RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
40 il və 1 gecə + Foto Okt 30, 2018 | 21:32 / Tədbirlər

"Ulduz saatı” hər xalqın da, hər ölkənin də, hər yaradıcının da bəxtində var.
Rizvanın alın yazısında həmin səadətli anların məhz bu günə təsadüf etməsi varmış.
2018-ci il oktyabrın 27-si mənim əziz dostum, bəstəkar və müğənni Rizvan Sədirxanovun həyatının ən unudulmaz günlərindən birinə çevrildi. 
Bəlkə də ən birincisinə!
Lakin təqvimin bu səhifəsi həm də Azərbaycan musiqi mədəniyyətinin tarixində həmişəlik qalacaq məsud bir gündür.
Çünki bu axşam səhnəmizin sevindirici yeni bir hadisəsi baş tutub, Bakıda, Heydər Əliyev sarayında Azərbaycanın ilk rok-operasının premyerası gerçəkləşib.
Düz 110 il əvvəl, 1908-ci ilin 25 yanvarında dahi Üzeyir bəyin "Leyli və Məcnun"u ilə Azərbaycan operası ilk addımını atdı.
İndi, milli operamızın 110 yaşı tamam olanda isə sanki bu bayrama, bu möhtəşəm yubilyeyə bir hədiyyə olaraq Rizvan Sədixanovun "Səyyah Sindibad" adlı hələlik ilk və tək olan rok-operası nümayiş etdirildi.
Əlbəttə, illər keçəcək, Azərbaycanın yeni-yeni rok-operaları yaranacaq və daha "Səyyah Sindbad" tək, yeganə rok-operamız olmayacaq.
Fəqət bundan sonra nə qədər bir-birindən gözəl rok-operalar yaransa da, Rizvanın əsəri həmişəlik ilk olaraq qalacaq və bu da artıq mühümdən mühüm tarix deməkdir.
Həm Rizvan Sədirxanovun ömrü üçün, həm musiqi mədəniyyətimdən ötrü.
2018-ci il oktyabrın 27-sini həyatımızın ən fərəhli gecələrindən birinə çevirən "Səyyah Sindbad" bu günə doğru 40 illik uzun bir yolu aşaraq təşrif gətirib.
Rizvanın könlünə gələcək "Səyyah Sindbad"ı yaratmaq həvəsi düşəndə hələ 1978-ci il idi.
Və nağılların, rəvayətlərin dünyasındakı əsrarəngiz Sindbad niyyətlərinə uzundan uzun və çətinliklərlə, macəralarla dolu məsafələri adlayaraq yetişən kimi, Rizvanın bu istedadla çağlayan əsəri də mənzil başına - hamıya səhnədən görsənəcəyi günə dörd onilə sığan, sınaqlarla, mübarizələrlə, biganəliklərlə, dürlü maneçiliklərlə aşıb-daşan məşəqqətli yolu qət edərək çatdı.
“1001 gecə” nağıllarında Şəhrizad hər axşam ən maraqlı yerində hekayətini yarımçıq kəsər, ardını söyləməyi sabaha saxlardı.
Demirəm ki, bura yazımın ən maraqlı yeridir. Amma bir halda ki, “1001gecə”nin aləmindəyik, gərək onun səliqə-sahmanınından da yararlanaq. 
Mən də bu arada elə nağıldakı sayaq sözümü dincə qoyuram və sizi dəvət edirəm 7 aydan da bir az öncə yazdıqlarımı oxumağa.
2018-in mart ayı başlanırdı və "Səyyah Sindbad"ın səhnəyə gəlməsinə artıq "yaşıl işıq" yandırılmışdısa da, ötən illərin bir sıra acı təcrübələri və dərsləri bizi hər şeyə hazır olmağı da pıçıldayırdı, xəfifcə xəbərdarlıq da edirdi ki, son uğurlu nəticəyə, premyeranın baş tutacağına nə qədər inansanız da, qəfil dönüşlərə də hazır olun. 
İçərimizdə bu qənaət də vardı ki, əgər ötənlərdəki kimi yenə nəsə alınmasa, qəm yeməyə dəyməz. Ümidlə yaşamaqda davam etmək gərəkdir.
Sizi yarım ildən də bir az o yandakı günlərə ona görə aparıram ki, biləsiniz yol daim və hətta rəsmi “hə” vədindən sonra da necə enişli-yoxuşlu olub.
Bilsəiniz ki, möcüzə-filan törənmədi. Müşküllər həmin minvalla o yazıdan sonrakı aylarda da davam etdi.
Lap son həftələrəcən baş verənlər də narahatlıqlarımızın əbəs olmadığını təsdiqlədi. Hissləri tarım çəkən, səksəkə oyadan hdisələrlə də rastlaşdıq, afişalar çap edilib biletlər satılmağa başlayandan sonra premyeranın elan edilən tarixi də dəyişdi, həmin dəyişilmiş vaxtda da üzücü “alınmaya bilər!” şübhəsi ürəyi göynətdi.
Şükür ki, bütün maneələr keçildi, müşküllər hamısı geridə qaldı, nəhayətdə 40 illik yol şad bir gecəylə tamamlandı.
Amma 7 ay öncə...
***
"RİZVANIN KİNO KİMİ HƏYATI
Onun həyat yoldaşı Iradə xanım da, qızı Kamilla da musiqiçidir. 
Üstəlik hələ balaca nəvəsində də fitrətən musiqi istedadı var, təzə bir melodiya eşidən kimi xoşuna gəlsə, dərhal əzbərləyir. 
Bütün bunlara görə bəstəkar və müğənni Rizvan Sədirxanovun ilk əsas münsifləri elə öz evinin işərisindədir. 
Təzə nə yazsa, yeni nə oxusa, birinci onlar eşidir və qiymətlərini də verirlər. 
Evdən sonra ikinci və üçüncü münsif də var ki, biri burda – Bakıdadır, digəri uzaqda – Moskvada. 
Amma məsafədən asılı olmayaraq Rizvanın nəinki hər təzə əsəri, hətta həyatında baş verən ən xırda yeniliklə bağlı həmin evdən kənardakı 2 münsif də yubanmadan agah olur. 
Yəni xəbəri Rizvan özü çatdırır. Çünki hər 2 dost çox onillərdir ki, onunla birgədir və ömrünün hər enişinə yoxuşuna bələddir. 
Burdakı, Bakıdakı dost mənəm, Moskvadakı – özü orda, ürəyi həmişə Bakıda olan dost isə Azər Cahangirov.
Rizvan yapışıqlı səsi, yüksək ifa qabiliyyəti olan müğənnidir. 
Asəf Zeynallı adına orta ixtisas musiqi mətəbində də, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da, İtaliyada, Ozima şəhərində təhsil alarkən də vokalın sirlərinə dərindən yiyələnib. 
Bir müğənni kimi İtaliya səhnələrindən tutmuş Bolşoy teatra, Bakı konsert salonlarınacan çıxışları az olmayıb və hər dəfə də dinləyənlərini məftun etməyi bacarıb. Lakin çox təəssüflər olsun ki, onun səsi Azərbaycanda geniş kütlələrə dolğunluğu ilə yalnız son 10-15 ilin içərisində çatıb. Bu da radioda ara-sıra səsləndirlən oxularından daha əvvəl “Səmimi qəlbdən” və “Şairin ürəyi” səs albomlarına görə. Hər iki diskdə bütün mahnı və romansların həm bəstəkarı, həm ifaçısı Rizvan özüdür. Oradakı əsərlərin bir qismini başqa müğənnilər də oxuyub. Amma Rizvan öz nəğmələrini elə təsirli oxuyub ki, əsərlərinin başqa ifaçıları ilə müqayisədə onun üstünlüyü aşkar sezilir.
Bir tərəfə baxanda elə belə də olmalıdır. Axı həmin əsərlərin hər biri not-not, səs-səs əvvəlcə onun qəlbində yaranıb.
Rizvanın bəstələdiyi mahnı və romansların sayı 600-ü lap çoxdan aşıb. Hətta bəzən bu qəbildən olan rəqəmləri dilə gətirməyə belə utanır. 
İndiyədək bir-birindən eşidimli o əsərlərin əksəriyyəti bütün Azərbaycana bəlli deyilsə, mütəmadi olaraq radio-televiziyalarımızda səsləndirilmirsə, göstərilmirsə bu qətiyyən Rizvanın təqsiri deyil.
Ümumumən bunca parlaq istedadı, bunca inadkar işgüzarlığı, belə yüksək məhsuldarlığı müqabilində Rizvan indiyədək nail olmalı olduqlarının heç onda birinə yetməyibsə, yenə heç vəchlə bunda özü suçlu deyil.
Səbəbkar hadisələrin ayrı cür yox, məhz bu sayaq olan gedişi, təsadüflərin bu tərzdə sıralanması, bir az bəxtin gətirməməsi, bir az kimlərinsə biganəliyi, bir az kimlərinsə həsədi, hikkəsi olub.
Təbii, günahların bir qismi də mənim boynumdadır ki, Rizvanın qarşısında ona yaraşan qapıların açılmasına arzuladığım qədər kömək edə bilməmişəm. Amma Allah şahiddir ki, hər halda bacardığımı etməyə daim çalışmışam. Gücüm başqa şeyə çatmayanda həmdərd olmuşam, mənəvi dayaq durmuşam, onu ovutmuşam, təsəllli vermişəm, həvəsləndirmişəm, ruhlandırmışam.
Azər də mənim kimi! Ancaq Azərin məndən bir üstünlüyü var. Əvvələn, o, Rusiyada Rizvana bu və ya digər dərəcədə aid olan hər mədəni tədbirə, konsertə qatılmağa hökmən cəhd edir və çox zaman da buna nail olur. 
Bir də görürsən gecənin bir aləmində telefonumuza onun belə tədbirlərdən isti-isti çəkdiyi videolar çatdı. Ləzzətlə və həm Rizvana, həm Azərə minnətdarlıqla seyr edirəm, belə operativliyin mətbuatımızda, radio-televiziyalarımızda olmamasına heyfslənirəm…
Digər tərəfdən Azər dost uğuruna o qədər geniş ürəklə sevinə, bunu bir an içərisində o qədər geniş dairə ilə bölüşə, sevincini, iftixarını, ürəyini dolduran fərəhi elə coşqun tərzdə ifadə edə bilir ki, ona hər dəfə yenidən vuruluram.
…Rizvan əslən şuşalıdır. Bakıda böyüsə də, Şuşada evləri olub və hər yay mütləq ailəliklə ora gediblər. 
Səs ata-baba yurdunun ona elə doğulandan bəxş etdiyi nemət idi.
Rizvanda gələcəyin yaxşı musiqiçisini hələ onillər öncə həmin Şuşadaca unudulmaz bəstəkarımız Süleyman Ələsgərov görmüşdü və bunu uşağın atasına da söyləmişdi: “Soltan, siz nahaq bu oğlana sadə baxırsınız. Onda əsl musiqiçi ürəyi var!”,
Ata da fikirləşirdi ki, qarabağlıda səs də ola bilər, musiqi istedadı da və burada qeyri-adi heç nə yoxdur. 
Niyyəti idi ki, oğlu onun yolu ilə getsin, texniki peşə seçsin, mühəndis olsun. 
Və Rizvan da sözəbaxan, tərbiyəli uşaq idi, ata öyüdünə əməl etmişdi. 
Gedib Neft-Kimya institutuna daxil olmuşdu. 
Yaxşı tələbə idi və bunu yalnız həmin qəliz təhsil ocağını fərqlənmə diplomu ilə qurtarmasına görə təsdiqləmirəm. 
Hərdən söhbət düşəndə rəhmətlik Azad Mirzəcanzadənin onlara az qala yarım əsr əvvəl oxuduğu mühazirlərin elə xırda təfərrütlarını yada salıb ki, bunun yalnız möhkəm yaddaşdan deyil, həm də ixtisasa dərindən bələdlikdən irəli gəldiyinə inanmışam.
Ali məktəbi başa vurmuşdu, neftçi kimi işləməyə başlamışdı, yaxşı mühəndis kimi hörmət də qazanmışdı.
Amma ürək dinc dayanmırdı axı!
“Asəf Zeynallı”ya evdən, aildən gizlin daxil olmuşdusa, artıq mühəndis işlədiyi çağlarda Konservatoriyanın axşam şöbəsinə bunu sirr kimi saxlamayaraq qəbul edildi.
Həm neftçi, həm müğənni olan Bəxtiyar bir film qəhrəmanı idi ki, hamımızın
ömrümüzə böyük Rəşid Behbudovun məharətli oyunu və məlahətli ifası ilə daxil olub.
Amma həm yüksək səviyyəli mühəndis, neftçi, həm də gözəl müğənni, bəstəkar olan Rizvan Sədirxanov haqqında nə sənədli, nə bədii film çəkilib.
Film onun gündəlik həyatıdır ki, yaşayır.
Dursam onun tələbəlik dövrünün, neftçilik illərinin, konservatoriya əyyamlarının, İtaliyada təhsil aldığı zamanların, Bakıya qayıdandan sonra 1990-cı illərin əvvəllərinin böhranlı dönəmindəki yaşadıqlarının əhvalatlarını yazmağa, sərgüzəştlərlə dolu kino bu həyatın yanında daha solğun görünər.
… “Min bir gecə” nağıllarının məşhur Sindbadı ellər gəzdi, şəhərlər dolaşdı, illəri qürbətlərdə sürdü.
30 il əvvəl Rizvan mənə hələ 10 il öncə bəstələmyi qət etdiyi “Dənizçi Sindbad” rok-operasından danışanda, onunla qonşuluqda kirayə qaldığım mənzildəki pianoda həmin yeni əsərin ilk parçalarını çalanda hardan ağlıma gələrdi ki, o vaxt mənə eşidilənlərin hamıya çatması üçün hələ bundan sonra gərək üç onillik keçə.
Əslində 50-60 ilə bərabər 30 il sürətlə ötüşdü. 
Gəncliyimizi özü ilə apararaq getdi...
Və Sindbad doğma sahilə lövbər atmaqçün qayıdır. 
Daha dəqiqi – qayıtmaq üzrədir.
Azərbaycan musiqi mədəniyyəti tarixində son dərəcə əlamətdar bir hadisəyə səbəbkar olmaqçün qayıdır (nburda da hər ehtimala görə dəqiqləşdirim –
Qayıtmaq üzrədir!).
Rizvan Sədirxanov musiqi tariximizdə bir ilkə imza atır.
“Səyyah Sindbad” bizim birinci milli rok-operamızdır.
Bu artıq tarixdir və 40 il yol gəlmiş həmin tarixə heç kəs şərik ola bilməz! 
Bu uğur mənim əziz dostum, dəyərli Azərbaycan bəstəkarı və müğənnisi Rizvan Sədirxanovun halal qismətidir!
Bi neçə il öncə, növbəti yeni il ərəfəsində Rizvanla yeni bir mahnı yazdıq.
Həmin mahnının adı “Ümid var” idi.
Əlbəttə, hər yeni il sabahlara üz tutan arzular, niyyətlər oyadır. Ancaq o vaxt yazdığımız həmin nəğmə bitən ilin son gecəsində səslənməkçün nəzərdə tutulsa da, əslində ilin hər bir günüə aid idi.
Ümidsiz yaşamaqmı olar? Nə qədər ümidlər var, biz də varıq. Insan ümidlər tükənəndə bitir. Lakin orası da var ki, gərək ümidlər elə illərcə ümid olaraq da qalmasın, həm də həyatda öz terini tapsın.
Aydan-aya, ildən-ilə adlayan ümidlər insanı daxilən yora da bilir, nimdaşlaşan ümidlər daha yeni ümidlərə doğru qanadlanmaqdan yadırğamağa da sövq edir.
Mənim nəzərimdə Rizvan qəti ümidin, nikbinliyin, son ucda hər diləyin işığa çatacağına sarsılmaz inamın ən bariz örnəyidir.
İlk gəncliyindən belə olub və həmin mühüm keyfiyyət durmadan ona daxildən güc verib.
Yazıb-yaradıb, qarşısına çıxan aşırımlar onu ləngitsə də, sındıra, kökdən sala blməyib. 
Layiq olduğu ucalıqlar və özünüifadə imkanı ondan əsirgənsə də, nə inciyib, nə bezib, nə usanıb, nə umu-küsü edib.
Bütün bu – bəzən bədxah, bəzən riyakar, bəzən sadəcə laqeyd münasibətlər – Rizvanın təmkinini, varlığındakı nəcibliyin müvazinətini laxlatmaqda aciz qalıb.
Kimsə onun istedadını görməyibsə, ya görməzliyə vurubsa, etiraf etmək istəməyibsə, Rizvan başqalarını qınamayıb, qeyrilərindən heç nə ummayıb, səbəbi özündə axtarıb, fikirləşib ki, deməli, bir az da çox çalışmaq, görməyənlərin də görməsindən ötrü daha artıq bəstələmək, oxumaq, qan-tər tökmək gərəkdir.
Daha bir təzə bəstəsini bitirib, onu tamamlayınca bir ayrısını başlayıb, daha bir nəğmə oxuyub, onu lentə yazdırınca başqa biri üzərində işləməyə girişib.
İnanıb ki, geci-tezi var, mütləq onu da görəcəklər, eşidəcəklər.
İnanıb və ona görə də yeni yaradıcılıq üfüqlərinə sarı can atıb, əvvəlkindən də neçə qat artıq səy göstərib.

Bu açılan güllərin,
Bu dönən fəsillərin,
Bu dəyişən illərin,
Hər birində ümid var.

Köhnələnlər gedəcək,
Yeni günlər gələcək.
Gülməyənlər güləcək
Gedənlərdə xatirə,
Gələnlərdə arzular,
Təzə gündə ümid var…
Gülümsəyir sabahlar,
Hər sabahda ümid var!

Rizvan Sədirxanov Azərbaycan insanına bu gün və sabah üçün çox sovqatlar tədarük edib.
Rizvanın artıq səslənmiş və hələ hamıya eşidilməmiş nəğmələrinin, ronmanslarının miqdarı yüzlərlədir.
Mən əminəm ki, gün çatacaq Rizvanın seçmə əsərlərindən ibarət konsertlər Bakıda da, Moskvada da, dünyanın neçə ölkəsinin böyük konsert salonlarında, səhnələrdində də veriləcək.
Mən hələ başqa məşhur ifaçıları qoyuram bir kənara. Rizvanın özünün yetirmələri bu gün dünyanın ən məşhur, ən sayılıb-seçilən səhnələrindədir və onların sırası gün-gündən sıxlaşmaqdadır.
Ən azı onların ifasındakı coşqu dolu Rizvan bəstələrindən ibarət konsertlərə şahid olacağıq. 
Bizlər də, Rizvanın özü də!
Amma ən böyük arzu və ümid “Səyyah Sindbad”la bağlıdır.
Rizvan 40 ilin intizarından, ümidlərindən sonra Azərbayucanın əvvəlinci rok-operasını xalqla görüşdürməyin astanasındadır.
Ümid və arzu isə bundan ibarətdir ki, musiqi həyatımızda xoş hadisəyə dönə biləcək bu əsər ovsanadan çıxarılmasın. əsl operaya yaraşan tərzdə səhnəyə gəlsin.
Yəni sadəcə oxumaların sıralandığı bir konsert kimi deyil, dekorasiyalar, əlbisələr, göz oxşayan sanballı bədii tərtibatı ilə bir opera əsərinin bütün tələblərinə müvafiq tamaşa kimi!”.
(Və bu sətirləri də o vaxt təsadüfən yazmamışdım. Çünki belə təkliflər də eşidilirdi ki, “Səyyah Sindbad” elə konsetvari bir tərzdə yola verilsin getsin).

***
...Axırıncı zəng çalındı.
Zal qaranlıqlaşdı.
Bir işıq dilimi səhnəyə, pərdə üzərinə dikəldi.
Yeni və ilk rok-opera hələ pərdə açılmamış başlanırdı. 
Pərdənin bu üzündə cərəyan edənlərin az sonra oradan bizə görünəcəklərə aidiyyəti həm var, həm yox idi. 
Hər hansı aidiyyəti yox idi ona görə ki, pərdənin bu üzündə başqa zaman idi, pərdənin o tərəfində ayrı həyat.
Amma pərdənin bu üzündə qaçışan matrosların, bu tələs-tələsdə onların ayağına dolaşan və elə geyim-kecimindən gəmi adamı olmadığı görünən kişinin az sonra pərdənin o tərəfində cərəyan etməyə başlayacaq ömür-gün hekayəyi ilə birbaşa bağlantısı da var.
Bosman qaçhaqaçda o qərib və qəribə adama irad da tutur: “Ey, qoca, mane olma, bura sənin yerin deyil!”.
Lakin doğrudanmı bu göyərtə o dalğın adamın yeri deyildi?
Az sonra bir qadın da qoşulur o ixtiyara.
Ardınca gəlib. Bilir ki, onu harada axtarsa, elə burada tapa bilər.
Bilir ki, dənizdən, yosun ətrindən, dalğaların şırıltısından, gəmidən, dənizin göyə birləşirmiş kimi genişliyindən ötrü darıxınca istəklisi bura – sahilə, növbəti səfərə hazırlaşan gəmilərə yaxınlaşır.
–Yenə burdasan, Sindbad?
–Hə, burdayam, gəncliyimlə görüşə gəlmişəm.
O xanımın “Sindbad” dediyi şəxs az öncə tamaşaçıların elə bu qiyafədə ¬– kostyumlu, qalstuklu, bəyaz saçlı, eynəkli – dəhlizdə rastlaşdıqları, girəcəkdə dayanaraq yeni tamaşaya baxmağa gələn qonaqları qarşılayarkəm gördükləri adamdır.
Bəstəkar Rizvan Sədrxanovun özü!
Elə qadın da müasir geyimdədir. Amma aktrisadır. 
Məndən olsa, o qadının əvəzinə də o məqamda səhnəyə aktrisa yox, elə Rizvanın həyat yoldaşı İradə xanımı çıxarardım.
Axı nağıl-tamaşada uzun illərin həsrəti ilə sevgislisi Sindbadı gözləyən Zəhra kimi İradə xanım da 40 ildir ki, hər həyəcanı Rizvanla – öz Sindbadı ilə birgə yaşayıb, bu əziz günün gəlişini daim elə onun qədər səbirsizliklə gözləyib, “Səyyah Sindbad”ın səhnəyə çıxacağı ana qədər çəkilən bütün nisgilləri illərcə onunla müştərək yaşayıb.
Və premyera günü, həmin anlarda zalda, tamaşaçılar arsında yox, səhnədə Rizvanının yanında olmaq onun da haqqı idi!
...Çox keçməyəcək “Səyyah Sindbad”ın tam Azərbaycan versiyası da yaranacaq. Hələlik əsər əsasən ruscadır. “Əsasən” ona görə ki, bu operada ruscadan savayı ingilis, italyan, çex dilində də ariya və nəğmələr səslənir (Rizvan xarici müəlliflərin, fərqli dövrlərin şairlərinin -- Konfutsinin, Vilyam Kolricin, Yozef Sladekin, Nikolay Qumilyovun, Alessandro Milaninin mətləbə uyğun şeirlərini əsərin məzmununa uyğun istifadə edib, hamısını da elə yazıldığı dildə. Mən də Azərbaycan variantında onları saxlayacağam, amma indiki variantdan fərqli olaraq həmin şeirlərin hansısa bəndlərini ya ekvoritmik tərcümədə, ya da onların tərzində improvizə edilmiş bəndlər halında mətnə əlavə edəcəyəm ki, dinləyənlər bu ariyaların bilavasitə mənasından da hali olsunlar. Daha yalnız proqramdakı bilgidən öyrənməsinlər ki, əcnəbi dildə səslənən bu oxunun anlamı nədir). 
Bir neçə onillik boyu, “Sindbad”ı ürəyində, zehnində daşıdığı bütün müddətcə hər dərdi-sərini mənimlə bölüşmüş Rizvana ötən il, tamaşanın baş tutacağıyla bağlı söhbətlər ciddiləşməyə başlayanda söylədim ki, elə bu variantda da əsərdə ana dilində parçaların səslənməməsi düz olmaz. 
Hazırlayacağımız bütöv Azərbaycan variantı öz yerində, gəl bura da ən azı 2 parça əlavə edək ki, əsər Azərbaycan dilində başlanıb Azərbaycan dilində də bitsin. 
Çinki ilk milli rok-operamız da bir neçə xarici dilin olub ana dilinə etinasızlıq göstərilməsi qətiyyən yaramaz.
Rizvan dərhal razılaşdı və mən də təxminən onun razılşadığı sürətlə 2 şeir yazdım.
Biri Sindbadın lap başılanğıcda səslənən və baş verəcəklərə bir müqəddimə olacaq oxusu, digəri də də sonda onun və digər iştirakçıların ifa edəcəyi vüsal nəğməsi. Əslində elə rok-operanın son adı da elə bu şeirin sərlövhəsindən doğdu:

Hər bir gedilən yolun,
Əvvəli var, sonu var.
Nə yol bitər nə arzu,
Nə gədər canda can var .

Suallarla doludur,
Hələ seçmədiyin yol.
Səni hey cəzb eləyər,
Hələ keçmədiyin yol.

Hər yolun arxasında,
Min suala cavab var.
Ömür boyunca bitməz ,
Nə suallar, nə yollar .

Yollar eniş - yoxuşlu,
Mən yolların yorğunu .
Sınağı çox olsa da,
Mən yolların vurğunu .

Axşamlar Günəş deyər:
“Mən batıram , sən də yat.
Sabah yola çıxmaqçün
Dincəl , güc yığ, Sindbad!” .

Səyyahların səyyahı ,
Tarix yazan Sindbad
Hünər göstər, yollar aç,
Yadigar goy sən də ad!
Səyyah Sindbad!

…Son 1 il boyu Rizvan hansı zəhmətlərə qatlaşdı, nə qədər həm sevincli, həm qanıqara günlər yaşadı hamısına şahidəm.
Söz yox, ildən-ilə deyil, onildən onilə qalan bu əsərin nəhayət ki, işıq üzünə çıxmasında Mədəniyyət naziri Əbülfəz Qarayevin Rizvana, onun yaradıcılığına çox xeyirxah, diqqətcil münasibətinin xüsusi yeri var. 
Moskvada yaşaya-yaşaya köhnə dostumuz, böyük Qara Qarayevin yadigarı bəstəkar Fərəc Qarayev də həmişə Rizvanın yanında idi, imkanı çərçivəsində ondan himayəsini əsirgəmir, həmişə ürək-dirək verir, həvəsləndirirdi.
Son 1 il boyu əsər hissə-hissə oranjiman edilir, ayrı-ayrı ifalarda yazılırdı. 
Hər parçanın studiyadakı yazılışından sonra Rizvan hökmən hazır materialı gətirirdi, dinləyirdik və bu prosesdə həmin oranjiman və montaj işlərini yerinə yetirən Emil Minyaşevin həm istedadını və zəhmətsevərliyini yaxından müşahidə edə bilirdim, həm də fədakarlığını.
Çünki bütün bunların icrasından ötrü rəsmən sən deyən çox, “çox” nədir, heç olmalı olanın yarısının yarısı qədər vəsait ayrılmamışdı.
Ayrı-ayrı dostların arada xeyriyyəçi yardımları da vəziyyəti tam normallaşdıracaq halda deyildi.
Yazılışlar üşün studiyadan istifadənin hər saatının ödənilməli olan haqqından tutmuş xərc tələb edən neçə-neçə ayrı məsələ vardı.
Emil də, ifaçıların hər biri də ən əvvəl bu işə sənət naminə, ürəklərindəki dərin musiqi sevgisinin yönəltməsi ilə, Rizvanın şəxsiyyətinə sonsuz sayğı və məhəbbətlə qatıldıqlarından hər sıxıntını dəf etməyə hazır idilər.
Hər yeni parçanın hazırlanıb tamamlanması ilə də bunu əyani olaraq sübut edirdilər.
Və bu cərəyanda Emil Minyaşev özü də oxudu və yaxşı da oxudu.
“Səyyah Sindbad”da baş qəhrəmanı hər bəladan qoruyan, onu qanadının altına alaraq ən çıxılmaz vəziyyətlərdə nicat verən xilaskar mələk elə Emil Minyaşevdir.
Lakin Emil operada həm də çex tacirinin nəğməsini oxuyub və əla da ifa edib. Dinləyən çexlər özləri bunca dəqiq tələffüzə mat qalmışdılar. 
İfaçıların hamısı bir-birindən bəyənimli. 
Baş rolun ifaçısı, Zəhra surətini yaradan Gülşən İbadova ayrıca təqdimə və tərifə layiqdir. 
Məlahətli səsi, qəlbə yatan oxusu öz yerində, amma həm də aktyor oyunu, plastikası hamını heyran etdi (üstəlik, səhnə kostyumunu da özü tikmişdi).
İfaçıların hamısını bir-bir sadalamaq vacibdir. 
Çünki bir-birindən cazibəli, bir-birindən gözəldirlər – Sindbadı ifa edən Mikayıl Rəfiyev də, dəniz quldurlarının kapitanı Şamil Kərimov da, çinli qız Aydan Həsənova da, həm kapitan Conu canlandıran , həm də bunun ardınca rusiyalı tacir Afanasi Nikitiçə çevrilən Cavid Səmədov da, kapitan Alessandronu ifa edən Azər Rza da, bosmanın partiyasını oxuyan müəllif – Rizvan Sədirxanov özü də, digər rolları və partiyaları bütün şirinliyi ilə təqdim edən Nərgiz Kərimova da, Yuliya Motorina da, Mila Rzayeva da, İlham Nəzərov da, Nərgiz Əlizadə də təkrarsız səsləri ilə premyera gecəsinə rövnəq verdilər.
Təbii ki, qısa bir vaxt ərzində ağlasığmaz dərəcədə həcmli iş görmüş, rəqslərin quruluşçusu Cəmilə Bayramova, tamaşaya bayram ovqatı verən əlvanlığa nail olmuş rəssamı İlham Elxanoğlu təşəkkürlərə layiqdir.
Ancaq tamaşanın rejissoru, əməkdar artist Nicat Kazımov haqqında gərək ayrıca söz deyilə. 
O olmasaydı, bu bayram bu möhtəşəmlikdə alınmazdı.
Mənimlə yanaşı tamaşanı izləyən və dünya teatrlarının səhnələrində çox operaları da, müziklləri də seyr etmiş təcrübəli dostlarım əyləşmişdilər.
Onlara söyləyirdim ki, bütün bunlar vur-tut 2 həftəlik məşqlərin nəticəsidir, inanmırdılar, inana bilmirdilər və elə doğrudan da inandırıcı deyil.
Bir rejissorda nə qədər istedad, yanğı, ehtiras, yaradıcı ruh, eşq olmalıdır ki, belə dar macalda (həm də hansı şəraitdə!) bunca zəngin, tapıntılarla dolu tamaşa hazırlaya bilsin.
(Elə buradaca Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, köhnə və etibarlı dostum, görkəmli rejissorumuz Azərpaşa Nemətova Aktyor evinin səhnəsini mənim xahişimlə tamaşanın bütün əsas məşqlərinin keçirilməsi üçün qəlb genişliyi ilə ayırdığına görə minnətdarlığımı bildirirəm. 
Əgər bu imkan yaradılmasaydı, tamaşanın taleyi necə olcaqdı, baş tutub-tutmayacaqdımı, bir ayrı sualdır). 
Elə bircə Nicatın tamaşa boyu dənizçilərin üçbucaq şəklində sıralanaraq uzun bir parça zolağını əllərində tutmaları, gendən baxırkən elə bunun doğruçu gəmiyə oxçaması effekti nəyə desən dəyər.
Bu sadə tapıntı tamaşada bir rejissor kəşfi kimi qavranılır və məlum həqiqətdir ki, adətən çox gözəl olan hər şey əslində sadədən sadədir. 
Sadəcə, bu sadə olan hər adamın ağlına gəlmir!
…Son nəğmə oxundu.
Həmin mən yazan “Sindibadın vüsal nəğməsi”. 
Bu rok kompozisiyasını Sindbad özü, Zəhra , xilaskar mələk, xor – hamı birgə oxuyurdu:

Qürbət ellər gözəldir,
Hər elin bir naxışı.
Gəzmək, görmək gözəldir,
Dönməyə Vətən yaxşı!

Hara getsən son yuvan,
Ana Vətən, elindir.
Min dil öyrən yenə də,
Ən şirin öz dilindir.

Burda səni gözləyən,
Bir cüt qara göz vardı.
Sən getdiyin yollara,
Həsrət ilə baxardı.

Heyran-heyran dolandın,
Nuhdan qalan dünyanı.
Unutmadın, Sindbad,
Gözü yolda qalanı.

Hər hekayət bitəndir,
Bitən deyil sədaqət.
Hər səyahət bitəndir,
Əbədidir məhəbbət!
Əbədidir məhəbbət!

…Son akkordlar səsləndi. 
Bir-bir bütün iştirakçılar, tamaşanın araya-ərsəyə gəlməsi yolunda çalışanlar səhnəyə çıxıb Heydər Əliyev sarayını bürüyən kəsilməz alqış seli qarşısında təzim edirdilər. 
Və sonra onlar özləri hamısı birlikdə alqışlara qoşularaq əsas səbəbkarı, müəllifi, Rizvanı səhnəyə dəvət etdilər.
Rizvan səhnədəydi.
40 il gözlənilən gecə baş tutmuşdu, “ “Səyyah Sindbad” nəhayət ki, böyük səhnəyə qovuşmuşdu.
Rizvan səhnədydi, xoşbəxt idi.
Alqışlar əvvəlkindən də gur səslənirdi.
Və mən qəhərlənirdim!..

27 oktyabr, 2018

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook