RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nəsiminin doğum günü İyun 15, 2020 | 11:39 / Yubileylər

Orta əsrlərdə ömür sürmüş, doğurduqları ilə bu millətin mənəvi dünyasını yaratmış böyük düşüncə və ilham adamlarımızın bir qisminin dəqiq ölüm tarixləri bəllisə də, onların doğum tarixləri zamanın cavabı tapılmaz sualları cərgəsindədir.
Axı onlar dünyaya hər kəs kimi gəlsələr də, dünyadan qeyri-adi şəxsiyyətlər kimi köçmüşlər.
Ona görə də bir çoxuna ömürləri bitərkən madde-yi tarixlər həsr edilərək vəfat tarixləri ayına, gününəcən dəqiqləşdirilib.
Bu rəqəmlər kitaba-dəftərə düşüb, bəzən həmin vida şeirlərinin özləri mühüm məlumat daşıyıcısı olmaqdan əlavə dillər əzbərinə çevrilən şeir kimi də yaşayıblar.
Amma fəlsəfəsinə dalınarsa, əslində hər parlaq yaradıcının bir yox, bir neçə doğum tarixi olur.
Onları unutmayan, yaddaşları və duyğularında yaşadan xələflərinin yaratdıqları doğum tarixləri!
Nizami, Məhsəti, Xaqani, Nəsimi, Xətai, Füzuli... ucaldılan gözəl bir abidəsi, çəkilən uğurlu portreti, tapılan hansısa nadir əlyazması, haqqında yazılan qiymətli bir əsərlə sanki yenidən doğulurlar.
Artıq xeyli müddətdir ki, Azərbaycan və dünya ədəbiyyatının ən müstəsna şairlərindən olan Seyyid İmadəddin Nəsimi haqqında opera üzərində işləyirdik.
Librettonu mən yazmışam, musiqini Səyavuş Kərimi bəstələyib.
İyunun 12-də Səyavuşla görüşdük, artıq tamamlanmış operanı son dəqiqləşdirmələr və razılaşdırmalardan ötrü əvvəldən sona nəzərdən keçirdik. Saat yarımdan çox təmiz musiqisi olan bu operanı o gün səsi batanadək oxuyan bəstəkarın ifasında dinlədik.
Daha əvvəl bəzi ariyalara, xorlara, duetlərə bu operanın yaranmasının təşəbbüsçüsü olmuş əməkdar artist Ramil Qasımovun peşəkar ifasında qulaq asmışdıq.
İndiki dinləyişin mənası və sevincini qat-qat artıransa o idi ki, artıq həm də əsərin son nöqtəsinin qoyulduğu, ən xırda deatalları da razılaşdırdığımız gün idi.
Söz yox, simfonik opkrestin müşayiəti ilə, seçəcəyimiz (bir qismini artıq müəyyənləşdirmişik) müğənnilərin ifasında operanın yazılışınadək hələ yenə əlgəzdirmələr, cilalamalar olacaq. Lakin rahatlıqla köks ötürərək demək olar ki, artıq əsər tamamlandı, Nəsimi operası doğuldu!
Səyavuş Kərimi əvvəldən sonadək dinləyəni cazibəsində saxlamağa qadir çox gözəl musiqi yazıb, söz sehrkarına həsr edilmiş bu əsərdə sözlə musiqinin mükəmməl vəhdətinə nail olunub.
Zənnimcə, Nəsimiyə həsr edilən bu opera Azərbaycanın həm musiqi, həm də bütövlükdə, mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.
Ona da inanıram ki, bu opera Nəsimini Azərbaycan insanına bir qədər də yaxınlaşdıracaq, bir az da artıq sevdirəcək, onun bitməz ömrünə yeni bir ömür əlavə edəcək.
Səhnəyə gəlişindən öncə əsəri bir film opera kimi ekranlaşdırmağı da düşünürəm.
Sizə indi operanın başlanğıcından bir fraqmenti və Nəsiminin ilk ariyasının bir parçasını təqdim edirəm. Nəzərə alın ki, bu sadəcə məşq gedişində telefona yazılmış hissələrdir və əlbəttə ki, normal yazılışda səsləniş bundan qat-qat üstün və ürəyəyatan olacaq.
Beləliklə, Nəsimi operası artıq tamamlanıb və səhnəyə çıxmağın astanasındadır.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook