RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Bakı günü kimi bayram edilməli şanlı tarix Sen 15, 2020 | 19:21 / Tədbirlər

Azərbaycan xalqının istiqlal mübarizələri tarixində xüsusi yeri olan 15 sentyabr Bakının qurtuluşu günü Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qeyd edilib.

Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyi və istiqlal mübarizəsi tarixi ilə bağlı olan günlərin, o sıradan Bakının 1918-ci ilin sentyabrında erməni-bolşevik işğalından azad edilməsi ilə bağlı hər il Nizami Muzeyində tədbirlərin ənənəvi olaraq keçirilməsinin mühüm bir tarixi səbəbi də var. Muzeyin indi yerləşdiyi bina XX əsrin əvvəllərində bu tarixi hadisələrin bilavasitə cərəyan etdiyi əsas məkanlardan biri olub.

Sentyabrın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin həyətində keçirilən mərasimdə çıxış edən Azərbaycan Milli Məclisinin üzvü, muzeyin direktoru akademik Rafael Hüseynov deyib: “Millətimizə istiqlalı və dövlət müstəqilliyini yadigar qoyub gedən, Azərbaycan Xalq Cümhuriyyətini qurmuş böyük vətənpərvərlər 15 sentyabrı 28 maya bərabər tutarkən haqlı idilər. 1918-ci ilin may ayının 28-i müstəqil dövlətimiz fəaliyyətə başlasa da, Bakı Stepan Şaumyanın başçılıq etdiyi Xalq Komissarları Sovetinin əlində idi və onlar elan edilmiş müstəqilliyimizi beşikdəcə boğmaq üçün tədbirlər görürdülər. Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Yalnız 1918-ci ilin 15 sentyabrında Azərbaycan Əlahiddə Korpusu və Qafqaz İslam Ordusunun şücaəti sayəsində Bakı azad edilir və sentyabrın 16-da paytaxt Bakı önündə Nuru paşanın və Əlağa Şıxlinskinin getdiyi qələbə paradının sevincini yaşayır. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya gəlir, indi Nizami muzeyinin yerləşdiyi, o vaxt “Metropol” mehmanxanası olan binaya köçür, ilk nazirlərimiz burada həm yaşayır, həm işləyirdilər. Lap az əvvəlsə həmin oteldə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mübarizə aparan digər qüvvə, ingilis qoşunlarının əsgər və zabitləri yerləşmişdilər. Bu da həmin binanın tərcümeyi-halındakı daha maraqlı bir məqamdır ki, Bakıda və Azərbaycanın digər yerlərində törədilmiş soyqırımlarını araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası da sentyabrdan etibarən bu binada qərar tutdu. İndi ünvanı İstiqlaliyyət küçəsi olan Nizami Muzeyi bu şanlı tarixlərin hər birini hər il təntənə ilə bayram edir, konfranslar, dəyirmi masalar təşkil edir. Biz bu il də ənənəni pozmuruq, pandemiya dövrünün yaratdığı məhdudiyyətləri də nəzərə almaqla 15 sentyabr Bakının Qurtuluş gününün fərəhini həmin hadisələrin mərkəzində dayanmış bu doğma məkanda növbəti dəfə qurucu babalara minnətdarlıqla və iftixar duyğusu ilə anmaqla bölüşürük”.

Mərasimdə Xalq rəssamı Altay Hacıyevin çəkdiyi, indiki Nizami Muzeyinin “İstiqlal” adı verilmiş akt zalında, 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclas salonunda milli rəmzlərin təsdiqi mərasiminə həsr edilən tablo haqqında da məlumat verilib.

Akademik Rafael Hüseynov mərasimdə iki təklifini də səsləndirib: “Zəngin və qədim tarixə malik, dünyanın ən gözəl şəhərləri sırasında məxsusi yeri olan paytaxtımızda lap çoxdan “Bakı muzeyi”nin yaradılmasına ehtiyac var. Bakının həmişə iqtisadi, mədəni, elmi inkişafımızın, ziyalılığımızın mərkəzi olması, şəhərin özünün və onun sahilinə sığındığı Xəzərin uzaq keçmişlərdən bu günə uzanan parlaq səhifələrlə dolu yolu, neftimizin və neft sənayemizin tarixi və bir çox başqa istiqamətlərin qovuşduğu belə muzey öz vətəndaşlarımızın da, paytaxtın qonaqlarının da ən sevimli məkanlarından biri olar.

Digər mühüm istək isə hər il ümumxalq sevinci ilə qeyd etməyi arzuladığımız Bakı günüdür. Çünki Bakı, sevimli paytaxtımız hər bir azərbaycanlınındır, hamımızındır. Bakı günü kimi seçilməyə layiq ən uyğun günsə, elə sentyabrın 15-idir. 1918-ci ildə həmin gündə Bakı da, Azərbaycan da ən xoşbəxt günlərindən birini yaşayıb, 1918-ci ilin 15 sentyabrı müstəqil dövlətimizin paytaxtına çevrilən Bakının həyatındakı ən şanlı səhifənin açıldığı bəxtiyar gün olub. Arzulayaq və inanaq ki, ən yaxın gələcəkdə biz 15 sentyabrı yalnız Bakının qurtuluşu günü kimi deyil, iki bayramı qovuşduraraq həm də hamılıqla Bakı günü kimi bayram edəcəyik”.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook