RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İşıqlı ruhların cazibəsi + Foto Sen 03, 2019 | 22:48 / Mühüm hadisələr

Vaxtın izahı mümkünsüz gizli qaydaları, özünəmxsus cazibəsi, adi düşüncənin tuta bilməyəcəyi yönəltmə gücü var.
Onillər öncə -- 1980-ci illərin lap başlanğıcında bir gün yazıçı Anar dedi ki, gedək Əbülqasım Hüseynzadəyə baş çəkək.
Əliboş olmayaq deyə yolumuzu Pasaj bazarından saldıq və üz tutduq ömrü boyu atalar sözü toplamış, bu gedişatda elə özü də həm zahiri, həm davranışları ilə ata sözünə oxşamağa başlamış Əbülqasım müəllimin İçərişəhərdə, Sabir küçəsi 17-dəki mənzilinə.
Hal-əhval tutduq, xeyli söhbət etdik və həmişəki kimi Əbülqasım müəllim bir-birindən maraqlı xatirələri ilə bizi keçmişlərə apardı.
2 saata qədər oturduq və mən bu söhbətlərin hamısını lentə aldım.
Elə o vaxtdan bəri həmin lent yazısı arxivimdə qalırdı və açığı belə bir səs yazısının varlığı xatirimdən çıxan kimi idi.
Amma bir neçə gün öncə dəyərli dostlarımdan biri mənə yazdı ki, Əbülqasım Hüseynzadənin qohumları ilə görüşüb və eşitdikləri ona elə maraqlı gəlib ki, bu qiymətli folklorçuya mənim də diqqət yönəltməyimi münasib sayıb.
Həmin andaca 38 il öncə Anar müəllimlə birgə Əbülqasım ustadgilə getməyimiz, o lent yazısı düşdü. Axtarıb tapdım.
Təbii ki, bir sərvət tapıbmış kimi sevindim.
Artıq Əbülqasım müəllimin vəfaından 31 il keçir.
Bu lentdə əbədiləşmiş söhbətlərdəsə, Əbülqasım müəllim canlı idi və həmişə də canlı qalacaq.
İş elə gətirdi ki, Əbülqasım müəllimin qohumlarından olan dostumuz Qivaminin bağ evində ustadın oğlu Fərhad və kürəkəni Seyfi müəllimlərlə dünən axşam görüşdük və gecəyədək söhbətləşdik.
Əbülqasım Hüseynzadənin bütün arxivini də yaxından tanış olmağımçün irəlicədən hazırlamışdılar.
Bütün axşamı və gecəni Əbülqasım müəllimin söhbətlərini etdik.
Gecə evə qayıdandan sonra həmin 1981-ci ildə yazdığım söhbətlərimizin lent yazısını götürüb bir daha dinlədim.
Səhər, yəni bu gün sentyabrın 1-də işə gələrək axşam gətirdiyim arxiv materiallarını bircə-bircə vərəqləməyə başladım.
Əbülqasım müəllim yenə mənimlə həmsöhbət idi...
Cazibə dediyim də elə bununla əlaqədardır.
Sentyabrın 1-i Əbülqasım müəllimin anım günüdür.
Onun 98 illik həyatı 1988-ci il sentyabrın ilk günündə tamamlanıb.
Yaxın vaxtlarda Əbülqasım Hüseynazdə ilə bağlı müfəssəl yazım da olacaq, ayrıca veriliş də hazırlayacağam.
Amma bir halda ki, bu gün Əbülqasım Hüseynzadə haqqında bu sətirləri yazmağım elə qismət kimi bir işmiş, onda elə sentyabrın 1-i anım günü olan, Əbülqasım müəllimin ömründə də izi qalan nurlu bir şəxsiyyəti də yad edək.
Elə bu anmağımız da olsun onun ruhuna oxuduğumuz Fatihə, xatirəsinə verdiyimiz salamımız.
Hacı Zeynalbdin Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat edəndə 103 yaşı vardı.
Bu bir əsrdən uzun ömür saysız xeyirxahlıqların mücrüsü idi.
Əbülqasım müəllimin Hacı ilə bağlı çoxlu şirin və minnətdar xatirələri vardı.
Söyləyirdi ki, təhsil almasının səbəbkarı da Hacı Zeynalabdin olub.
Əhvalat vaqe olur 1902-ci ildə.
Balaca Əbülqasım atası Nurməhəmmədin əlindən yapışıb onu taxta-şalban idarəsinə aparırmış.
İşlədiyi həmin idarədəki bir qəzadan sonra Nurməhəmmədin hər iki gözü şikəst olubmuş.
Tağıyevin idarəsinin yanından keçəndə Hacı onları pəncərədən görür, əli ilə işarə edir ki, içəri keçin.
Soruşur ki, Kərbəlayi, bu uşaq nəyindir?
Nurməhəmməddən “Oğlumdur” cavabını alınca dübarə sual edir ki, oxuyurmu bu uşaq?
-- Bəli, oxuduram onu, mollaxanada dərs alır.
--Nə oxuyur?
-- “Quran”, “Gülüstan”, “Dəbistan”.
Hacı fikrə gedir, qayıdır ki, Kərbəlayi, fikrin nədir, oğlunu halvaxor molla etmək istəyirsən?
Nurməhəmməd də naəlac-naəlac dillənir ki, Hacı, qadan alım, neyləyim, kasıbam, uşağı rus-tatar məktəbinə qoymağa imkanım yoxdur.
--Kərbəlayi! Al bu iyirmi beş manatı, get oğluna məktəb paltarı al.
İçərişəhərdə, qonşuluqda Mahmud bəyin rus-tatar məktəbi var. Uşağı apar onun yanına, de məni Hacı göndərib, balanı məktəbə qəbul etsin. Hər ay da uşaq gəlib mənim kontorumdan 5 manat məktəb xərci alar ki, sənə ağırlıq düşməsin. Qoy oxuyub alim olsun!
Beləcə, düz 7 il boyunca şəhər məktəbində təhsil alan Əbülqasım hər ay Hacının idarəsinə gəlib ona ayrılan 5 manat məktəb xərcini götürürmüş...
İşığı əskilməyənlərin, nəcibliklərinin dərsləri daim yaşayanların ruhu şad olsun!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook