RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Heç bir ağrının yanından laqeyd keçib-getməyək, hər birimiz el naminə olan bir işin qulpundan yapışaq Yan 28, 2020 | 09:33 / Görüşlər

Kürdəmirdə 2 Karrar var. Biri kənd Karrar, digəri stansiya Karrar.
İkisi də böyük yaşayış məntəqləridir. Və təəssüf ki, ikisinin də böyük problemləri az deyil.
O Karrar da, bu Karrar da mənə əzizdir. Lakin dəmiryolunun kənarında yaşayan qəsəbə və kəndlərə mənim rəğbətim bir az da artıqdır. Bu rəğbətdə yəqin bir az nostolji də var.
Uşaqlıq illərində mən də dəmiryolunun kənarında yaşayırdım. O çağlarda 1960-70-ci illərdə Bakı-Tiflis dəmiryolu xəttindən hər gün neçə-neçə qatar keçərdi. Həmin sərnişin qatarlarının, yük vaqonlarının təkərlərinin taqqıltısından, haçan dayanıb, haçan hərəkətə gəlməsindən gün boyu saata baxmadan vaxtı dəqiq müəyyənləşdirərdim.
XIX yüzilin sonlarından, dəmiryol xətti işə düşəndən onun yaxınlığında yerləşən məntəqələrdəki insanların həmişə digərlərinə baxanda müəyyən üstünlükləri olub.
Həm təminat baxımından, həm dolanışıq sarıdan, həm də dəmiryolunun böyük şəhərlərlə bağlayan mühüm körpü sayılması səbəbindən ümumi mədəni səviyyə nöqteyi-nəzərindən.
Yanvarın 25-də onlarla dəmiryolunun qırağında görüş təyin etdiyimiz məkana yetişəndə elə ilk baxışdanca hiss etdim tutqundurlar.
Sən demə 2 gündür işıq sıxıntısı duyurlar, arada uzun fasiləli kəslimələr var.
Kürdəmir icra hakimiyyəti başçısına bir neçə gün əvvəl karrarlıların mənə müraciətindən sonra telefon açmışdım, rica etmişdim ki, bir neçə maşın içməli su göndərsinlər, adamlar əziyyət çəkir. O da sağ olsun, məsləni operativ həll etmişdi.
Elə bu işıq məsləsini də həmin andaca zəng vurub xəbər verdim. Maraqlandı, məlum oldu ki, Kürdəmirdə, şəhərdə dəmiryol xətti həndəvərindəki işıq xətlərində təmir işləri gedir, Mingəçevirdən xüsusi qrup gəlib çalışır, fasilələr həmin səbəbdəndir.
10-15 dəqiqə sonra başçı bir zəng vurdu: “Yoluna qoyuldu, daha kəsilməyəcək”.
Karrarlılar el arasında “Kolxoz 1 xətti” deyilən səmti mənə nişan verirlər. Bunlar 1960-cı illərdə quraşdılrılmış ağac dirəklərdir. İstənilən güclü küləkdən sınmaq, yıxılmaq təhlükəsi var.
İşıq kəsiləcək, bu bir dərd, digər narahatlıqsa odur ki, hər an qırılıb yerə düşmək ehtimalı olan həmin xətlərin yanından keçərək xırda-xırda uşaqlar məktəbə gedir.
İstənilən belə narahatlığı aydın dərk etməkçün hər kəs sadəcə bunu fəırz etməlidir ki, bəlkə həmin keçib-gedən mənim uşağımdır, mənim nəvəmdir!
Danışırlar və görürəm ki, elektrik xətti, kabelləşmə, transfarmatorlarla bağlı yetərincə peşəkar məlumatları olanlar var. Xahiş edirəm ki, müfəssəl bir arayış hazırlasınlar, mən də öz növbəmdə bu məslələrin tezliklə həllini tapması üçün müvafiq qapıları döyüm.
Razılıq edirlər ki, qazları yaxşı gəlir, bu sarıdan can rahatlığı tapıblar.
Amma başqa kəndlər kimi stansiya Karrardakılar da bir gilə yağışa tamarzı qalmalarından şikayətlənirlər.
Nəinki onlar, nəinki Mərkəzi Aran, indi Avropa yağış, qar həsrətindədir.
Yağışa gücüm çatmaz, işıq məsləsinin müsbət həllində, nimdaş, istifadəyə yarasız hala düşmüş xətlərin yenilənməsi üçün isə ən azı inadkar vasitəçi, onların vəkili kimi nəyəsə nail ola bilərəm.
Gücüm çatan işdə camaata yardımçı olmağasa mən həmişə tələsmişəm.
Zahirən necə də sadə arzulardır: işığınız kəsilməsin, suyunuz həmişə gəlsin, yolunuz rahat olsun...
20 ilə yaxındır ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan boyu nə qədər böyük quruculuq işləri aparır, misilsiz layihələri həyata keçirir, insanlarımızı daha rifahlı, daha firavan etməkçün nəhəng işlər görür.
Lakin hələ nə qədər də görüləsi işlər var!
Görüləsi işlər hələ çoxdursa, demək, adddımları bir an da yavaşıtmaq olmaz!
Və bizlər də hər birimiz– hər imkanı və gücü yetən şəxs gərək həmin nəcib yolda töhfəsini verməyə daim səfərbər ola!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook