RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ömrünün yarım əsrdən çoxunu Nizami Muzeyində çalışan əməkdaşın yubileyi qeyd edildi + Foto İyul 09, 2020 | 18:46 / Tədbirlər

Illərdir ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xoş bir ənənə hökm sürür. Muzey əməkdaşlarının yubileyləri təntənəli şəkildə qeyd edilir, onların muzeydə keçən ömrünün illərini əks etdirən stendlər düzəldilir, onların əsərlərindən ibarət sərgilər təşkil olunur.
Bu il iyul ayının 2-də Muzeyin daha bir əməkdaşının – “Elmin inkişafı və tədris layihələri” şöbəsinin elmi işçisi Tutuxanım Məmmədovanın 70 yaşı tamam oldu.
Elə həmin gün sosial şəbəkələr xətti ilə muzey əməkdaşları təbriklərini yubilyara çatdırsalar da, qərara alındı ki, karantin rejiminin şərtləri nəzərə alınmaqla hər halda bu yuvarlaq ildönümü yığcam tərkibdə olsa da, həm də təntənəsiz ötməsin, muzey divarları arasında da qeyd edilsin.
Nizami muzeyinin bir özəlliyi və gözəlliyi də onun xudmani həyətinin olmasıdır.
İyul ayının 7-də elmi işçi Tutuxanım Məmmədova və daha bir neçə əməkdaş dəvət edilərək yubiley mərasimi muzeyin həyətində təşkil edildi.
Muzey rəhbərliyi yubilyara orijinal bir hədiyyə hazırlamışdı.
Ənənəvi Fəxri Fərman əvəzinə T.Məmmədovaya “Sözümüz” adlandırılmış xüsusi təbriknamə təqdim edildi.
Təbriknamənin bir səhifəsində yarım əsrdən artıq müddətdə muzeydə çalışan T. Məmmədovanın kollektivə ilk gəldiyi çağlardan tutmuş son dövrədək çəkilmiş fotolarından ibarət kollaj əksini tapmışdı. Muzey əməkdaşlarının ortaq duyğularını ifadə edən Təbrik məktubunda bunlar yazılmışdı: “ Əziz Tutu xanım!
Bu fotolar müxtəlif illərin yadigarıdır. Bunları müxtəlif onillərdə muzeydə doldurduğunuz şəxsi vərəqələrdən götürdük. Bu sadə fotolarda bütöv bir ömür görünməkdədir. Əlbəttə, illər insanı dəyişir. Amma elə ayrı-ayrı illərin yadigarı olan bu fotolar da təsdiqləyir və biz də yaxşı bilirik ki, Nizami muzeyinə lap təzə gəldiyiniz vaxtlarda çöhrənizdə olan işıq, səmimiyyət, mehribanlıq bu gün də qalmaqdadır. Təbii, o da müəyyən qədər dəyişib. Ancaq azalmayıb ki, artıb. Ona görə də elə əvvəlki kimi cavan, həmişə xoş ovqatlı, işgüzar, sevimlisiniz.
Siz muzeydə zal baxıcısı kimi fəaliyyətə başlayanda 1967-ci il idi. Muzey ilk gəlişinizdən sizinçün düşərli olub. Ertəsi ili Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul edilmisiniz. 1974-cü ildə ali təhsilinizi başa vurandan sonra artıq qəlbinizdə yaranmış Nizami muzeyi sevgisi sizi yenə doğma ocaqda qalmağa sövq edib və izahatçı kimi işləməyə başlamısınız.
53 illik muzey həyatınız apardığınız saysız-hesabsız ekskursiyalar, tərtib etdiyiniz kitablar, yazdığınız məqalələr, təşkil etdiyiniz çoxlu görüş və tədbirlər deməkdir.
İndi yuvarlaq idönümünüz günündə sizə ən gözəl arzularımızı çatdırarkən cavabı çətin tapılası bir sualla qarşı-qarşıyayıq: Siz muzeyi daha çox sevirsiniz, ya muzey sizi?!”
Muzeyin direktoru, akademik Rafael Hüseynov Təbriknaməni yublyara təqdim edərək ona ürək sözlərini də çatdırdı. Akademik vurğuladı ki, 50 ildən artıq muzeydə çalışan Tutu xanımın gərgin əmək fəaliyyətində tərtib etdiyi kitabların, yazdığı məqalələrin, təşkil etdiyi tədbir və görüşlərin izləri vardır. Alim, həmçinin, qeyd etdi ki, uzun illər muzeyin bələdçisi olan Tutu xanımın apardığı ekskursiyalar tamaşaçıların yaddaşında həkk olmuşdur, eyni zamanda onun, yeni nəsil bələdçilərin yetişməsində özünəməxsus rolu vardır.
Daha sonra akademik Rafael Hüseynov Tutu xanımın və digər əməkdaşların diqqətinə çatdırdı ki, Şah İsmayıl Xətai öz fərman əmr və məktublarını “Sözümüz” başlığı ilə yazdırırdı. Biz də bu ənənədən istifadə edərək Təbrik Məktubumuzu, ürək sözlərimizi kollektivin adından “Sözümüz” başlığı ilə Tutu xanıma təqdim edirik və əslində bunun özü də bir ilkdir..
Mərasimdə muzeyin Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin müdiri Tomris Babanlı çıxış edərək T.Məmmədovaya təbriklərini çatdırdı, ötən illərin maraqlı xatirələrini yada saldı.
İlk gənclik illərindən Nizami muzeyinə bağlı olmuş Tutuxanım Məmmədova 70 illik yubileyinin imkan taparaq belə çətin vaxtda keçirilməsindən çox təsirləndiyini söyləyərək bildirdi ki, iyulun 2-də muzeyin əməkdaşlarının səhərdən axşamadək ona çatan təbrikləri bu doğum gününü həyatının ən gözəl bayramlarından birinə döndərmişdi. Muzeyin doğma həyətində kollektivin iştirakı ilə keçirilən yubiley mərasim isə onunçün heç vaxt unudulmayacaq əziz bir günə çevrildi.

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook