RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sənin, mənim və bütün millətin Sen 15, 2019 | 23:06 / Mühüm hadisələr

Bu, Allahın insana bağışladığı və məhz həmin keyfiyyətlə onu üstün etdiyi vacibdən vacib dəyər, həyat qədər qiymətli olan bir imkandır.
Çünki o olmayanda artıq həyat bitir.
İnsan ömrü boyu seçir.
Doğulduğu andan son nəfəsinədək.
Körpəykən anasını bütün başqa insanlardan, valideyninin səsini, ətrini, hərarətini, nəvazişini ərtafdakı bütün başqa səslərdən, ətirlərdən, hərarətlərdən, nəvazişlərdən seçib ayırır, onlara sığınır.
Asta-asra böyüdükcə seçim dairəsi də genişlənir.
Yaxşını yamandan, acını şirindən, soyuğu qızmardan seçirsən, dünyanı dərk etdikcə şaiyəni xəbərdən, üzgörənliyi və yaltaqlığı nəzakətdən, bicliyi diribaşlıqdan, hiyləgərliyi fərasətdən fərləndirirsən, qara paxıllığı rəqabətdən ayırmağa qadir olursan və lap kamilləşdikcə şair Qabil demiş, yuyunmaqla qüdsiyyətin də təfavütünü anlayırsan.
Ömür boyu seçə-seçə gedirsən və günlərin birində gəlimli-gedimli dünyanın son ucu da yetişir və daha seçə bilmirsən.
Ölüm özü səni seçir və aparır.
Ona görə də xoşbəxt o insanlardır ki, onlara nəsib olmuş ömür möhləti içərisində, lap axırdakı seçimsizlik anınadək , ürəklərinin istəyincə seçmək fürsəti də qismətlərinə düşür.
Mən hər bir insana və hər yurddaşıma bir ömür uzununca bu bəxtiyarlığı arzulayıram!
Elə seçimlər var ki, onları təkbaşına edirsən, elə seçimlər də var ki, onun nəticəsi, bəhrəsi bütün millətə aid olduğundan 1-2 nəfərin deyil, münsif sayıla biləcək çox adamın içtirakı ilə baş tutması məsləhətdir.
Şəhərlərimizi, küçə və xiyabanlarımızı bəzəyən, tarixdə əbədi yaşayacaq böyüklərimizə ucaldılan abidələr də belədir.
Heykəllər bir yaşayan nəslin sonrakı nəsillərə əmanəti və məktubudur.
Ona görə də belə məktubların “xətti” gərək aydın oxunsun , səhvi olmasın, bu nəslin qəlbinə yatdığı kimi gələn nəsillərə də gərəkli, köhnəlməz qalmaqda davam etsin.
Ona görə də mənim həmişə istəyim olub ki, ellik millətə aid ötkün şəxsiyyətlərə yapılan, illah da paytaxt Bakıda ucaldılan abidələr son dərəcə ədalətli seçim süzgəcindən keçməli, tarixi məna daşıdığı üçün bütün başqa münasibətlər kənara qoyularaq ən layiqlisi seçilməli və son olaraq da bütün millətin iradəsinin ifadəsi kimi Milli Məclisdə təsdiqlənməlidir.
Heykəl teatr səhnəsində oynanan rol deyil ki, bu gün ürəyin istəyən kimi ifa etməyəndə sonrakı tamaşada qüsurlarını düzəldəsən, yaxud keçən dəfə tam qəlbincə alınmayıbsa, bu dəfə lap gözəl yaradasan.
Heykəl bir dəfə qoyulur. Qranitdənmi, mərmərdənmui, tuncdanmı...
Dikəldilir və həmişəlik düzəlişsiz qalır.
Baxanlar ya heyran qalır, “əhsən” deyir, ya tərəddüd edir, dodaq büzür, bəzən də lap hiddətlənir.
Həm də tək bu gün yox, gələcəkdəki bütün sabahlar içində də həmin hisslər soyumatan, toxtamadan davam edir.
Ona görə də ən azı əsəri millət qarşısına çıxaran şəxsin özü hər kəsdən daha artıq maraqlı və məsul olmalıdır ki, bugündən daha artıq sabah bu abidəyə baxanlar nə deyəcəklər.
Bu gün varsan, özün onu nə şəkildəsə müdafiə edə, nəyəsə bəraət qazandırmağa cəhd göstərə bilərsən.
Bəs sən olmayanda necə?
Əsərin də balandır, onu taleyin ixtiyarına buraxarkən hökmən bunun da qeydinə qalmalısan ki, sabah övladını söyəcəklər, ya öyəcəklər?
Bakıda ilk şair abidəsi elə indiki yerində 1922-ci ildə Sabirə ucaldılıb.
Sonra çox da böyük olmayan bir dövr ərzində Azərbaycan heykəltəraşlığı Avropa və dünya heykəltəraşlığının əsrlərə qət etdiyi məsafəni bir neçə onilə adlayıb, sözün həqiqi mənasında nəhəng, iftixar ediləsi sənətkarlarımız yetişib, nə qədər əzəmətli, “inci” adlanmağa layiq misilsiz abidələr yaradılıb.
XXI yüzilin ilk iki onili boyunca dövlətimizin qayğısı ilə bu sıra bir az da sıxlaşıb, neçə dahimiz abidələşərək Azərbaycanımıza və Bakımıza qayıdıb.
Həm tariximizə, həm də tarixdə qalan şəxsiyyətlərimizə xüsusi dəyər verən ölkə rəhbərliyi inanıram ki, gələcəkdə də bu nəcib xətti ardıcıllıqla davam etdirəcək.
Əılbəttə, ideal heç nə yoxdur. Amma heykəl o sənət əsəridir və elə yaradılmalıdır ki, daldan atılan daş topuğa dəyər məsəli yada düşməsin, sonrakı peşimançılıq hissi ilə onun ardınca danışmağa az söz qalsın.
Bütün iradlar, baxışlar, yanaşmalar irəlicədən söylənsin, dönə-dönə müzakirə edilsin ki, ciddi fikir ayrılıqlarına yer olmasın.
Fuad Əbdürrəhmanovun hər gün gözümüzü oxşayan Nizamisi, Səməd Vurğunu, Mehdi Hüseynzadəsi, Cəlal Qaryağdının Mirzə Ələkbər Sabiri, Mirəli Mirqasımovun Cəfər Cabbarlısı, , Ömər Eldarovun Natəvanı, Cavidi, Tokay Məmmədovun Üzeyir bəyi... tarixlər boyu, bu millət və yurd var olduqca yaşamaq haqqı qazanmış, həmişə müəlliflərinə sağollar, rəhmətlər söylədəcək sənət nümunələridir.
Azərbaycan sənəti və sənətkarı, Azərbaycan heykəltəraşlığı üçün bunlar səviyyə göstəriciləridir, bu meyarlardan, bu etalonlardan daha yaxşısını nə qədər yarada bilirsən yarat – məhəbbətlərə, sayğılara, alqışLara tuş düşəcəksənş
Lakin heç vəchlə bu səviyyədən aşağı enmək olmaz.
Bizə bu zövqü, bu bəyənmə tərzini aşılayıblar, damağımızda bu dad varkən ülgülərə uyğun gəlməyənləri necə təqdir edək, necə sevək?!
Heykəllərimiz gözəldir. Amma könül onları olduğundan da gözəl görməyə can atır. Ürək istəyir ki, Şah İsmayılın abidəsi Şah İsmayılın düşüncələrimizdəki, Koroğlunun abidəsi Koroğlunun təsəvvür və təxəllümüzdəki əzəmətində olsun, Fikrət Əmirovun, Qara Qarayevin abidələri də elə onların ilahi təsir gücünə malik bəstələrinə oxşasın, Rəşid Behbudovun heykəli məlahətli avazı Azərbaycanın rəmzinə çevrilərək dünyanı qarış-qarış dolaşmış dahi müğənnimizin özünə və müstəsna oxusuna bənzəsin.
Aydın nəsələdir, lap abidəsi ucaldılanların özləri də gəlib həmin postamentlərə qalxsalar, könül yenə onları bundan da gözəl görmək istəyəcək!
Bu gözəlliyin sonsuzluğunun, insan zövqünün uçuşlarının bitməzliyinin əbədi hökmüdür...
İndi şəhərimzə çoxdan gözlənilən daha bir abidə yol gəlməkdədir.
Tarixin qoynundakı və minnətdar xəyallardakı heykəlini özü yaratmış millət qayğıkeşi, el hamisi, xeyirxahlıq və genişürəklilik timsalı Hacı Zeynalabdin Tağıyevin abidəsi.
Hamı kimi mən də xəbər saytlarında oxudum və şəkillərini də gördüm ki, 26 müəllif arasından Xanlar Əhmədovun layihəsi ən yaxşı olaraq seçilib.
Xanlar Əhmədov tanınan heykəltəraşdır, bu eskizi yaratmaqçün də təbii ki, çox zəhmət çəkib, əməkləri hər təqdirə layiqdir, var olsun!
Sosial şəbəklərdə oxuyuram ki, bəziləri iradlar tuturlar ki,bu eskizdəkinin Hacı Zeynalabdinə oxşarlığı azdır, heykəlin filan yeri filan cür olsa daha yaxşıdır və sair belə-belə mülahizələr.
Unudulmasın ki, bu eskizdir və heykəltəraşlar adətən əsər üzərində cilalama işlərini heykəlin hamıya görünəcəyi son anadək aparırlar.
Yəni heykəlin müəyyən ayrıntılarına indi xüsusi diqqət yetirib tənqid etmək və təcrübəli sənətkara ağıl öyrətməyə çalışmaq insafdan deyil.
Lakin mənə çox maraqlı gəldi ki, ən yaxşı kimi bu əsər seçilibsə, bəs qalanları necəymiş?
Çünki bu eskizdə mən ciddi bir axtarış, nəsə bir tapıntı, diksindirən, ilk andanca cəlb edən hansısa əlamət görmədim.
Əli əsalı yaşlı bir adamın heykəli, sinəsində təltifləri.
Və adətən gündəlik həyatda nə Hacı o nişanlarını taxıb gəzərmiş, nə də məxsusi günlər nəzərə alınmazsa başqaları belə edir.
Heç buna ayrıca diqqət də yönəltmək istəmirəm.
Heykləltəraş hələ bu məqama da neçə dəfə qayıda, dəyişikliklər edə bilər.
Məni düşündürən odur ki, ən yaxşı olaraq üzərində dayanılan budursa, belə çıxır digərlərində heç buradakı üstünüklüklər də yoxmuş.
Kim imiş digər iddiaçılar, onların arasında daha hansı tanınan heykəltəraşlarımız varmış, doğrudanmı onların mövzuya yanaşmalarında müsbət baxımdan fərqli, daha diqqətəlayiq hesab edilə biləcək nələrsə yoxmuş?
Ötən əsrin otuzuncu illərinin sonlarında Nizami Gəncəvinin portretini yaratmaqçün müsabiqə elan edilibmiş və həmin müsabiqəyə yalnız Azərbaycandan deyil, ovaxtkı Sovet İttifaqının müxtəlif şəhərlərindən də məşhur rəssamlar qatılıbmış, eskizlərini göndəribmiş.
O haqda ayrıca bir yazım olacaq və məqalədə həmin eskizlərin də hamısını verəcəyəm ki, görəsiniz necə incə, necə vasvasılıqla bir seçim aparılırmış.
Nə isə, bu keçmiş söhbətləri qoyaq dünəndə, qayıdaq Hacı Zeynaldinin abidəsinə.
Şəxsən mənə heç o müsabiqənin nəticələri elan edilməmişdən Hacı Zeynaladin abidələrinin daha 2 müxtəlif heykəltəraş tərəfindən hazırlanmış eskizləri bəlli idi.
Onlardan biri hətta mənə indi qalib çıxmış eskizdən də maraqlı görünmüşdü.
Çünki orda daha çox axtarış, Hacı Zeynalabdinin yalnız surətini deyil, ömrünün mühüm məqamlarını əks etdirmək niyyəti də vardı. Həm də hələlik gipsdə olan icra da yetərincə plastik, cazibədar, göz oxşayan bir şəkildə idi.
Bir neçə ay əvvəl mənimlə Hacı Zeynalbdin haqqında dönə-dönə söhbət edəndən, bir sıra kitab və məqalələri oxuyandan, mənim də bildiklərimi eşidəndən sonra xalq rəssamı Natiq Əliyev elektron poçtuma hazırladığı bir neçə eskizi yolladı ki, fikrimi deyim.
Bakı küçələri ilə addımlayan Hacı Zeynalbdin Tağıyev və “danışan” postament.
Postamentin dörd bir tərəfində bu müdrik Bakı milyonçusunun uşaqlığından ta bütün millətin ağsaqqallarından birinə çevriləcəyi zamana qədər keçdiyi yolun bəzi maraqlı təfərrüatları.
Postamentin ön tərəfində yuxarıdan solda Zeynalbdin Tağıyevin yetkinlik çağlarının bir hadisəsi təsvir edilir. Atası oğluna çəkməçi olmağı tövsiyyə etsə də, gənc Zeynalabdin daha qazanclı və nəticələri qalıcı bənna peşəsini seçmək istəyini bildirir.
Postamentin ön tərəfinin aşağıdan solunda isə Hacının neft işi ilə məşğul olmağa başlamasının tarixçəsini əks etdirən lövhə gəlir: cavan bənna 2 şəriklə balaca bir torpaq sahəsi alır, orada neft hasilatına başlayır və tezliklə həmin torpaqların yeganə, ortaqsız sahibinə çevrilir.
Hacı haqqında rəvayətlər qatarında bu söyləmə də var ki, o bir zamanlar sadə bənna olduğunu ən varlı-hallı, zənginliyin xumarı gözlərini dumanlandırdığı anlarda da unutmasın deyə divardan gəncliyində ev tikərkən işlədiyi daş yonan baltasını asarmış.
Bu detal da Natiqin postamentə əlavə etdiyi diqqət çəkən cizgilərdəndir.
Postamentin digər tərəflərində aşağıda və yuxarıda lakonik və təsirli lövləhələrin dili ilə əslində Hacının bütün həyat hekayəti nəql edilir.
Burada onun Bakı şəhərinə Şollar su kəmərini çəkdirməsi də əks olunub, Bakıda ilk qızlar mıktəbini yaratması da, Pakistan xalqını dəhşətli epidemiyadan xilas etməkçün qardaş yardımı göstərməsi də, yaratdığı toxuculuq fabrikində işlərin gedişinə nəzarət etməsi də, Abşeronda balıq qıtlığı yarananda brilyant qaşlı üzüyünü dənizə ataraq balıqçıların həmin bahalı üzüyü tapıb ona sahib olmaq həvəsi ilə durmadan Xəzərə tor atmaları, bu minvalla da qısa bir zamanda balıq qəhətliyinin aradan getməsini nişan verən mənzərə də.
Ən azı seçilərək birinciliyə layiq görülmüş layihənin mətbuatda və sosial şəbəkədə yayılmış fotoları ilə kənara qoyulmuş 25 işdən biri olan bu layihənin yazıma artırdığım şəkillərini tutuşduraraq hər kəs öz nəticəsini çıxara, öz qənaətinə gələ bilər (əyanilik və elə ilk baxışdan müqayisə edə bilməkçün Xanlar Əhmədovun da yaratdığı Hacı Zeynalabdin Tağıyev surətinin bürünc rəngdə olan 2 fotosunu sona əlavə edirəm).
İndi bir daha Natiqin bu layihəsini nəzərdən keçirərkən düşünürəm ki, bəlkə müsabiqədə baxılmış həmin 26 eskiz arasında elə Natiqi Əliyevinki kimi bu cür başqa özünəməxsus təqdim variantları da varmış?
Təəssüf ki, bundan xəbərsizik.
Aleksandr Qriboyedovun ağrılı sualı düşür yadıma və bu da xəyalımdan keçir ki, doğrudan görəsən münsiflər kim imiş?
Yeri gəlmişkən, gələcəkdə bu qəbil ümummilli əhəmiyyətli layihələrdə son qərarı verənlərin də kimlərdən ibarət olmasını bilmək heç pis olmazdı.
Bütün bunları xüsusi bir məqsədim olmadan, nəyişə dəyişəmkçün deyil, sadəcə ürəyimdən keçənləri başqaları ilə də bölüşmək ehtiyacından yazdım.
Bu düşüncələr, sıravi bir Bakı sakininin, bir sənət sevən insanın təəssüratlardır.
Bu mülahizələrlə kimsə razılaşa, kimsə onları yanlış da saya bilər.
Müsabiqə keçirilib, qalib müəyyənləşdirilib, abidə ucalacaq.
Hamıya iş avandlığı, hər kəsə uğurlar!
Amma lütfən, heç olmazsa belə mətləbləri gələcəkdə nəzərə alın!..
Gələcəksə elə bugündən də başlaya bilər!
...Gecə saatlarıdır.
Avtomobil Binə hava limanından, şair sözü olmasın, şüşə kimi hamar yolla şəhərə
doğru şütüyür.
Sağ tərəfdə gözəllik, sol tərəfdə gözəllik. Elə bil film içərisindəsən.
Bu bir-birindən qəşəng tikililər, bu yaşıllıqlar, əlvan işıqların yaratdığı bu əsrararəngiz görüntülər ilk dəfə rast gələni də, yüz dəfə təkrar-təkrar seyr edəni də valeh edir.
Yaşı çatanlar çox uzağa yox, 20-30 il əvvələ qayıtsın.
İndiki Bakı mənzərələrini lentə çəkib “Zaman Maşını”nında həmin dövrə qayıdaraq kiməsə göstərə bilsəydin, bunu möcüzə, fantastika sayardı.
Bu gözəlliklərə bizlər artıq adət etmişik.
Bu gözəlliklər həyatımızın ayrılmaz parçasına çevrilib.
Prezident İlham Əliyev ağıllı, qurucu, yüksək zövqlü, xalqını, Vətənini candan sevən insandır.
Bu gözəlliklər həm də onun səylərinin, zəhmətlərinin, inadının, istəklərinin bəhrəsidir.
Bakı bu hüsnü onun Azərbaycana rəhbərliyi illərində qazanıb. Bu, göz önündəki gerçəklikdir.
Gün-gündən daha da göyçəkləşən Bakımız həm də onun əsəridir.
Bakıda nə yaradırıqsa elə edək ki, bu gözəlliyə, bu ahəngdarlığa uyğun olsun, zərəcə xaric səslənməsin!
Bu şəhər və onun köksündəkilər sənin, mənim, bütün millətinkidir!

11 sentyabr 2019

P,S. Dilimizdə köhnə, amma indi mahiyyəti tam dəyişmiş bir ifadə var: "Gör-götür dünyası".
Bunu keçmişlərdə o mənada işlədərdilər ki, gördüyündən öyrən, təcrübə yığ, ibrət al.
Lakin indi bu deyimi "harda nə gördün götür, ağına-bozuna baxma, xoşuna gələni, döşünə yatanı elə öz dədə malın kimi çırpışdır" anlamında anlayır və elə buna müvafiq də hərəkət edirlər.
Ona görə də ədəbi və elmi oğurluqlar, sənət mənimsəmələri adi hal alıb.
Yaradıcılıq qəsbkarlığı elə səviyyəyə yetişib ki, nəinki ayrı-ayrı fikirləri, ideyaları, süjetləri, hətta iri-iri kitab və dissertasiyaları heç bir vicdan əzabı çəkmədən öz adlarına çıxırlar, kimsə "axı belə olmaz!" qımıldananda da oğru elə çımxırır ki, doğrunun zəhri çatlayır.
Haqqı da var!
Oğrunun əlindən vuran, cəzasını verən olmadıqca, belə başıpozuqluğun qarşısında qanunların sərt zirehi yüksəlmədikcə əlbəttə ki, bu təhər umulmaz eybəcərliklər vərdişə çevrilir, gündəlik gedişatın kimsəni səksəndirməyən adi halına dönür.
Bir müddət öncə Natiq Əliyevin yaratmağı nəzərdə tutduğu eskizlərini səhifəmdə dərc edəndən, bir çox insanlar bunu paylaşandan, bəzi saytlar da olduğu kimi yayandan sonra içərimdə bir nigaranlıq yarandı. Axı başqaları bu eskizdə əksini tapmış ideyaları artıq mühirimizdə adiləşmiş çırpışdırma adətkərdəliyinə uyğun olaraq elə belə də olmalıymış kimi rahatca istifadə edə bilər. Həm də bunu Allahın ona yuxuda nazil ediyi ilham payı kimi qavrayar. Etiraz edəndə də bozarar ki, nəkarasan mənə irad tutursan, elə mən də əvvəldən belə fikirləşirdim.
Edə də bilərlər, deyə də bilərlər.
Axı nə gördün götür dünyasıdır!
İşdi şayəd sabah belə edən gözə dəysə, deməli, təqsirkar mən olmuş olacağam.ki, Natiqin eskizlərini bu sayaq arxayınca ictimailəşdirib kəmfürsətlərə qapazlamaq girəvəsi yaratmışam.
Təki olmasın!
Olsa, məcbur qalacağam ki, ən azı günahımı yumaqçün işə qarışım, həqiqəti qoruyum!

15.09.19

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook