RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Könüllərdəki "Zəfər lövhəsi" Dek 10, 2020 | 20:06 / Mətbuatda çıxışlar

O əziz gündə, bu millətin həyatındakı ən xoşbəxt saatlarda, Əsgərimiz Azadlıq meydanında Zəfər keçidini edəndə bütün Azərbaycan ağlayacaq.

Çünki bu, köksə sığmayacaq qədər elə böyük duyğu, elə ölçüyəgəlməz səadətdir ki, onu ifadə etməyə sözlərin gücü çatmaz.

Başda o Qəhrəman Əsgərin Sərkərdəsi, Prezident İlham Əliyev olmaqla, bu millətin ölkə boyu bütün övladları, Vətəndən uzaqlarda bu Qələbə paradını seyr edən və ürəyi yurdumuzla birgə vuran hər sadiq vətənpərvər mütləq kövrələcək, hökmən qəhərlənəcək.

Bütöv millətin kirpiklərini isladan, yanaqlarından süzülən, dünyanın bütün bulaqlarının suyundan daha saf, daha müqəddəs olan həmin göz yaşlarının içərisində bizim bütün sözlərimiz, bütün minnətdar duyğularımız olacaq.

Azərbaycanın bütöv tarixində bundan böyük Qələbə olmayıb.

Azərbaycan bütün tarixi boyu heç vaxt bu cür zirehi qalın, arxasında bir neçə qat nəhəng güclər silsiləsi dayanan düşmənlə üz-üzə qalmamışdı.

Biz neofaşizmlə, məkr çanağı ilə üzbəüz idik.

Bu sözlərimi millətim və tarix qarşısındakı məsuliyyətimi dərk edərək, ağır qarşıdurmamızı lap əvvəlindən yaxın məsafədən izləyərək, bizə göstərilən təzyiqlərin ağlasığmaz nəhəng miqyaslarını bilərək əminliklə deyirəm: Prezident İlham Əliyev kimi qüdrətli bir şəxsiyyət olmasaydı, bu məsələ heç vaxt belə məsud həllini tapmazdı.

İllər ötəcək, Qarabağ yenə fərəhli, şad-xürrəm günlərini yaşamağa başlayacaq. O yerləri azad gəzib gözəlliklərdən zövq alanda, oralarda dədə-babalarınızın, əzizlərinizin məzarlarını ziyarət edəndə hər şey halalınız olsun deyə həmişə bu misilsiz Qələbəni bizə ərməğan etmək yolunda çalışmışları, soyuq səngərlərdə güllə yağışı altında qalmışları, şirin canını fəda edib şəhid olmuşları və bu fövqəladə Zəfərin Memarını yada salın, rəhmət deyin, sağ ol söyləyin.

Bu, indən belə bütün zamanlar üçün bizim vəfa borcumuzdur!

Dünyada Birləşmiş Millətlər Təşkilatından nüfuzlu, ondan daha sözükeçər beynəlxalq qurum yoxdur. Əgər BMT-nin Təhlükəsizlik Şurası 1990-cı illərin başlanğıcında, işğaldan azacıq sonra

4 ciddi qətnamə qəbul edirsə və 27 il onların icrası yolunda heç bir qəti addım atılmırsa, ATƏT-in Minsk Qrupu, 3 superdövlətin həmsədrliyi illər uzunu heç bir səmərəli nəticəyə gətirib çıxarmırsa, bu, bütün bağlı sualların hamıya görünə bilən açıq cavabı sayılmalıdır.

Deməli, məsələni həll etmək istəmirdilər.

Bu hələ səhnənin bizə görünən tərəfi. Pərdə dalında nə qədər təzyiqlər varmış, təhdidlər varmış.

Bu, çıxılmaz kimi görünən siyasət cəngəlliyində inamını, ümidini itirməmək, səbatını qoruyub saxlamaq, bütün verilən şərtlər daxilində çözüləbilməz təsiri bağışlayan düyünü birdəfəlik qırıb-dağıtmağa doğru qədəm-qədəm, tədbirlər tökə-tökə, möhkəm təməllər yarada-yarada irəliləmək hünərdir.

"Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik". Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq".

Haqqı tapdalanan ölkələr adətən şikayətlənirlər, ədalət tələb edirlər, kömək umurlar.

Prezident İlham Əliyevin bu sözləri haqq istəyən, illər, bəzən onillər keçsə də, məqsədlərinə çata bilməyən ölkələr və xalqlar üçün bir yol xəritəsi sayıla bilər.

Biz sadəcə şikayətlənmədik, ədaləti tələb etmədik, həqiqətin bərqərar olmasını arzulamadıq, ədalət umduqlarımızın bacarmadıqları, ya istəmədikləri halda bunu edə bildik!

Odur ki, Prezident İlham Əliyevin Zəfəri, Azərbaycanın qələbəsi sadəcə ölkə, bölgə miqyaslı deyil, ümumdünya əhəmiyyətli bir fövqəladə hadisədir.

Və bu Zəfərinə doğru irəliləyən Prezident İlham Əliyev Ermənistanın danışıqlar masası arxasında nə deməsindən asılı olmayaraq qəsbkarın belə bir barışmaz mövqeyindən də agah idi ki, dünya erməniliyi və onlara dəstək olan güclər tərəfindən tam arxayın salınıblar, zəbt etdikləri torpaqlardan çıxmaq niyyətləri heç yoxdur. Prezident bu acı həqiqətləri də belə açıq şəkildə yalnız indi, Qələbəsini çalandan sonra etiraf edir: "Artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər. Əks-təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər. Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən erməniləri gətirib oraya yerləşdirirdilər".

Azərbaycan bütün süni barıları, siyasət barrikadalarını aşandan, məsələni həll edərək nöqtəsini qoyandan sonra da həmsədr ölkə olduğu üçün buna nə hüquqi və nə mənəvi haqqı çatan Fransa nümayişkaranə şəkildə, tez-tələsik öz Senatı səviyyəsində dünyanın heç bir dövlətinin, o sıradan Ermənistanın da tanımadığı qondarma rejimi tanımaq haqqında qərar qəbul edirsə, bu, bir daha Azərbaycanın hansı arxaları olan bir iblisliyi yendiyini və bunun nə qədər çətinliklə qazanılmış bir nailiyyət olduğunu isbat edir.

Yəni Fransa dünyanın gözü qarşısında indi birbaşa öz dövlət nüfuzuna da əskiklik gətirdiyinə məhəl qoymadan canfəşanlıqla belə bir addımı atırsa, təsəvvür edin ki, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasına pəl vurmaqçün, Ermənistanın və erməniliyin maraqlarını təmin etməkçün həm diplomatik səviyyədə, həm də əl altından nə planlar cızırmış, hansı fitnəkarlıqlara rəvac verirmiş.

Odur ki, Qələbəmizin cahanşümulluğu, miqyasları haqqında bir daha düşünün, bu Zəfəri təkcə Ermənistan və erməniliyi məğlub etməyimiz də saymayın.

Metastaz vermiş bu siyasət xərçəngi çox şaxələnmişdi, çox dərin qatlara sirayət etmişdi.

Sabahın Şah Xətaisi Heydər oğlu İsmayıla bir talada lələsi Hüseyn bəy Şamlu təlim verirdi, onu fəthlər edəcəyi sabahlara hazırlayırdı, alnına ata-babasının şərəfini qorumaq yazılmış, yaşından irəli gedərək erkən kişiləşmiş bu uşağa elm və həyat öyrədirdi.

İçərisini biliklərlə doldurduqca ona təlqin edirdi ki, sən çox böyük olmalısan. Düşmənlərin var, hələ nə qədər də artacaq. İstəməyənlərin, paxılların da az olmayacaq. Səni çökdürməyə, yox etməyə, boyun əydirməyə çalışacaqlar. Buna gücləri çatmayanda səni ruhdan salmaqçün böyüklüyünü görə-görə, gücünü bilə-bilə, işığını duya-duya görməzliyə  vuracaqlar. Ancaq o qədər üstün olmalısan, o qədər yenilməz olmalısan ki, hamı və düşmənlərin, bədxahların, rəqiblərin də səni görməyə, etiraf etməyə, gücünlə barışmağa vadar qalsın.

Heydər oğlu İlham Əliyev və onun ölkəsi də Zəfərə gətirən 27 il boyunca beləcə daim özünütəsdiq, güclənmək, yüksəlmək, nüfuzunu artırmaq, etiraf etmək istəməyənləri də etirafa sövq etmək, biganə, soyuq, bəzənsə lap əks baxışı olanların düşüncəsini dəyişmək sınaqlarından adladı.

Ümidli gözlərin dikildiyi axırıncı ünvan sən olanda hətta dəhlizin sonunda zərrəcə işıq görünməyəndə də qol-qanadı yana sallamağa, əzmkarlığı azaltmağa haqqın yoxdur.

Və Prezident İlham Əliyev məgər haqlı deyilmi ki, artıq son illər xalqımız sanki acı taleyi ilə barışan kimi idi, yaxın illərdə əhəmiyyətli bir irəliləyişin olacağına inam sanki qalmamışdı: "Prezident seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim var idi. Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar atılmışdı. İşğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi qane edirdi. Ancaq xalqların öz müqəddəratı prinsipinin ərazi bütövlüyü prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son illər mənim də, necə ki Azərbaycan xalqının əksər hissəsinin bütün ümidləri artıq tükənmişdi".

Neçə gedişi irəlicədən görən şahmatçı daha güclü sayılır?

Məşhur kubalı diplomat və qrossmeyster, şahmat üzrə 3-cü dünya çempionu Xose Raul Kapablankanın sözüdür. Söyləyib ki, mən vur-tut bir gedişi irəlicədən görürəm, amma bu, həmişə ən düz gedişdir.

Əlbəttə, həmin yeganə ən düz gedişi etməkçün də gərək beynində yüzlərlə variant dolana, təhlil edib onların arasından ən sərfəlisini seçəsən və hesablamana intuisiyanı da artırıb yekun qərarı verəsən.

İndi elə kompüter proqramları var ki, saniyələr ərzində milyon variantı nəzərdən keçirir. Lakin yenə üstün olan insandır. Saysız mümkün gedişlərdən ən uğurlusu üzərində dayana bilməkçün dəqiq hesablaya bilmək azdır, gərək çox incə fəhmin də ola.

Prezident İlham Əliyevin siyasət şahmatındakı düzgün seçim imkanlarını məhdudlaşdıran və mürəkkəbləşdirən o cəhət də vardı ki, şahmatdan fərqli olaraq, burada oyun heç də həmişə qaydalara uyğun aparılmırdı.

Gerçəklik belə idi, belə də oynamalı və məhz o məhdudiyyətləri və maneələri də göz önündə tutaraq hər gedişini uzaq üfüqdəki Qələbəyə hesablamalıydın.

Ermənistan və erməniliklə mübarizədə bütün başqa amillərdən savayı, gələcək bəxtiyar sabahlardan birində arzulanan Qələbəyə çatmaq üçün düşmənə güc verə biləcək bütün nəfəslikləri irəlicədən bağlamaq lazım idi.

Asan idimi? Qətiyyən yox. Nəqliyyat layihələri hələ sonrakı mərhələ idi. Əvvəl neft kəmərinin haradan keçmə məsələsi vardı və bununçün məhz Ermənistanın seçilməsi ilə əlaqədar inadlı təpkilər də ortada idi. Həm də bizim elə vaxtımızda ki, müqavimət immunitetlərimiz hələ xeyli zəif idi. Lakin o vaxtdan o addımları atmaq qətiyyəti olmasaydı, sonranın bu qalibiyyəti də gəlməzdi: "Mənim yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, - o vaxt mən Dövlət Neft Şirkətində işləyirdim, - müəyyən edərkən bizə nə qədər təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar pozulur. Halbuki bu, cəfəngiyyatdır".

Odur ki, necə oldu Azərbaycan bu yekəlikdəki şəri yenə bildi sualına üzdən görünən 5-10 cavabınızı sadalayanda görünməyən 100 səbəbi də nəzərdə tutun ki, bu qəbil ağıllı gedişlər, hətta ən dar macalda belə uzaq sabahları düşünərək göstərilən prinsipial mövqe olmasaydı, bundan ikiqat güclü ordu və qat-qat çox, daha da müasir silahla belə bu şəri diz üstə çökdürmək, təslimə məcbur etmək mümkünsüz olardı.

Palçığa bir dəfə batan ikinci dəfə ora girmir. El içində bunu adam haqqında deməyiblər, amma adama aid ediblər. Yəni bax ha, hətta o binəva da bir dəfə başına belə iş gəlibsə, nəticə çıxarır, səhvini təkrarlamır.

Azərbaycan Prezidenti dekabrın 1-də Laçının azad olunmasını, artıq münaqişənin sona çatdığını xalqına və dünyaya elan etdi.

Ertəsi günsə Ermənistanın baş naziri də mühüm bir toplantıda, mikrofon önündə, ekran qarşısında idi.

Yəni bütün müharibə və postmüharibə dövründə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ekranlarda hər görünməsi, hər çıxışı, hər müsahibəsi də mahiyyətcə mübarizənin davamı kimi qavranılmalıdır.

İkinci Qarabağ müharibəsi günlərində dadına yetişəcəyini Ermənistanın çox gözlədiyi, ancaq umsuq qaldığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası gedirdi, videokonfrans formatlı iclasda 5 dövlət başçısı iştirak edirdi və Ermənistanın baş naziri danışmağa başlayanda qəfilcə, əvvəllər də bir neçə dəfə olduğu kimi, baş nazirin mikrofonunun səsi kəsildi.

Yəqin, dərhal vahimələnib ki, öz kabinetimdə olduğum halda azərbaycanlı əli bura nə təhər girdi ki, belə təxribatı törətdi.

Sonra qıraqdan kimsə işarə edir ki, yəqin, telefondandır. Sağ cibindən bir telefonu çıxarıb qoyur masanın üstünə və işarə eləyir ki, gəlin götürün.

Mikrofon açılır, başlayır danışmağa, səs yenə batır. Qarşı tərəfdən Rusiya Prezidenti bu mənzərəni sakit qarşılayır, "Davam edin, davam edin" söyləyir. Mikrofondansa səs çıxmır. Sən demə, bu zalım balası bir telefonu da sol cibinə qoyubmuş. Və yəqin, mikrofon da telefona zəng gələndə qapanırmış.

Yaxşı-yaman bir dövlətin rəhbəri olmaq məsuliyyətini üstünə götürən insan bu qədər bəsit olarmı? Sənin taleyini həll etmiş, Ermənistanı məhvolmadan son anda qurtarmış Rusiyanın dövlət başçısı ilə üzbəüzsən, beynəlxalq əhəmiyyətli mühüm iclasa qatılırsan və öz kabinetindəsən. Hər cibində bir telefon saxlamağına nə ehtiyac?!

Adı nədir bunun? Həmin baş nazir özü cavabı dəqiq verib. Bir müddət öncə sosial şəbəkələrdə bir video paylaşılmışdı. Avtomobilində gedir. Selfi çəkir. Qart-qurt nəsə danışır və arada Azərbaycan sözü də işlədir: "Görməmiş".

Tam özünə aid! Görmüşlük hər insana vacibdir. Onda da qalmış dövlət ərkanına.

İndi təsəvvür edin ki, son 2 ildən artıq müddətdə Azərbaycan dövlətinin başçısı düşmən ölkənin sözünün əvvəli ilə axırı düz gəlməyən, bu gün dediyini sabah danan, dəmdəməki bir başçısı ilə eyni masa arxasında əyləşməli, taleyüklü məsələlər barədə müzakirələr aparmalı idi. Əlbəttə ki, belə impulsiv partnyorla danışıqlarda heç bir əminlikdən, konkretlikdən söhbət gedə bilməz. Necə ki, danışıqlar dar dalana dirənmişdi.

Əslində, o baş nazirin hərdəmxəyallığını da, cibində 2 telefonu gəzdirməsini də izah etmək mümkündür və bunlar elə bir-biri ilə bağlı məsələlərdir. Ölkənin bir neçə sahibi, bir adamın bir neçə ağası olanda belə də olur. Hərəsinin tapşırığını bir telefondan gözləyirsən, daim də telefon üstündədir ki, yiyəni gözlətməyəsən, dərhal cavab verəsən. Burası da aydındır ki, hər yandan sənə bir komanda gələndə mövqeyi də tez-tez dəyişməyə məcbursan.

İndi Ermənistanda "günah keçisi" axtarmaq, Ermənistanı rəzil edən məğlubiyyətin bütün təqsirini baş nazirin boynuna qoymaq cəhdləri edilir. Bunun özü də Ermənistanın və ona tayların Böyük Zəfərimizin ağır çəkisini azaltmaq, guya başqa cür rəhbərlik olarmışsa, nəticə də ayrı cür olarmış təəssüratı yaratmağa hesablanıb.

O günlərdə Azərbaycan yalnız Ermənistanla qarşı-qarşıya deyildi, dünyadakı bütün havadarları dürlü resursları ilə onların yanlarında idi. Hər addımı da onların hamısı ilə məsləhətləşib atırdılar, dünyanın dörd bucağından da bir ucdan təyyarə-təyyarə silahların göndərilməsi elə məsləhətləşmələr və iş birliyinin nəticəsi idi.

Ermənistan ona görə uduzmadı ki, baş nazirləri, yaxud onun içəridən və çöldən olan məsləhətverənləri zəif idi.

Azərbaycan ona görə qalib çıxdı ki, çox güclü, çox əzəmətli idi!

"Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.

İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"

Saxtakarlıq erməniyə qədimlərdən xas olan keyfiyyətdir və nəfəslərinin yalanla gedib-gəlməsi onlarçün elə təbii haldır. Amma iddia da etmək olmaz ki, yüzfaizli hər şeyi yalan deyirlər. Hərdən düz danışmaqları da olur.

Rəhmətlik Xudu Məmmədov 1980-ci illərin sonlarında 300 min civarında azərbaycanlının Ermənistandakı yurdlarından zorən qovulmasının ardınca Azərbaycandan da ermənilərin kənarlaşdırılması başlayanda yarızarafat söylədi ki, lap yaxşı, çıxarmağına çıxarsınlar, amma ən azı bir-ikisini mütləq saxlamaq lazımdır. Çünki onlar, bizim özümüzdən fərqli olaraq, adımızı düz deyirlər: "Türk".

Ermənilərin digər doğru sözü isə "şartavaz"dır. İrəvanda Qarabağ ermənilərinə belə deyirlər, yəni "dönmə erməni".

Və bu, tarixi həqiqətdir. Onların əksəri əslən ya azərbaycanlıdır, ya alban. Qarabağ ermənilərinə İrəvanda ənənəvi olaraq yuxarıdan aşağı baxıblar, sonacan özlərininki hesab etməyiblər, bu gün isə bu münasibətlər qarşıdurma həddinə çatmaqdadır.

Odur ki, illərcə qondarma kriminal rejimin alçaldıcı boyunduruğu altında gözüqıpıq yaşamış Qarabağ erməniləri də tezliklə daha ləyaqətli həyatın nə demək olduğunu görmək imkanı qazana bilərlər: "Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar.

Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək, yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

Bu gün artıq sosial şəbəkələrdə separatçıların zarıyan səsləri gəlir ki, bu nə gündür bizi saldılar. Azərbaycanlı hərbçilər Xankəndidə asudəcə küçələrdə gəzirlər, ərzaq mağazalarına daxil olurlar, düzdür, onları rus sülhməramlıları da müşayiət edir. Bəs sonra nə olacaq?

Sonra o olacaq ki, bunlar hələ adət eləməyiniz, yeni gerçəkliyə alışmanız üçün bir müqəddimədir. Ardınca yavaş-yavaş Xankəndidən olan köhnə azərbaycanlılar da qayıdacaq, sonra bir-bir araqarışdıranlar, suyu bulandıranlar ələnəcək, sonra asta-asta gedənlər gedəcək, qalanlar qalacaq və Xankəndi tədricən hürkülər, vahimələr şəhərindən Azərbaycanın yaşamalı bir məkanına çevriləcək.

Budur Prezident İlham Əliyevin əsas gücü. O, "mənimlə birgə olmaq, mənimlə yanaşı addımlamaq, mənimlə iş birliyi qurmaq faydalıdır" söyləmir, bunun mühitini yaradır. Və nə əlavə təbliğata ehtiyac qalır, nə uzun izahata.

Həm də bu, yalnız Dağlıq Qarabağ ermənilərinə deyil, elə birbaşa Ermənistanın özünə də aiddir.

"Bu, gələcək perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun qarantı Azərbaycan Ordusudur.

Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik.

Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!"

Yaxşı tanıdığımız, istənilən anda istənilən hoqqa durğuza biləcəyinə şübhə olmayan bu cığal qonşunu neytrallaşdırmaq, zərərsizləşdirməyin də yolu onu elə əməkdaşlıqlar çevrəsinə salmaqdır ki, orada həm beynəlxalq nəzarət olsun, həm Ermənistan bu layihələrdən kənara atılarsa, çox itkilərə uğrayacağını anlasın və beləcə, iqtisadi əməkdaşlıq həm də etibarlı qoruyucu zireh vəzifəsini yerinə yetirsin.

"Bizim vəzifəmiz ondan ibarətdir ki, erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın".

O naxışı ki Tanrı cızır, o ssenarini ki tale və tarix yazır, o səviyyədə, o dəqiqlik və siqlətdə heç bir insana ssenarilər qurmaq müyəssər deyil. 

Savaşımız bitdi, indi bütün xalqla bərabər onun bayramını Qələbə paradı ilə qeyd etməyin ərəfəsində ikən bütün baş vermişləri ən ali səviyyədə dünyaya çatdırmaq pəncərəsi də açıldı.

Dekabrın 3-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən və təşəbbüskarının da özü olduğu, təklifini bu ali dünya qurumunun üzvü olan 150 dövlətin dəstəklədiyi Xüsusi Sessiyasına qatılaraq bir neçə dəqiqə ərzində həm bütün dünyaya bir daha Ermənistanın iç üzünü göstərdi, həm son bir neçə ayda cərəyan etmiş hadisələrin yığcam, amma yetərincə əhatəli mənzərəsini göstərməyi bacaran hesabatını verdi. Nitqini başvermişlərin siyasi sərrast qiymətləndirməsi sayılacaq sözlərlə ustalıqla da yekunlaşdırdı: "Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir".

Və hər kəs bir daha Ermənistanın nəmənəliyini əyani olaraq görsün, dünya dövlətləri ailəsində onun necə yad bir ünsür olduğunu çılpaqlığı ilə dərk etsin və hətta bəşəriyyəti narahat edən xəstəliklə mübarizədə belə təkəbbür göstərdiyini, dünyanın dediyini demədiyini nümayiş etdirməkçün son zərbəsini endirdi: "Ermənistan BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər Xüsusi Sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır".

Şəxsiyyət böyük olanda, qüdrətli olanda Vaxt da, Tarix də ona işləməyə başlayır.

Əslində, elə belə də olması məntiqlidir.

Axı zamanın rənglərini, dövrün nəbzinin sürətini müəyyənləşdirən də elə üstün öndərlərin əməlləridir.

Maestro Niyazi ömrünün son illərində hər yay mütləq başçılıq etdiyi simfonik orkestrlə Qarabağ səfərinə çıxırdı.

Muğam üçlüyünün, ya yığcam ansamblın səfəri bir başqa, özləri və çalğı alətləri iri maşın karvanına çevrilən musiqi ordusunun qastrola çıxmağı tamam ayrı.

Xankəndiyə Maestro "Mənim kəndim" deyirdi və şairanə bir söz olaraq yox, elə həqiqətən oranı özününkü sayaraq belə söyləyirdi.

Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu xanımın Qarabağın seçkin nəsillərindən olan Əliverdibəylilərlə bağlılığı çoxdu və Ələkbər bəy Əliverdibəyovla süd bacı-qardaşı idilər.

Ələkbər bəyin qızı, Zülfüqar, Üzeyir, Ceyhun bəylərin anası Şirinbəyim xanıma Xurşidbanu elə öz qızı kimi baxırmış və deyibmiş ki, inşallah, balaların böyüsün, toyları olsun, Xankəndini sənin böyük nəvənə bəri başdan peşkəş edirəm.

Böyük nəvə də Niyazi idi. Kağızda, sənəddə Xan qızı Natəvanın vəd etdiyi kimi olmadı, çox yellər əsdi keçdi. Amma Niyazi ki əhvalatı bilirdi. Və hər il öz kəndinə borcunu qaytarırdı.

1984-cü ildə Maestro xalq arasında "Leçkomissiya" deyilən xəstəxanada idi. Adətən hər yay bir ay, ay yarım müddətə Maestro ora köçərdi.

Bura adi xəstəxana deyildi. Əslində, istirahət evi kimi idi. Şərait yaxşı, ixtiyarında bir neçə otaqlı lüks, müalicə də yerində. Kitab-dəftərini də yığıb aparardı ora, yazıb-pozardı. Mənzilinin qapısı qonaq-qaraya daim nə sayaq açıq idisə, oradakı palatasının gəlib-gedəni də çox olardı.

1984-cü ilin yayında yenə orada idi və mən də adətən hər gün işlərimi yekunlaşdırıb axşamüstü ona baş çəkərdim. Amma bir səhər Ramiz Zöhrabov zəng vurdu ki, Maestro xahiş edir indi durub gələsən. Narahat oldum. Ramiz müəllim məni sakitləşdirdi ki, hər şey yolundadır, sadəcə Maestronun bir xahişi var. Getdim. Sən demə, bu dəfə Maestro səhhəti ucbatından (əslində isə daha çox bəzi ailə məsələləri ilə bağlı) Xankəndiyə gedə bilməyəcəkdi. Məni də dəvət etməkdə məqsədi o idi ki, Xankəndidə orkestrin çıxışından əvvəl onun adından oxunması üçün məktub tərtib edim. Ramiz müəllim qayıdıbmış ki, Maestro, özümüz həmin məktubu hazırlayarıq, razı olmamışdı.

Gəldim, ürəyindən keçənləri, demək istədiklərini söylədi, onun üslubuna, səliqəsinə uyğun yazdım, oxudum, bəyəndi, Maestronun özünün balaca yazı makinasında oradaca məktubu çap elədim və orkestr yola düşdü.

Sən demə, Maestro öz xarakterinə uyğun qətiyyətlə bircə bu məktuba görə yola düşəcək avrobusları 2 saat ləngidibmiş.

Orkestr getdi, Xankəndidə o yay axırıncı dəfə "Koroğlu"nun uvertürası ilə başlanan möhtəşəm konsertini verdi.

Həmin yay Maestronun da həyatı bitdi, növbəti yaylardan isə asta-asta o dağlarda iqlim çox dəyişdi.

İndi Niyazinin yenə öz əziz kəndinə orkestri ilə birgə səfərə çıxmaq qapısı açılır.

Növbəti yayda o dağlarda Niyazinin adını daşıyan Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestri illər ayrılığından sonra konsertini verər, yenə "Koroğlu"nun qan qaynadan "uvertürü" ilə başlayar, dalğa-dalğa yayılan füsunkar Üzeyir musiqisi atəş səslərindən çox səksəkəli günlər yaşamış dağlara tumar çəkər...

... Bizim tarixdən də 12 il əvvəlin "Fasti Triumphales" - "Zəfər lövhələri" deyilən üstü yazılı daşları qalıb.

Bu lay daşlarda Romanın əsası qoyulan vaxtdan Oktavian Avqust zamanına qədərki bütün triumfatorların adları yazılıb. Qədim Romada isə triumf bir sərkərdəyə, dövlət başçısına nəsib ola biləcək ən ali mükafat idi.

Təyin olunan gündə mərkəzi meydanda xalq yığılırdı. Həlledici müharibədə zəfər çalmış və başı üstündə qaliblərə yaraşan qızıl çələng tutulan triumfator insanların qarşısına çıxırdı.

Və həmin triumf lövhəsi üzərində gələcəkdəkilərə məktub kimi və tarixdə əbədi qalmaq üçün ən vacib sözlər və rəqəmlər ovulurdu: triumfatorun adı, soyadı, ləqəbi. Qalib olduğu savaşın adı və ili.

Müstəqil Azərbaycanın şərəf tarixində yaşayacaq elə bir lövhə haçansa, haradasa qoyularsa, üstündə belə yazılardı: "İlham Əliyev Fateh. Qarabağ müharibəsi. 2020".

Millətin Yaddaşına və Ürəyinə isə artıq o "Zəfər Lövhəsi" həkk olunub.

Azadlıq meydanındakı Qələbə paradından keçən müzəffər əsgərlərimizin şax yerişinə baxıb qəhərləndikcə, dəniz kimi dalğalanan bayraqlarımızı seyr edib iftixardan doluxsunduqca, o anlarda özünüzü dünyadakı xoşbəxtlərin ən xoşbəxti saydıqca hiss edəcəksiniz ki, əlbəttə, həmin "Zəfər Lövhəsi" hər birinizin qəlbindədir!

akademik Rafael Hüseynov

3 dekabr, 2020

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook