RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafiq Babayevin işığı Yan 18, 2020 | 18:57 / Mətbuatda çıxışlar

(Unudulmaz musiqiçimiz Rafiq Babayev haqqında yazılmış bir yontanmamış məqalənin kobud başlıqlarına qızı Fərizə xanımın (Farim Ba) incik reaksiyası və professor Rəhman Bədəlovun bundan dolayı haqlı nigaranlığı münasibətilə)

Qələm azaddır. Zahirən, nədən istəsə, hansı tərzdə istəsə yaza da bilər. Amma hər şeyin sərhədi, hüdudu olan kimi azadlığın özünün də sərhədi, qırağa çıxmasının məsləhət olmadığı dairəsi var. Di gəl, başqa bütün məhdudiyyətlərdən azadlığın sərhədini fərqləndirən odur ki, bu sərhədləri sənin özünün ağlın, vicdanın, tərbiyən, zövqün, qabiliyyətin, daxili mədəniyyətin müəyyənləşdirir. İçərin sənə lazım olan anda "dayan" deyə bilmirsə, sən o səsi eşitmək qabiliyyətindən məhrumsansa, sənin azadlıq saydığın artıq azğınlığa çevrilir.
Azadlıqların incə sərhədlərini duya bilmək hər kəsə gərəkdir, qələm adamına isə bu naziklik ikiqat artıq vacibdir. Azadlıq duyğusunun hər qələm adamına pıçıldamalı olduğu bir həqiqət də ondan ibarətdir ki, gərək nədən və kimdən yazmamalı, nədən və kimdən necə yazmamalı olduğunu da biləsən.
Elə hadisələr və şəxsiyyətlər var ki, onlar artıq dəyərlərdir, həmişə millətlə qalacaq, mənəvi yadddaşda yaşayacaq milli sərvətlərdir. Onlardan söz açmağa həm peşəkarlıq səviyyən, həm daxili gücün yetərli deyilsə, gərək bir kənarda dayanasan, onları sadəcə seyr edəsən.
Üzeyir bəy sadəcə böyük Azərbaycan bəstəkarı, nəhəng şəxsiyyətdirmi? Xeyr, Üzeyir bəy bir sıra parlaq istedad sahiblərinə aid edilən bu məziyyətlərdən qat-qat üstün bir varlıqdır. İrsi, izi və əbədi təsiri ilə bu millətin və yurdun ən seçkin rəmzlərindən biriə çevrilmiş DƏYƏRdir.
Onu hamımız sevə bilərik. Lakin onun haqqında yazmaq istəyəndə gərək ilk növbədə tərbiyəli adamda bir tərəddüd də yarana ki, mən bu dahidən bəhs etməyə layiqəmmi, onun haqqında deyilməsi umulan səviyyədə nəsə yaza, deyə biləcəyəmmi?
Belə DƏYƏRləşmiş simalar və yaradıcılıqlar ətrafıda isə artıq-əskik söz-söhbət, dedi-qodu biçimli gəzişmələr, hər növ qələm möhtəkirliyi nəinki yolverilməz, hətta bağışlanmaz suçdur.
Hansısa yazın tək sənin özünün görəcəyin, ürəyimi boşaltmaqçün olan, gündəliyindəmi, masanın siyirtməsindəmi qalan cızmaqaradırsa, yenə bunu necəsə anlamaq mümkündür. Ancaq qələmindən çıxan (hərçənd daha “qələmindən çıxmaq” deyimi əsasən məcazi mənada işlənə bilən ifadədir. Kompüter dalğası qələmi qatlayıb kənara qoyub) yazı insanlara yönəlirsə, ictimailəşirsə, özünü yığışdırmağa sadəcə məcbur da deyil, məhkumsan!
Rafiq Babayev Azərbaycan mədəniyyətinin, Azərbaycan ziyalılığının sevimli bir hadisəsi idi. Rafiqlə əbədi ayrılıqdan artıq xeyli zaman keçir. Lakin mən indi də inana bilmirəm ki, o yoxdur. Ölüm haqdır. Hamımız gedəcəyik. Amma Rafiq Babayevin bunca yetkin, bunca müdrik və bişkin, bir məktəb və yol sahibi olaraq hələ əsas sözlərinin çoxunu demədən qəfilcə, gözlənilmədən, bircə an içində sönməsi son dərəcə yandırıcıdır.
Düşmənin Vətənimizə qarşı işğalçılığının ən müdhiş səhifələrindən, ən sağalmaz yaralarından biri elə Rafiqin həlak edilməsidir. Torpaqlarımızın işğalı xoşbəxt günlərin birində hökmən sona çatacaq, əsir yurdlarımız yenidən özümüzə qayıdacaq. Lakin daha nə Rafiq gönəcək, nə də onun bu millətə hələ verə biləcəklərini görmək, dinləmək bizə nəsib olacaq.
Rafiq Babayevlə mən ilk dəfə tanış olanda 1970-ci illər idi, tələbə idim və bizi böyük Rəşid Behbudov bir-birimizə təqdim etmişdi. O zamanlar Rəşidin Mahnı Teatrı Neftçilər prospektində, Kukla teatrının binasında yerləşirdi.
İndi düşünürəm, nə xoşbəxtəmmiş o müstəsnaların məşqlərini, axtarışlarını, sabah səhnələrə çıxacaq, hamınınkılaşacvaq əsərlər üzərində necə vasvasılıqla işləmələrini günlər, həftələr, aylar boyu müşahidə etmək mənə qismət olub.
Elə ilk təmaslarımızdan Rafiq Babayev qəlbimə təkcə istedadla daşan güclü bir sənətkar kimi deyil, həm də kübarlıq saçan mehriban, nəcib, xeyirxah insan kimi daxil oldu. O vaxtlar hələ bu qəbil adamlar az deyildi. Vaxtın o gündən bəri xeyli yeyinləşmiş sürətləri özü ilə çox dəyərləri apardığı, birovuzlaşdırdığı, aşıladığı kimi bu cür əhəmiyyətli insanlıq və ziyalılıq keyfiyyətləri də mühitdə qıtlaşıb. Həm də tək bizdə yox, elə dünyanın çox yerində.
Rəşid Behbudovla işləmək asan deyildi. Ortaya çıxarmaq istədiyi hər əsəri insanı üzəcək, usandıracaq qədər inadcıllıqla cilalamağı sevən, hətta bəzən belə məqamlarda ifrata varmağa qədər yetişən o misilsiz müğənninin bəxti idi ki, ahıl çağında yanında Rafiq Babayev kimi silahdaşı vardı.
Yüksək zövqlü, həm bəstəçilikdə, həm ifaçılıqda əvəzsiz, istənilən an yox yerdən gözlənilməz gözəlliklər doğurmağa qadir, səbrli (bu, Rəşid kimi sənəkarla iş gedişində vacibdən vacib cəhət idi) Rafiq Babayev Rəşid Behbudovun yaradıcılıq həyatında Tofiq Quliyevdən sonra ikinci tapıntı idi. Yəni əslində Allah töhfəsi.
Rəşidlə Tofiq 1950-60-cı illərdə birgə yaratdıları ilə bir-birlərini necə tamamlayırdılarsa, sonrakı mərhələdə Rəşidlə Rafiqin ürəkləri, duyğuları, istedadları arasında eyni ahəngdarlıq, səsləşmə, uzalaşma, biri digərini zənginləşdirmə vardı.
1970-ci illərin Rəşidi Rafiq olmasaydı inanmıram ki, o cür olaydı.
Mən bir ara dünya caz musiqisinin tarixini və şəxsiyyətlərini yaxşı araşdırmışam. Sovet repressiyalarının qurbanı olmuş, Azərbaycan cazının qurucularından biri, alt saksofonçu Pərviz Rüstəmbəyovun ömür yolunu izləyərkən şahid olmuşdum ki, başqa məşhur dünya cazmenləri kimi onun da taleyinə bəxtiqırıqlıq, talesizlik, çətin zəmanə sınaqları yazılıbmış.
Rafiq Azərbaycan caz tarixinin zirvə sənətçilərindəndir. Böyük cazmenləri isə qəzavü qədərin təqib etməsi sanki onlara Tanrının pay verdiyi istedad qədər mütləqmiş.
Rafiq Babayevi düşünürəm, gözümün önündə indi ürək sıyıran onlu anlar sayrışır.
Xatirimə gəlir 1981-ci ildə radioda Vaqif Mustafazadə haqqında hazırladığım verilişin yazılışları. Rafiq Babayev mənə Vaqiflə bağlı çox xatirlərii söyləmişdi. Mən də onun dediklərini 2 səhfəlik bir mətndə əks elətdirmişdim. Xahiş etmişdim ki, verilişdə Azərbaycan dilində danışsın. Rafiq rusca təhsil almışdı və bu ali dərəcədə peşəkar olan insan çalğısına olduğu qədər efirdəki nitqinə də tələbkar idi. Rəva görməzdi ki, radioda, ya televiziyada çıxış edərkən danışığında hansısa ləhcə
əlaməti duyulsun. Ona görə də belə müsahibələrdən qaçırdı. Ancaq Vaqif haqqındakı verilişimdə Azərbaycan dilində danışmaq xahişimdən də boyun qaçırmadı. Özünə xas həlimliklə “Yaxşı ikinizin, Vaqiflə sənin xətrinə edərəm”, -- dedi, amma əlavə də etdi: "Bir-iki gün vaxt ver, evdə mətnə baxım".
2 gün sonra elə öz sözlərindən kağıza aldığım mətni elə gözəl təqdim etdi ki, heyran qaldım.
Zarafat etdim ki, artıq başlamışıq, gərək bunun ardınca başqa mövzularda müsahinələr də yazaq...
Rafiq ümumən az danışan, çox iş görə adam idi. Məncə onun radio-televizyada ana dilində şirin danışığını əks etdirən tək yadigar elə Vaqif Mystafazadə haqqındakı həmin lentdir...
Fərizə xanımla Rəhmanın nigaran sözləri Rafiq haqqındakı bu sətirləri mənə əslində bir üzrxahlıq ifadəsi kimi yazmağa sövq ertdi.
Rafiqin adı və ruhu narahat edildiyinə görə o qəbahəti törədənlərin əvəzinə daxilən sıxıldım.
Mirzə Cəlil etiraf edir (və həm də məsləhət görürdü) ki, Mirzə Fətəli haqda ya çox yazmaq, yaxud yazmamaq lazımdır, ya yaxşı yazmaq, yaxud yazmamaq gərəkdir.
Böyük Azərbaycan musiqiçisi Rafiq Babayev o dəyərlərimizdəndir ki, onun haqqında da yaxşı və çox yazmaq lazımdır.
Biz yazmayanda başqaları arzulamadığımız, ürəyimizi sındıran tərzdə yazırsa, özümüzü təqsirkar bilək.
Şəxsən mən özümü günahkar saydım ki, niyə çoxdandır işığı daim bizimlə olan unudulmaz Rafiq Babayev haqda nəsə yazmamışam.
Mütləq yazacağam! Lap bu yaxınlarda!
Obirilərəsə heç ciddi bənd olmağa da dəyməz. Həm çoxdurlar, həm də onsuz da düzələn deyillər. Ha öyüd ver, ha biz batır, ha düz yola çağır...

Akademik Rafael Hüseynov

18.01.2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook