RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Görməyinizi arzuladığım günlər + Foto Noy 09, 2019 | 23:18 / Mühüm hadisələr

Orda - Parisdə, Sən-Klu məzarlığında Əlimərdan bəy Topçubaşı doğmaları ilə birgədir.
Övladları Rəşid bəy, Ələkbər bəy, zövcəsi Pəri xanımla eyni məzarın müxtəlif qatlarında uyuyurlar.
Bugünkü gün – 1934-cü il noyabrın 8-də Əlimərdan bəy 71 yaşında ikən çox acılar daddığı və şərəflə yaşadığı bu dünyada qəlbinin döyüntülərinin dayanmasından 3 gün sonra torpağa gömüldü.
Onillər sonra isə uzun və inadlı hazırlıq işlərinin, müxtəlif danışıqların aparılması, razılaşmaların əldə edilməsinin başa çatmasından sonra böyük Əlimərdan bəyin Bakıda düzəltdirdiyimiz abidəsini, sinə daşını, hətta yerə döşənəcək mərmər lövhələrini də buradan Parisə apardıq və 2006-cı il mayın 30-da həmin müqəddəs məzarın üstü yenidən quruldu.
Gələcəkdə həmin məzarın Azərbaycanın Fransadakı dövlət nişanələrindən birinə çevrilməsi haqqında düşünmüşdük.
Sadə və ənəvi bir müsəlman qəbri olan həmin məzarın başdaşında Quran ayələri həkk edilmişdi, sinə daşında da məzardakıların adları.
Əlimərdan bəyin bu ailə məzarının yenidən qurulmasını mənə 2000-ci illərin lap başlanğıcında təkidlə tövsiyyə edənsə, İkinci dünya savaşından sonra Fransada yaşayan qeyrətli və müdrik soydaşımız Qədir Süleyman (Qədir dayı 2014-cü ilin 17 sentyabrında 97 yaşında vəfat etdi) olmuşdu.
O bir axşam Parisə növbəti gedişimdə mənə həyəcanla xəbər vermişdi ki, ifrat millətçilər üstündəki əski əlifbalı yazılara görə bunu bir ərəb qəbri hesab edirlər və dağıdılmaq təhlükəsi var.
Rəsmi səviyyədə məzarın yenidənqurulması ilə məşğul olmaq ciddi manelərin üzə çıxması ilə qarşılana bilərdi. Ona görə də məsələni şəxsi səviyyədə həll etməyi münasib saydım. Təsəvvür etdiyim məzarüstü abidənin ilkin cizgisini tərtib edərək heykəltəraş dostum, xalq rəssamı Akif Əsgərova verdim.
Həmin cizgini tərtib etməkdən ötrü isə öncə Dövlət arxivinə gedərək Cümhuriyyət dövrü sənədlərindən Azərbaycan Məclis-i mənbusanının – ilk Parlamentimizin rəhbəri olaraq Əlimərdan bəyin sənədlərin altında vurduğu möhürün faksimilesini və imzasının surətini çıxarmışdım.
Eyni zamanda düşündüm ki, Sən-Klu məzarlığında, Əlimərdan bəyin bu son dayanacağında ana dilimiz də görünsün.
Ona görə də Əlimərdan bəyin ziyalılıq (və ziya) saçan ifadəli, gözəl surətinin aşağı hissəsində bir cümlə yazmaq qət olundu : "Bir yolumuz var– İstiqlal!".
Altında möhür və imza.
Sinə daşında isə dövlətimizin qurucu babalardan bizlərə yadigar qalmış əsas rəmzlərindən biri - herbimizin qabartma əksi.
Üçrəngli bayrağımızı da həmin məzarda əks etdirməyi də qərara almışdım.
Məzarın aşağı hissəsində təbii güllər əkilməkçün mərmərdən düzbucaqlı, içərisi dərin xüsusi dibçək düzıəldildi. Nəzərdə tutmuşdum ki, onun içərisində bir cərgə mavi, bir cərgə qırmızı, bir cərgə yaşıl xırda çiçəklər əkilsin.
Başlanğıcda bu güllərlə məşğul olmağı Parisdə yaşayan, əslən cənublu soydaşımız, gül dükanında işləyən və belə işlərdən yaxşı başı çıxan dostum Maşallah Rəzmidən xahiş etmişdim və bir müddət məhz çiçəklər elə həmin bayraq görüntüsü yaradan nizam və səliqə ilə əkilirdi.
Bütün bunlarda məqsəd həm də o idi ki, həmin məzar Parisdə yaşayan və Fransa paytaxtına səfərə gələn azərbaycanlıların daimi ziyarət məkanlarından ən əsasına çevrilsin.
Elə indi təxminən məhz belədir.
2006-ci il mayın 30-da Prezident İlham Əliyev Fransada səfərdə idi.
Mən bu layihənin bütün addımları barədə cənab Prezidenti məlumatlandırırdım və məzarüstü abidəni quraşdırmağı da elə planlaşdırmıq ki, dövlətimizin başçısı Paris səfəri əsnasında vaxt pəncərəsi tapılarsa, gəlib ziyarət etsin.
Prezident İlham Əliyev gəldi, məzarı ziyarət etdi və gördüyümüz işləri təqdir etdi, belə bir abidənin elə Bakıda da quraşdırılmasının gərək olduğunu söylədi.
Və mən də xahiş etdim ki, 1934-cü ildən bu məzarın üzərində ucalmış tarixlər şahidi, neçə-neçə fədakar, millətpərvər, yurdsevər mühacir soydaşımızla üz-üzə qalmış könə başdaşını Bakıya aparmaqda kömək etsin.
Ən minnətdar duyğularla xatırlayıram ki, cənab Prezident dəhal göstəriş verdi .
Və mən həmin yadigar başdaşını 2007-ci ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində yeni ekspozisiyanı qurarkən Əlimərdan bəyin qayınatası Həsən bəy Zərdabiyə həsr olunmuş guşə ilə yanaşı yerləşdirdim.
Ən azı Əlimərdan bəy əvəzi Vətənə qayıtmağa müyəssər olmuş həmin xatirə başdaşı önündə indi hər gün sıra-sıra insan ayaq saxlayır, Topçubaşının bu millət, dövlət və yurd qarşısındakı xidmətləri haqda söylənənləri dinləyərək ehtiramlarını ifadə edirlər.
Əlimərdan bəy Topçubaşının Parisdə, Sən-Kludakı artıq yetərincə təntənəli məzarıı oradakı şanlı ünvanımızdır və elə o cür də daim qorunmalı, sevilməlidir.
Mənim böyük arzum isə bütün millətimizin sayğı ilə ziyarətə gəldiyi, bu milləti millət edən parlaqların uyuduğu Fəxri Xiyabanda üstünün rəmzi abidəsi ilə qurucu babaların bir rəmzi məzarının olmasıdır.
Bir ovuc torpağı Parisdən Əlimərdan bəyin qəbrindən gətirək, bir ovuc torpağı Ankaradan – Məhəmmədəmin Rəsulzadənin məzarından, hərəsindən bir ovuc olmaqla Tiflisdəki Nəbatat bağındakı iki yanaşı məzardan –Fətəli xan Xoylunun və Həsən bəy Ağayevin qəbirlərin torpağından götürək və digər belə məzarlarımızdan.
Fəxri Xiyabandakı ortaq məzarlarında sürəkli hicranlardan sonra nəhayət ki, o amal və məslək qardaşları yenidən qovuşsun!
Onların bir zamanlar Bakıda yaşadıqları evlərin divarlarında barelyefləri ilə birgə xatirə lövhələrini də görməyi çox arzulayıram.
Hər birimizin boynunda müstəsna haqqı olan o seçilmişlərin hamısının ortaq evlərindən biri isə indiki Nizami muzeyi olub.
1918-ci ildə Azərbaycan istiqlalı elan ediləndən 3 aydan da bir az artıq keçəndən sonra, sentaybrın 15-də rəşadətli Qafqaz İslam Ordusu və cəsur Azərbaycan əsgəri Bakını azad edir, hökumət Gəncədən Bakıya köçür.
Həmin çağların məşhur oteli olan “Metropol”u verirlər Azərbaycan Xalq Cünmhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına.
Başlayırlar burada həm yaşamağa, həm işləməyə.
Və nə gözəl olardı ki, bir zamanların həmin “Metropol” oteli yerləşmiş indiki Nizami muzeyi ilə Həmkarlar İttifaqları Konfederasiyası binasının aralığında həmişə minnətdar olacağımız qurucu ölməzləri qovuşduran abidə ucala.
100 il öncəki kimi birgədirlər, hamısının ürəyi bəxtiyar sabahlara ümidlərlə dolu – Nəsib bəy Yusifbəyli də burdadır, Xudadat bəy Rəfibəyli də, Əhməd bəy Pepinov da, Xəlil bəy Xasməmmədov da...
Göyçək paytaxtımıza millət fədailərinin o möhtəşəm qayıdışını görmək sizlərə nəsib olsun!

P.S. Əlimərdan bəy Topçubaşının məzarüstü abidəsinin ucaldılması və onun Paris həyatı ilə bağlı təfərrüatlar yaxın zamanlarda işıq üzü görəcək kitabımızda əksini tapacaqdır.

Rafael Hüseynov

8 noyabr 2019-cu il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook