Bütün kino işçilərini (onların arasında ilk növbədə bu sahə ilə bağlı dostlarımı) MÖCÜZƏ günü münasibətilə ürəkdən təbrik edirəm.
Olsun ki, sadə insanların kinoya – ekranda hərəkətə gələn, danışan təsvirlərə
möcüzə kimi baxdıqları çağlar lap çoxdan arxada qalıb.
Lakin mən sadəlövhlükdən gələn heyranlıqla deyil, bu sənətin nə qədər əhəmiyyətli, elə kitab kimi qocalmaz, həm də bağışladığı zövqdən savayı başdan-başa tarix daşıyıcısı bir dəyər olmasını anlayaraq onu həm sevir, həm də möcüzə saymaqda davam edirəm.
Uzaq 1960-cı illərdə, ikinci sinifdə oxuyanda, əlimə keçən bütün kitabları acgözlüklə bir-bir mütaliə etməyə başladığım çağlarda Ədhəm Qulubəyovun “Sovet Azərbaycanının kinosu” adlı kitabını almışdım.
Və ardınca da Nurəddin Həbibovun “Rəssamlıqdan söhbət” kitabını.
Təbii, illər sonra mən kino ilə də bağlı, rəssamlıq haqqında da yüzlərlə dəyərli kitablar oxudum.
Amma həmin 2 kitabın başlanğıcda mənə öyrətdiklərinə və içərimdə o və bu sahəyə xüsusi məhəbbət yaratdıqlarına görə müəlliflərinə həmişə minnətdaram.
Ədhəm Qulubəyovun kitabı kinomuzun tarixini 1916-cı ildən başlayırdı və uzun müddət bu elə rəsmən qəbul edilmiş tarix idi.
Əslində həqiqəti də var.
Bədii kinomuzun tarixi elə həmin ildən, İbrahimbəy Musabəyovun məlum povesti əsasında çəkilmiş “Neft və milyonlar səltənəti”ndən başlanır.
Lakin Azərbaycanın kino keçmişini öyrənməkdə əvəzsiz əməkləri olan Aydın Kazımzadə mühüm milli xidmət sayılası tapıntıları ilə gerçək tarixləri – kino yolumuzun ifixarlı başlanğıcını ortaya çıxardı.
İftixarlı ona görə ki, dünya kinosu 1895-ci ildə doğulub, Azərbaycan kino sənəti isə 1898-də.
Vur-tut üçcə il sonra!
Yəni Azərbaycan dünya mədəniyyətindəki son dərəcə vacib hadisəınin beşiyi başında duranlardandır.
Təsəvvür edin ki, indi dünya kinosunda aparıcı mövqe tutan ölkələrin əksəri bu sənətə çox illər sonra qovuşa biliblər.
2 avqustu da ona görə Azərbaycan kinosu günü kimi bayram edirik ki, məhz 1898-ci ildə həmin gün ilk dəfə Bakıda, bəyaz ekranda “Bibiheybətdə neft fontanı yanğını” adlı ilk filmimiz nümayiş etdirilib.
Ardınca da "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlər.
Deməli, əslində kinomuzun yaranışı həmin gündən aylar əvvələ, bəlkə də lap 1897-ci ilə təsadüf edir.
Axı bunlar film olaraq təqdim edilməzdən əvvəl müəyyən müddət ərzində çəkilməli, montaj edilib sahmana salınmalı idilər.
Mənim çoxdankı arzumdur ki, Bakının mərkəzi küçələrində, Fəvvarələr meydanında yüksələn, postamentsiz, elə oradan keçən insanlara qarışırmış kimi dekorativ heykəllərin qatarında bir başqa heykəl də artsın.
Fotokamerasının arxasında dayanıb çəkilişə hazırlaşan Aleksandr Mişon.
Azərbaycan foto və kino sənətinin başlanğıcında dayanan unudulmamalı insan!
Növbəti kino bayramımıza biz də əliboş gəlmədik.
Azərbaycantelefilmdə “Söz məbədi” adlı tammetrajlı iki hissəli film-essenin montajını da tamamlayaraq təhvil verdik.
Hərəsi təqribən bir saat olan “Nizaminin salamı” və “Yaddaş körpüsü” adlı filmlər kardlarında söz və mədəniyyət tarximizin elə səhifələrini, elə simalarını əks etdirir ki, zənnimcə, zaman ötdükcə dəyəri qat-qat artacaq.
Avqustun 3-də, Kino Bayramımızın ertsəi günündəsə bir neçə həftə qabaq çəkilişlərini başa çatdırdığımız “Bakıxanovlar” filminin montajını başlayırıq.
İnanıram ki, yaşadığımız ayların yaratdığı bütün sıxıntı və məhdudiyyətlərə rəğmən hansısa başqa studiyalarda da hansısa yeni filmlərimiz doğulmaqdadır.
...Milli Kinomuzun 125 yaşına 3 il qaldı!