RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Onun daha ziyarət etməyəcəyi məzar İyun 11, 2020 | 12:49 / Mühüm hadisələr

İllər, yaş, əlbəttə ki, işini görür.
Nə qədər sağlam həyat tərzi keçirsən də, özünə nə qədər fikir versən də, üst-üstə qalaqlanan illər izini hökmən qoyur.
O baxımdan 80-ini arxada qoymuş Aqşin müəllim yaşından xeyli cavan görünsə də, hər halda 25-30 il əvvəlki Aqşin deyildi.
Hərəkətində də, yerişində, oturuşunda-duruşunda da artan illər hiss edilirdi.
Amma ruh, ona ilk gəncliyindən xas olmuş şuxluq, yaddaş, nitq, hər sözün dəqiq yerini bilmək vərdişi və qabiliyyəti ən qaynar, cavan çağlarında necəydisə, o cür də qalmışdı.
Ona görə də hər kəs Aqşin müəllimi mötəbər və müdrik ustad, ağsaqqal kimi qəbul etməklə yanaşı, məhz onun özünün yaratdığı rahat ortam hesabına həm də onu elə təxminən tay-tuş, dost, yoldaş kimi qavrayırdı.
Yəqin bu səbəbdəndir ki, Aqşin müəllimin 84 yaşında dünyadan gedişi onu yaxından tanıyan hər kəsə qəfil, vaxtsız ölüm kimi gəlir.
Onunla ən gənc yaşlarından təmaslarda olmuş Ramiz Abutalıbov da belə düşünür, Aqşin Babayevi yarım əsrdən artıq müddətdə tanıyan Tofiq Məlikli də, onunla son illərdə tanış olmuş hansısa müxbir də...
Aqşin müəllim həyat eşqi ilə dolu adam idi, həmişə faydalı işlər görməyə, təzə bəhrələr verməyə can atırdı.
Adətən xoşuna gələn hər verilişimdən, ürəyinə yatan hər məqaləmdən sonra təbrik edərdi, təəssüratlarını bölüşərdi. Bəstəkar dostum Rizvan Sədirxanov haqda bir müddət əvvəl məqaləm dərc ediləndə də qəzeti oxuyunca zəng vurmuşdu, heyfslənmişdi ki, niyə belə bir istedadlı adamı çoxdan tanımayıb. Ona Rizvanın bəstələri yazılmış diskləri bağışlamışdım. Dinləyəndən sonra Rizvana lap vurulmuşdu, melodiyaları içərisini tərpətmişdi. Rizvanın telefonunu istəmişdi, onunla danışmışdı, şeirlər kitabını bağışlamışdı və Rizvan da Aqşin müəllimin sözlərinə mahnılar bəstələmişdi. Rizvanın onun sözlərinə yazdığı ilk mahınının hələ qaralama variantı Aqşin müəllimi necə riqqətə gətirmişdisə dərhal o nəğməni paylaşmağa icacə verməyi rica etmişdi. Bu nəğməyə Aqşin müəllim elə sevinirdi ki, sanki heç cild-cild kitabların müəllifi olan bu adam deyil. Aqşin müəllim xeyli uzaqlarda qalmış 1950-ci illərdə ilk məqalələri, ilk bədii yazıları işıq üzü görəndə sevindiyi kimi fərəhlənirdi.
Yəni o şövq, o həvəs ki, Aqşin müəllimdə ən gənc illərində olmuşdu elə həmin təhər də qalırdı.
İnsanın ruhu təzə, güclü, sabahlara üztutan olanda isə vaxt qocalır, o qocalmır.
Aqşin müəllimi tanıdığım onillər boyunca çöhrəsinin xəfif təbəssümü heç vaxt əskik olmadı.
Şəkillərinə baxın, ən ciddi görünən fotosunda da mehribanlıq saçan həmin təbəssümü və işığı duyacaqsınız...
Aqşin müəllim varlığında çox qabiliyyətləri birləşdirən universal insan idi. Ədəbi istedadı götürülərsə, orda da çoxcəhətliydi. Həm şair, həm nasir, həm dramaturq idi. Publisistikada, jurnalistikada da payı vardı.
Yaxşı ədəbiyyatşünas alim, seçilən türkoloqlardan biri idi, Nazim Hikmətə də xüsusi məhəbbəti vardı.
Dərs də deyirdi, dissertantlara rəhbərlik də edirdi, təcrübəli, qabil, xeyirxah müəllim idi.
Amma bütün bu keyfiyyətləriylə bərabər həm də yetkin, bişkin dövlət adamı idi. Sovet dönəmində uzun müddət Azərbaycan Radiosunun Xarici Ölkələrə Yayınlar Bölməsinə rəhbərlik etmişdi.
Bu, siyasətlə, jurnalistika, mədəniyyət, radioçuluq arasındakı və xüsusi incə yanaşma tələb edən məxsusi sahə idi. Tələb belə idi ki, ilk növbədə sovetin ideologiyasını təbliğ etməli idin. Amma bunu edə-edə həm də Azərbaycanın səsini dünyaya çatdırmaq, millətinin boyunu ölkə xaricində efir vasitəsilə nə dərəcə uca göstərə bilmək artıq sənin biliyindən, mənəvi saflığından, yurduna, xalqına bağlılıq səviyyəndən asılı idi.
Hər an sərvaxt, ayıq olmağı, həm addımında insandan mahir diplomatlıq uman bu işdə Aqşin Babayev həm sifətini qorumağı, Azərbaycana xidmət göstərməyi bacarırdı, həm də intizamla dövlətin işini aparırdı.
Belə çətin bir yolu keçərək qazandığı zəngin təcrübə sonra bütövlükdə Azərbaycan Radiosuna rəhbərlik edərkən onun çox karına gəldi.
İllərcə Xarici Verilişlər Bölməsində saysız efir məhdudiyyətləri çərçivəsində fəaliyyət göstərməsi onu mühafizəkar edə bilməmişdi.
Yeni meydanda daha artıq faydalar verməyi də uğurla bacardı.
Həmin dövrdə bütün bunları birgə iş əsnasında da yaxından müşahidə etdim.
1990-cı illərin əvvəllərində, müasir tariximizin son dərəcə narahat dövründə Milli Məclisdə çalışdı, Heydər Əliyev kimi dövlətçilik nəhənginin yanında oldu.
O cür mürəkkəb zaman kəsiyində qüsursuz çalışmağı bacarmaq, Heydər Əliyev kimi tələbkar, ciddi, bilici rəhbəri qane edə bilmək elə Aqşin Babayev kimi püxtənin öhdəsindən gələ biləcəyi ağır vəzifə idi.
...Aqşin müəllim ömrümdəki o adamlardan idi ki, onunla bircə kəlmə kəsmədən də danışa bilirdim.
Yəni susanda da bir-birimizlə söhbətləşə bilirdik.
Ya bircə tanış sözə, ifadəyə elə ürəkdən və xeyli gülüşərdik ki, gendən baxan bəlkə də mat qalardı bunlara nə oldu görəsən? Özümüzsə o bircə kəlmənin, kod ifadənin arxasındakı hansısa əhvalatların, olmuşların, lətifələrin, şuxluqların dayandığını yada salar, ötmüş xoş anların axarına düşərək uğunardıq.
Görünür Aqşin müəllimə xas bir silsilə gözəl keyfiyyətlər ona atasından, rəhmətlik Əlisəttar Babayevdən gəlirmiş.
Belə ehtimal edirəm ona görə ki, həmin məziyyətlərin bir çoxu təxminən eyni ilə unudulmaz dostum, insafsızca erkən itirdiyimiz qardaşı Elxanda da vardı.
Onların atasının kimliyinə isə elə təxminən onlarla tanışlığımın başlandığı dövrdən bələd idim.
1970-ci illərin ortalarından, tələbəlik vaxtlarımdan.
Ancaq Əlisəttar Babayevin tanımağım nə Aqşin müəllimin, nə Elxanın yönəltməsiylə olmuşdu.
Radioda ilk verilişlərimi harlayırdım, ayrı-ayrı sənətkarlarla görüşüb sənət haqda məqalələrimi yazırdım və bir çoxlarının danışığından Əlisəttar Babayevin adı “ilk müəllim” olaraq keçirdi.
Tutalım ki, aktyor və müğənni, məşhur “Kor ərəbin mahnısı”nın təkrarsız ifaçısı Məmmədəli Əliyev sənətə necə gəlməsindən bəhs edirdi və arada özfəaliyyət səhnəsində ona ilk yolgöstərən olmuş Əlisəttar müəllimi minnətdarlıqla anırdı.
Və neçə-neçə başqaları.
Yaxın ayların söhbətidir. Operamızın qocaman ifaçılarından biri haqqında veriliş hazırlayacaqdım. Dəvət etmişdim, söhbətləşirdik və o da ilk müəllimləri sırasında Əlisəttar Babayeyin adını sevgi ilə yada saldı.
Həmin axşam Aqşin müəllimə zəng vurub bunu söyləyəndə dedi ki, nə yaxşı, atamın bu gün ad günü idi, qəbr üstünə getmişdim.
Və əlavə də etdi ki, elə hər doğum günündə gedirəm.
...Nə qədər ki, Aqşin müəllim sağ idi Əlisəttar kişi həyatdan lap təzəlikcə köçən kimiydi, o məzar da diriydi.
Hər dəfə həmin məzarın ziyarətinə, atasını yoluxmağa gedəndə də Aqşin 70 yaşlı, 80 yaşlı insan deyildi, ata xiffətini çəkən cavan idi.
İndi nə Elxan var, nə Aqşin.
Nəhayət ki, 2 əziz qardaş qovuşdu.
Bəlkə yenə nəvələr, nəticələr hər doğum günündə, ölüm günündə Əlisəttar kişinin məzarının ziyarətinə yollanacaqlar.
Lakin daha heç kəs o məzarın başında dayanaraq xəyalən Əlisəttar müəllimlə Aqşin kimi dərdləşə, həmsöhbət ola bilməyəcək.
Vaxtilə Əlisəttar kişi gedişiylə Aqşini yetim qoymuşdu.
İndi Aqşin müəllim getdi və o ata məzarı yetim qaldı...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook