Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında son plenar iclas ənənvi olaraq sərbəst müzakirələrə həsr edilib. Deputatlar sessiyanın gündəliyində olmayan, aktual hesab etdikləri məsələlərlə bağlı fikirlərini ifadə ediblər.
Modern.az xəbər verir ki, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət kəsb edən Ermənistanın Azərbaycana qarşı təcavüzü, bu işğalın acı nəticələrindən, hazırda danışıqlar prosesinə yaradılan əngəllərdən söz açıb:
“Mən 2 üzv dövlət arasında danışıqlar prosesində yaradılan maneələrdən bəhs etmək istəyirəm. Artıq 30 ilə yaxındır ki, 2 üzv dövlət rəsmən elan edilməmiş, amma davam edən müharibə şəraitindədir. Ermənistan ona arxa duran qüvvələrlə birgə Azərbaycan ərazilərinin 20 faizini işğal edib və 30 ilə yaxındır ki, mütəmadi olaraq həm Ermənistana, həm Azərbaycana cəbhə bölgəsindən tabutlar gəlməkdədir. O tabutları Azərbaycanda da, Ermənistanda da ilk qarşılayan gözü yaşlı analardır. Və ən əvvəl onlar istəyirlər ki, bu lənətə gəlmiş müharibə ən qısa zamanda başa çatsın. Münaqaişəyə son qoyulmasının beynəlxalq səviyyədə müəyən olunmuş formatı isə danışıqlardır”.
Rafael Hüseynov Avropa Şurasına üzv qəbul edilərkən Ermənistanın götürdüyü əsas öhdəliklərdən birinin münaqişəyə sülh yolu ilə son qoymaq olduğunu, lakin indiyədək bu istiqamətdə ciddi bir addım atmadığını diqqətə çatdırıb:
“Azərbaycan və Ermənistanın Avropa Şurasına qəbul edilərkən 19 il əvvəl qəbul etdikləri əsas öhdəliklərdən biri münaqişənin həllinə diplomatik vasitələrlə nail olmaq idi. Lakin indi bu istiqamətdə son dərəcə mürəkkəb, hətta çıxılmaz vəziyyət yaranmışdır. Bunun əsas səbəbkarı isə Ermənistan rəhbərliyi, onların verdiyi qeyri-konsruktiv bəyanatlar, atdıqları impulsiv addımlardır. Həm də bunlar o qədər aşkar görünən həqiqətlərdir ki, artıq həm Ermənistanın özündə, həm beynəlxalq dairələrdə bu haqda həyəcanla danışmağa başlamışlar. Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə, əlləri Qarabağ müharibəsinin qanına batmış insanlar ölkə rəhbərliyindən gedəndən sonra hər kəs danışıqlar prosesinə ümidlə baxmağa, irəliləyişlər baş verəcəyinə ümid bəsləməyə başlamışdı. Lakin təəssüf ki, bu ümidlər özünü doğrultmadı. Ermənistan dövlətinin başçısı bütün beynəlxalq hüquqi sənədlərə, Azərbaycanın beynəlxalq birlik tərəfindən rəsmən tanınmış ərazi bütövlüyünə zidd olaraq ziddiyyətli bəyanatlar verir”.
Azərbaycan nümayəndə heyətinin üzvü bildirib ki, Ermənistan rəhbərinin qeyri-konstruktiv addımları və impulsiv bəyanatlarının danışılar prosesinə vurduğu zərər artıq həm beynəlxalq aləmdə, həm də elə Ermənistanın özündə dilə gətirilib:
“Baş nazir Paşinyan dəfələrlə kəskin şəkildə elan edib ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni bu məsələ söhbət mövzusu deyil. Yalnız illüziyalar aləmində yaşayan şəxs belə bəyanatlar verə bilər. Problemin mahiyyətinə yaxşı bələd olan insanlardan biri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza Ermənistan liderinin bu sözləri dünya kütləvi informasiya vasitələrində yayıldıqdan dərhal sonra bildirib ki, belə bəyanat danışıqlar prosesini tamamilə heçə endirir. Peşəkar diplomatın, danışıqlar prosesinin bilavasitə iştirakçılarından olmuş təcrübəli şəxsin xəbərdarlığından nəticə çıxarmaq əvəzinə Ermənistan rəhbəri həmin bəyanatını daha sərt şəkildə təkrarlayır. Ermənistandakı demokratik qüvvələr, eləcə də səriştəli dövlət xadimləri açıq söyləyirlər ki, bu gün ölkədə yürdülən siyasət birbaşa müharibəyə aparır. Hazırda rəsmi Yerevanın həyata keçirdiyi siyasətin nə qədər təhlükəli olduğunu anlayan Ermənistan xüsusi xidmət orqanlarının rəhbəri Artur Venetsyan istefa verməyə məcbur olub. Nəzərə alınmalıdır ki, o həm də baş nazir Paşinyanın əsas silahdaşlarından biri idi. Ermənistan idarəçilindəki vəziyyətin nə qədər böhranlı olmasını elə buradan təsəvvür edin ki, hətta ən yaxın silhdaşı belə baş nazirin yanlış yolda olduğuna etiraz əlaməti kimi kənara çəkilir. İstefa verən Xüsusi Xidmət Orqanı başçısı Artur Venetsyan erməni xalqına müraciətlə istefasının səbəbini də açıqlayır, həyəcanla xəbərdarlıq edir ki, dövləq quruculuğu işinin öz məntiqi var, kortəbii qərarlar uçuruma aparır. Dayanmaq lazımdır”.
Avropa Şurasını səlahiyyətləri çərçivəsində təxirəsalınmaz addımlar atmağa çağıran Azərbaycan nümayəndə heyətinin üzvü 70 yaşlı qurumu müdrik təşəbbüslərə səsləyib:
“Zənnimcə, belə mürəkkəb məqamda Avropa Şurası da məsələyə biganə qalmamalı, Ermənistan rəhbərliyini danışıqlar prosesinə ciddi zərbə vuran, müharibə ritorikası saçan məntiqsiz bəyanatlardan çəkindirmək üçün öz qəti sözünü deməlidir”.