RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qayğı uman Hacıqabul gölü diqqətimizdədir- elin də, mənim də + Foto Yan 25, 2020 | 21:04 / Görüşlər

Azərbaycan Milli Məclisinə erkən seçkilər qışın oğlan çağına və belə sərin günlərə (“soyuq” deyəndə istər-istəməz kəlmənin içərisi hərəkətə gəlir və adam başlayır üşüməyə. Ona görə də nisbətən yumşaq olan “sərin” sözünü işlədirəm) təsadüf etməsəydi, yəqin görüşlərə qatılanların sayı indikindən xeyli çox olardı.
Bunu bir mücərrəd ehtimal, ola biləcəkləri təsəvvür edərək yazmıram.
Olanı yazıram.
Çünki bir neçə dəfə olub ki, görüşümüzün keçiriləcəyi zalmı, klubmu, otaqmı ağzınacan dolub, elə bu qədər də adamın ayaqüstə qalmasını rəva görməyərək söyləmişik ki, eyb etməz, gedin dincəlin, sizinlə də bir başqa vaxt görüşərik.
Yanvarın 24-də Hacıqabul şəhəri ictimaiyyətinin yeni dəstəsi ilə Folklor Klubundakı görüşümüzdə yenə həmin mənzərə alındı.
Zala sığan qədər adam qaldı, qalanları gedəsi oldu.
Onsuz da eyni məkanda hələ daha 2 görüşümüz də qalıb.
İnşallah, növbəti dəfə də onlarla həmsöhbət olarıq.
...Yenə çox mətləblərə toxunuldu.
Həm mən, həm gələnlər tərəfindən.
Hamıya maraq kəsb edən müzakirələrimizdən biri Hacqabul gölü ilə bağlı idi.
Hacıqabul gölünün bu şəhərdə yaşamış nəsil-nəsil insanın həyatında məxsusi yeri var.
Bu ilin mayında əlamətdar bir bayramı dünyanın bütün sülsevər, tərəqqipərvər ictimaiyyəti qeyd edəcək. Amma təbii ki, keçmiş Sovet İttifaqına daxil olan xalqlar, o cümlədən bizlər, həmin ildönümünü daha təntənəli şəkildə keçirəcəyik.
İkinci Dünya Müharibəsində alman faşizmi üzərində böyük qələbənin 75-ci ili tamam olur.
Və həmin üzücü, ağır, SSRİ-yə 27 milyon insan itkisi bahasına başa gəlmiş qələbədə indi özünün köməyə, diqqətə çox ehtiyacı olan Hacıqabul gölünün də ayrıca payı var.
Saysız sarsıntı və məhrumiyyətlərlə dolu olan, o zaman Sovet İttifaqı tərkibinə daxil xalqları həm də ərzaq böhranı, aclıqla sınağa çəkən davada Hacıqabul gölü hər ay ölkənin ümumi ehtiyacları üçün tonlarla balıq verirmiş, üstəlik yerli camaatı dab dolandırırmış.
Sonrakı illərdə də bura Hacıqabullular üçün həm sevimli istirahət guşəsi, həm balıqçılıq, quş ovu üçün ən münasib məkanlardan sayılıb.
Yəni Hacıqabul gölü həmişə həm çörək ağacı olub, həm dinclik ocağı, göz oxşayan təbiət parçası!
SSRİ çökəndən sonrakı hərc-mərclik illərində bir para kəmfürsət işbazlar (adları bəllidir, özüm yazmıram) bu hamının olan gölü hərəsi bir cür sümürməyə, eldən alaraq özününküləşdirməyə çalışdı.
Sonra Hacıqabul gölünə axan sulara da əl uzadanlar peyda oldu.
Asta-asta göl başladı qurumağa, bataqlıqlaşmağa.
Daim göz və könül oxşamış bir yer döndü üfunət yayılan, xəstəliklər saça bilən narahat məkana.
2000-ci illərin əvvəllərindən Hacıqabulun qeyrətli övladları həyəcan təbili çalmağa, gölü xilas etməkçün səslərini qaldırmağa başladılar. Və mən də qoşuldum həmin mübarizəyə.
Asrtıq bu məsələləri Nazirlər Kabineti, Ekologiya və təbii sərvətlər nazirliyi səviyyəsində daha kəskin və sistemli şəkildə, həm də bir xüsusi layihə və proqram halında ortaya qoymaq səmtindəyik.
Və bu son görüşümüz, hacıqabulluların göllə bağlı təəssübkeş çıxışları məndə o qənaəti də yaratdı ki, əvvələn, həmin söhbətlərə gələcək görüşlərdə də hökmən qayıdlacaq, ikincisi də ki, başladığımız GÖLÜ XİLAS VƏ GÖZƏLLƏŞDİRMƏ mübarizəsi hər kəsi sevindirən bəhrələrini də hökmən verəcək.
Hamının istəyi eyni hədəfə yönələndə başqa hansı nəticə ola bilər ki!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook