RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Udulu belə Uduludur... + Foto Yan 19, 2020 | 18:59 / Görüşlər

Qonaq sevən udulular

Yanvarın 18-də kənd klubunda Birinci Udulu sakinləriylə görüşədək bir qədər vaxtımız vardı və kəndin hörmətli maarif adamlarından Vaqif Qocayevgilə qonaq oldum.
Məktəb öz yerində, amma hər Udulu əhlinin bir ayrı və mühüm məşğuliyyəti də narçılıqdır.
Vaqif müəllimin həyətindəki geniş nar bağının məhsulu çoxdan toplanaraq nar kolları yalınlaşsa da, bağça elə bu görkəmiylə də göz oxşayır. Ümumən bu kəndin camaatı zəhmətsevən, torpağa bağlı adamlardır və nar bu kənd üçün bir tərəfdən çörək ağacıdırsa, o biri yandan da narçılıq onların könül peşəsidir. Bəlkə nara bu camaatın belə könüldən aşiqliyindəndir ki, Udulu narı başqa yerlərin narından daha ləzzətli olur?!
Vaqif müəllim və gəlişimizi eşidib onun mehriban mənzilinə toplaşan qohum-əqrəba ilə söhbətimiz əsasən məktəbin qayğılarından oldu.
Hələ 2005-ci ildə mən bu kənddəki məktəb təzə istifadəyə veriləndə onlara qonaq olmuşdum və bir müddət sonra, növbəti gəlişlərimdə xahiş etmişdilər ki, məktəbin təsərrüfat məslələri ilə bağlı yardımçı binaya da ehtiyacı var. Xatirimə gəlir ki, hələ təməldə də nəsə problem vardı.
Həmin məktəbi Azərbaycan Dövlət Neft Şirkəti inşa etmişdi və bu səbəbdən mən də şirkətin rəhbəri, deputat həmkarımız Rövnəq Abdullayevdən rica etmişdim ki, köməyini əsirgəməsin. Sağ olsun, o da sözümüzü yerə salmamışdı.
Amma aradan illər keçib. 240 yerlik məktəb 10-15 il öncə ehtiyacı ödəyirdisə də, indi şagirdlərin sayı çatıb 435-ə. Heç 2 növbəyə də bu bina tələbata yetərincə cavab vermir.
Məktəbin yaxşı akt zalına da ehtiyacı var. Məktəbin yanındaca 3 hektarlıq boş sahələri də var.
Ötən il məktəbi bitirən 16 uşaqdan 9-u 500-dən artıq bal toplayaraq ödənişsiz olmaqla ali məktəblərə qəbul edilib, 3 nəfər də müxtəlif kolleclərə daxil olub. Demək, məktəbin 37 müəllimi balalara sağlam təhsil verə bilir. Qalır yeni məktəbin tikilməsi. İnşallah bu istəyin də ardınca varıq.
Udulunun çox gözəl, elə kəndə girən kimi əzəməti, səliqəsi ilə diqqət çəkən məscidi var.
İşığa, o cümlədən, Allaha yol da ən əvvəl kitabdan, bilikdən, məktəbdən başlanır.
Gərək Udulunun məktəbi möhtəşəmlikdə Udulunun məscidindən geri qalmaya.
İnanıram ki, bu arzumuzun gerçəkləşməsi də uzun çəkməz.

Çayını içməyə macal tapmadığımız sinədəftər

O kişinin yeri dağın başındakı bu kənd yox, ekrandır, studiyadır, kameranın qarşısıdır.
Udulu ağsaqqallarından olan Ağamməd Həsənovun öz deməsinə görə 85 yaşı var. Ancaq həmkəndliləri söyləyir ki, Ağamməd kişi özünü cavanlaşdırır, yaşını qəsdən bir qədər azaldır, əslində 90-a çathaçatdadır.
Lakin mən bu köksü sözlə, şeirlə dolu ağsaqqalın faisləsiz, bir ucdan oxuduğu, çoxusu da elə bədahətən həmin andaca yaranan şeirlərini eşidəndən, belə mökhəm hafizəyə, səlis nitqə, iti məntiqə şahid olandan sonra kişinin yaşını azaltması yox, artırması şəkkinə düşdüm.
Heç 60-65 yaşlı adamların çoxunda bu təhər möhkəm yaddaş olmur.
Həm də hadisələrə, Azərbaycanda baş verən böyük quruculuq işlərinə, ölkəmizin apardığı siyasətə, qazandığı uğurlara nə qədər aydın baxış!
Hamısı da şeirlə.
Hələ həyətə keçməmiş, qapının ağzındaca Ağamməd kişi sinəsində aşıb-daşan sözləri bir-birinin ardınca elə sapa düzdü ki, gözucu saata baxanda gördüm ki, artıq yarım saat çoxdan keçib. Həm də hələ bu müqəddimədir. Çay süfrəsinə əyləşsək, şübhə yox, digər kənddə məni klubda gözləyən əhali ilə görüşə gecikəcəyəm.
Bu sinədəftər kişi, bu körpü adam, Azərbaycanın bugünkü yüksəlişlərini diqqətlə izləyən və qəlbən sevinən ağsaqqal Udulunun ən ağrılı müşküllərindən birinə əncam çəkməkdə səyləri artırmağı da xahiş etdi. Elə onu da şeirlə. Həmin müşkülsə kəndin körpüsüdür. Mən bu məsələni bir neçə dəfə Milli Məclisdə də qaldırmışam, müvafiq qurumlara da dönə-dönə yazmışam. Udulu ağsaqqalı Ağamməd Həsənovun və əslində bütün udululuarın bu arzusu gərək tezliklə həllini tapa.
...Udulu belə Uduludur. Hansı qapını açsan, qarşına bu sayaq xəzinə adam, ürəyi el üçün yanan bir dəyərli insan çıxasıdır.

Udulu kənd mədəniyyət evində qədim tarix söhbətləri

Bu kəndlər hamısı bir-birinə yaxındır. Dağlara sığınmış Udulu, Şorbaçı, Tava, Tağılı, Qubalı camaatının elə qayğıları, arzuları, həllini istədikləri məsələlər də bir-birinə oxşardır.
Yanvarın 18-də kənd mədəniyyət evinə toplaşanların arasında Birinci Udulunun sakinləri çox idisə də, elə Şorbaçıdan, Tağılıdan, Tavadan gələnlər də az deyildi.
1 saatdan artıq çəkən görüşümüzdə çox mətləblərə toxunduq.
Hər dəfə bura səfər edəndə elə belə olur. Görüşümüz nə qədər uzun çəksə də, mənə də, onlara da elə gəlir ki, vaxt çox tez ötüşdü. Çünki həmişə bir-birimizə deyəcək sözlərimiz çoxdur.
Bu yerlər tarixlə doludur. Həm də, təəssüf ki, az öyrənilmiş tarixlə.
Bu dağlarda, buradakı yaşayış məntəqələrində tunc dövrünün izləri indiyədək qalmaqdadır. Güngörməz dağı uduluların dili ilə haçandandır ki, gəl məni öyrən deyir.
Bu dağların və bu dağları yuvası bilənlərin o səsi cavabsız qalmayacaq.
Görüm Elmlər Akademiyamızın Arxeologiya və etnoqrafiya institutu əməkdaşlarının yolunu bu səmtə necə salıram.

Hadisələrə çox üstdən baxa bilməkçün yalnız dağlar sakini olmaq yetərmi?

Budəfəki görüşümüz millətimizin müasir tarixinin ən düşündürücü hadisələrindən olan 20 yanvar faciəsinin 30-cu ildönümünə təsadüf edirdi. 1990-cı ildə yaşanmış müdhiş yanvar gecəsinin tariximizin yalnız hüzn deyil, həm də qürur, vüqar günü olması söhbətlərimizdə dəflərlə vurğulandı.
İstiqlal yolumuzdakı ən həlledici dönüş nöqtələrindən biri olan həmin şənbə gecəsində həyatını itirmiş şəhidlərimizin xatirəsini sayğı və minnətdarlıqla bir daha yad etdik.
O uca və ucqar dağ kəndləri sakinlərinin verdiyi suallar, qaldırdığı məslələr gündəlik qayğılarından daha çox ümumAzərbaycan məsələləri ilə bağlı idi.
Və bu məni çox sevindirirdi.
Camaatımızın hadisələrə belə üstdən baxa bilməsinə fərəhlənirdim.
Kənd camaatın bunca ayıqlığına, müşahidəcilliyinə iftixar edirdim.
Dilimizin təmizliyinin qorunması, Azərbaycan torpaqlarının işğaldan azad olunması yolunda beynəlxalq təşkilatlarda qoyulan səylər, Azərbaycanda gerçəkləşən islahatlar söhbətlərimizin əsas mövzusu idi.

Rafael Hüseynov

19.01.2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook