RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Milli birliyə xidmət edən İyul 05, 2020 | 12:11 / Tədbirlər
Bu gün – iyul ayının 5-i Azərbaycanın Millət Təqvimində ən diqqətəlayiq günlərdən biridir və bu, ümummilli bayram siqlətli bir mahiyyət daşıyır.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin 18 yaşı tamam olur və düz 18 il əvvəl bugünkü gün Azərbaycan dövlətinin başçısı unudulmaz Heydər Əliyev belə bir qurumuin yaradılması haqqında sərəncam imzalamışdı.
Amma həmin günün gəlişinə qədər qətiyyən sadə olmayan uzun bir yol keçilmişdi.
1993-cü ildəki böyük qayıdışından, yenidən Azərbaycan dövlətinin rəhbərliyinə başlamasından sonra Heydər Əliyevin ləngimədən gerçəkləşdirməyə başladığı ən vacib işlərdən biri Azərbaycan diasporasının quruculuğu oldu.
O illərdə mən Azərbaycan Prezidentini xarici ölkələrə səfərlərinin çoxunda müşayiət etdiyimdən bunları bilavasitə müşahidə etmək imkanım vardı.
Xarici ölkələrə hər səfərində Prezident Heydər Əliyev qrafiki nə qədər sıx, vaxtı nə qədər qıt, özü nə qədər yorğun olsa belə, getdiyi ölkədəki Azərbaycan icmasının təmsilçiləri ilə hökmən görüşürdü, həm də bu görüşlərə səxavətlə vaxt ayırırdı.
O görüşlərin hər biri dərs idi. Təcrübəli dövlət xadimi və dərin siyasətçi Heydər Əliyev bir millət müəllimi kimi onlara öyüdlər verirdi, yollar göstərirdi. Anladırdı ki, hansı ölkədəsinizsə, oranın dilini mükəmməl mənimsəyin, adət-ənənələrini öyrənin və riayət edin, yerli şəraitə yaxşı uyğunlaşın, çalışın həmin cəmiyyətin seçilən üzvlərindən olasınız, səy edin hökumətdə, dövlətdə vəzifələr tutasınız, parlamentdə yerlər alasınız. Bir sözlə, yaşadığınız ölkənin yaxşı vətəndaşı olun, amma Azərbaycanı unutmayın, ana dilini unutmayın. Bilin ki, sizin ana Vətəniniz var və bu gün müstəqil dövlətiniz sizin dayağınızdır.
Bu minvalla, 1990-cı illərdə Heydər Əliyev bilavasitə özü Azərbaycan diasporunu mütəşəkkil etmək, yaxınlaşdırmaq, bir istiqamətdə kökləmək üçün ardıcıl iş aparırdı. Həm də bu səviyyədə, bu təsirdə o işi heç bir başqa şəxs və qüvvə yerinə yetirə bilməzdi. Çünki Heydər Əliyev nəhəng idi, hüdudsuz daxili güc sahibi idi, enerji saçırdı, elə ilk görüşdəncə həmsöhbətlərini cazibəsi ilə öz ideyasının müdafiəçisinə çevirə bilirdi.
Bütün bu ardıcıl çalışmalarının yekunu olaraq Azərbaycan Prezidenti 2001-ci ilin 23 mayında Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında sərəncam imzaladı və 2001-ci ilin 9-10 noyabrında milli tariximizin cahanşümul hadisəsi baş verdi.
Bakıda dünyanın 36 ölkəsindən 200-dən çox təşkilatın 400-dən çox nümayəndəsi – qitə-qitə səpələnmiş soydaşlarımız oçağacan misli olmayan bir məclisdə, Dünya Azərbaycanlılarının ilk qurultayında görüşdülər.
Heydər Əliyev həmin tarixi mərasimdə bütün gələcək boyu diaspora quruculuğumuzun və fəaliyyətimizin proqramı ola biləcək müdrik, uzaqgörən nitq söylədi.
Azərbaycan XX yüzildə iki bu biçimli möhtəşəm tədbirə şahid olmuşdu.
Birincisi, 1920-ci il sentyabrın ilk həftəsində Bakıda 37 millətin 1891 nümayəndəsinin iştirakı ilə keçirilən, Nəriman Nərimanovun açılış nitqi ilə başlanan Şərq Xalqları Qurultayı, ikincisi isə, 1926-cı ildə yenə Bakıda baş tutan, bütün dünyanın ən güclü alim və yurdsevərlərini qovuşduran Birinci Türkoloji Qurultay.
Amma 2001-ci ilin noyabrında 60-dan artıq tanınmış xarici qonağımız vardısa da, Qurultay bir millətinki idi, dünya azərbaycanlılarınınkı idi.
Bununla da tam bənzərsiz və tarixi baxımdan da qeyri-adi hadisə idi.
Bütün dünya boyu səpələnmiş azərbaycanlılarının təmsilçilərini Bakıya toplamaq əslində misilsiz bir çağırış idi: harada yaşayırsınız yaşayın, sizin əsas Vətəniniz buradır, paytaxtınız buradır, biz birlikdə güclüyük.
Və bu həm də dünyaya mesaj idi ki, biz 50 milyonluq qüdrətli, yenilməz bir xalqıq!
Həmin Qyrultaydan lap az sonra – 2002-ci ilin 5 iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yarandı və ömrü boyu sistemli iş görmüş Heydər Əliyev dünya azərbaycanlılarını daha da həmrəy, daha da yekdil, daha da yaxın edəcək çox önəmli dövlət qurumunun fəaliyyət yolunu açdı.
Biz dövlətik, təbii ki, başqa nazirliklərimiz də var, hərəsinin də öz səlahiyyətləri, öz əhəmiyyəti.
Ancaq Diaspora Komitəsini onların hamısından fərqləndirən bir cəhət var ki, bu qurum yalnız 10 milyonluq Azərbaycan Respublikasına deyil, hüdudlarımızdan uzaqlardakı, dünya boyu yaşayan on milyonlarla başqa soydaşlarımıza da üz tutub, onların da xidmətindədir.
Milli vəhdətə, milli birliyə belə xidmətgöstərmə böyük şərəfdir.
Məhz elə bu səbəbdən də Diaspora Komitəsinin növbəti ildönümünü ümummilli mənası olan bir hadisə saymalıyıq.
Bu 18 il boyunca əlbəttə ki, xeyli iş görülüb.
Lakin millət taleyindəki ümdə məqamını və bütün sabahımız üçün gərəkliliyini dərk edərək bu təsisatın fəaliyyətlərini mütəmadi olaraq izlədiyimdən qətiyyətlə təsdiqləyə bilərəm ki, son 2 ildə Komitə ötən illərdəki işinin ümumi çəkisi ağırlıqlı nəticələr ortaya qoyub.
Həm də bunu tək mən demirəm, dünyanın dörd bucağındakı fəal diaspora xadimləri də təsdiqləyir.
Cavan, bilikli, yeni ideyalarla dolu Fuad Muradovun gəlişi ilə Diaspora Komitəsinin həyatında sanki qan təzələnməsi baş verib, dünənəcən mövcud olan çox soyuqluqlar aradan gedib.
Sanki ölkələr arasındakı məsafələr də qısalıb. Təsəvvür edin ki, get-gəllərin, təyyarə uçuşarının dayandığı son çətin aylarda belə Diaspora Komitəsi 100-dən artıq beynəlxalq videokonfrans keçirib. Təmas əvvəlkindən də sıx olub.
Elə sonuncusu dünən – bayramqabağı, ildönümü öncəsi, iyulun 4-də keçirilirdi.
90-dan artıq iştirakçı qatılmışdı və səsləri ABŞ-dan, Almaniyadan, Fransadan, İtaliyadan, Çilidən, Avstriyadan, Türkiyədən və daha neçə ölkədən gələn bu ağıllı, vətənpərvər insanları dinlədikcə fərəhlənirdim ki, görün nə qədər möhkəm dayaqlarımız var.
Diaspora Komitəsi çox əhəmiyyətli bir millət körpüsüdür ki, bu gün həmin quruma rəhbərlik edən Fuad Muradovun rəhbərliyi ilə qarşısında duran son dərəcə nəcib – həm xalqımıza, həm dövlətimizə lazım ali vəızifələrini ləyaqətlə yerinə yetirir.
Atalar sözüdür, gəzən ayağa daş dəyər.
Təbii ki, böyük işlər görən Diapora Komitəsinə qısqanc münasibətlər bəslənməsinə, qazanılan uğurlara dargöz yanaşmalara da ara-sıra rast gəlirik.
Neyləməli, bu böyük yolun qanunudur.
Sən yolunu əzmlə gedirsənsə, belə cılız manelər səni müvazinətdən çıxarmamalıdır, əsas və müqəddəs hədəfindən yayındırmamalıdır.
Vaxt özü onları kənara atacaq!
Mən inanıram ki, Diaspora Komitəsinin millətimizi daha vəhdətdə etməyə yönəlmiş daha böyük nailiyyətləri hələ qarşıdadır.
Uğurlar həmişə sizinlə olsun, bayramınız mübarək, əziz dostlar!
 
Rafael Hüseynov
Millət vəkili, akademik 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook