XX əsr Azərbaycan tarixində iz qoymuş qanlı hadisələrdən biri də siyasi çaxnaşmalar, ölkəmizə qarşı haqsız ərazi iddiaları, saysız insan qətlləri ilə müşayiət olunan 1990-cı ilin 20 Yanvar faciəsi olub. O müdhiş şənbə gecəsi Azərbaycan xalqının qan yaddaşında artıq 29-cu ilini yad edir və nəsillərin ürəyində yuva qurur.
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində təşkil olunan növbəti elmi sessiya yaxın tariximizin bu unudulmaz qəhrəmanlıq dastanına – 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Muzeyin direktoru, akademik Rafael Hüseynov tədbiri “Qanlı şənbədən istiqlala” adlı məruzəsi ilə açaraq, qəsbkarlığa, zülmə sinə gərməklə milli özünüdərkin sarsılmaz təməlini yaratmış 20 Yanvar mübarizəsinin siyasi-ideoloji əhəmiyyətini şərh edib.
Diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, ölkəmizin müasir tarixində iki mühüm hadisəni - 20 Yanvar faciəsini və Xocalı soyqırımını xüsusi vurğulamaq lazımdır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları böyük ehtirama layiqdirlər. 1990-cı ildə Azərbaycan öz istiqlalının astanasında idi - Sovet İttifaqı çökmək ərəfəsində idi. Lakin sovet rejimi belə bir vəziyyətdə də öz gücünü səfərbər edərək, xalqımızda vahimə oyatmağa çalışdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Lakin Azərbaycan xalqının iradəsi üstün gəldi. Sovet İttifaqının dağılmasına təkan verən hadisə də məhz 1990-cı ilin 20 Yanvar faciəsi oldu.
İmperiya qoşunlarının xalqımıza qarşı törətdiyi qanlı cinayət, əslində, Azərbaycanın sonralar yenidən elan edəcəyi istiqbalının, bərpa edəcəyi dövlət müstəqilliyinin təməlini qoydu. Bu cinayət millətin mübarizə əzmini daha da qüvvətləndirdi.
Akademik Rafael Hüseynov bildirib ki, 20 Yanvar hadisələri müasir tariximizdə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qürur tarixi, qəhrəmanlıq səhifəsidir. Bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub. Vurğulayıb ki, faciənin səhəri günü ümummilli lider Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, bu hadisəyə kəskin etirazını bildirib.
Qeyd edilib ki, müstəqillik bərpa olunandan sonra sıra-sıra insanların şəhid olması da Azərbaycanın xalqının iradəsini qırmayıb. Heydər Əliyevin böyük cəsarəti sayəsində Azərbaycan xalqı öz istiqlal zirvəsini XX əsrin sonlarından XXI əsrə çatdırıb.
Ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla yad olunduğunu deyən akademik Rafael Hüseynov işğal altındakı torpaqlarımızın azad ediləcəyi günün çox yaxında olduğunu vurğulayıb.
Tədbirdə, həmçinin tanınmış qələm sahibləri – Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, ssenarist, publisist Rafiq Səməndər, Əməkdar jurnalist Tahir Aydınoğlu, jurnalist-fotoqraf Rasim Sadıqov, jurnalist, yazıçı-şair Hidayət Elvüsal və başqalarının çıxışları dinlənilib.