RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xalqları qovuşduran Xəyyam sözü + Foto Noy 17, 2018 | 12:52 / Konfranslar

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük mütəfəkkir şair Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr olunmuş “Xalqları qovuşduran Xəyyam sözü” adlı beynəlxalq elmi konfrans keçirildi.
Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Dünyanın Xəyyamı Xəyyamın dünyası” adlı məruzəsi ilə açaraq, XII əsrin böyük mütəfəkkiri Ömər Xəyyam Nişapurinin yalnız Yaxın və Orta Şərqin deyil, dünya elmi və ədəbiyyatının zirvələrindən biri kimi tanındığından bəhs etdi. Akademik nitqində qeyd etdi ki, Xəyyam Məhəmməd peyğəmbər və Mövlanə Cəlaləddin Rumidən sonra müsəlman və Şərq aləminin dünya bəxş etdiyi ən böyük şəxsiyyətdir. O, dövrünün görkəmli astronomu və riyaziyyatçısı olmaqla bu elm sahələrində mühüm kəşflər və ixtiralara imza atmışdır. Eyni zamanda fəlsəfi traktatları və müdrikliklə dolu zərif rübailəri də onu həm fəlsəfi fikir, həm də ədəbiyyat tarixinin müstəsna simalarından birinə çevirmişdir.
Bu gün Ömər Xəyyam müsəlman Şərqinin dünyada ən çox tanınan, oxunan, nəşr və tərcümə edilən kassikləri sırasında öndədir. Onun ümumbəşəri mövzulardakı rübailəri xalqları yaxınlaşdıran, ortaq insani dəyərləri tərənnüm edən mühüm bir mənəviyyat körpüsü olaraq Xəyyamı dünya şairi məqamına yüksəltmişdir.
Xəyyam 1048-ci ildə Nişapurda doğulub, yaşayıb yaratsa da onun elm aləmində tanınması uzun zamanlardan sonra mümkün olmuşdur. İngilis şair və tərcüməçisi Edvard Fitscerald 1859-cu ildə Ömər Xəyyamın rübailərini öz ana dilinə çevirərək çap etdirir. E.Fitscerald 1868-ci ildə tərcümə etdiyi rübailərin sayını artıraraq yenidən nəfis şəkildə çap etdirir. Həmin vaxtdan Xəyyamın rübailərinin dünya dillərinə tərcüməsi başlayır və bu gün də davam edir.
Akademik bildirdi ki, 1927-ci ildə Hüseyn Daniş İstanbulda Ömər Xəyyamın rübailərin türk dilinə çevirərək çap etmişdir. Xəyyamın rübailəri sovet dövründə ölkəmizdə M.Müşfiq, Mirmehdi Seyidzadə, Əkrəm Cəfər tərəfindən də tərcümə olunaraq Azərbaycan oxucusuna çatdırılmışdır. 
R. Hüseynov vurğuladı ki, qeyd olunanlarla yanaşı, Xəyyam fenomenini açmaq, onun şəxsiyyətini daha dərindən təhlil etmək, əsərlərinin elmi tənqidi mətnini hazırlamaq bu gün ədəbiyyatşünasıq elminin qarşısında duran mühüm vəzifələrdəndir.
Sonra professor Mohamməd Amin Sultan Ol-Qurrainin “Ömər Xəyyamın rübailəri” nadir əlyazmasının tanıtdırılması”, fəlsəfə üzrə elmlər doktoru, professor Qaziz Turısbekoviç Теlebaev “Xoca Əhməd Yasəvi və Ömər Xəyyamın insan haqqında təlimləri”, filologiya üzrə elmlər doktoru, professor Şəfəq Əlibəylinin “Ömər Xəyyam rübailərinin üslubi özəllikləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Xəyyam və Nəsiminin xəyal kəsişməsi”, filologiya üzrə fəlsəfə doktoru Ülkər Məmmədovanın “Ömər Xəyyamın məşhur şagirdi Eynəlqüzzat Miyanəçi” adlı məruzələri dinlənildi. 
Beynəlxalq konfrans, Ömər Xəyyam yaradıcılığını müxtəlif istiqamətlərdə tədqiq edən elmi bölmələrdə öz işini davam etdirdi.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook