RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Tofiq Bakıxanovun həyat amalı Dek 08, 2020 | 20:13 / Yubileylər

Abidəyə çevrilərək millətə qayıdan insanlar həmişə bizə həm çox yaxın, həm də məsafəcə sanki xeyli uzaq görünürlər. Üzeyir bəy, Qara Qarayev zamanca zahirən bizdən çox aralı deyillər.

Amma həm də onlar o qədər möhtəşəmdirlər ki, sanki elə əsrlərlə bu xalqla birgə olublar. Onları bizə vaxtca yaxın göstərənsə yalnız hər gün bizimlə olan solmaz əsərləri deyil, həm də körpü insanlardır.

Bəstəkar Tofiq Bakıxanov Üzeyir bəyin, Qara Qarayevin abidəsi önündə dayananda, əlbəttə ki, bizdən fərqli hisslər keçirir. İllərlə çalışdığı Musiqi Akademiyasına hər gələndə o, Üzeyir bəyin abidəsi ilə hər dəfə canlı insanla üz-üzəymiş kimi salamlaşır.

Tofiq müəllim bu yaşında da piyada gəzməyi xoşlayır.

Buradan, Musiqi Akademiyasından az aralıda Qara Qarayevin abidəsidir. Həmin abidənin yanından keçərkən də Tofiq Bakıxanov hər başını qaldıranda hamımız kimi sadəcə klassikin heykəlini görmür. Dönüb olur tələbə, yeni başla­yan yolunda ustadının daimi qayğılarını, nəvazişini duyan gənc bəstəkar.

Tofiq müəllim varlığıyla, xatirələriylə həm onları yaşadır, həm daim o sevimli mühitin dalğasında olduğundan özü də cavan qalır, həm də və daha mühümü – bizi o ölməzlərin çağdaşlarına çevirir.

Üzeyir bəyi də, Qara Qarayevi də onun yaddaşının bələdçiliyi ilə büsbütün yeni görüm bucağından seyr edə, tamam yeni və sevimli çalarlarıyla görə bilirik.

1938-ci ili yada salır. Üzeyir bəy Moskvadan, SSRİ paytaxtında keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongünlüyündən yenicə qayıdıb. SSRİ Xalq artisti kimi, “Koroğlu”nun zəfəri ilə qayıdıb.

Üzeyir bəygillə qonşu olublar. Əhməd Bakıxanovgil yaşayıb Zərgərpalanda, Üzeyir bəy keçmiş Ketsxoveli, indiki Şamil Əzizbəyov küçəsində. Get-gəlləri varmış.

“Bir gün Üzeyir bəy atama deyir ki, Bakıda da, rayonlarda da musiqi məktəbləri çoxdur, hamısında da tar, kamança sinifləri. Milli musiqi alətlərində yaxşı çalanlarımız da nə qədər desən. Ancaq Avropa musiqi alətləri sarıdan kasadlıqdır. Sənin 3 övladın var. Gəl onların hərəsini bir Avropa musiqi aləti üzrə yönəldək. Beləliklə, Üzeyir bəyin məsləhəti ilə atam məni skripka, qar­daşım Məmmədrzanı violonçel, bacım Zivəri fortepiano sinfinə qoydu”.

Bunu da Tofiq müəllim həmin mənzərəni lap gözümüzün qarşısı­na gətirərək söyləyir ki, 1941-ci ildə müharibə başlananda konservatoriya in­diki Fəvvarələr meydanında birmərtəbəli binada yerləşirdi. Mən musiqi məktəbinin 3-cü sinfində məşhur skripka müəllimi Ni­son İliç Simberovdan (1892–1988) dərs alırdım. O, 1916-cı ildə Bakıya Xarkov­dan Üzeyir bəyin dəvəti ilə gəlmişdi.

Üzeyir bəy çox vaxt həm konser­vatoriyada tələbələri, həm də musiqi məktəbi şagirdlərinin verdiyi konsertlərə baş çəkər, birinci sırada oturub qulaq asardı. Mən 3-cü sinifdə olanda yenə belə konsertlərdən biri idi. Skripkada ilk dəfə Üzeyir bəyin qarşısında “Leyli və Məcnun” operasından “Axşam oldu” mahnısı və Rubinşteynin bir melodiyasını çaldım. Üzeyir bəy məni təriflədi, amma bunu da dedi ki, çalış texniki cəhətdən daha mürəkkəb əsərlərdən də ifa elə”.

Üzeyir bəyin surəti Tofiq müəllimin yaddaşına, qəlbinə elə dərindən sirayət edib ki, bu yaşında da o dahi insanı anarkən sanki dönüb olur yeniyetmə, sənətdə ilk addımlarını atan gənc.

Nağıl eləyir ki, 1947-ci il sentyabrın 27-də Bakıda, Opera və Balet Teatrında Nizami Gəncəvinin müharibə ilə əlaqədar təxirə salınmış 800 illik yubileyi təntənə ilə qeyd olunarkən böyük bayram kon­sertinin ifaçıları arasında onun da adı varmış.

Onillik musiqi məktəbinin şagirdi Tofiq Bakıxanov səhnəyə çıxır, Belçika bəstəkarı Anri Vyotanın (1820–1881) “Skripka üçün konsert”ini ifa edir və gözəl də çalır. Yada salır ki, ifamı bitirən kimi gözlərim zalda əyləşmiş Üzeyir bəyi axtardı, gördüm gülümsəyir.

Bir neçə gün sonra Tofiq qəbul imtahanlarını vermək üçün sənədlərini konservatoriyaya təqdim edəndə yubiley konsertindəki çıxışının mükafatını alır. Söyləyirlər ki, Üzeyir bəy tapşırıb, sizi konservatoriyaya imtahansız götürürük.

Və 1948-ci ilin noyabrında dahi bəstəkarın və əziz müəllimin vəfatından sonra təsis edilən “Üzeyir Hacıbəyov” təqaüdünə layiq görülən ilk tələbə də Tofiq Bakıxanov olub.

Tofiq Bakıxanov uzun ömrü boyun­ca çox mükafatlar alıb. Sanki o qədər zəngin təltiflər kolleksiyasına sahib olandan sonra yenilərini nisbətən sakit qarşılamalısan.

Lakin belə deyilmiş. Mükafatdan mükafata, təltifdən təltifə də fərq varmış. 2017-ci ilin aprelində Elmlər Akademiya­mızın Rəyasət Heyətinin iclasında adlı mükafatlara layiq görülən 7 nəfərin adı çəkiləndə bu sırada Tofiq Bakıxanovun da olduğunu eşidincə tədbirdən sonra ona zəng vurdum. Xəbəri çatdırıb təbrik etdim. Həddən ziyadə, uşaq kimi sevindi. Və həmin gündən sonra tez-tez məndən soruşurdu ki, bəs təqdimat nə vaxt olacaq?

Bir dəfə yenə mükafatın onlara nə vaxt veriləcəyini nigaranlıqla xəbər alan­da dedim ki, Tofiq müəllim, niyə darıxırsı­nız, bir az tez – bir az gec, verəcəklər də, məgər mükafat görməmisiniz indiyədək?

“Sən nə danışırsan?! Axı bu, Üze­yir bəyin adına olan mükafatdı! Bəlkə kimsə o mükafatı alacaq, aparıb evində qoyacaq bir tərəfdə. Mən isə yaxamdan asacağam. Mən 70 il əvvəl də Üzeyir Hacıbəyov mükafatını almışam, indi də qismət olub. Ustadımın, mənim və ailəmizin taleyində xüsusi yeri olan bir ölməz şəxsiyyətin mükafatına layiq görülməkdən böyük nə xoşbəxtlik olar!”

...Evləri daim musiqi ocağı olmuş­du. Əhmədxan Bakıxanovun mənzilinə köhnə şairlər, xanəndələr, çalğıçılar da tez-tez gələrdi, cavan bəstəkarlar, ifaçılar da.

Ağabacı Rzayeva, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Arif Məlikov, Nəriman Məmmədov kimi cavan bəstəkarlar məsləhət almaqçün Əhmədxan ustada tez-tez müraciət edərmiş, vaxtaşırı təzə əsərlərini də göstərərmişlər. Elə onların söhbətlərinə qulaq asa-asa Tofiq də kimsəyə bu barədə bir söz demədən xırda əsərlər bəstələyərmiş.

Konservatoriyanı bitirdikdən sonra Musiqi Texnikumunun direktoru olan Süleyman Ələsgərov onu işə götürüb­müş. Tofiq skripka üçün yazdığı kiçik konsertləri çalmaqçün tələbələrə verir­miş. Bir dəfə texnikumda imtahan ko­missiyasının sədri olan bəstəkar Cövdət Hacıyev növbəti tələbənin ifasından sonra maraqlanır ki, bu əsərin bəstəkarı kimdir.

Tofiq etiraf edir ki, mənimkidir, kifayət qədər not əsəri yoxdur, ona görə boşluğu doldurmaqçün özüm bir neçə belə əsər hazırlamışam.

Cövdət Hacıyevin təkidi ilə həmin əsərləri də götürüb gəlir konservatoriya­nın rektoru Qara Qarayevin yanına. Qara müəllim götürür notlardan birini, diqqətlə baxır və qərarını verir: “Tofiq, sən mütləq bəstəkarlıq şöbəsində oxumalısan. Bəstəkarlıq istedadın var. Amma bunlar həvəskar işlərdir. İstedad azdır. Həm də bilik lazımdır. Gəl, səni öz sinfimə götürəcəyəm”.

Canlı tarix olan Xalq artisti Tofiq Bakıxanov sanki özünü borclu, məsul sayır ki, ən xırda cizgiləri də unutmasın, arxada qalmış onillərdəki Azərbaycan mədəniyyətinin şərəfli tarixinin hadisələrini, simalarını bugünün insanla­rının hisslərində, düşüncələrdə diri olaraq yaşatsın.

Tofiq Bakıxanova bu cavabdehlik duyğusunu həvalə etmiş ilk böyük qüvvə onun daşıdığı soyad, həmin şəcərənin nəcib ənənələridir.

XXI əsrin artıq ikinci onilinin başa çataraq təzə onilinin gəldiyi, yeni mi­nilliyin asta-asta yaşa dolduğu bu tarix kəsiyində Azərbaycan musiqisinin canlı klassiklərindən olan Tofiq Bakıxanov şəxsiyyəti, təsirinin əhatəsi və işığı ilə yalnız övladı olduğu Bakıxanovlar nəslinin deyil, qırılmaz tellərlə bağlandığı digər şöhrətli nəsillərimizin də gözlərimiz önündəki rəmzi, örnəyi, dərslərindən öyrəniləsi və yaşam tərzindən ibrət götürüləsi təmsilçisidir.

Tanıyanların əksərinin adı ilə deyil, sadəcə “Müəllim” kimi müraciət etdiyi tarzən Əhməd Bakıxanov 1973-cü il martın 24-də müsahibə verirdi.

Əhmədxan ustad o düşüncələrini bölüşəndə Novruz gəlmişdi, yeni yaz başlanırdı. Vur-tut 2 gün sonra isə onun sənət sevgisi ilə dolu xeyirxah ürəyi dayanacaq və müsahibə qəzetdə artıq Əhməd Bakıxanov həyatda olmayanda – martın 31-də dərc ediləcək.

Ancaq böyük ustadın həmin müsahibəsindəki axırıncı sözləri, artıq vəfatından sonra insanlara çatan bu fikirləri həm nəslinin və şəxsən onun özünün keçdiyi bütöv yolun mahiyyətinə, həm də həyatda əbədi qala bilməyin səbəbinə, fəlsəfəsinə işıq tuturdu: “Biz özümüzü də, taleyimizi də sənətə bağlamışıq. Həyatda hər şey qarşılıqlı olmalıdır baxımından sənətin də tale­yi bizə bağlıdır. Ümumiyyətlə, musiqi həyatımızda ürəkaçan hər şey, elə bil, məni cavanlaşdırır, ömrümü uzadır”.

Bakıxanovlar nəslində millətə iste­dadı ilə xidmət yolunu tutanlar arasında Əhməd Bakıxanov nə birinci idi, nə də sonuncu. Elə Əhmədxan ustadın oğlu, görkəmli bəstəkarımız Tofiq Bakıxanov da bu nəciblik qatarında axırıncı deyil, artıq bu nəslin yeni ulduzları parlamaq­da, iftixar oyadan ənənələri davam etdirilməkdədir.

Amma sirr həmin sirr, düstur həmin düsturdur. Gərək seçdiyin məslək və tutduğun yola qəlbən bağlı olasan, vicdanla xidmət edəsən, bu yolda əməyi olan başqalarının da hər uğuruna həsədlə baxmayasan, qısqanmayasan, maneələr törətməyəsən, bunlara sənin öz nailiyyətin, doğma millətinin müvəffəqiyyəti kimi ürəkdən sevinəsən. Onda həm xoşbəxt olacaqsan, həm də daim cavan qalacaqsan.

Bunun ən bariz sübutu elə 90-ında da cavanlıq şövqü, işləmək, yazıb-yarat­maq həvəsi ilə dolu, yaratdıqlarının hər yeni səslənişi və təqdimatına sanki bu, ilk dəfə baş verirmiş kimi, səmimiyyətlə fərəhlənən bəstəkar Tofiq Bakıxanovdur.

Onu bu qırımda görənlər daha doxsan barəsində deyil, bu dəyərli şəxsiyyətin qibtəediləsi gənc ruhu ətrafında düşüncəyə dalırlar.

Söz yox, əsas olan da elə məhz ruh­dur, daxili gücdür. Bu varsa, sən istənilən yaşında məhsul verməyə qadir sağlam ağac kimisən, bu yoxsa, elə gənc ikən həprəm qocasan, heydən düşmüsən.

Üzeyir bəy 1920–30-cu illər So­vet İttifaqı məkanındakı adla deyilən, bilikli, təcrübəli musiqiçi və musiqişü­nasları Azərbaycana dəvət etməklə, nəhənglərin ortaq gücü ilə mükəmməl bir musiqi tədrisi şəbəkəsi yaratmaqla, lap əvvəldən yeni pərvəriş tapan müa­sir Azərbaycan bəstəçiliyi və ifaçılığına Şərq–Qərb vəhdətini başlıca ülgü olaraq müəyyənləşdirməklə, qabiliyyətli gənclərə bir övlad sevgisi ilə yanaşaraq, onları son­suz qayğıkeşliklə yetişdirməklə millətimizə misilsiz bir yol bağışladı. Həmin yolu eti­barlı şagird kimi irəlilədənlər, Üzeyir bəyə məhəbbəti və onun dərslərinə sədaqəti ömrü boyu ləyaqətlə davam etdirənlər sırasında bəstəkar Tofiq Bakıxanovun uca yeri ayrıcadır.

Onun musiqimizin ən müxtəlif forma və janrlarındakı çoxsaylı əsərləri – 8 simfoniyası, 6 simfonik poeması, 5 simfonik muğamı, 26 sonatası, müxtəlif musiqi alətləri üçün 26 konserti, 9 fuqa­sı, 5 prelüdü, silsilə uşaq pyesləri, 100-dən artıq mahnı və romansı, 3 musiqili komediyası və digər bəstələri çoxrəngli, çoxçalarlı cazibədar bir palitra yaradır ki, lap çoxdan həm daim zövq ala-ala dinlənilmək, həm də diqqətlə öyrənilmək haqqı qazanıb. Hətta elə musiqi hadisələri var ki, onlar Azərbaycan bəstəçiliyində məhz Tofiq Bakıxa­novun adı ilə bağlıdır. Sonata janrı musiqimizdə Tofiq müəlliməcən də var­dı. Fəqət viola üçün sonataların ilklərini yaratmaq və bu janrın bəstəçiliyimizdə təkanvericisi olmaq şərəfi Tofiq Bakıxa­nova məxsusdur.

Bu zəngin yaradıcılıq haqqında çox məqalələr, kitablar yazılıb, yeni araşdır­malar da hökmən olacaq.

Yaradıcılığında səliqəli olduğu kimi, həmin əsərlərin hər biri haqqında illərcə qələmə alınmış böyüklü-kiçikli yazıla­ra, hazırlanmış verilişlərə, aparılmış çəkilişlərə, edilmiş çıxışlara da Tofiq Bakıxanov ilk gəncliyindən eyni dərəcədə həssas münasibət bəsləyib, hamısını toplayıb, sistemləşdirib.

Ona görə də Tofiq Bakıxanovun bir xəzinə sayıla biləcək arxivinə da­xil olunca həm onun yaradıcılığının bütöv mənzərəsini bir oturuma seyr etmək, həm də bu çoxqanadlı yara­dıcılığın son 60 ildən artıq müddət boyunca musiqişünaslıq, ziyalılığı­mız, bəstəkarın müəllimləri, musiqiçi həmkarları, sənət dostları tərəfindən necə qiymətləndirilməsinə şahid olmaq mümkündür.

Bu yaradıcılıq bütün yönləriylə maraqlıdır. Lakin Tofiq Bakıxanovun çoxcəhətli yaradıcılığında özəl yer tutan bir üçlük var ki, yalnız bəstəkarın özünün deyil, bütövlükdə Azərbaycan bəstəkarlıq məktəbinin də uğurlarından sayılmalıdır.

Qara Qarayevin tələbələri az olub, amma hamısı musiqi tarixində qalmaq haqqı qazanan yaradıcılardır. Dahi bəstəkarın bir özəlliyi də bundan ibarət olub ki, onun tələbələrinin hamısının yaradıcılığı bir-birindən əhəmiyyətli dərəcədə seçilir. Sanki heç eyni şəxsiyyətin tələbələri deyillər. Qara Qarayevin başlıca məqsədi onları yüksək peşəkar etmək imiş. Hər birinin də hansı istiqamətdə, hansı janrda daha uğurlu ola biləcəyini heyrətli bəsirətliliklə və son dərəcə dəqiqliklə tuta bilir, elə həmin yöndə də yazıb-yaratmasına yardımçı olurmuş.

Tofiq Bakıxanov 1960-cı ildə “İkinci simfoniya”sını yazmışdı, əsərin taleyi uğurlu olmuş, Moskvada mükafata layiq görülmüşdü. Bakıya qayıdan kimi Tofiq əsəri müəlliminə təqdim edir.

Və böyük Qara Qarayev görməli olduğunu görür. Tələbəsinə tövsiyə edir ki, sənin musiqində balet ab-havası hiss edirəm. Bəlkə bir özünü sınayasan? Hələlik birpərdəlisini yaz, sonrasına baxarıq.

Milli baletlər xəzinəmizə Tofiq Bakı­xanov 3 töhfə verib. Həm də elə töhfələr ki, yarandıqları vaxtdan mütəmadi olaraq səhnədə olublar, radio-televiziyalarda səsləniblər, göstəriliblər, digər balet əsərləri bolluğundakı təbii rəqabətə solğunlaşmayıblar, populyarlıqlarını itirməyiblər.

Tofiq Bakıxanov – bu şövqlə, həvəslə, səmimiyyətlə, həyat eşqi və yaradıcılıq niyyətləri ilə dolu insan bir sərvətdir.

O, millətimizə taleyin töhfəsi olan bir salnamədir ki, oxunduqca oxunmasına, öyrənildikcə öyrənilməsinə ehtiyac var.

Bu nadir insanın yaddaşından boyla­nan ölməz simaların nuru onun özünün də işığını artırır, ən uzaq onilləri də bizə yaxın edə bilir.

Və dəyərli bəstəkarımız Tofiq Bakı­xanovun bolluca yaradıcılıq bəhrələri, xeyirxahlıq, nəciblik dərsləri ilə dolu uzun ömrünün bir mühüm ibrəti də var: doxsanını başa vurur, ancaq yorulmayıb, usanmayıb, sabaha baxır və millətinə, yurduna daha nə fayda verə biləcəyi haqqında düşünür.

Ömrün boyu belə saf amallarla yaşa­yıb-çalışanda 90-a da çata bilirsən.

Doxsanında da həmin duyğular səninlə qalanda 90 yaşlı cavan olursan!

Xalq qəzeti. 08.12.2020

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook