RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Əhsən sədaqəti Mart 24, 2020 | 17:39 / Yubileylər

O, heç kəsin görmədiyi qeyri-adi bir işlə məşğul deyildi. Onlarla, yüzlərlə başqasının etdiyini edirdi. Amma çoxlarının bacardığı və yerinə yetirdiyi işi heç kəsin bacarmadığı və edə bilmədiyi bir tərzdə canlandırırdı.
Əhsən Dadaşov tarzən idi və ona qədər Azərbaycan yetərincə sanballı tarzənlər görmüşdü.
Tar və tarzənlərlə bağlı ilk məlum bilgiləri sənət tarixi ən uzağı X yüzilə aid etsə də, daha inamla bizə yaxın əsrlərin, XIX–XX yüzillərin klassiklərindən ən ali örnəklər kimi bəhs etmək imkanımız var. Çünki onları görmüş, eşitmiş insanların, canlı şahidlərin xatirələri qalır və həmin əfsanələşmiş sənətkarları sanki zamanca da bizə yaxınlaşdırır.
Digər tərəfdən, XX yüzilin əvvəllərində “Qrammofon”, “Ekstrafon”, “Sport rekord” və başqa səsyazma şirkətlərinin buraxdığı vallarda əbədiləşmiş tar çalğıları qalmaqdadır.
Mirzə Sadıq Əsəd oğlu, Mirzə Fərəc onlara qədər keçilmiş çoxəsrlik tarzənlik yolunun əsasında Azərbaycan tar məktəbini, Azərbaycan tarzənlik üslubunu yaratdılar və sonrakı tarçalanlarımızın hamısı, bir-birlərindən nə qədər fərqlənmələrindən asılı olmayaraq, həmin xəttin davamçısıdır.
Əhsən Dadaşov bu qaynaqla birbaşa bağlı idi. Çünki onun müəllimi həmin zirvələrdən bilavasitə bəhrələnmişlərdən birinin oğlu idi.
Lap cavankən – İkinci dünya müharibəsində həlak olan, bizlərə 1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan Ədəbiyyatı və Mədəniyyəti Ongünlüyü ərəfəsində 21 yaşında ikən vala alınmış yeganə “Çahargah”ı qalan Ənvər Mansurov usta və ustad tarzən Mirzə Mansurun oğlu idi.
Mirzə Mansursa Sadıqcanla da, Mirzə Fərəclə də oturub-durmuş, onlardan öyrənmiş və onların yolunu özündən sonrakılara ötürən bir müəllim idi. Təbii ki, ilk növbədə də bildiklərini istedadını duyduğu və gələcəkdə mahir tarzən olacağına inandığı doğmaca övladına aşılamışdı.
İndi xeyli uzaqlarda qalmış 1970-ci illərin başlanğıcında unudulmaz Əhsən Dadaşovla tanışlığımızın ilk günlərində onun öz sənət taleyi ilə bağlı söylədiyi vacib bir mülahizənin içərisində həm Mirzə Mansurun, həm Ənvər Mansurovun adları vardı.
O vaxt tələbə idim, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyurdum və fakültəmiz yerləşirdi oçağkı Kommunist, indiki İstiqlaliyyət küçəsində, hazırkı İqtisadiyyat Universiteti ilə Əlyazmaları İnstitutu binalarının aralığında.
“Bakı Soveti” (indi “İçərişəhər”) metrosunun böyründə, Filarmoniya bağında o dövrdə ziyalıların daimi toplaşdığı bir çayxana vardı ki, ora elm, sənət adamları, qəzetçilər, yazı-pozu əhli mütəmadi yığışardı.
Həmin çayxanaya təxminən elə işə gələn kimi müəyyən saatlarda söhbətləşmək, fikir bölüşmək üçün baş çəkərdilər. O çayxana, bir növ, həmin illərin ziyalı klubu kimi bir məkan idi.
Əhsən müəllimlə də orada tanış olmuşdum. Yadımda həmişəlik qalacaq ifadəni də qonşu masadakı həmsöhbətləri ilə təmasda ikən işlətmişdi və tanış olmasaq da, ertəsi günü ona yaxınlaşıb özümü təqdim etmişdim, dünən niyə elə söyləməsinin səbəbini soruşmuşdum.
Əhsən müəllim ötən gün bir neçə musiqiçi, radio və qəzet işçisi ilə çay içərkən söz sözü gətirəndə fikirli-fikirli dillənmişdi: “Bir gün müəllimim mənə dedi ki, mənim müəllimim sənin müəllimindən yaxşı olub. Amma mən müəllimim kimi çalmadım. Çalış sən də özün kimi çal”.
Bu, gənc Əhsənə müəlliminin, atası Mirzə Mansur olan Ənvər Mansurovun nəsihəti idi.
Həqiqətən, əlimizdə təkcə ifası qalan Ənvərin çalğısını atasının bizə yadigar qalmış ifaları ilə tutuşduranda görürsən ki, tam fərqli üslublardır.
Yalnız ona görə yox ki, Mirzə Mansurun çalğı saxlancları onun qoca, yorğun vaxtında, səksən yaşına yetişəndə, vəfatından az qabaq, 1967-ci ildə, Ənvərinkisə cavan, çılğın, qaynar həvəslə dolu olduğu dövrdə, atasından 29 il əvvəl yazılıb.
Başlıca təfavüt mahiyyətdə, ifanın tərzində, çalğı məktəbinin başqalığındadır.
Mirzə Mansur oğluna elə çaldığı klassik tərzi öyrətmişdi və tövsiyə də etmişdi ki, bunu bil, di gəl, çərçivəyə qapılıb qalma, təməli mənimsə, amma öz yolunu da axtar.
Ənvər də öyüdə əməl etmişdi, yolunu tapmışdı.
(Əhsən Dadaşovun öz səsində müəllimi Ənvər Mansurovla ilk görüşü haqda yaddaşları qalıb: “1938-ci il idi. Yolum 1 nömrəli Azərbaycan Dövlət Musiqi Texnikumunun qarşısından düşdü. Gözüm texnikumun divarına vurulmuş qəbul elanına sataşdı. Elanda tar sinfinə də qəbul olduğu yazılmışdı. Düzdür, onda mən tar çalmağı bilmirdim. Amma bu sənətin görkəmli nümayəndələri olan tarzənlər haqqında, onların yaratdığı musiqi möcüzələri barədə çox eşitmişdim. Bütün bunlar tarzənlik sənətinə olan heyranlığımı artırmışdı. Həmin qəbul elanını görəndə nədənsə sənədlərimi ora vermək eşqinə düşdüm. Lakin ata-anamın məni həkim görmək istədiklərini xatırlayıb bir qədər tərəddüd etdim. Ailəmizdən xəbərsiz sənədlərimi hazırlayıb musiqi texnikumunun tar sinfinə verdim. Məndən imtahan götürən tarzən Ənvər Mansurov musiqi qavrama-duyma qabiliyyətimi yoxlayıb razılıq etdi. Dedi ki, hələlik tarda çala bilmirsən, amma musiqini qavramağından hiss edirəm ki, gələcəkdə yaxşı sənətkar ola bilərsən.
Görkəmli sənətkarın bu sözləri özümün özümə heyrət hissimi daha da artırdı. Mən müəllimim Ənvər Mansurovdan tarzənlik sənətinin sirlərini öyrənməyə başladım.
Hər dəfə muğam sənətində olan gözəlliklərlə qarşılaşanda öz peşəmə daha ürəkdən bağlanırdım”.
Diqqət edin, Əhsən Dadaşov Ənvər Mansurovu elə ilk görüşdən “görkəmli sənətkar” kimi qəbul edir və belə də adlandırır. Amma aralarında, sən deyən, böyük yaş fərqi də yoxdu. Ənvər 1917-ci il dekabrın 19-da doğulmuşdu, Əhsən 1924-cü il sentyabrın 4-də. Vur-tut 7 illik aralıq.
1938-ci ildə, o ilk görüş vaxtı 14 yaşlı Əhsən 21 yaşlı Ənvərə az qala bir ahıl, ağsaqqal kimi baxır.
Ancaq elə haqqı da var. O günlər idi ki, Ənvərin çalğısı yazılmış val çıxmışdı və o çağa görə, bu, qeyr-i adi, əlamətdar hadisə idi.
Ənvərdən savayı ilk sovet onillərində Azərbaycan tarzənlərindən bircə Qurban Pirimovun çalğısı yazılmış vallar buraxılmışdı. Ənvər ikinci idi və cəmi 21 yaşı vardı.
Qarşıdan parlaq gələcək gülümsəyirdi.
Nə yazıq ki, müharibə elə 1941-ci ildəcə bu ümidli yolu yarımçıq qırdı.
İkinci dünya savaşında, Böyük Vətən müharibəsi deyilən davanın əvvəlindəcə Ənvər 24 yaşında Brest uğrunda döyüşlərdə həlak oldu).
Sadıqcanın, Mirzə Fərəcin, Mirzə Mansurun, Qurban Pirimovun xətti klassik çalğı yolu idi və həmin üslubun davamçısı olan Bəhram Mansurov söyləyirdi ki, mən əruz vəznində çalıram. Əlbəttə, bu, məcazi bir deyiliş idi. Ancaq əslində, həmin sözdə həqiqət izi də olmamış deyildi. Dəvə karvanlarının ahəstə, ləngərli yerişini xatırladan o ağır oturub, batman gəlməklik, o sanbal ki köhnə tarzənlərimizdə olmuşdu, Bəhram ustadla sonacan qaldı. Lakin 1930-40-50-ci illərdə sənətə gələn tarçılarımızın, demək olar ki, hamısı yeni çalğı tərzini, sanki sürəti bir qədər artmış, daha qıvraq, daha yeyin, daha iti barmaqlar və sürəkli mizrablar istəyən texnikalı, müasir çalğı dəst-xəttini intixab etdilər.
Əhsən Dadaşov tarzənlik meydanına qədəm qoyanda, artıq bir sənətkar kimi etiraf edilməyə başlananda vəziyyət Ənvər Mansurovun dövrünə nisbətən daha mürəkkəb idi. Meydan darısqal idi, ortalıqda tarzənlər sıxlığı vardı.
Azərbaycanın yaxşı tarzənləri az deyildi, hətta bu yaxşı tarzənlərin cərgəsində bizdən olmayan və Azərbaycan sənət mühitində sanbalı ilə diqqət çəkən tarçılar da yetərincə idi (bu darısqallıq elə Ənvərin tək yadigarının əks-sədalandığı valda da görünməkdədir. O çağacan vallar, adətən, birüzlü buraxılırdısa da, Naginski fabrikində istehsal edilmiş həmin val ikiüzlüdür. Bir üzündə “Çahargah” yazılıb, o biri tərəfində “Segah”. Bəzən naşılıq, bilməzlik, ya diqqətsizlik ucbatından ayrı-ayrı mənbələr o “Segah”ı da Ənvərə aid etsələr də, əslində, həmin çalğının müəllifi başqadır – Saqomon Seyranov. Tarixdir, olanı yazmalıyıq.
O vaxt, 1930-cu illərin sonlarında tarzən tünlüyü vardısa, təsəvvür edin Əhsənin vaxtında vəziyyət necə idi.
Amma Əhsən bu qələbəlikdə heç kəsə bənzəməməyi bacardı və təkrarsızlığını, fərqliliyini ömürünün sonunacan hifz edə bildi.
Hacı Məmmədov, Sərvər İbrahimov, Əliağa Quliyev, Bəhram Mansurov, Baba Salahov, Həbib Bayramov, Məmmədağa Muradov və neçə-neçə başqaları meydanda idilər.
Özünü təsdiqləmiş onlarca ustad tarzən arasında tam seçkin olmaq çətindən-çətin idi.
Əhsənsə fərqlənməyə müvəffəq oldu.
Lakin fərqli olmaq hələ azdı, həm də ifanın füsunkarlığı ilə hamısı püxtə olan, məharətli ifaçılar arasında ön sıraya keçə bilmək qat-qat müşkül idi.
Özünü, üzünü görməyəndə də, elə radiodan bir-iki barmaq gəzişməsi eşidilən kimi heç xüsusi musiqi səriştəsi olmayan sadə dinləyicilər də bildilər ki, bu çalan Əhsəndir.
O vaxt o biri tarzənlər olanda və Əhsənin sağlığında dinləyicilər bunu bilirdilər, indi Əhsənin olmadığı dövrlərdə onlarca yeni tarzənin yaranıb özünü təsdiqlədiyi günlərdə də elə həminki təhərdir.
Azərbaycanın tarzənlik tarixində bir neçə ustad olub ki, onların adları ilə sənətlərini qoşalaşdırıblar, adlarını ifalarının mahiyyətini ifadə edən bir açar sayıblar.
Salyanlı Şirin Axundov simaca gözəl bir adammış, həm də çalğısı çox ruhoxşayanmış. Ona görə deyirmişlər ki, Şirinin adı Şirin, çalğısı da şirindir.
Gəncəli Zərif Qayıbov haqqındasa deyirmişlər ki, adı Zərif, əxlaqı, davranışı da zərif, çalğısı da zərif.
Əhsən Dadaşovun adı Əhsən idi, ifasına da əhsən, afərin, mərhəba yaraşırdı.
Yaraşırdı və yaraşır!
(Və bu adı Əhsənə kim versə yaxşıdır? Atasının doğmaca dayısı, XIX yüzilin sonları, XX əsrin əvvəllərində Abşeronun ən müqtədir şairlərindən olmuş Mirzə Əbdülxaliq Yusif. O Mirzə Əbdülxaliq ki, Əlağa Vahidin ilk ustadı olmuşdu və Əlağaya da Vahid təxəllüsü ondan yadigar qalmışdı.
İlk oğlu dünyaya gəlincə Əlabbas şad xəbəri çatdırmaqçün sevincək cumur dayısıgilə. Mirzə Əbdülxaliq bacısı oğlunun ilk övladının oğlan olmasını eşidincə “Əhsən!” deyir. “Dayı, həm də məsləhətə gəldim, uşağın adını nə qoyaq?” “Necə yəni nə?! Dedim axı: “Əhsən!”).
Əhsən Dadaşovla tanışlığımızın ilk günlərində, “Goburnat bağı”ndakı həmin özünəməxsus mədəni klub timsalındakı çayxanaya ömürü-günü filarmoniyada keçən məşhur sənətkarların, yolun o tayındakı binada yerləşən qəzet redaksiyalarının işçilərinin, yeni parlayan və imzası oturuşmuş yazı əhlinin (və təbii ki, həm də bu gələnlərin nə danışdıqlarını eşitməkdə xeyli maraqlı olan, onlarla qaynayıb-qarışmış xüsusi xidmət orqanı əməkdaşlarının) mütəmadi toplaşdığı məkanda təəccübümə səbəb olan bir hadisə də baş vermişdi.
“Azərbaycan” jurnalının 1974-cü il aprel sayında mənim XI əsrin filosof şairi Baba Tahir Üryan haqda məqaləm və onun farscadan etdiyim dübeytilərinin bədii tərcümələri nəşr edilmişdi. Hələ jurnalın bu sayı satışa çıxmamışdı və abunəçilərə yetişməmişdi. Şərqşünaslıq fakültəsində mənimlə birgə oxuyan, indi Azərbaycan Televiziya və Radiosunda (belə yazıram. Hərçənd, rəsmən adı “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyət kimi gedir) İran redaksiyasının müdiri işləyən Yaşar Xəlilovun atası “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatında çapçı idi. Jurnal dünən gecə çap olunmuşdu və o da bir nüsxəni Yaşara vermişdi ki, mənə çatdırsın.
O illərdə yeganə olan universitet artıq yeni binasına köçmüşdüsə də, bizim fakültə hələ köhnə yerində, indiki İstiqlaliyyət küçəsində qalırdı və mən də dərsdən sonra ilk uğurun fərəh dalğasında o jurnalı da çayxanaya gələndə götürmüşdüm ki, dostlara göstərim.
Əslində, balaca iş də deyildi. O vaxtlar çox populyar olan, ən məşhur ədiblərin çap olunduğu mötəbər dərgidə bir tələbənin yazısının dərc edilməsi sıradan olan hadisə deyildi.
Jurnal əl-əl gəzdi, o biri masadan Əhsən müəllimin səsi gəldi ki, bu ad mənə tanışdır, “Şur” muğamında “Baba Tahir” şöbəsi olub.
Mən də dərhal o biri masadakıların da eşitməsi üçün ucadan dilləndim ki, Baba Tahir elə özü də musiqiçi olub, tar çalıb.
Əhsən müəllimin sifətinə bir təəccüb qondu və durub yaxınlaşdı bizim stola. Onunla köhnədən tanış olan şair Əyyub Sədi tez Əhsən müəllimə yanımızda yer elədi.
Əhsən müəllim: “Nəyə əsasən deyirsən ki, tarçalan olub, bir sübut-filan varmı? Bu, çox vacib məsələdir. Bəziləri tarın tarixini az götürürlər. Amma belə çıxır ki, az qala, min il qabaq da tar çalınırmış".
Dedim ki, Baba Tahirin bu barədə şeiri var və həmin tar adı çəkilən dübeytini də öz tərcüməmdə əzbər söylədim:

Qəlbim qırıqqanad bir quşa bənzər,
Gəmitək sahildə atıbdır lövbər.
Dostlar deyir mənə, Tahir, bir tar çal,
Necə səs çıxarsın qırılmış simlər?

Əhsən müəllim səbirsiz-səbirsiz: “Yox, tərcüməni yox, yadındadırsa, bunun farscasını ver mənə”, – dedi.
Bu dəfə mən ona təəccüblə baxdım.Yəni fars dili hara, siz hara?
Əhsən müəllim üzümün ifadəsindən vermədiyim sualı hiss edərək: “Sən oxuduğun fakültədə mən də oxumuşam, 1953-də fars bölməsini bitirmişəm”.
Məşhur tarzənin ixtisasca şərqşünas olması, həqiqətən, mənimçün gözlənilməz idi. Həm də, sən demə, dövrünə görə ən yaxşı hesab edilən fakültəmizi mən dünyaya gəlməzdən də əvvəl başa vurubmuş.
Artıq ikinci kursdan etibarən Baba Tahir irsinin tədqiqi ilə bərk məşğul olduğumdan, şeirlərini dilimizə çevirdiyimdən 300-ə yaxın dübeytisinin hamısını əzbər bilirdim, çoxu elə indi də hafizəmdədir. Bir vərəqə şeirin farscasını yazıb verdim ona.
Əhsən müəllim aldı, oxudu, gördüm ki, farsca tələffüzü də mükəmməldir:

Del-e mən həmçu morğ-e paşekəste
Ço kəşti bər ləb-e dərya neşəste.
Həme quyən Taher tar benvaz,
Seda key midəhəd tar şekəste.

İki dəfə oxudu və qayıtdı ki, görürsən, “tar” sözünü iki mənada işlədib. Həm tar, həm də sim mənasında.
Beləcə, körpü yarandı və 1974-cü ildə, radio ilə əməkdaşlığa yeni-yeni başladığım dövrdə Əhsən Dadaşovdan qısa bir müsahibə də aldım.
İndiki ağlım olsaydı, nələr soruşmazdım!
Amma bunu da düşünürəm ki, nə yaxşı, heç olmazsa onuca yazmışam.
Bir neçə sual vermişdim və suallardan biri də bu olmuşdu ki, bir tarzən üçün öz tarında çalmaqla başqa tarda çalmağın təfavütü varmı? Demişdi ki, əlbəttə var; öz tarına isinişirsən, tar canlı bir varlıqdır, sənə qısılanda başqası ilə olduğundan fərqli danışır, hətta bir müddət ona əl vurmasan, səndən küsən kimi də olur. Amma bunu da əlavə etmişdi ki, yaxşı tarzən yad tarda öz tarında olduğu kimi yüzfaizli hər istədiyini edə bilməsə də, əgər yetkin sənətkardırsa, ən ucuz məktəbli tarında da bacarığını nümayiş etdirməyə müvəffəq olur.
Sonra İranda başına gələn əhvalatı nəql eləmişdi. Söyləmişdi ki: “Onların tarı bizimkindən fərqlənir. Quruluş, çanaq ayrı cürdür, təbii ki, bunun müəyyən qədər səslənməyə də təsiri var. Mənə İran tarında da çalmaq qismət olub”.
Əhvalat belə baş veribmiş: 1961-ci ildə Tehranda Əhsən müəllimin çalğısını dinləyəndən sonra iranlı həmkarları rica ediblərmiş ki, eyni melodiyaları onların tarında da ifa etsin. “Muğam da çaldım, bəstəkar əsəri də, xalq mahnısı da. Məəttəl qaldılar ki, elə öz tarımdakı səslənişdir. Ayrı cür necə ola bilər ki! Axı səs yalnız tardan çıxmır, həm də sənin ürəyindən gəlir”.
Zənnimcə, bu ifadədə elə Əhsən Dadaşov sənətinin əsl sirri gizlənib.
Yalnız barmaqlarla deyil, ürəklə çalmaq!
Əhsən Dadaşovu təkrarlamaq çətin idi. Hətta Hacı Məmmədov kimi nəhəngi təkrarlayanlar vardısa, nə sağlığında, nə özünün olmadığı vaxtlarda Əhsəni eyni ilə təkrarlayan, ya ona çox bənzəyə bilən ikinci sənətkar görünməyib.
Bunu təsadüfən yazmıram.
Bir dəfə Hacı Məmmədovun oğlu Nadir mənə söylədi ki, maşınla bağdan gəlirdik, radionu açdım, konsert gedirdi, tarda muğam çalınırdı, atam dinlədikcə əsəbiləşirdi, dedi, bax bir barmaq var, onu da eləsə, daha sözüm yoxdur.
Xəbər aldım ki, ay ata, niyə əsəbiləşirsən?
Dedi, görmürsən, necə çalmışam, səsbəsəs təkrar eləyir, belə yamsılamaq olar? Ayıbdır axı!
Səhər radionun qəzetdə dərc olunan proqramına baxmışdım, bilirdim ki, bu saatda atamın ifaları səslənməlidir, ona görə dedim ki, ata, sənin öz lentini verirlər...
Nəinki başqaları, heç Əhsən özü də özünü təkrar edə bilmirdi. Bunu da mənə tələbəykən apardığım müsahibəsində demişdi: “Hər muğamda, təbii ki, özümə məxsus olan müəyyən barmaqlarım, keçidlərim, gəzişlərim var. Ancaq eyni şeyi lap əlli dəfə məşq eləsəm də, hər dəfə səhnəyə çıxanda, yazılış studiyasına girəndə, toyda camaat qarşısında olanda aləmi unuduram, qapılıram çalğıya, nəticədə hər dəfə fərqli alınır. O anda, çalanda bunu hiss etmirəm. Amma həmin çalğı lentə yazılıbsa, sonra dinləyəndə görürəm ki, özümdən asılı olmayaraq, hansısa yeni incəliklər, gözəlliklər öz-özünə gəlib”.
...Mən də uşaq vaxtı tar çalmışam, musiqi məktəbində oxumuşam. Həmin tarım bu gün də mənimlədir. O tar mənə simasını yalnız ailə albomlarımızdakı fotolarda gördüyüm, mənim təvəllüdümdən çox illər öncə həyatdan getmiş dayımın saxlancıdır. Dayım Kamal Muxtarov, xatirələr təsdiqləyir ki, çox mahir tarzənmiş və yaşayarsa, Azərbaycanın ən tanınan sənətkarlarından ola bilərmiş.
1939-cu ildə iki tar bağlatdırıbmış. 1941-ci ildə 19 yaşında müharibəyə gedərkən tarlardan birini özü ilə götürür, daha yaxşı hesab etdiyini isə evdə qoyur.
Zavallı, bir çox tay-tuşları kimi, hələ müharibənin nə dəhşət olmasından xəbərsizmiş, sadəlövhcə güman edirmiş ki, orada çalıb-oxumağa da imkan tapacaqlar. Elə davanın birinci ilindəcə minaya düşərək həlak olur. Onunla gənclik dostu olmuş, sonralar Xalq artisti mərtəbəsinədək ucalmış teatr və kino aktyoru Sadıq Hüseynov hərdən mənə Kamalla bağlı xatirələrini söyləyəndə həmişə Əhsən Dadaşovun adını çəkirdi, “Kamalın şirin, zərif, ürəklə dolu çalğısını müasirlərdən bircə Əhsənin çalğısı ilə müqayisə edə bilərəm”, – deyirdi.
Əhsən Dadaşov mənə bütün məziyyətlərindən əlavə, həm də buna görə çox əzizdir və həmişə tarımı ələ alanda istər-istəməz bu tarın nakam sahibini – Kamal dayımı da, Əhsən Dadaşovu da rəhmətlərlə yad edirəm.
Rəhmətlik Hacıbaba Hüseynov, o muğam sehrkarı “Füzuli də, Nəbati də, Seyid Əzim də musiqiçi olublar, ya da musiqini elə musiqiçi qədər biliblər” deyirdi. Və qənaətini də bununla əsaslandırırdı ki, başqa klassiklərimiz də qəzəllər, müxəmməslər, qəsidələr yazıblar. Amma bunların onlardan fərqi odur ki, Füzulinin, Seyid Əzimin, Nəbatinin hansı şeirindən yapışıramsa, musiqiyə dərhal yatır, sanki elə xanəndənin oxumasından ötrü, muğam qəlibinə salınaraq yazılıb.
Seyid Əzimin məşhur “Guş qıl” müxəmməsinin məlum misraları dolanır hafizəmdə. Hacıbaba ustadın həmin sözlərini xatırlayıram və gözümün önünə Əhsəni gətirirəm.

Guş qıl, ey ki bilirsən özüvü vaqif-i kar,
Agah ol, gör ki nədir nale-yi ney, nəğme-yi tar.
Nədir ol xüşk olan çubidə bu nale-yi zar
Ki sədasından onun qarət olur səbr ü qərar,
Açmason pərdəni, hər pərdədə var yüz əsrar.

Əlbəttə ki, bu, musiqinin tilsiminə tabe olmağa hazır, musiqinin bətnini, təkini görməyə və duymağa qadir şairin sözləridir və güman ki, bunu elə Əhsən kimi əhsənə layiq hansısa tarzəni dinləyərkən gəldiyi vəcdin hökmü ilə belə sərrast, hədəfə dəqiq vuran misralarla ifadə edib.
Məhz Əhsən ürəkli və Əhsən barmaqlı ifaçılara qulaq asanda hər dəfə istər-istəməz heyrətlənməli olursan ki, Pərvərdigara, bu çalan bizim kimi adi insandır və əlindəki də hamımızın gördüyümüz, bildiyimiz ağacdan yonulmuş bir alət. Bəs bu ilahi səslər haradan gəlir, hansı əsrarəngiz yoxluqdan nazil olur?!
Əhsən Dadaşovun görüntülü çalğıları qalıb, bir xeyli də səs yazıları var. Hamısı bir-birindən lətif. Sanki heç çalmır. Sanki simləri, pərdələri mizrabla, barmaqları ilə tumarlayır, oxşayır, sığallayır, onların nazını çəkir.
Bəzi tarzənlərimizi dinləyəndə (hətta onların arasında bir qisim lap məşhurları, özünə görə məharətliləri də var), elə zənn yaranır ki, sanki onlar tarla güləşirlər, alətlə cəngə çıxıblar, tarla, az qala, silah kimi rəftar edirlər. Elələri də var, çalanda sanki tarın qolunu, pərdələrini cırmaqlayırlar.
Əhsən çalanda isə hətta, quş deməyə dilim gəlmir, elə bil, zərifcə kəpənəklər qonurdu simlərin üstünə.
Qonurdu və səsləri pərdələrdən, simlərdən sanki barmaqlar, mizrablar qoparmırdı, elə bil, bu lətif sədaları gülə-çiçəyə qonub-qalxan göyçək kəpənəklər ehmallıca, tarın ruhunu incitmədən, tül qanadlarına alıb ətrafa uçururdular...
“Şur” “Şur”dur, “Segah” “Segah”dır, “Çahargah” “Çahargah”dır. Lakin başqalarının tarda çaldığı bu muğamları Əhsənin ifaları ilə müqayisə eləyəndə fərqli səs mənzərələrinə şahid kəsilirsən. Əhsənin çalğısı daha şirin, daha incə, daha təsirlidir. Təbii ki, ifalardakı fərqləri həmin lent yazılarını səs-səs nota köçürərək ifa texnikası baxımından, nəzəri istiqamətdə araşdırmaq, müəyyən nəticələrə gəlmək mümkündür. Ancaq bu bizi həqiqətə gətirib çıxarmayacaq. Belə təhlil Əhsənlə digərlərinin niyə aşkarca seçilməsinin dürüst cavabını verə bilməyəcək. Çünki gizlinc, səbəb daha dərindədir. Ürəkdə, təfəkkürdə, hissiyyatdadır. Daxilin zənginliyindədir. Keçilmiş ömür yolunda, yaşanmış sevinc və acılardadır. Bir də sənətinə bağlılığın, məftunluğun, aşiqliyin dərəcəsində.
Əhsən Dadaşov bəstəkar deyildi, ifaçı idi. Fəqət sevimli muğamların, təsnif və rənglərin, saysız ahəngdar təranələrin aləminə elə qapılmışdı ki, onda bəstəçilik keyfiyyətləri də yaranmışdı.
“Şur” muğamını ona görə çox sevirəm, bu muğama ona görə böyük məhəbbət bəsləyirəm ki, bu muğamla mən ürəyim istəyənləri deyə bilirəm. İstədiyim guşələri, xırdalıqları edə bilirəm. “Şur”u çalıb qurtarandan sonra nədənsə ürəyim sakitləşir”.
Bu, Əhsən Dadaşovun sözləridir və canlı səsində bizə çatan şəhadətidir. Və burada nazik bir məqam var. Çalınmalı olan “Şur” bəllidir. Yəni məlum şöbələri, guşələri, keçidləri ilə. Quruluş, düzüm də məlum. Lakin bəlli quruluş içərisində sadəcə çalmalı olduğunu deyil, Əhsən kimi məhz ürəyindən keçəni deyə bilirsənsə, qəlbindəkiləri səslərlə ifadə etməkçün “Şur”, ya ayrı bir əsər səninçün vasitəyə çevrilirsə, daha dəqiqi, sən onu duyğularının təzahürü üçün vasitəyə, yardımçıya, körpüyə döndərməyə qadir olursansa, onda sənə əhsən! Onda sən sənətin hamının yetə bilmədiyi daha uca mərtəbəsinə dikəlirsən.
Əhsən belə idi və elə ürəyini musiqiyə qovuşdurmaq xisləti də ona bəstəkarlıq istedadını nəsib etmişdi. 20-yə yaxın rəng bəstələyib. Hərəsi bir-birindən gözəl, hərəsi kamil bir əsər. Əhsənin yaratdığı “Rast”, “Humayun”, “Rahab”, “Şur”, “Segah” rəngləri elə bitkin musiqi quruluşuna, daxili dramaturgiyaya malikdir ki, onların tar tədrisi dərsliklərinə daxil edilməsi məsləhətdir. Hətta onların bəzilərini indi rənglikdən çıxaraq mahnıya döndəriblər, söz əlavə edərək oxuyurlar və həmin melodiyalar şeirə də rahat yatır.
Lakin Əhsən Dadaşovun elə birbaşa sözə yazdığı musiqilər də var. Ondan 3 təsnif, 2 rəqs də qalıb.
Rəng yaradıcılığına Əhsən təsadüfən müraciət etməmişdi. 1960-cı ildə o, Radio Verlişləri və Televiziya Komitəsində yeni xalq çalğı alətləri ansamblı yaratdı. O dövrdə Azərbaycanda ansambllar çox idi və bir-birinin həvəsinə ansambllar təşkil edənlərin belə artması səbəbsiz də deyildi. 1940-cı illərdə Azərbaycanda bir məşhur xalq çalğı alətləri ansamblı vardı. Əhməd Bakıxanovun rəhbərlik etdiyi sənət birliyi tək idi, amma yüksək səviyyəli idi, Azərbaycandan kənarlarda da tanınırdı və gələcəyin bir sıra mahir ifaçıları həmin ansamblda yetişib pərvazlanırdılar. 1960-cı illərdə artıq hərəsi görkəmli sənətkara çevrilmiş, öz musiqi düşüncələri, ideyaları olan sanballı sənətkarlar özünüifadədən ötrü meydana ehtiyac duyurdular. Məhz bu daxili ehtiyac yeni ansamblları araya-ərsəyə gətirirdi. Hacı Məmmədovun ansamblı bir başqa idi, Ağası Məşədibəyovunku bir başqa. Baba Salahovunku bir cür idi, Əliağa Quliyevinki ayrı cür. Bu ansambllar çoxluğu yaxşı bir rəqabət də yaradırdı, nə iləsə fərqlənməkçün daim axtarışda olmağa da səfərbər edirdi.
Azərbaycan rənglərinin çox qəlbəyatan nümunələrini Əhməd Bakıxanov yaratmışdı. Başqaları da həmin ənənəni davam etdirməyə çalışdılar. Ancaq Əhsən kimi uğurlu yazan olmadı. Və təəssüflər ki, daha o qəbil əsl Azərbaycan ruhlu, Azərbaycan musiqi dilinə heç bir yad element qatmayan rənglərlə musiqi xəzinəmiz zənginləşmir. Rənglər yaranmağına yaranır. Amma bu təzə yarananların əksəri Səməd Mənsur deyən kimi rəngdir. Yəni yapma, çiy, basmaqəlib, uzun yaşamaq heyi olmayan musiqi horraları...
Əhsən öz ansamblını 1960-cı ildə təşkil etdi. Udu, bas tarı, qanunu ilk dəfə ansambla gətirərək səslənişdə müəyyən seçimlilik yaratdı.
Əhsənə baxıb başqaları da bunu etdi.
Amma elə məziyyətlər vardı ki, onları baxaraq əxz etmək mümkünsüzdü.
Onları Əhsən səviyyəsində tətbiq edə bilməkçün gərək elə Əhsən olaydın.
1920-ci illərin sonları, 30-cu illərin əvvəllərində qısa müddət səhnədə olmuş, xalq mahnılarının özünəməxsus ifaçısı kimi tanınmış, amma ailə həyatı qurunca gənc yaşında sənətdən ayrılan keçmiş müğənni Cəvahir Firidunbəyli ömürün ixtiyar çağında, 1980-ci illərin əvvəllərində mənə söyləyirdi ki (onun söhbətləri və oxularını elə həmin vaxt lentə alıb veriliş də hazırladıq), Bakıya Türkiyədən Muradbəyli deyilən bir udçalan gəlmişdi. Udu onda gördük, səsinə heyran qaldıq, təəssüf ki, sonra bizdə udçalan olmadı.
Əlbəttə, ud Azərbaycanda orta əsrlərdə çox sevilmişdi. Bütöv musiqi tariximizin ən əlçatmaz zirvələrindən olan Əbdülqadir Marağayi gözəl şair, bəstəkar, nəzəriyyəçi, xanəndə, xəttat olmaqdan qeyri, həm də qənirsiz udçalan idi. Və həmin səbəbdən təxəllüslərindən biri də Udi idi.
Lakin ud təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə əsas musiqi aləti idi. Çünki bəstəkarlar o dövrün musiqi yazısı şərtlərinə uyğun olaraq, əsərlərini kağıza məhz udun pərdələrinə əsasən köçürürdülər. Orta çağda ud bu gün fortepianonun yerinə yetirdiyi vəzifəni icra edirdi.
Elə Əhsən Dadaşov da udu Türkiyə səfərindən Azərbaycana gətirmişdi. İlk ud çalan da özü oldu.
Onillərdir Əhsən Dadaşov həyatda yoxdur. Udda çaldıqlarının lent yazıları ara-sıra səsləndirilir.
Əhsəndən sonra bir neçə nəsil, onlarla udçalanımız yetişib. Aralarında yaxşı ifaçılar da qədərincədir. Amma Əhsənin udunun səsini onların heç birinə tay tutmaq olmur.
Qədimlik, əzəmət, məhrəmlik saçan Əhsən udu, xüsusən də onun uddakı “Şur”u, bir növ, rəmziləşib. İndi də klassik ədəbiyyatdan, orta əsrlər Azərbaycanı və Şərqdən bəhs edən verilişlərdə dövrün ab-havasını yaratmaq üçün musiqi bəzəyi olaraq başqalarının yox, məhz Əhsənin həmin “Şur”undan istifadə edirlər.
Əhsən ansamblına gəncləri cəlb edirdi. Bunun da kökü, tərcüme-yi halından qaynaqlanan bünövrəsi vardı. İnsan nəyi görür, hansı tərbiyəni alırsa, o qabiliyyətin də yiyəsi olur.
Səid Rüstəmov Əhsəndəki işığı o hələ yeniyetmə olarkən sezmiş və qayğılarını bu istedadlı uşaqdan əsirgəməmiş nəciblərdən idi. Özü söyləyirdi ki, Əhsəni hələ musiqi texnikumundan gözü tutubmuş və 1940-cı ildə götürür rəhbərlik etdiyi xalq çalğı orkestrində işə.
Əhsənin 16 yaşı varmış, heç pasport almayıbmış və bunu Səid müəllimə irad da tuturlar. Dərhal cavablarını verir: “Əhsənin hələ pasportu yoxdursa da, o, sənət pasportunu çoxdan alıb”.
Elə əyyamlar idi ki, nə qədər istedadlı olsa belə, Əhsən kimilərə qayğı göstərmək sadəcə çətin yox, həm də qorxulu idi.
Əhsənin atası Əlabbas Dadaşov “xalq düşməni” damğası ilə həbs edilmişdi və o qara qayğılı günlərdə iş balaca Əhsənə həm də ailələrini dolandırmaq üçün gərək idi. Və daha artıq – “xalq düşməni” ailələri ilə ünsiyyətdən hürkən ətrafdakılar üçün bir görk idi ki, hökumətin bunlara etibarı tam itməyib.
Bunu mənə hələ 1983-cü ilin martında radionun “Axşam görüşləri” verilişinə dəvət etdiyim, Əhsən Dadaşovun ansamblında illərlə onunla birgə çalışmış qanunçalan Vəcihə Səfərova söyləyib.
Əhsənin öz ansamblına əlavə etmək istədiyi alətlərdən biri də zərb idi və o, münasib bir ifaçı axtarmağa başlayır. Əhsənin zərb alətində çalmaq üçün 12 yaşlı Xəyyam Coşqunu ansambla götürməsi bir çoxlarının qəti etirazına səbəb olur: “Bu nüfuzlu ansamblı uşaq-muşaqla doldurmaq olmaz. Bir tikə boyu var, o nə çalacaq?!”
Əhsən etiraz edənlərə onların özündən də kəskin cavab verir: “Özü balaca da olsa, sənəti böyükdür. Mən onunla işləyəcəyəm!”
Bu, ömür dərslərinin aşıladığı yanaşma idi, bu, illər öncə özünə edilmiş yaxşılığa taleyin hökmü ilə Əhsənin qeyr-i iradi verdiyi cavab idi.
Əhsən indi “Xatirə” adlanan, onun əziz ruhunu yaşadan ansambla da bir əsəri kimi baxırdı, bu işə can yandırırdı, ona görə də incilər ortaya qoymaq xoşbəxtliyi qarşısına çıxırdı.
Elə bircə “Sona bülbüllər” bu “inci” dəyərləndirməsini təsdiqləmək üçün yetərli deyilmi!
Ansamblın köhnə üzvlərinin mənə söylədiklərindəndir ki, günlərin birində Əhsən cavan bir oğlanı yazılışa gətirir.
Hamı cavanın səsinin ecazkar olduğunu ilk andanca duyur. Lakin bu cavanın təcrübəsizliyini, ram edilməmiş köhlən kimi ipə-sapa yatmazlığını, lent yazılışına hazırsızlığını, ansamblın müşayiətilə oxumaqda tam səriştəsizliyini də ilk andanca hiss edirlər.
Axşam saat 6-da başlayırlar və gecə saat 12-ni keçənədək dönə-dönə eyni mahnını lentə yazırlar.
Bunu da canlı şahidlər xatırlayırlar ki, on dəfə, iyirmi dəfə, əlli dəfə eyni musiqini çalırmışlar, Qədir oxuyurmuş, aradakı muğam parçasında Əhsən yenə təkrar-təkrar gəzişmələrini edirmiş və hamıdan fərqli olaraq, hər dəfə də gözü yaşarırmış. Həm də hər dəfə başqa cür çalırmış.
Bir neçə gün sonra həmin lent radioda səsləndi.
Və möcüzə kimi qarşılandı.
1960-cı illərdə kasetli maqnitofonlar hələ geniş yayılmamışdı. Qulaq asılan radio idi, televiziya idi, bir də vallar.
Qədir Rüstəmovun Əhsən Dadaşov və ansamblının müşaiyətilə oxuduğu “Sona bülbüllər” ürəkləri necə fəth etmişdisə, camaat ondan doymaq bilmirdi. Rəsmi val buraxılmasını, bu ifanın radioda haçan veriləcəyini gözləməyə hövsələ çatmırdı. Hansı diribaşlarsa bu oxumanı əl-əl gəzəcək nazik, şəffaf vallara yazdılar. Bir neçə ayın içində cavan Qədirin səsi Azərbaycanı fəth etdi.
Zənnimcə, bununçün biz ilk növbədə Əhsənə minnətdar olmalıyıq. Çünki kəşfin sahibi o idi, Qədiri fəzalara uçuran, Qədirə qanad verən o idi.
Əhsən musiqiçi idi və sənətkarın ifası ilə başqalarını duyğulandırması, öz cazibəsi altında saxlaması təbiidir. Lakin ifaçının özünün qəhərlənməsi, çaldığı musiqinin təsirinə düşərək gözlərinin yaşarması həssaslığın hər sənətkarda rast gəlinməyən həddidir.
Əhsən Dadaşovun belə bir ruha malik olmasının xatirələri çoxdur və birini də mənə sənətkarın bacısı, unudulmaz opera müğənnisi və xanəndə, Xalq artisti Əlövsət Sadıqovun (1906-1970) həyat yoldaşı Sara xanım söyləmişdi.
Sara xanım xəbər verirdi ki, Əlövsət səsinin vurğunuymuş. Tibb İnstitutunda oxuyurmuş. 1933-cü ildə Əlövsət növbəti dəfə Məcnunu oynayanda bir dəstə çiçək alıb teatra yollanır, tamaşa bitəndə sevimli sənətkarı təbrik edir. Beləcə tanış olurlar, az sonra evlənirlər.
Əhsən hərdən tarını da götürüb bacısıgilə qonaq gələr, yeyib-içəndən sonra, asudə saatlarda deyərmiş ki, ay Əlövsət, sən canın, o mənim sevdiyim “Ərəbzəngi” pərdəsini oxu.
Sara xanım qəhərdən boğula-boğula xatırlayırdı: “Əhsən çalardı, Əlövsət ürəklə, şövqlə oxuyardı, hər dəfə Əhsənin gözləri yaşarardı, Əhsənə baxardım, mən də doluxsunardım”.
Əhsənin ifasında bir özəllik də var ki, heyrətləndirməyə bilmir və bu üstünlük də yenə onun çalğısındakı duyğusallıq, içəriliklə bağlıdır.
Əhsən Dadaşov yalnız muğamların deyil, Azərbaycan bəstəkarlarının tar ilə orkestr üçün yazdığı bir çox əsərin də ilk ifaçısı idi.
Burada da misilsizdir və ən maraqlısı odur ki, yenə də Əhsənin ifası həmin əsərləri çalan digər tarzənlərin ifasından seçilir.
Yaxşı, muğamda, aydındır ki, improvizə var, gəzişmə var, fərqli barmaqlar, xallar ola bilər.
Hacı Xanməmmədovun, Səid Rüstəmovun, ya digərlərinin əsərlərini çalanda ki yazılandan qırağa çıxa bilmirsən. Notlarda nə var, onu canlandırırsan.
Notbanot tam eyni olan musiqi mətnini də Əhsən öz içərisindən keçirərək daha sevimli bir şəkildə canlandıra bilirdi və onun muğam ifasındakı zəriflik, şirinlik burada da hiss edilirdi.
Yəqin, elə bu səbəbdən də bəstəkarlar həmin əsərlərin ilk ifaçısının məhz Əhsən olmasına can atırdılar. Bununla da ürəkləri soyumurdu. Əsərlərini ona ithaf edirdilər. Hacı Xanməmmədovun tar ilə xalq çalğı alətləri orkestri üçün və tar ilə simfonik orkestr üçün konsertləri Əhsən Dadaşova həsr edilib. Vəfatından sonra yox, elə o sağkən!
O mülayimlik, incəlik, rahatlıq ki sənətində, ifasında vardı, eynilə xasiyyətinə köçmüşdü. Bəlkə də əksinə – xarakteri, bir insan kimi necəliyi onun çalğısını da səmtləndirmiş, sənətini də özünəbənzər etmişdi. Ona görə də Əhsənə müstəsna sənətkar sayılmaqla yanaşı, ideal ər, ailə başçısı, valideyn kimi etiraf edilmək də müyəssər oldu. Söz yox, bunlar elə qiymətlərdir ki, onları yalnız və yalnız Əhsənlə birgə ömür sürmüş insanlar təsdiqləyə bilər.
Əhsən müəllimin həyat yoldaşı Qəribə xanım danışırdı ki (bu söhbətimizin də lent yazısı Azərbaycan radiosunun səs xəzinəsində qorunmaqdadır), onlar uşaqlıqdan bir yerdə böyümüşdülər və həmin səbəbdən də bir-birlərinə sadəcə ər-arvad kimi deyil, ən yaxın dost, simsar, ən doğma adamlar kimi münasibət bəsləyirdilər. Qəribə xanım xiffətlə anırdı ki, işlədiyi Xarici Dillər İnstitutundakı qadın həmkarları ona həsəd aparar, bəxtəvərlik oxuyarmışlar ki, sizin nə qədər mehriban, səmimi ailəniz var.
“Tanış-biliş hamı elə düşünürdü ki, Əhsənlə mənim aramızda söz-söhbət, narazılıq ola bilməz. Doğrudan da, heç yadıma gəlmir ki, Əhsəndən mən bircə dəfə də olsun inciyim”.
Belə xoşbəxt yaşayırdılar və 1955-ci ildə ilk oğul övladları dünyaya gəlir.
“Əhsən müəllimi Ənvər Mansurovu çox sevirdi, həmişə onu dərin hörmətlə xatırlayırdı. İlk oğlumuz anadan olanda da getdi Mirzə Mansurun yanına ki, icazə versəydiniz, müəllimimin şərəfinə oğluma Ənvər adı qoyardım.
Mirzə Mansur bu hadisədən sonra bizə tez-tez gedib-gəlməyə başladı, uşağı da çox istəyirdi, elə bil, öz balasının ətrini bundan alırdı”.
Amma tale Əhsəni ağır sınağa çəkir, uşaq sağalmaz qan xəstəliyinə düçar olur – leykoz.
1961-ci ildə Əhsən Dadaşov İrana qastrol səfərinə getmişdi. Tehranda, İsfahanda, Şirazda çox uğurlu konsertlər verirlər. O səfərin təəssüratlarını bölüşən səsi də qalır. Füsunkar Şirazda Tarix yadigarı Təxt-i Cəmşid sarayının xərabələrini seyr etməsindən, Sədinin, Hafizin məqbərələrinin ziyarətindən aldığı həyəcanlı təəssüratlarını dilə gətirir, fars dilini bilməsinin karına gəlməsindən, orada insanlarla dil maneəsi duymadan asudəcə ünsiyyətə girə bilməsindən bəhs edir.
Amma hər halda yarı canı burada, Bakıdaymış. Ciyərparasının yanında.
İmkan düşən kimi, bir balaca boş vaxtı olan kimi uşağa lazım olan dava-dərmanı tapmaqçün əczaxanalara yollanırmış.
Sovet dövrünün çox müşküllərindən biri də bu idi ki, apteklərdə hər dərmanı tapmaq olmurdu, xariclə də indiki kimi sıx əlaqələr yox idi ki, bu gün zəng vurasan, sabah təyyarə ilə yollasınlar. Özün ayda-ildə bir dəfə xaricə səfərə çıxanda da yüz əngəl yaranırdı. Cüzi miqdarda pul dəyişirdilər, hər addımın, sözün izlənirdi, üstündə daim gizli və açıq nəzarət vardı, qayıdanda da əl yükünü bitdə-bitdə yoxlayırdılar, icazə verilmiş məbləğdən artıq nələrisə gətirməyin xatalı idi, cəzalandırardılar, xaricə yolunu biryolluq kilidləyərdilər.
Dərmanlarısa gətirmək vacib idi. Nəyin bahasına olursa-olsun.
Əhsən bölmüşdü dərman qutularını üç yerə. Xahiş eləmişdi və səfər yoldaşları da onun ricasına biganə qalmamışdılar. Dərmanların bir miqdarını Rəşid Behbudov, bir hissəsini Çingiz Sadıxov öz çamadanına yığmışdı.
Əhsən Dadaşov sonralar da çox ölkələrə getdi, oralarda çox yaddaqalan günləri, unudulmaz konsertləri oldu. Misir, Qvineya, Kuba, Əlcəzair, Hindistan, Seneqal, Nigeriya... Hər ölkədən ötəndəfəkinə bənzəməyən yeni, xoş təəssüratlarla dönürdü.
İrana 1963-cü ildəki səfərisə Əhsənçün qısa həyatının ən narahat yolçuluqlarından oldu.
Uşağın vəziyyəti onu dinc buraxmırdı. İrana həmin səfərinə də daxili səksəkə ilə gedirmiş. Qatmaqarışıq yuxu görür. Özünə yer tapa bilmir.
O vaxtlar rabitə də indikindən çox-çox fərqli idi. Azərbaycanla telefon əlaqəsi yaratmaq çətin olsa da, Əhsən macal tapıb Bakıya zəng vurur, balaca Ənvərin halıyla maraqlanır.
Qəribə xanım danışırdı ki, Əhsən, elə bil, özündə deyildi, onu sakitləşdirməyə çalışdım. Dedim ki, darıxma, hər şey yaxşıdır. Bir az toxtayan kimi oldu.
Amma həssas ata ürəyinə daman vahimə əbəs deyilmiş.
Balaca Ənvərin durumu qəfilcə pisləşir.
Onu itirirlər.
...Ənvər Mansurov 24 yaşında həlak olmuşdu, balaca Ənvər 8 yaşında tələf olur.
Adətən, erkən itirilən övladların adlarını yeni doğulan uşaqlara verməkdən çəkinirlər ki, hər dəfə bu ad çəkildikcə nisgilli xatirələri dəbərtməsin, ürək sıyırmasın.
Xatirəyə etibarlı Əhsənsə adın düşər-düşməzinə bənd olmadan 1965-ci ildə dünyaya gələn oğluna da Ənvər adı verir.
Rəhmətlik Bəhram Mansurov söyləyirdi ki, balaca Ənvərin vəfatı Mirzə Mansuru da çox sarsıtmışdı. Sanki doğma oğlu Ənvəri yenidən itirmişdi.
Eşidəndə ki Əhsən təzə dünyaya gələn oğluna da Ənvər adı verib, çox mütəəssir olmuşdu. Bircə bunu deyibmiş ki, halal olsun Əhsənə, Ənvəri mənə təzədən qaytardı...
Vaxtsız itkinin səngiməz göynəyi isə, hər halda, son saatınacan Əhsəni içəridən diddi. Nə yanğısı soyudu, nə giziltisi kəsildi.
Zahirən gizlətməyə çalışsa da, belə imiş.
Atası kimi, qəlbini musiqiyə vermiş qızı, Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim işləyən pianoçu Xanım Məhərrəmova yada salır: “Atam məni də, qardaşımı da həddən artıq sevirdi, çox nəvazişkar, qayğıkeş idi. Ömüründə bizə güldən ağır söz deməzdi. Ümumən evdə onun hirsli davranmasını, danışmasını heç görməmişdik. Bir dəfə isə necə oldusa, mən stula qalxıb rəhmətlik uşağın bufetin gözündəki çərçivəli şəklini götürdüm əlimə. Atam bunu görəndə dərhal dalğınlaşdı, rəngi dəyişdi, şəkli alıb acıqlandı ki, niyə götürmüsən?!”
Xanım müəllim bunu da söyləyir: “Bir neçə il əvvəl atamın tarının qılafını açıb tozunu siləndə, adətən, mizrablar, simlər qoyulan balaca sandıqçanı da açdım. Atamın vəfatından bəri heç buna fikir verməmişdim. Gördüm ki, tar qabının həmin balaca sandıqçasında rəhmətlik qardaşımın şərfinin bir parçası var. Sən demə, atam bunu nakam qardaşımın nişanəsi kimi həmişə özü ilə gəzdirirmiş”.
Zənnimcə, bu, sadəcə övlad sevgisi məsələsi deyil. Bu, ilk növbədə sədaqətdir, yaddaşın etibarlığı, qəlbinə yaxın olanı bir an belə kənarda qoymamaq canatmasıdır.
Rəsmi tibbi arayışlar təsdiqləyir ki, Əhsən Dadaşovu xərçəng alıb əlimizdən.
Mizrab tutan, tarı çalan sağ qoluna daraşıbmış bu mərəz. Gün-gün gücünü alırmış, çalmağa qoymurmuş onu.
O vaxt Qəribə xanımdan xəbər almışdım ki, Əhsən müəllim necə işləyirdi, evdə çoxmu məşq edirdi, daha cavan olduğu çağlarla artıq şöhrətləndiyi illərin məşq saatlarının həcmi kəskinmi seçilirdi?
Cavab vermişdi ki, Əhsən saatı qarşısına qoyub hər gün 8 saat çalardı. Lap cavan vaxtında da, hamının tanıdığı, hörmət bəslədiyi Əhsən olanda da.
Bircə axır vaxtlar, zəhrimar xəstəliyə ürcah olandan sonra tez yorulurdu, sustalırdı, ona görə az çalırdı.
Və mənə elə gəlir ki, Əhsəni bizdən xərçəng almayıb. Əhsən Dadaşov kimi ilahi ilham, istedad və güc sahibinə mərəz nə karəydi ki, qalib gələydi.
Ömürü boyu vəfalı olduğu tara daha ürəyi istədiyi sədaqəti göstərə bilmədiyi, hər gün sirdaşı tarla könlü arzuladığı qədər birgə ola bilmədiyi üçün dözməyib Əhsən.
Əhsən Dadaşovdan bir lent də qalıb. Bunu özü yazıb. Ev maqnitofonuna. Qəribə xanım həmin lent dolağını vermişdi, köçürmüşdüm, onunla bağlı ayrıca bir veriliş də hazırlamışdım.
Əhsən müəllim piano arxasındadır. Çalır, çala-çala zümzümə edir, hiss olunur ki, axtarır, yenə qayıdır, yenə həmin hissəni təkrar edir, sonra, nəhayət ki, deyəsən, bu fraqment onu təmin edir, keçir növbəti musiqi cümləsinə, yenə həminki kimi, təkrar-təkrar çalır, oxuyur, cilalayır...
Lentə də yazırmış ki, yadından çıxmasın.
Yenə mahnımı, təsnifmi, rəngmi doğulacaq bu məşqdən?
Daha bu suala heç kəs cavab verə bilməz. Bu sualın cavabı Əhsənlə gedib.
Evlərində çox illər öncə arxivini araşdıranda neçə belə yarımçıq melodiyasını, not vərəqlərindəki qeydlərini, musiqi fraqmentlərini görmüşdüm.
Əlbəttə, kimsə götürüb bunlardan hansınısa davam etdirə, tamamlaya bilər.
Amma bu, Əhsənin əsəri olmayacaq. Heç kəs o yarımçıq melodiyaları Əhsənin ürəyincə, zövqüncə olacaq şəkildə bitirə bilməz.
Və yetim qalmış həmin əsərlərin qisməti yarımçıq olmaqdır.
Böyük sənətkar Əhsən Dadaşovun ömrü kimi.
Bu sərt həqiqət kədərlidir...

Rafael Hüseynov

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook