RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Abşeronluların, qarabağlıların və bütün Azərbaycanın Yagubu İyun 14, 2020 | 12:38 / Mətbuatda çıxışlar

Unudulmaz xanəndəmiz Yaqub Məmmədov artıq illərdir ki, bizdən ayrılıb. Düzdür səsi, oxu yadigarları bizimlədir, bugünün insanları da Yaqub Məmmədovun köhnə lentlərini, vallarını, disklərini, görürlər, eşidirlər, bəyənirlər, zövq alırlar, ancaq Yaqubla nəfəs-nəfəsə, göz-gözə olmuş, onun el şənliklərində, dost məclislərində dinləmişlərin aldığı ləzzətin əvəzini bütün bunlar verə bilərmi?
Heç vaxt!
Yaqub ən əvvəl onlarınkıdır.
Sağ qalanları artıq yaşlaşmış, Yaqublu yaddaşlarını, onun ləhni ilə bəzənən muğamlı gecələrin təəssüratlılarını indikilərə çatdıranda qəhərlənən, doluxsunan köhnə sənət aşiqləri.
...1990-cı ilin yazı idi. Filarmoniyada növbəti Yaqub bayramı idi, onun 60 illiyini qeyd edirdik.
O çağlar idi ki, insanlarımız ağır matəmin üzücü kədərindən asta-asta aralanmağa başlamışdılar.
Müdhiş yanvar faciəsinin ağrıları hələ canlarda idi.
Həmin gecəyə şair, alim Hacı Mail də qonaq gəlmişdi.
Özü etiraf etdi ki, 20 yanvar gecəsindən bəri əlinə qələm götürməyib.
Boynuna alırdı ki, ötən aylarda həvəs, ilham olmayıb ki, bütöv qəzəl nədir, heç olmazsa 2-3 beyt yazsın.
Lakin həmin gecəyə təzə şeiri ilə gəlmişdi.
Səbəbini də izah etdi.
Dedi ki, Yaqubla neçə illərin dostuyuq, 1956-cı ildən o, kəndimizin – Nardaranın da, bizim evin də əzizi olub, bu gecəyə məni dəvət edəndə, xahişini də çatdırdı ki, bir neçə təzə beytlə gəlim. Ha and-aman elədim ki, aylardır şeir yazmağa qələmim qalxmır, təkid etdi, dedi ayda-ildə səndən bir ricam olub, bəlkə bundan sonra heç belə məclisim keçirilmədi, istəyirəm səndən də bir yadigar qalsın.
Hələ üstəlik ərklə bunu da dedi ki, yazmasan heç gəlmə.
Mail təzə şeirini yazmışdı, gəlmişdi və oxudu.
O misralarda xanəndə Yaqubun, ilk növbədə də abşeronluların sevimlisi Yaqubun dəqiq təsvir edilən surəti, həm də nədən seimliyə çevrilməsinin açmaları vardı.
Şair belə yazırdı:

Musiqi saxlamış əvvəlki təravətdə səni,
Mümkün olmaz ötə bir kimsə məlahətdə səni.
Sən Vətən gülşəninin daim ötən bülbülüsən,
Sən muğamatımızın incə, şirin bir dilisən.
Cabbarın, Seyyidin, həm Xan dayının varisisən,
Deyərəm cürət ilə bəlkə olardan birisən.
Olmamış səndə paxıllıq sənə həmkar olana,
Fəxr olur böylə sifət yaxşı sənətkar olana.
Zövqü bərbad olana musiqini satmamısan,
Yad nəfəslərlə hələ kimsəni aldatmamısan.
Səndə insani sifətlər sayaram mən xeyli,
O səbəbdən sənə var hər kəsin ey dost, meyli.
Səs salıb bəlkə də xanəndəliyin hər yanə,
Səni türfə yetirib tanrı Azərbaycanə.
Sənətintək əməlin də dəxi olmuş saleh,
Xalqımız ta o səbəbdən sənə qalmış valeh.
...Səsinə, könlünə həm dəyməyə azar-i zaman,
Ki yetək zövqə səsindən sənin, ey mürğ-i zaman!

Bu şeir sadə şeir deyil. Bu şeir 30 ildən artıq müşahidələrin bəhrəsidir. Yaqubun o məziyyətləri ki, bu şeir içərisində sadalanır, onları 3 görüşə, 5 görüşə tutmaq mümkün olmazdı. Gərək illərlə onu eşidəydin, həmsöhbəti olaydın, onunla pudlarla çörək kəsəydin, çətin gündə, yaxşı gündə sınayaydın...
Şair Yaquba həsəddən, qibtədən uzaq deyirsə, onu özündə gözəl insani keyfiyyətləri qovuşduran, əməli saleh, sadə bir varlıq adlandırırsa, heç vaxt sənətini ucuz tutmadığını təsdiqləyirsə, bu yalnız Hacı Mayilin qənaəti deyil, bu ağsaqqalın-qarsaqqalın, bütün nardaranlıların, bütün abşeronluların Yaquba verdiyi halal qiymətdir.
Elə hala qiymət ki, 60 yaşının tamamında bunları Filarmoniyanı dolduran yüzlərlə insanın, sabah həmin lent yazısı televiziyada nümayiş etdirilərkən yüz minlərlə pərəstişakarının qarşısında eşitmək Yaqubun haqqı idi!
...Yaqub muğamla nəfəs alan Nardaranı necə fəth eləmişdi?
Nardarana gələn gərək səsli xanəndə olaydı. Yaqubun avazı isə həm zil, həm miyana, həm pəsdə eyni dərəcədə gözəl idi.
Nardarana gələn xanəndə gərək muğamları yaxşı biləydi.
Yaqubunsa, muğamın çox xanəndəyə bəlli olmayam çox gizlinclərini mənimsəmək üçün Mütəllim Mütəllimov, Seyid Şuşinski kimi bilicilərdən öyrənmək imkanı olmuşdu.
2002-ci ilin bir lent yazısı qalır. Toy deyil, Yaqub onu çox istəyən nardaranlılara qonaq gəlib.
Hacı Abbas danışır və Yaqubun bu kəndə ilk gəlişini, oxuduğu ilk toyu xatırlayır: “1957-ci il di, birinci dəfə Yaqub, Kamal Əliağa oğlunun toyunda oxudu” və dərahal Yaqubun əsas məziyyətlərindən birini əlavə edir: “Yaqub səsi kəndin bu başından o başına gedən xanəndələrdəndir”.
Bir başqası Yaqubun muğamın dərinlikjlərinə vaqif əsl xanəndə olmasına elə həmin uzaq 1950-ci illərdə ilk dəfə şahid olmasına sübut gətirir: “Yaqubun oxuduğu toydaydım. Bir neçə saat oturandan sonra vacib bir işlə bağlı evə gedəsi oldum. Mən çıxanda Yaqub “Rast” başlamışdı. Hələ mikrofon-filanın toylara yol tapmadığı vaxtlar idi. O toyxanadan bizim evəcən xeyli yol idi. Yol boyu Yaqubu eşidə-eşidə gəlirdim. Mən məhləmizə çatanda Yaqub “Rast” üstündə “Qatar-Bayatı” oxuyurdu. Girdim həyətimizə. Rıhmətlik atmla anam səkidə əyləşmişdilər. Biz atamıza “qədeş” deyərdik. Soruşdum ki, qədeş, bəyəm “Rast”da “Qatar-BayatI” var? Qayıtdı ki, yaxşı xanəndə oxuyar. Kimdir ki, bu oxuyan? Cavab verdim ki, Yaqubdur, bizim kəndə təzə-təzə gəlir".
Beləcə, Yaqub elə kəndə ilk qədəm basmasından ürəklərdə, yaddaşlarda özünə yer eləməyi, xətir-hörmət qazanmağı, xanəndələr bolluğunda seçilməyi bacarmışdı.
Nardaran ağsaqqallarından biri də söyləyir ki, 1957-ci ildə əsgər getdim və 1960-cı ildə qayıdanda artıq Yaqub 3 il idi bizim kəndin toylarlnda oxuyurdu. Amma mən onu görməmişdim, tanımırdım, oxumağını da eşitməmişdim. 1962-ci ildə toiyum olası idi. Kəndin ağsaqqallarından Hacı Hidayət atamla məsləhətləşib toyumda oxuması üçün Yaqubun razılığını almışdı.
Hidayət bunu mənə xəbər verəndə qəti etraz elədim ki, istəmirəm. Dedi axı niyə istəmirsən Yaqubu? Dedim toy mənim deyil, ömürdə bir dəfə olan işdir, istəyirəm yaxşı xanəndə olsun.
Dedi: "Axı sən Yaquba bəəd deyilsən. Biz bilirik kimi seçmişik. Səni əmin eləyirəm ki, Yaqub elə oxuyacaq ki, məcbur olub toyxananın ortasına gələcəksən, onun üzxündən öpəcəksən".
Nə isə, yarıkönül razılaşdım.
Toy günü yetişdi və hər şey elə Hacı Hidayət necə demişdi elə də oldu. Yaqub bir “Şur” başladı. Başladı nə başladı. Bİr də onu gördüm ki, özümdən ixtiyarsız durub gəlmişəm toyxananın ortasına. O axşam Yaqub mənə imkan vermədi toyxananın çölünə çıxım.
Qonaqlar gəlirdi, kimsə mənimlə ayrıca görüşüb təbrik etmək istəyirdi, çıxıb danışmaq, yola salmaq lazım idi. Amma Yaqub elə oxuyurdu ki, bu səsdən aralana bilmirdim...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook