Rafael Hüseynov : “Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yolunu başlamalıdır”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iş günündə qurumun yeni sədrinin seçkiləri başa çatdıqdan sonra Assambleya ənənəvi olaraq işini Büro və Daimi Komitənin hesabat məruzəsi ilə başladı.
Etikxeber.az-ın xəbərinə görə, payız sessiyasından sonra görülmüş işlər haqda təhlilləri əhatə edən məruzədən sonra müzakirələr başlandı.
Azərbaycan nümayəndə heyətinion üzvü Rafael Hüseynov da müzakirələrə qatılaraq bir sıra prinsipial məsələlərə diqqət yönəltdi:
“Biz hamımız indi sərhəddə dayanmışıq. Hələ sərhədin bir tayı arxada, digər hissəsi qarşıdadır. Hələ müqayisə aparmaq imkanımız yoxdur. Lakin arxada qalan bir neçə ay içərisində baş verənləri yetərincə təhlil edib qiymətləndirməyimiz az sonra axarında olacağımız hadisələrin də mənasını və çəkisini daha dəqiq anlamağımıza imkan verəcəkdir. Aralığında dayandığımız sərhədlər mahiyyət və keyfiyyətcə fərqlidir. Ən əvvəl biz vaxt sərhədindəyik. Yeni əsrin ikinci onilliyinin son ili başlanır. Həm də bütün parametrləri ilə tam yeni bir dövrün başlanğıcı olacaq il kimi başlanır.
Yeni ilin ilk gününün hadisələri dünyanın siyasi həyatında sistemli dəyişikliklər vəd edən ayrı bir epoxanın başlanğıcını vəd edir. Həm Yaxın və Orta Şərqdə, həm Avropada, həm də bütün dünyada çoxdan davam edən namüəyyənlikılərin bitməsi, ciddi dəyişikliklərin başvermə zamanı gəlir. İndilik ən ümdə istək ondan ibarətdir ki, hətta siyasi xəritələrdə dəyişiklərə qədər çatacaq qlobal siyasi proseslər silahlı qarşıdıurmalar vasitəsilə deyil, dinc yollarla baş versin”.
Dəyişən zamanın 70 yaşını arxada qoyan nüfuzlu beynəlxalq təşkilat olaraq Avropa Şurasının tamamilə yeni mərhələyə qədəm qoyduğuna diqqət yönəldən Rafael Hüseynov bir sıra ənənəvi qüsurlardan xilas olmağı qurumun başlıca vəzifəsi saydığını söylədi:
“Bizi müşayiət edən ikinci vaxt sərhədi bilavasitə Avropa Şurası ilə bağlıdır. Təşkilatın həyatındakı 70 illik dövr başa çatdı. Növbəti mərhələ nə qədər sürəcək? Bunu hələ heç kim deyə bilməz. Yürüdülə biləcək əsas mülahizə ondan ibarətdir ki, əgər Avropa Şurası uğurlu, qitənin və dünyanın demokratik inkişafına yardım edəcək bir qurum olaraq yaşamaqda davam etmək istəyirsə, bir çox iş üsullarını və idarəçilik prinsiplərini əsaslı şəkildə dəyişməlidir. Elə bu sessiyadan etibarən bir çox zərərli vərdişlərdən, işləmək əvəzinə işləməyi göstərməkdən, ikili, üçlü standartlardan, ayrı-ayrı ölkələrə hansısa xüsusiyyətlərinə görə fərqli yanaşmaqdan əl çəkməyə başlasaq, təşkilatımız yaşamaqda və inkişafda davam edəcək. Əgər bir üzv dövlətin digər üzv dövlətə qarşı işğalına göz yummayaraq dərhal qiymətini versək, əgər könüllü olaraq təşkilatı hansısa güclərə tabe etməsək, əgər ən sərt həqiqətləri demokratiya, ədalət, obyektivlik naminə dilə gətirməkdən çəkinməsək, yaşayacaq və tərəqqi edəcəyik.
Əgər qəbul etdiyimiz qətnamələrin sadəcə kağız üzərində qalması ilə kifayətlənməsək, əgər hər yeni sessiyanın əvvəlindəki inkişaf hesabatında üstünlüyü özünütənqidə versək, arxada qalan bir neçə ayda hansı addımlarımızın inkişafa mane olduğunu daha çox göstərməyə çalışsaq, əgər sözümüzlə əməlimiz ziddiyyət təşkil etməsə, yaşayacaq və irəliləyəcəyik. Əgər Avropa Şurasının vahid bir ailə olduğunu əməlimizlə sübuta yetirsək, əgər Assambleyadakı qərəzli, pis niyyətlə təşkil edilmiş məruzə və sənədlərə, məqsədli şəkildə yönləndirilən fitnəkar çıxışlara son qoysaq, əgər eyni meyarlarla hamıya eyni cür yanaşsaq, əgər ayrı-ayrı ölkələrə qarşı işləyən natəmiz məqsədli qruplaşmaları aradan götürsək, yaşayacaq, keçmişdəkindən də güclü ola biləcəyik. Əgər bu prinsiplər hamıya münasibətdə eyni şəkildə işləsə, ilk növbədə hər bir üzv dövlət özü öz qüsurlarından qurtulmağa, Avropa Şurası ailəsinə layiq olmağa səy göstərəcək”.
Deputat Avropa quruculuğuna töhfələrini vermək üçün yeni sədrlə yeni mərhələyə başlayan Avropa Şurası Parlament Assambleyasının yenidən nümunəvi bir dünya təşkilartına çevrilməsinin açarının elə qurumun öz əlində olmasını, bunun məhz bütün üzv ölkələrə bəırabər, ədalətli, obyektiv münasibətdən keçdiqini yekun olaraq bir daha diqqətə çatdırdı:
“Tam ədalətli mühit tam bərabərlik və həmrəylik olan yerdədir. Avropa Şurası bu gün məhz belə olmağın sərhədində dayanıb. Taleyimiz öz əlimizdədir! Zamanın bizə təklif etdiyi fürsəti qaçırmayaq!”