RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Millətin həmişə minnətdar olmalı olduğu kişi İyul 22, 2020 | 19:18 / Yubileylər

Həsən bəy Zərdabi ilk növbədə müəllim idi və onun müəllim, həm də böyük hərflərlə yazılan millət müəllimi olmaq məziyyəti yalnız indi – aradan iri zaman parçası keçəndən, gördüyü misilsiz işlərin bəhrələri ortada olandan sonra müəyyənləşən həqiqət deyil. Artıq müasirləri də onu bir müəllim olaraq qəbul edirdilər, qavrayırdılar və bunu açıqca da söyləyirdilər.
...1873-cü il martın 2-də Bakının general-qubernatoru D.Staroselski Tiflisə, Qafqaz canişininə məkub yazır və Azərbaycan tarixində həmişəlik qalacaq fərəhli bir hadisənin baş verməsi üçün icazə istəyirdi.
O məktubun yazıldığı günlərdəsə millətimizin ən üstün maarif və mədəniyyət ƏKİNÇİLƏRİNDƏN olan Həsən bəy Zərdabinin tövsiyəsi ilə onun bir dəstə yetirməsi həmin xoşbəxt və əvvəlinci dəfə baş verəcək hadisənin gerçəkləşməsi üçün hər gün bir yerə toplanır, saatlarla məşq edirdi.
Həsən bəy Zərdabinin çox yumşaq və Bakının baş valisi olduğu dövrdə Azərbaycan üçün xeyli faydalı işlər görmüş bir şəxs kimi dəyərləndirdiyi D.Staroselski Tiflisdəki canişindən, baron Aleksandr Pavloviçdən nə istəyirdi: “Martın 10-da müsəlmanların Novruz bayramıdır (köhnə stillə -- R.H.). Buranın yerli əhalisindən bir neçə şəxs həmin gün Mirzə Fətəli Axundovun “Vəzir-i xan-i Sərab” adlı əsərini (“Vəzir-i xan-i Lənkəran” olmalıdır. Amma belə bir yanlışlığın ortaya çıxması səbəbsiz deyil.
Görkəmli teatr tarixçisi Qulam Məmmədli “Azərbaycan teatrının salnaməsi”ndə Mirzə Fətəlinin 1870-ci il dekabrın 7-də Tehrana, Mirzə Yusifxana məktub göndərdiyini və tərcümə ediləcəyi təqdirdə əsərin adının düzgün yazılmasını rica etdiyini xəbər verir: “Mətbəədə mənim xəbərim olmadan Lənkəranı yanlış olaraq Sərab deyə çap etmişlər. “Sərab” yanlışdır, Lənkəran olmalıdır. Sərabın yanında dəniz yoxdur” – R.H.) tatar dilində (azərbaycanca nəzərdə tutulur. O dövrdə dilimizin adını rus rəsmi mətnlərində bu cür yazırdılar – R.H.) oynamaq fikrindədirlər. Böyük pəhriz müddətində teatr tamaşası verilməsi yasaq olduğundan və məzkur əsər sensor siyahısında qeyd edilmədiyindən, mən əsərin oynanmasına icazə verə bilmədim. Fəqət, digər tərəfdən, məncə, bu dəfə məzkur qanundan istisna mümkündür. Çünki bütün Zaqafqaziya əhalisi arasında Bakı əhalisi Avropa adətlərinə ən çox yabançı qalaraq hər gün yenilik və xüsusən tamaşadan uzaq qaçırlar. Şübhəsiz, onların arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət oyatmaq özü-özlüyündə onları bizə yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün maneəyə uğraması arzuolunacaq hallardan deyildir. Bilxassə, maneə rəsmiyyətdən doğur. Zira tamaşa pəhriz vaxtı verilsə də, tatar dilində olub, məhz müsəlmanlar üçündür. Digər tərəfdən də, pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan edilən əsərlər cümləsinə daxil olmasına səbəb olsun.
Bu mülahizələrlə məzkur məsələni nəzər-i alilərinizə ərz etməklə martın 10-da məzkur əsərin oynanmasına lütfən icazə buyurmaq meylində olub-olmadığınızı teleqrafla bildirməklə bəndəni şərəfyab buyurmağınızı rica edirəm”.
İcazə verilir və Bakı küçələrində indi, üstündən əsr yarıma yaxın müddət sovuşarkən də saralmış nüsxələrini qürurla seyr etdiyimiz afişalar yapışdırılır.
Teatr tariximizin başlanğıcını nişan verən afişa: “Mart ayının 10-cu günü Bakı, Sobraniye salonunda Mirzə Fətəli Axundzadənin təmsili. “Vəzir-i xan-i Sərab”. Dörd məclisdə. Sərab vilayətinin xanı – Əliyar, Mirzə Həbib, onun vəziri – Səməd, Ziba xanım, vəzirin əvvəlinci hərəmi – Nəcəf, Teymur ağa, xanın qardaşı oğlu, ki, Nisə xanıma aşiqdir – Əsgər”.
Tarixi hadisə baş tutur və 1873-cü il martın 25-də Tiflisdə çıxan “Kavkaz” qəzeti belə yazırdı: “Bu tamaşa, demək olar ki, dünya yaranandan indiyə kimi tatar dilində birinci tamaşa idi”.
Azərbaycan dilində “Dünya yaranandan bəri birinci” olan həmin tamaşanın afişasında sadəcə adları qeyd edilmiş iki cavan – Nəcəf və Əsgər az sonra çoxlarının tanıyacağı, milli mədəni tərəqqimizdə misilsiz izlər buraxacaq Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov Gorani idi.
1873-cü il mayın 13-də yenə “Kavkaz” qəzeti xəbər verirdi: “Bakıdan bizə yazırlar ki, keçən aprel ayının 17-də Bakı cəmiyyətinin salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası verdilər. Bu dəfə M.F.Axundovun “Mərd-i xəsis” adlı beşpərdəli komediyası oynanmışdır. Cəmiyyətin salonu lap dolu idi və xeyriyyə üçün 120 manat gümüş pul toplanmışdır”.
Bəs ifaçılar öz işlərinin öhdəsindən necə gəlmişdilər?
Bunu bizə olmuşların ən ədalətli canlı şahidi, illər sonra keçmiş günləri anan Həsən bəy Zərdabi 1905-ci ilin dekabrında “Həyat” qəzetində dərc edilmiş məqaləsində nəql edir: “Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi".
1873-də milli teatrımız doğuldusa, ikicə il sonra, 1875-ci ilin 22 iyulunda birinci qəzetimiz yarandı və Həsən bəyin “Əkinçi”sinin ilk müxbirləri sırasında onun şagirdi Əsgər ağa Gorani də vardı.
Gənc Əsgər ağa Gorani xalqın irəli çıxmışlarından, imkanlılarından gileylənirdi ki, niyə təhsilə biganəyik, mətbuata laqeydik: “Burada təəccüb edirlər ki, Qafqazda iki milyonacan müsəlman var, amma bununla belə, bircə qəzeti də dolandıra bilmir və halonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var. Əlbəttə, bu barədə bizim kənd əhlində taxsır yoxdur. Mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırdır əlləri qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda, kənd əhli post adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirdib onlara paylamırlar. Əgərçi özləri üçün qəzet gətirdən bəyzadələrin hesabını bilmirəm, amma bunu bilirəm ki, bizim Qarabağda gimnaziya üçün pul cəm edənlərə onların çoxu cavab verib ki, biz niyə pul verək? Pəs biz pul verək ki, xalqın usağı oxuyub adam olsun?..
Belə cavab verəndən millət təəssübü çəkən və “Əkinçi”nin mənzurunu qanan olarmı?”
Amma Həsən bəy kimi nur daşıyıcıları heç vaxt nə maneələrdən çəkinirlər, nə onlara kiminsə dəyər verməsini gözləyirlər, nə onlara laqeyd münasibət bəsləyənlərə, böyük əməllərini görməzliyə vuranlara bənd olurlar.
Böyük yollarını gedirlər və onların əsl qiymətini də Əlahəzrət ZAMAN verir.
Bu gün 2020-ci il iyulun 22-də, balası “Əkinçi”nin 145 yaşının tamamında ona daim minnətdar olmalı olan xalqı Həsən bəyi ən dərin sevgiləri ilə anırsa, vaxtın qasırğaları onu millət yaddaşından qopara bilməyibsə, fədakar Ustadın diriliyinə, daha heç vaxt bizsiz və sayğısız qalmayacağına bundan parlaq sübut olarmı?

Akademik Rafael Hüseynov

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook