu dövrü ilə əlaqədar materialları toplayırmış, qeydlərini edirmiş, haçansa belə işlərin də vaxtı yetişəcəyi, kilidli qapısının açılacağı arzusu və intizarı ilə təhlillərini aparırmış. 
50 ildən artıq müddətdə qəlbdə bəslənmiş, kimsəyə görünməmiş, Şirməmməd müəllimin yazı masasının gözündə qalmış həmin ilkin hazırlıq yazıları XXI yüzildə “Azərbaycan” qəzetindəki parlament hesabatlarına qovuşaraq Ustadın xeyirxah və xilaskar əlləri ilə bizə qayıtdı
Bu yazıları dinlədikcə mat qalmaya bilmirsən. 
Bir tərəfdə heyranlıq və heyrət doğuran istiqlalçı, qurucu babalarımızın pak amal uğrunda fədakar mübarizələri, mətinliyi, mərdanəliyi, təlatümlü əyyamlarda söylədikləri sərrast sözləri və çağırışlarıdırsa, digər tərəfdə ikiqat heyranlıq və ikiqat heyrət oyadan Şirməmməd müəllimin, illərcə valideynlərinə borcunu qaytarmaq üçün münasib girəvə gözləmiş fərasətli, sadiq bir övladın məhəbbəti və canıyananlığı ilə bu irsi belə ali peşəkarlıqla canlandırmasıdır. 
Mən az öncə yanılaraq yox, elə qəsdən “oxuduqca” yerinə “dinlədikcə” yazdım.
Əslində, bu, “dil (indiki halda “qələm”) çaşıb düzünü söylər” məsəlinin dürüstlüyünə əlavə sübutdur. 
Şirməmməd müəllimin təqdimatındakı bu yazıları səhifə-səhifə çevirdikcə biixtiyar tarixə dalırıq və həmin qərib illərin axarındakı səsləri aydınlığı ilə eşidirik. 
Parlament iclaslarının salnaməsindən Həsən bəy Ağayevin, Əhməd bəy Pepinovun, Əhməd Cavadın... səsini, onlara əleyhdar olanların sədalarını eşidirik. 
Əliheydər Qarayevin də səsi gəlir ordan, Məhəmməd Əmin Rəsulzadənin də. 
O səsləri indi – XXI əsrdə eşidirsən və anlayırsan ki, hansı girdablardan, hansı yarğanlardan adlamışıq, ayrıntıları ilə dərk edirsən ki, millətin tarixində millətin, yurdun taleyinə münasibətdə necə tam əks qütblərdə qərar tutmuş insanlar yaşayıb, istiqlal yolumuzda hansı toqquşmalar, çarpışmalar, hansı təzadlı baxışlar olub. 
Şahid kəsilirik ki, Azərbaycanın bugünkü istiqbalının, təzədən qayıtmış bu müstəqilliyinin təməlində hansı barışmaz mübarizələr dayanır, bu səadətə gələn yolun başlanğıcında hansı dramatik aylar, günlər, saatlar, dəqiqələr yaşanıb. 
Və bu kitablar silsiləsinin ortaya qoyduğu mühüm bir öyüd, vacib bir dərs var.
Bu nəsihət, bu ibrət də ondan ibarətdir ki, o pak insanlara, o qurucu babalara əbədi borcluyuq, onlara hər zaman minnətdar olmalıyıq. 
Onlar olmasaydı, bu dövlət olmazdı!
Onlar mürəkkəbdən-mürəkkəb tarix dönəmində Azərbaycan istiqlalını elan edib 23 ay yaşayacaq müstəqil dövlətimizi qurmasaydılar, sonra 70 il ömür sürəcək Sovet İttifaqının içərisində də Azərbaycan Respublikası olmayacaqdı və SSRİ dağılarkən, 15 dırnaqarası müstəqil respublika artıq elə gerçək mənada müstəqil dövlətə çevriləndə biz o sırada olmayacaqdıq.
1991-ci ilin 18 oktyabrında biz dövlət müstəqilliyimizi yenidən elan edə bildiksə, səbəbkar o KİŞİlərdir! 
Müstəqilliyin hər bəhrəsindən hər cür bəhrələnənlərə lap aydın olsun deyə bir daha təkrar edirəm: Sovet İttifaqı dağılanda onun içərisindən bizim müstəqil dövlət kimi çıxmaq imkanımız ona görə oldu ki, daha əvvəl cümhuriyyətimiz vardı, cümhuriyyətimizdən sonra Sovet İttifaqı içərisində Azərbaycan Respublikası vardı. Sovetin Konstitusiyası isə sözdə, yalandan da olsa, hər halda Əsas Qanununda məhz respublikalara İttifaqdan çıxmaq ixtiyarını rəsmən verirdi.
Bu gün müstəqil dövlətimiz varsa, buna görə biz o qurucu insanlara hər açılan səhərimizlə, müstəqil yaşadığımız hər yeni günümüzlə, başlanan hər yeni azad, asılılıqdan qurtulmuş sabahımızla borcluyuq. 
O üçcildliyin (və Şirməmməd müəllimin bütün fəaliyyətlərinin) bünövrəsində, nüvəsində dayanan ən birinci amil eşqdir. 
Qurucu babalarımızın öz yoluna, əqidəsinə, xəttinə sonsuz inamı, imanı və sevgisi, eləcə də Şirməmməd Hüseynovun Azərbaycan tarixinə, Azərbaycan millətinə, istiqlalımıza olan məhəbbəti, o nadir şəxsiyyətlərimizin ruhuna olan sədaqəti, ehtiramı, etibarı!
Məhəbbət yoxsa, dəryaca ağlın olsa da, əlindən çıxan bəhrənin işığı çatmaz, rəngləri solğun alınar, təqdim etdiyin məhsulla ürəklərə qığılcım ötürə bilməzsən.
Üzeyir bəyin sonrakı nəşrlərdə qırağa qoyulmuş mətbu əsərlərinin birləşdiyi cildlər də, Məhəmməd Əmin Rəsulzadənin qələm və düşüncə yadigarlarından ibarət Şirməmməd Hüseynov “Xəmsə”si də, söz yox, son dərəcə dəyərli və sanballı mətnşünaslıq nümunələridir.
Lakin parlament hesabatlarını əhatə edən üçcildlik bənzəri olmayan mətnşünaslıq abidəsidir. 
Nəyə görə mətnşünaslıq abidəsi? 
Mətnşünaslıq elmi iynə ucu ilə qaya çapmaq kimi gərgin əmək, alın təri tələb edən ciddi tədqiqat sahəsidir. 
Təəssüflər olsun ki, artıq bu istiqamətin yaşamalı olan bir çox ənənələrini itirmişik, ya itirməkdəyik. 
Azərbaycanda 1950-60-70-ci illərdə Əbdülkərim Əlizadə, Məmmədağa Sultanov, Tahir Məhərrəmov, Əbülfəz Rəhimov, Nəsrəddin Qarayev, Əziz Mirəhmədov, Turan Həsənzadə və bir sıra başqaları cox mükəmməl mətnşünaslıq məktəbi yaratmışdılar. Təəssüf ki, o insanlar getdilər, həmin ötkəm mətnşünaslıq məktəbi, o məktəbin iş üsulları, vərdişləri də korşalmağa, gündəlik təcrübədən qeyb olmağa başaldı. 
1990-cı illərin ortalarında mən Məclis-i Məbusanımızın – ilk parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin ömür yolunu araşdırırdım. Əslində, milli parlamentimizin ilk sədri Əlimərdan bəy Topçubaşov idi. Lakin Əlimərdan bəy Topçubaşov əvvəlcə İstanbulda ezamiyyətdə idi, sonra isə Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getdi və iki dəfə parlament sədri seçilsə də, bir gün belə həmin kürsüdə əyləşmədi, məclisi Həsən bəy idarə etdi.
Əlimərdan bəyin parlamentin sədri olaraq xaricdəki fəaliyyətlərinin başlıca hədəfi ondan ibarət idi ki, Azərbaycan dövlətinin başçısı kimi rəsmi statusa və səlahiyyətlərə malik olsun, Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə rəsmən tanınmasını təmin etmək üçün orada danışıqlar aparsın. 
Həsən bəy Ağayevin faciəli ömür yolunu araşdıraraq məsləkinə candan bağlı bu millət fədaisi haqqında “Yaxşıların yaxşısı” adlı kitabımı yazarkən əski parlament materiallarını da qaldırmalı olurdum.
O zaman həmin protokollar nəşr edilməmişdi – hələ 1990-cı illərin başlanğıcı idi. 
Parlament iclaslarının əlyazmalarını oxuduqca qürur hissi keçirirdim. 
Hər vərəqin arxasında tarix durur. Yəni hətta mətninə nüfuz etməzdən əvvəl bu kağızların, xətlərin özü belə ayrıca tarixdir axı! 
Təsəvvür edin, stenoqramları kimlər tərtib edir, kimlər qələmə alırmış – onlardan biri hələ xeyli gənc olan, az sonra Azərbaycanın ən parlaq ədibi kimi şöhrətlənəcək Cəfər Cabbarlı idi. 
Di gəl, protokollarla tanış oduqca, stenoqramların əlyazmalarını oxuduqca görürdüm ki, hətta Cəfər Cabbarlı kimi bilgin, danışanların buraxdığı müəyyən üslubi səhvləri də yeri düşdükcə əlüstü islah edən stenoqrafistin – tezyazarın da əlindən çıxmış vərəqlərdə yanlışlıqlar az deyil. 
Təbii, bu, ilk növbədə vaxt qıtlığı, tələskənlikdən yaranmış qüsurlar idi. 
Müstəqilliyimizin bərpasından 7 il keçərkən həmin sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən 5 kitabda nəşr edildi ki, onların 2 cildi parlament hesabatları idi. 
1998-ci il nəşrinə materialları əlyazmalardan Bakı Dövlət Universitetinin müəllimi, cümhuriyyət tariximizə, bir vaxtlar dərs aldığı Cavidə, Müşfiqə coşqun məhəbbətlər bəsləyən Səfər İbrahimov hazırlamışdı. 
Onun əsas işi mətnləri ərəb əlifbasından kirilə köçürmək olmuşdu. Lakin Səfər müəllim sadəcə ərəb əlifbasını bilirdi, klassik ədəbiyyata və üsluba az-çox bələd idi, amma tarixçi, mətnşünas deyildi. 
Doğrudur, əslən Cənubdan olan və orta əsrlər tarixi üzrə yaxşı mütəxəssis sayılan professor Seyidağa Onullahi də redaktor kimi bu işə cəlb edilmişdi. Amma oxuduqca və orijinallarla tutuşdurduqca görürsən ki, həmin stenoqramlarda nə qədər kobud qüsurlar var. 
Ehtimal yaranır ki, hətta həmin materialların çoxunu heç Seyidağa Onullahi görməyib. Çünki nəşrdə elə səhvlərə təsadüf edilir ki, bunlar heç vəchlə Seyidağa müəllimin nəzərindən qaça bilməzdi. 
Bəs o stenoqramlarla “Azərbaycan” qəzetində dərc edilən hesabatların fərqi nədədir?
“Azərbaycan” qəzetində dərc edilən parlament hesabatlarının mənası və dəyəri büsbütün başqadır. Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərc olunub. Yəni onlar, məlum stenoqramlardan fərqli olaraq, ağızdan çıxan hər sözü əks etdirməyiblər, yalnız ictimai məna kəsb edənləri saxlayıblar, müəyyən ixtisarlar aparıblar, bəzi parçaların məzmununu veriblər. 
Və Şirməmməd Hüseynovun məharəti, materiallara yetərincə hündürdən, gen miqyasda, panoramda baxa bilməsinin nəticəsi bundan ibarətdir ki, o, qəzetdə dərc edilən ayrı-ayrı iclaslar barədə hesabatları verir, amma bunun yanında bəzən əvvəldə, hərdən sonda həmin mətləblərə dayaq duran, elə o qəzetdəcə yer almış başqa yazıları da gətirirdi. 
Qəfildən qarşımıza bu məsələlər və mətləblərlə həmahəng gələn, heç parlamentdə olmayan Fərhad Ağazadənin məqaləsi çıxır və sanki həqiqətlərə əlavə bir pəncərə taybatay açılır. 
Ya Məhəmməd Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy Hacıbəylinin parlament divarları arasında səslənməmiş, müstəqil məqalə kimi işıq üzü görmüş yazıları parlament hesabatları kontekstinə qovuşur, həmin andaca mətnin ahəngi, ritmi dəyişir, yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq suallara aydınlıq gəlir. 
Bunları edə bilməkçünsə, bu kompozisiyanı qura bilməkdən ötrü isə gərək o dövrün hadisələrinə, həmin dövrün ayrı-ayrı şəxsiyyətlərinin əqidəsinə, qələminə, düşüncə tərzinə dərindən vaqif olasan. 
Şirməmməd Hüseynov kimi! 
Bu yazılar silsiləsinin göstərdiyi parlament mənzərəsi, istiqlal uğrunda gedən mübarizəmizin gerçəkçi və dolğun fonu, ayrıca vurğulayıram ki, yalnız və yalnız Şirməmməd Hüseynov kimi həmin tarix kəsiyindən incəlikləri ilə agah olan müstəsna bələdçinin əməkləri ilə yaradıla bilərdi. 
Hər halda bu gün həmin işi o cür səriştə və vurğunluqla yerinə yetirə biləcək ikinci şəxsi mən tanımıram.
Şirməmməd müəllimin “Parlament hesabatları”nın cildlərini vərəq-vərəq çevirdikcə hadisələri yalnız oxumuruq, dinləmirik, həm də bütün əyaniliyi ilə görürük. 
Hesabatları ibtidasından son səhifəsinəcən mütaliə edəndə belə qənaətə gəlirsən ki, bu, nəhəng bir film kimidir, bir epopeya timsallıdır və oxuya-oxuya olmuşları sanki ilk kadrından son kadrınacan seyr edirsən. 
Bu kitab həm də bir ülgüdür. 3 cild olsa da, onları bir bütöv sayaraq “kitablar” yox, sadəcə “kitab” deyirəm. 
Birincisi, bu kitab bir daha əyan edir, nəşrindən bir əsr keçəndən sonra da ülgü göstərir ki, yaxşı qəzet nədir. 
XX əsrin əvvəlindəki “Azərbaycan” qəzetinin nümunəsi işarə edir ki, millətin ola biləcək yaxşı qəzeti necə çıxarmaq lazımdır ki, üstündən zamanlar keçəndən sonra da salnamə sayılsın, tarixin bərpa olunması üçün mənbəyə çevrilsin, saralıb-solsa da, mahiyyətcə nimdaşlaşmasın, boyatlaşmasın, yeni zamanla da ünsiyyətə girə bilsin. 
Və həmin qoca “Azərbaycan” indikilərə bunu da pıçıldayır ki, nəşr olunmaq üçün istənilən məqaləni yazanda fərqində olmalısan, çək-çevir etməlisən ki, 50 il ötəcək, mənim haqqımda bu yazıya görə nə deyəcəklər, 100 il sovuşacaq, mənə bu yazıma görə necə qiymət verəcəklər. 
Qələmi götürəndə, qəzet-jurnal buraxanda bir an belə vaxtı yetişincə hər suala cavab tələb edən tarix qarşısında məsuliyyətini unutmamalısan!
Kim bilir, bəlkə də o qüdrətli şəxsiyyətlər o zaman bütün bunlar barədə fikrə dalıblar?! 
Məhəmməd Əmin Rəsulzadə də, Üzeyir bəy Hacıbəyli də, Şəfi bəy Rüstəmbəyli də, Ceyhun bəy Hacıbəyli də, ola bilsin, bu barədə ən azı təhtəlşüur düşünüblər, ona görə o təhər köhnəlməz, dəyərini itirməz qəzet yaradıblar. Həmin səbəbdəndir ki, “Azərbaycan” qəzetinin səhifələri vətən işığı ilə, millət atəşi ilə doludur. 
Vətən işığı, millət atəşi elə əziz Şirməmməd müəllimin də bütün varlığında olduğundandır ki, bu cür mükəmməl bir əsəri ortaya çıxarmağa müvəffəq olub. 
Bu cildləri yaratmaq əsnasında Şirməmməd Hüseynov dünənin dumanlarında əriyib-itmiş, bugünün insanlarına pünhan qalan bir sıra adları da aşkarlayıb, onlara təzədən həyat bağışlayıb. 
“Azərbaycan” qəzetində yazıları çıxan Əhməd Həmdi adlı şəxs diqqətini çəkib. Azərbaycanda çox soraqlaşsa, arxivlərə baş vursa da, bir məlumat əldə edə bilməyib. Amma ruhdan, həvəsdən düşməyib, ona ilk gənclik əyyamlarından xas olan inadkarlığı ilə yenə arayıb, yenə axtarıb, yenə soraqlaşıb və suallarına cavabı Türkiyə arxivlərində bulub. 
Və bu hərəkəti ilə də Şirməmməd müəllim növbəti dərsini, növbəti öyüdünü verib. 
Yəni istiqlal, müstəqillik bizim elə müqəddəs sərvətimizdir, səcdəyə layiq elə mirasdır ki, onun yolunda azacıq belə zəhməti olmuş hər insanı biz həmişə qədirbilənliklə, dualarımızla, sağollarımız, rəhmətlərimizlə anmalıyıq. 
Şirməmməd müəllimin artıq bizlərə qalan əziz yadigarlar olan hər çıxışı, hər yazısı, hər kitabı və o sıradan bu cildlər, heykəllərdir. 
Tanrı, tale, tarix Şirməmməd Hüseynov kimi fövqəladə insanları millətə göndərir ki, cərəyan ötürən naqilə çevrilsinər, qoymasınlar yaddaş qırılsın, imkan verməsinlər keçmişlə rabitələr kəsilsin. 
Şirməmməd Hüseynov milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsü sayılası şəxsiyyət idi. 
Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bugün arasındakı körpü. 
Milləti tarix sınaqlarından zədəsiz çıxaran, həmişə ayaq üstə saxlayan, güclü edənsə məhz tarixi yaddaş, belə sarsılmaz körpülər olub. 
Azərbaycan bayrağı bu gün yenə yüksəklərdədirsə, Azərbaycan himni səslənəndə yenə biz iftixar qəhəriylə doluruqsa, bunun ümdə səbəbi odur ki, 70 ilin sovet qadağaları boyunca ayrı-ayrı insanlar bu sevdaya dönük çıxmadı, bu eşqi ürəyində yaşatdı, ziyalılarımız, düşüncə və duyğu adamlarımız sətirlərinin altında olsa da, həmin hisləri yurddaşlarımıza çatdırdı və qoymadı ki, istiqlal yanğısı sozalsın. 
Qürbətlərdə, mühacirətlərdə, zillətlərdə yaşaya-yaşaya bu hissiyyatı diri saxladılar və ən qəddar maneələrə rəğmən vətənlərinə bunu çatdırmağa səy elədilər, nail də oldular ki, vətəndaşlarımızın içərisində istiqlal ruhu, müstəqillik istəyi şölələnməkdə davam etsin. 
Şirməmməd müəllim də yeni əsrimizin, təzə minilliyimizin başlanğıcından bu üç kitabla və ona bənzər digər cildləri ilə elə ocaq qalayıb ki, bu ocağın istisi və işığı Azərbaycanın çox uzaq gələcəklərinə səmt götürüb, şəksiz, gələcəkdəki yurddaşlarımıza da böyük faydalar verəcəkdir. 
...İstiqlalımızın bir əsri tamam oldu, ikinci yüzili başlandı.
Yaşanmış tariximizin hər qırpımı gərək hər an göz önündə ola. 
XIII yüzildə rəsədxana açmaq niyyətini hökmdara inandırnaq və anlatmağa cəhd edərkən dahi Xacə Nəsirəddin Tusi söyləmişdi ki, Yerdə rahat yaşamaqçün göyü yaxşı bilmək lazımdır!
1918-ci ilin 7 dekabrında yaradılmış Məclis-i Məbusan bütün tariximizçün fəxr qaynağı olan milli hadisə idi. 
Elə həmin səbəbdən mən Azərbaycanın ilk parlamentinin həyatını əks etdirən mükəmməl akademik nəşri görməyi çox istərdim. 
Necə təsəvvür edirəm o kitabı? 
Xatırlatdığım kimi, 1998-ci ildə Məclis-i Məbusanın stenoqramları həm Azərbaycan, həm rus dillərində, qüsurlu da olsa, nəşr edilib. Düşüncəmə görə, oradakı əsas nöqsan yalnız mətnin bərpası əsnasında buraxılmış ayrı-ayrı səhvlər deyil, həm də tərtib prinsiplərindəki xətalardır. Həmin nəşrdə azərbaycanca cilddə yalnız ana dilində olan çıxışlar verilib, rusca nəşrdə isə rus dilində edilən çıxışlar yer alıb. Demək, o da, bu da natamamdır. Mənsə akademik nəşrdə ana dilində olan mətnlərin arasında rusca olan mətnlərin də dilimizə çevrilərək verilməsini, amma orijinaldakının da cildlərin sonunda, şərhlərlə göstərilməsini məqbul sayıram. Eləcə də həmin akademik nəşrin şərhlər və izahlar, lüğət bölməsi Şirməmməd Hüseynovun kitablarındakı qəzet hesabatları, müxtəlif tamamlayıcı başqa “Azərbaycan” dərcləri, eləcə də ustadın o yazılara verdiyi yozumlar, dəqiqləşdirmələr, aydınlatmalarını artırmaqla dolğunlaşdırıla, daha artıq elmiləşdirilə bilər. Beləcə, biz, nəhayət ki, ilk dəfə olaraq ilk milli parlamentimizin keçdiyi enişli-yoxuşlu, mübarizəli yolun qənaətbəxş mənzərəsini aydınlığı ilə izləmək, öyrənmək fürsəti əldə edirik. 
Unudulmaz Bəxtiyar Vahabzadənin Şirməmməd müəllimə həsr etdiyi bir şeiri var – “Körpü çaydan uzaq düşüb”.
Elə bu adda yazını “Əkinçi”dən oxuduğu bir məqaləyə əsasən 1993-cü ildə Şirməmməd müəllim yazıbmış. 
Millət qayğılarını ürəyinin başında daşıyan Həsən bəy Zərdabi bir vaxtlar intibahın və inkişafın Şərqdən başlandığını, islam və türk dünyasının bəşər tərəqqisinin önündə getdiyini, lakin sonra vəziyyətin dəyişdiyini, yüksəlişlərin Qərbə keçdiyini yazır və belə qənaətə gəlirdi ki, bizim Şərqdə tikdiyimiz körpü yerində durur, lakin daha maarif, inkişaf, elm çayı onun altından axmır, yatağını dəyişərək Qərbə köçüb. Ona görə də xalqına, türk dünyasına, islam Şərqinə səslənirdi ki, körpümüzün çaydan aralı düşməsi düçar olduğumuz bəladır, biz yüksəliş istəyiriksə, öz körpümüzü elmi-texniki tərəqqi çayının məcrası üstündə inşa etməliyik.
Məqalə şairi bərk tutur və axşam köhnə dostuna zəng vurur ki, nə yazmısan orda, xırdala görüm.
Və gecənin bir aləmində Bəxtiyarın növbəti telefon zəngi Şirməmmədi yuxudan oyadır: “Al gəldi” deyərək ona ithaf etdiyi təzə şeiri oxuyur:

Hələ toxum cücərməmiş
Talamıza alaq düşüb.
Başımız da daz olalı
Əlimizə daraq düşüb.

Xəyallarım – qanad-qanad,
Ətəyimdən dartdı həyat.
Dünənimə Dürat, Qırat,
Bugünümə ulaq düşüb.

Əlim üzüldü diləkdən,
Dilim yandı "gəl" deməkdən.
Öz haqqını gözləməkdən
Haqqın gözünə ağ düşüb.

Bu tayda sən, o tayda mən,
Üzəmmədim bu çayda mən.
Ömr əritdim harayda mən,
Körpü çaydan uzaq düşüb.

Bəsirətli Bəxtiyar Vahabzadə bu şeiri yalnız mövzunu, ideyanı verdiyinə görə Şirməmməd müəllimə həsr etməmişdi.
Bəxtiyar millətcanlı bir yaradıcı idi, əngin təfəkkür sahibi idi və gözəlcə duyurdu ki, daim yaddaşın yatmış qatlarını diksindirən Şirməmmədlər olmasa, körpülərin çaylardan uzaq düşməsi təhlükəsi və ondan törəyən yüz cür fəsad yaxamızdan bilmərrə əl götürməyəcək.
Şirməmməd Hüseynovun irsi və məktəbi, yolu və dərsləri var olduqca isə körpü heç vaxt millət çayından aralı düşməyəcək!
...Şirməmməd müəllim bu yurd və xalq üçün təbərrük insan idi və əlbəttə ki, Allah da bunu bizdən daha əvvəl və daha yaxşı bilirdi! 
Allah Şirməmməd müəllimin millət üçün gərəkliyini, tarix üçün faydalığını dəqiq bildiyindən, ona millət körpüsü olmaq vəzifəsini həvalə etdiyindən bu millət üçün onu yaşadırdı.
Sağlam yaşadırdı, gümrah yaşadır, düşüncəsini aydın, ruhunu təmiz yaşadırdı. 
Elə yaşadırdı ki, doxsan beşinə çatanda onun əli silahlı idi, hər gün səngərdə idi.
Və böyründə də sədaqətli, vəfalı, fədakar şəfqət bacısı!
Mülki bir insandan bəhs edə-edə hərbi deyimləri qələmə gətirməyimi məcazlar saymayın. Bunlar şairanə bənzətmələr deyil, həqiqətin xalisidir.
Millət quruculuğu yolunda mübarizələr bitməyib, əksinə, hər gün daha artıq sürətlə davam edir və etməlidir.
Bu şərəfli yolda isə qələmin ən uzaqvuran toplardan-tüfənglərdən daha qüdrətli bir silah olduğunu tarixin bütün gedişi təsdiqləyir. 
Böyük azərbaycanlı, lap çoxdan bütöv Azərbaycanı zəkasının nurunu səpdiyi auditoriyaya çevirmiş Ustad Şirməmməd Hüseynov istirahət günü və məzuniyyəti olmayan bir cədvəllə hər gün, ta 2019-cu il iyunun 24-ünəcən, nəfəsi gedib-gələn son saatlaracan iş başında idi. 
Universitetə gedərək əsgərlərinə təlimini verirdi – gələcəyin jurnalisti olacaq tələbələrinə dərsini deyirdi, qayıdıb gəlib səngərinə – yazı masasının arxasına keçir, silahını – qələmini götürür və başlayırdı itirdiklərimizi qaytarmağa, qazandıqlarımızı daha yaxşı qoruya bilməkçün yollar göstərməyə, istiqlal salnaməmizi bir az da bütövləşdirməkçün yeni mübarizələrinə.
Şirməmməd Hüseynov nümunəsi bu millətin ruhuna keşik çəkmək, varlığını sağlam saxlamaq, yeni sınaqlardan mərdanəliklə keçirməkçün taleyin və tarixin Azərbaycana misilsiz ərməğanıdır.
Tale və tarix Şirməmməd müəllimin özünü də hər an bizlərçün hifz etməyi, qulluğunda durmağı isə onun sadiq ulduzuna – şəfqətli ömür-gün yoldaşı, ilk oxucusu Ülkər xanıma həvalə etmişdi.
Mehriban mənzilində bizə – Şirməmməd müəllimi ürəkdən sevənlərə görüş fürsətlərini, ustadın doyulmaz söhbətlərini dinləmək girəvəsini də tütyə dərman kimi qaşıq-qaşıq verən, onu bir sərhədçi sayıqlığı ilə mühafizə edən Ülkər xanımın insafsız dəmir intizamına illərcə dözməyə hazır idik və daha artıq – bunun müddətlərcə davam etməsini arzulayırdıq!
Dəyərlərimizi hamı Ülkər xanım kimi beləcə göz bəbəyitək qorusaydı, nə dərdimiz olardı ki!
...Və nə acı ki, bir gün hökmən gələcəyini bilsək də, heç cür Şirməmməd müəllimə yaraşdıra bilmədiyimiz əbədi ayrılıq anı da yetişdi...
...Bu ayrılığın üstündən 1 aydan da bir az çox keçən günlərin birində Ülkər xanımın qəmli etirafı ürəyimi sıyırdı: “Hərdən öz-özümə düşünrdüm ki, dünyada doyunca yaşadım, nəvələri də gördüm, nəticələri də. Amma Şirməmməd yox! O həyat eşqi ilə, yaşamaq arzusu ilə, təzə əsərlər yaratmaq həvəsi ilə dolu idi”.
Ülkər xanım yol çəkən kədərli, yorğun gözləriylə baxır mənə, naçar-naçar köks ötürür: “Bilsən onsuz olmağa alışmaq necə çətindir!..”.
Danışır və hiss edirəm ki, ayrılığın üstünə yeni günlər gəldikcə birgəliyin illərini, aylarının, həftələrini, günlərinin indi yaddaşını göynədən xatirlərini nə təhər xiffətlə yaşayır.
“Yeməyini yemişdi, keçdi əyləşdi həmişə oturduğu bu kresloda. Mürgüləyirdi. Elə yuxuda da sakitcə keçindi. İnanmağım gəlmirdi, elə bilirdim oyanacaq”.
Haqlısınız, Ülkər xanım!
O irs ki, o dərslər ki, o yol ki Şirməmməd müəllim yadigar qoyub getdi onlar həmişə oyandıracaq, qəflət yuxusuna dalmağa imkan verməyəcək.
Nə Şirməmməd müəllimi, nə də onun bütün ruhuyla, varlığıyla sevdiyi millətini!
Ölüm haqdır, hər gələn bir gün gedir.
Amma məni yandıran Şirməmməd müəllimin vəfatından bir neçə gün qabaq aldırdığı, yazı masasının siyirtməsində qalan, hələ heç biri bircə sətir də yazmamış 30 qələmdir!

O qələmlərin yazacağı mətləbləri, düşüncələri, sözləri, daha vacibi – təpəri və eşqi özü ilə apardı Şirməmməd müəllim.
Şirməmməd müəllimin yazmağa macal tapmadıqlarını hansı qələmlərlə, kimlər yazacaq?!.

Rafael HÜSEYNOV,

31 iyul 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook