RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Muğanlıların iki vacib istəklərini növbələşdirmək müdrikliyi Yan 26, 2020 | 21:25 / Görüşlər

İnanıram ki, illər ötəcək haçansa çətinlikləri çox olmuş bu kəndin həyatındakı bütün narahat məqamlar bir-bir aradan gedəcək, sakinlərin arzusunda olduğu bütün rahat kəndarası yollar da çəkiləcək, tikililər də ucalacaq və hər yeni, yaraşıqlı tikili daha burada növbəti qeyri-adi hadisə kimi qavranılmayacaq, elə belə olmalıymış kimi qəbul ediləcək.
Amma bunu da hiss edirəm ki, bundan sonra lap onillər də keçsə, Kürdəmirin Muğanlı kəndindəki ümumi orta məktəbin tam orta məktəbə çevrilməsi haqda 2019-cu ildə qərar qəbul edilməsi, 2020-ci ildən artıq ilk onuncuların da köhnə, tanış məktəbə yollanması unudulmayacaq.
Təbii, orası da həmişə xatırlanacaq ki, bu çoxdankı ortaq arzunun nəhayət ki, baş tutması mənim səylərimlə mümkünləşdi.
Yanvarın 25-də mən Muğanlıda seçicilərlə görüşə gələndə şənbə günü idi, məktəb istirahət edirdi.
Amma adətən muğanlıların kəndin ki mağazanın həndəvərində adətən axşamüstülər söhbətləşməyə, hal-əhval tutmağa toplaşdığı yerdə hər kəs elə məktəbdən danışırdı, məndən razılıq edirdi.
Çətini bu addımı atmaq və kəndin özünün tam orta məktəbinin olmasına razılıq almaq idi.
Yeri gəlmişkən, mən bununla bağlı bir daha Təhsil naziri Ceyhun Bayramova minnətdarlığımı ifadə edirəm.
Kənddə tam orta məktəbin olmamasının fəsadları çox idi. doqquzuncu sinfi bitirəndən sonra bir neçə kilometr aralıdakı qonşu kənddəki məktəbdə oxumağını davam etdirmək istəyən olmurdu. Təsəvvür edin yayın qızmarında, payızın yağmurunda, qışın sazağında hər gün bu yolu kedib və geri qayıtmalı olan balaca məktəblini. Lap hansısa oxumaq həvəslisi də 1-2 həftə dərsə gedəndən sonra məktəbdən ayrılırdı. İndi isə məktəbləri evlərinin içində.
Kənd məktəbinin tam orta məktəbə çevrilməsi ilə həm buradakı bir neçə təcrübəli müəllim üçün iş yeri, əlavə saatlar yarandı, həm yeni fənn müəllimlərini cəlb etmək imkanı ortaya çıxdı, həm də ən mühümü – mənə də o meydan açıldı ki, kəndə yeni məktəb binası tikilməsi üçün müraciətlərə başlayım.
Məktəbin binası çox köhnədir, amma məktəbin geniş ərazisi, bağı, var. Bu irilikdəki ərazidə həm təzə məktəb binasına da, həm yaxşı idman meydançasına da yer var.
Muğanlılarla kəndin sabahı haqda fikir bölüşürük. Bir uzaqgörən xahiş də eləyirlər; "Çalışın ki, əvvəl məktəb binası tikilsin, yolumuz sonra çəklilsin".
Magistraldan ayrılıb kəndin mərkəzinə gətirən yol bərbad haldadır. Yağışlar yağanda palçığa bürünən, keçilməzləşən həmin yolu heç havanın quraqlıq, xoş vaxtında da qət etmək asan deyil.
Lakin nəyə görə istəyirlər ki, məktəb daha əvvəl tikilsin?
“Yol tikiləndən sonra məktəbin tikintisi başlansa, inşaat materialları daşıyan maşınlar, ağır kranlar yolu yaman günə qoyacaq. Qoy əvvəlcə mətktəb başa çatsın, yolsuzluğa hələ bir qədər də dözərik”.
...Ən yaxın çağlarda Muğanlıya gətirən hamar, rahat yoldan keçərək kənd məktəbinin yeni binasında müəllim və şagirdlərlə görüşə gələcəyim günü çox, lap çox arzulayıram.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook