RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
100 il əvvəlin kədərli və şərəfli hadisəsi + Foto İyul 20, 2020 | 19:04 / Mühüm hadisələr

100 İL ƏVVƏLİN KƏDƏRLİ VƏ ŞƏRƏFLİ HADİSƏSİ

Əziz vətəndaşlarım!
Dünya boyu səpilmiş əziz soydaşlarım!
Sizin hamınıza ona görə müraciət edirəm ki, istər Azərbaycan respublikasında yaşayanlar olsun, istər Vətəndən uzaqda ömür sürənlər, İSTİQLALımız, Dövlət Müstəqilliyimiz hamımızın, sizin hər birinizin ən ali və ortaq sərvətidir.
Düz 100 il əvvəl -- 1920-ci il iyulun 19-da o istiqlalı bizə gətirənlərdən olan və həmin yolda da canını qurban vermiş Həsən bəy Ağayev Tiflisdə qətlə yetirilib.
Düz 100 il əvvəl bugünkü gün -- iyulun 20-də orada üstünə başdaşı belə qoyulmadan qaranlıq qatışanda xəlvəti dəfn edilib.
Həsən bəyə və qurucu babaların hər birinə bizim əbədi vəfa borcumuz var.
İstiqlal içərisində məsud yaşadığımız hər günə görə onlara minnətdar olmalıyıq.
Mən millətimdən rica edirəm!
Bu gün (və əslində hər zaman) böyük Həsən bəy Ağayevi, 1918-ci ilin mayında İstiqlal Bəyannaməsini ilk dəfə elan etmiş bu ŞƏHİDimizi məhəbbətlərinizlə, dualarınızla, ruhuna oxuduğunuz fatihələrinizlə, rəhmətlərinizlə yad edin!
Təvəqqe edirəm! Tiflisdə yaşayan soydaşlarımız onun Nəbatat bağındakı qərib məzarını gözüyolda qoymasın.

ƏZİZ HƏSƏN BƏYİN NİGARAN RUHU
MİLLƏTİMİZİN VƏ YURDUMUZUN YETİŞƏCƏYİ DAHA XOŞBƏXT GÜNLƏRİ UCALARDAN SEYR EDƏRƏK
ŞAD OLSUN!

İSTİQLALIMIZIN CARÇISI

...Günlərin birində o evdə yanğın baş verdi.
Əlbəttə, istənilən yanğın böyüklüyündən-kiçikliyindən asılı olmayaraq qan qaraldır, ürək sıxır.
Hər insaflı adam istər-istəməz düşünür ki, bu fəlakət onun öz başına gələ, ya bir yaxınının, doğmasının qarşısına da çıxa bilərdi. Ona görə də “Allah uzaq eləsin, Allah özü kömək olsun!” pıçıldayır özlüyündə.
Kim desə ki, digərinin belə müsibətinə sevinən, ya ən azı etinasızca “Olsun də!” söyləyən də tapılır, bunu da qəbul edirəm. Adamdan adama təfavüt var. Daha dəqiqi, adam olmayanla əsl adamın elə mahiyyətcə fərqi belə ayrıntılarda üzə çıxır.
Böyük bir yanğının üzərindən uçaraq bu alovu bir az da şiddətləndirmək üçün dimdiyində xırdaca çop aparan sərçə, bu odu söndürməkçün ağzında bir damla su daşıyan qaranquşun əhvalatı hər kəsə bəlli.
O sərçə də bilirdi bu coşan atəşin müqabilində onun gətirdiyi bircə çöp nəyisə ciddi şəkildə dəyişən deyil, qaranquş da agah idi ki, bircə qətrə ilə bu boyda yanğın nə yatar, nə azalar.
Bədxahlıq birinin,rəhmdillik digərinin xisləti idi!
Qəlbinin qara, ya nurlu olmasının kənardakılara bütün aydınlığı ilə görünməsindən ötrü çox zaman elə bu cür adicə hərəkət, bircə kəlmə bəs edir.
...Həmin dediyim mənzildəki yanğın qəziyyəsini eşidəndə həddən artıq pərişan oldum. Yalnız ona görə yox ki, hadisə mənə yaxın olan insanların mənzilində baş vermişdi. Məni ən çox həyəcanlandıran həmin qəza əsnasında məhv ola biləcək tarixdən sarı təşviş idi.
...Mən də gücüm çatan köməyi etdim, imkanı və xeyirxahlığı məndən müqayisəedilməz qədər çox olan bir başqası – çeşməbasarlı Səmədin nəvəsi yanmış mənzili yaxşıca təmir də elətdirdi.
Amma böyük dərd onda idi ki, bu hadisə zamanı yanğından qat-qat yandırıcı bir acı sonluq da ortada idi. Həmin mənzildə bir zamanlar o evdə yaşamış Sevda xanımın illər boyu qoruduğu-saxladığı, ondan əvvəlsə nənəsi Xədicə xanımın siyasi burulğanlarla daşan müdhiş dövrlərin çəngindən xilas edərək göz bəbəyi kimi hifz etdiyi sənədlərin, fotoların bir qismi də külə dönmüşdü.
Hər müsibətin içində həmişə hökmən bir işıqlı tərəf, ümid yeri də qalır.
Əvvələn bu hadisənin təfərrüatlarını öyrəndən sonra ona sevindim ki, heç də bütün kağızlar, sənədlər, şəkillər tələf olmayıb. Digər yandan ona sevindim ki, nə yaxşı illər qabaq o yadigarların narahat qoruyucusu Sevda xanımın bütün müqavimətlərinə baxmayaraq hər halda onu çətinliklə də olsa yola gətirə, bu saxlancları bir neçə saatlığa evdən çıxarmağa icazə ala bilmişdim. Aldıqlarımı aparmışdım nəşriyyata, hamısının surətlərini çıxarmışdıq, bilgisayarın yaddaşına köçürmüşdük.
Vaxtında bunu etməsydim, yanğının biryolluq yoxa çıxardığı tarix izlərini daha heç vəchlə bərpa etmək mümkün olmazdı.
Sevda xanım Pepinova Azərbaycan Cümhuriyyətinin əmək naziri olmuş Əhməd bəyin övladı idi.
Məclis-i məbusandakı çıxışlarında Əhməd Cövdıət kimi qeyd edilən bu bilkli, vətənpərvər, mətanətli insanın əsl soyadı Ömərbəyov idi.
1915-ci ildə Gürcüstanda əhalinin siyahiyaalınması aparılanda bir çox türk soyadlılara gürcü familiyaları verilmişdi. Müəyyən qədər etiraz edənlərin, müqavimət göstərnlərin isə soyadları dəyişdirilərək elə şəklə salınmışdı ki, ilk baxışdan onun milliyətini də müəyyəm etmək çətinləşmişdi, amma lazım gəlsə bunlarrı gürcü sırasına da qatmaq olurdu. Çünki bu qəbil dəyişdirilmiş soyadlarda ənənəvi gürcü familiyası sonluqları əvəzinə rusdan gələn “ov”, “yev” artırılsa da, soyadı nişan vermək üçün seçilən söz gürcü kəlməsi olurdu.
Moskva arxivlərində Əhməd bəyin tələbəlik çağları ilə bağlı 1913-cü ilə aid sənədlərə baxmışam. Orda hər yerdə “Ömərbəyov” gedir. “Pepin” gürcü dilində bir ağacın adıdır. Əhməd bəygilin ailələrininsə o cür ağacların bol olduğu bağları, meşəliyi varmış. Bunu bəhanə gətirərək həmin soyad qondarılıb.
Lakin Sevda xanım atasının müqəddəs əmanəti saydığı bu nadir, həm də hər dəfə birinci dəfə eşidənlərdə “Görəsən milliyyəti nədir?” sualı oyadan bu soyadla iftixar edirdi.
Sevda xanım sevdiyi insanla, görkəmli səhnə xadimi, xalq artisti Lütfəli Abdullayevlə xoşbəxt ailə həyatı qursa da, qızlıq soyadını saxlamışdı.
Balaları “Abdullayeva” soyadı daşıyırdılar, o isə “Pepinova” qalmışdı.
“Atamın tək övladıyam, nə qədər varam, adı da, soyadı da məninlə birgə diri qalsın”, – deyirdi.
Əhməd bəy Azərbaycan Məclis-i Məb`usanının, ilk parlamentimizin rəhbəri olmuş Həsən bəy Ağayevin qızı Xurşid xanımla evlənmişdi.
Düzdür, parlamentin sədri Əlimərdan bəy Topçubaşov idi. Ancaq Əlimərdan bəy bircə gün belə həmin kürsüdə oturmamışdı.
O, Vətəndən uzaqlarda Azərbaycan istiqlalının beynəlxalq aləmdə tanınması üçün iş aparırdı və onu qiyabi olaraq sədr vəzifəsinə də ona görə seçmişdilər ki, həmin danışıqları apararkən rəsmi status daşısın, dövlət adından söz deməyə haqqı olsun.
Parlament sədri vəzivəsini icra edənsə rəsmən müavin olan Həsən bəy idi.
1918-ci il mayın 26-da Tiflisdə, sabiq Qafqaz canişinliyinin binasında Azərbaycanın dövlət müstəqilliyini ilkin olaraq elan edən, istiqlal bəyannaməsini oxuyan da Həsən bəy Ağayev olmuşdu!
(Və elə devrilən müstəqilliyin də ilk qurbanlarından biri o oldu!).
...Xədicə xanım nəvəsi Sevdaya Həsən bəyin qısa və mərdanə ömrünün bütün olmuşlarını ən xırda cizgilərinə qədər söyləmişdi. Az qala həmin bilgiləri bir dua kimi ciyərparasına təlqin etmişdi ki, bunlar unudulmasın, itib-batmasın.
Və nə ağıllı,nə müdrik qadınmış.
...Tale məni Sevda xanımla görüşdürdü. Ailəlikcə yaxın olduq. İlləri boyu ürəyində, beynində daşıdığı həmin Həsən bəy Ağayev, Əhməd bəy Pepinov, Cümhuriyyət hekayətlərini mənə söylədi.
O danışdı, mən lentə aldım, qeydlər götürdüm...
Bir insanın sinəsində yaşayan qiymətlidən qiymətli tarix parçaları beləcə tarixə köçdü, kitaba döndü.
İnsan müvəqqətidir. Yanğında qeyb olan əşyalar, vərəqlər, şəkillər, sənədlər kimi adamın da haçansa yolu bitir, nəfəsi dayanır.
Belə bir əbədi ayrılıq günü Sevda xanımçün də yetişdi.
Hələ sağlığında mənə söyləmişdi, elə onun sağlığında bu vəsiyyətini nəsilləri, babası, atası haqqında özünün də oxumuş olduğu kitabımda da yazmışdım.
Son arzusu qara torağın altında sevimli nənəsi ilə qovuşmaq idi.
Həmin qəmli vida günündə Xədicə xanımın qəbrini açdılar, Sevda xanımı da orda basdırdılar.
Əziz Sevda xanım o gecə istəkli nənəsinin çoxdan həsrətində olduğu mehriban qucağında ən əbədi, ən şirin, ən rahat yuxusuna daldı...

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook