RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Elmi sessiya: Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası + Foto May 22, 2019 | 11:25 / Tədbirlər

Mayın 21-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilən “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı missiyası” mövzusunda elmi sessiya keçirilib.

Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilən sessiya çərçivəsində ədibin həyat və yaradıcılığını əks etdirən sərgi də təşkil edilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, akademik Rafael Hüseynov “Müasirimiz Cəfər Cabbarlı” mövzusunda məruzə ilə çıxış edib. Akademik sessiyanın Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən keçirildiyini bildirib.

Qeyd olunub ki, XX əsrin ilk onilliyi Azərbaycan ədəbiyyatına yeni ədəbi təmayül və yaradıcılıq metodları, janr və üslub müxtəlifliyi gətirmiş sənətkarların dərin məzmunlu əsərləri ilə zəngindir. Bu pleyadada çoxşaxəli bədii fəaliyyəti ilə bənzərsiz irs qoymuş şair, dramaturq, hekayəçi, mühərrir, kinossenariçi, rejissor, aktyor, eyni zamanda, ictimai xadim Cəfər Cabbarlının xüsusi yeri var.

Ədibin 35 illik ömür yolunda yaratdığı dəyərli əsərlər vətənpərvər duyğuların oyanışına, dilimizin saflığına, azadlıq və istiqlal məfkurəsinin, o cümlədən azərbaycançılıq ideyasının intişarına misilsiz xidmətlər göstərib. Yaradıcılığı ilə milli oyanış ideyalarının carçısına çevrilmiş Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyətini alqışlayan milli ruhlu ziyalı, dramaturgiyamızın 1920-1932-ci illər mərhələsinin təməlini qoyaraq klassik nümunələrini yaratmış ilk dramaturqlardandır.

Tədbirdə, həmçinin filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı”, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirovanın “Onun sənət məbədi”, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Cəfər Cabbarlının qiymətli dəfinəsini hifz edən Nizami Muzeyi”, mədəni irs və mənbəşünaslıq şöbəsinin baş fond mühafizi Ülviyyə Həsənovanın “Cəfər Cabbarlı məktublarında olduğu kimi” mövzularında məruzələri dinlənilib.

AzərTAC

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook