RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Birin iki olması və ya tarixi kitabların tarixçələri + Foto Dek 31, 2020 | 12:01 / Yeni nəşrlər

Vaxtın sürətli axarında hadisələr bəzən nəzərə çarpmadan keçir və illər ötəndən sonra isə hətta işin içində olanların da hafizəsindən silinir.

Lakin mədəniyyətimizin taleyi və bütövlükdə tariximizlə bağlı olan heç bir əhəmiyyətli hadisə gərək diqqətdən qıraqda qalmasın, onlarla bağlı ayrıntılar, dürüst bilgilər sabahlara da ötürülsün.
Çünki hər bilgidə bir dərs var.

Vaxtilə - 1980-ci illərin ortalarında Üzeyir bəylə çiyin-çiyinə müasir peşəkar Azərbaycan musiqisinin qurucularından olmuş bəstəkar və dirijor Müslüm Maqomayevin gündəliklərini ilk dəfə oxuyarkən düşünmüşdüm ki, nə yaxşı o unudulmaz insan bütün digər mühüm xidmətləri ilə yanaşı, bizlərə bu yaxşılığı da edib.

Gündəlikləri Müslüm Maqomayevin özü ilə söhbətləri idi və yazıldığı əsnada bunları kimsənin haçansa oxuyacağını heç nəzərdə tutmurdu. Odur ki, yetərincə səmimi idi, heç nəyi ört-basdır etmirdi, yaşadığı günlərdə baş verənləri necə var, elə də təsvir edirdi. Çünki bunu da anlayırmış ki, ola bilər, 10-15 il sonra bir çox xırdalıqları heç özü də xatırlamayacaq, detallar, sözlər, münasibətlər, cizgilər unudulub gedəcək.
Lakin məhz həmin gündəliklərdəki yerli-yataqlı təsvirlər üstündən yarım əsr sovuşarkən köhnə çağların dəqiq mənzərəsini canlandırmaqda əsas yardımçımız oldu və bəstəkar haqqındakı irihəcmli "Yaşıl yarpaq" əsərində onların hamısı əksini tapdı.

Elə oxşar yanaşmayla da 2020-ci ilin dekabrında, seytnot vəziyyətində, iki daşın arasında yaranmış 2 vacib kitabın ortaya çıxma tarixçəsi və bir yubileylə bağlı ən yaxın məsafədən müşahidə etdiklərimi dəqiqliyi ilə yazıram ki, sabah özümün də yadımdan çıxmasın, musiqi və mədəniyyət tariximiz də əsl həqiqətlərdən agah olsun.

2020-nin 8 dekabrında Azərbaycan bəstəkarı, Xalq artisti Tofiq Bakıxanovun 90 yaşı tamam oldu.
Tofiq Bakıxanov Azərbaycanın həyatda olan ən qocaman bəstəkarıdır və yaşına uyğun gəlməyən bir fəallıqla Azərbaycanın mədəni gerçəkliyində sözünü deməkdədir.

Onun Azərbaycan musiqisinə verdiyi töhfələr də çoxdur və təbii ki, 90 yaşının tamamında xatırlanmaq, ağırlanmaq bu dəyərli sənətkarın haqqıdır.

70 illiyində unudulmaz Heydər Əliyevin sərəncamı ilə Xalq artisti Tofiq Bakıxanov "Şöhrət" ordeninə layiq görülmüşdü və təqdimatı da Ulu öndər şəxsən özü etmişdi.

Tofiq müəllim bir dəfə elə sözarası gileyləndi ki, 85 yaşım tamam olanda mənimlə bağlı heç bir təqdimat etmədilər, bu rəqəm kifayət qədər yuvarlaq deyil, əsl yubiley yaşı sayılmır, 90 illiyi gözləyin, - söylədilər.
90 illik də gəlib çatdı. Nəsə, hərəkət hiss edilmədi.

Sadəcə vaxtında və gərəkən səviyyədə diqqətə çatdırmaq, müraciət etmək lazımmış. Bunu da etdik və tezliklə o addım da yəqin ki, sevindirici nəticəsini verəcək.

Zahirən kiçik görünən belə mətləblərin əslində, məna yükü ağırdır və bu cür xırda hesab edilə biləcək məsələlərin millətin də, dövlətin də taleyinə, sağlamlığına birbaşa aidiyyəti var. Belə ayrıntılar həm də o ümdə həqiqətə əlavə işarədir ki, sahələrə baxanlar yalnız tapşırıq gözləyən intizamlı icraçılar deyil, təşəbbüskar, çevikliklə gedişatın nəbzini tutmağa qadir, zəruri ideyaları anında təqdim edən və təbii ki, qanadının da uçmaq imkanı əsirgənməyən kəslər olmalıdır ki, nəticədə ümumi iş daha çox qazansın.
Tüğyan edən pandemiyanın müəssisələri və insanları getdikcə daha çox təcrid vəziyyətinə saldığı narahat dönəmdə ləyaqətli bir insanın əslində, rahat zamanda musiqimizin təntənələrindən biri kimi keçirilməli 90 illik yubileyinin ovsanadan çıxmaması, tam sükutla yola verilməməsi üçün öz imkanlarım çərçivəsində müəyyən işlər görməyə çalışdım.

Cəhd etdim ki, bu yetərincə diqqətəlayiq ildönümü, yalnız bir bəstəkarın deyil, bütövlükdə mədəni həyatımızın əlamətdar hadisəsi sayılmalı yubiley laqeydlik ucbatından əks-sədasız qalmasın.

Azərbaycan radiosunda efirə gedən həftəlik "Axşam görüşləri" verilişimin bu yubiley tarixinə ən yaxın olan bazar gününə - 6 dekabra təsadüf edən buraxılışını Tofiq Bakıxanova həsr etdik. Bazar günü səslənmiş həmin veriliş, adətən, çərşənbə axşamı təkrarlanır. Beləliklə, dekabrın 8-də, Tofiq müəllimin doğum günündə və 90 yaşının tamamında həmin proqram axşam saat 23-də yenə efirdə oldu.

"Xalq qəzeti"nə bəstəkar Tofiq Bakıxanovun həyat və yaradıcılığından bəhs edən məqalə yazmışdım və redaksiyadan da xahiş etmişdim ki, mümkün olarsa, yazı dekabrın 8-də dərc edilsin.

Belə də oldu və yubiley günü işıq üzü görən "Tofiq Bakıxanovun həyat amalı" adlı həmin yazı da görkəmli bəstəkarı hədsiz sevindirdi, həmişə olduğu kimi, dərhal zəng vuraraq razılığını bildirdi.

Bakıxanovlar nəslinin şərəfli yolu haqqında Azərbaycan Televiziyasının Bədii və sənədli filmlər studiyasında tammetrajlı filmimizin 2020-ci ilin noyabr ayında premyerası olmuşdu.

Tofiq müəllim rica etmişdi ki, mümkün olarsa, həmin film dekabrın 8-də yenə nümayiş etdirilsin.

Televiziyanın rəhbərliyindən rica etdim, onlar da lütfkarlıqla filmi dekabrın 8-də, Tofiq müəllimin 90 yaşının tamam olduğu axşamda çox münasib saatda "Mədəniyyət" kanalında göstərdilər.

Tofiq müəllim 90-cı ad gününü dekabrın 8-də oğlugildə xudmani bir məclisdə, ailə üzvləri ilə bahəm qeyd edirdi və film onlar üçün əsl bayram hədiyyəsi idi.

Həmin "Bakıxanovlar" filmində Tofiq müəllim əvvəldən-sonadək kadrlarda idi və nəslin son 200-300 illik şanlı yoluna bələdçilik edirdi.

Bunu da filmin nümayişi bitən kimi mənə zəng vuraraq söylədi ki, uşaqlar obiri otaqda baxırdılar, mən digər otaqdakı televizorda tək seyr edirdim ki, diqqətimi yayındıran heç nə olmasın.
Danışırdı, təəssüratını bölüşürdü və uşaq kimi sevinirdi.

Mən də çox məmnun idim ki, bu nurlu insanı belə əziz günündə bunca fərəhləndirə bilmişik.
Naxçıvanda yaşayan musiqişünas Günay Məmmədova oktyabr ayında xəbər vermişdi ki, Tofiq Bakıxanovun balet yaradıcılığına həsr edilən yazıları toplayır, ya Bəstəkarlar İttifaqı, ya da Mədəniyyət Nazirliyinin xətti ilə sənətkarın 90 illiyi ərəfəsində kitab kimi buraxmaq niyyətindədir və həm özünün, həm Tofiq müəllimin xahişidir ki, müqəddimə yazım.

Söz verdim, yazıb da göndərdim.

Lakin əlyazma Bəstəkarlar İttifaqına gec təqdim edildi və artıq dekabrın ilk günləri gəlmişdi.
İttifaqdan söylədilər ki, yetərincə gözlədik, gördük xəbər çıxmır, bu kitabçün nəzərdə tutduğumuz vəsaiti başqa bir neçə bukletin nəşrinə sərf etdik.

Tofiq Bakıxanov həmin kitabın nəşri ilə əlaqədar Mədəniyyət Nazirliyinə də paralel olaraq məktub yazıbmış.
Elə dekabrın ilk günlərində onlardan da rəsmən məktub aldı ki, kitabın buraxılmasına münasibətimiz müsbətdir, ancaq bütün bunlar irəlicədən planlaşdırılmalıdır, artıq il bitir, 2021-ci ildə nəşr edə bilərik.

Uzun ömrü boyunca hər cür uğur və uğursuzluqlarla rastlaşmış, qoca dünyadan həm də barışmaq, razılaşmaq, tabe olmaq vərdişlərini mənimsəmiş Tofiq Bakıxanov qətiyyən inciklik ahəngi hiss olunmayan bir səslə mənə dedi ki, nə olar, qoy gələn il çıxsın.

Əlbəttə, nə olar! Bu ilin dekabrı olmasın, gələn ilin yazı, yayı olsun. Onsuz da köhnələn kitab deyil, gələn il də nəşr edilərsə, qənimətdir.

Ancaq Tofiq Bakıxanovun 90 illiyi bircə dəfə olur axı!

Bu yubiley məhz 2020-nin dekabrındadır axı!

Bir sovqat gecikdirilib veriləndə də, olsun ki, şirinliyini itirmir.

Fəqət məqamında çatdırılanda ikiqat ləzzətli olmurmu?!

Bilmirəm həmin mərasimdə əvvəldən-sonadək əyləşəcək, o axşamda  düşüncələrini cavanlıq şövqü ilə bölüşəcək daha neçə görkəmli şəxsiyyətimizin 90 illik yubileyində iştirak etmək bundan sonra bizə nəsib olacaq.

Lap az qalıblar. Hər halda, musiqi xadimlərimiz arasında Tofiq Bakıxanov bu baxımdan yeganədir.
Mərhum Xalq şairi Qabilin yaradıcılığına da, şəxsiyyətinə də unudulmaz Heydər Əliyevin məxsusi simpatiyası vardı və ayrı-ayrı məclislərdə onunla ürək söhbətləri edər, zarafatlaşardı da. Görüşlərdən birində Qabil Heydər Əliyevə müraciətlə söyləyir ki, mənə dedilər, Səməd Vurğunun yubileyi qalır, Süleyman Rüstəmin yubileyi qalır, Rəşid Behbudovun yubileyi qalır, hara tələsirsən, onlarınkını edək, səninkini də keçirərik.

Qabil özünəxas məzə, amma həm də sərrast məntiqlə etiraz edir: "Düz deyirsiniz. Amma onlar qaçmır, onlar gözləyə bilərlər, onlar dirilməyəcəklər. Mənsə ölə bilərəm, gözləməyə vaxtım yoxdur".
Hər dəqiqənin bir hökmü var və fikrimcə, bu gün düzələcəyinə güman varsa, heç bir işi sabaha saxlamaq olmaz.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz xanım Əlizadəyə zəng vurdum, xeyli söhbət etdik. Firəngiz xanım Bakıxanovlar nəslinə də, Tofiq müəllimə də rəğbət, ehtiram bəsləyən insandır. Qayıtdı ki, çox istəyirdim kitabı buraxaq, ancaq əlyazma bugünədək bizə çatmayıb, hətta qədərindən də artıq səbirlə gözlədik. Büdcə məsələlərini də, bilirsiniz, il yekunlaşır, ayrılmış vəsaitlər istifadə edilməyəndə gələn ilə keçirilmir.

Firəngiz xanımı inandırdım ki, özüm ciddi məşğul olacağam, bir neçə günün ərzində əlyazmanı kitab halına gətirəcəyəm, tərtibatını da yüksək səviyyədə edəcəyik, "Renessans A" nəşriyyatı da maksimal güzəşt edər, nə maliyyə ehtiyatınız qalıbsa, o hüduda yerləşər. Təki fürsəti qaçırmayaq, kitabı gələn ilə qoymayaq, yubilyara bu il təqdim edək.

Firəngiz xanım söz verdi ki, imkanları bir də araşdırar.

Unudulmasın, bu söhbətlər dekabrın ilk günlərində gedirdi, yubileyə sayılı günlər qalırdı, hər ötən günlə isə kitabın il sonunadək buraxılma ehtimalı tükənirdi.

Ona görə də hələlik Bəstəkarlar İttifaqı tərəfindən yüzfaizli əminlik hasil olmadığından, Tofiq müəllim rəsmən imtina məktubu almış olsa belə, digər imkanı araşdırmağa başladım.

Mədəniyyət naziri vəzifəsini yerinə yetirən, hələ UNESCO-dakı illərindən xoş münasibətlərimiz olan Anar Kərimovla danışdım, Tofiq Bakıxanov kimi dəyərli bəstəkarın 90 illik yubileyindən heç olmazsa bir sanballı kitabın yadigar qalması üçün mümkün köməkləri əsirgəməməyi rica etdim.

Ertəsi gün həm Bəstəkarlar İttifaqından, üstündən bir neçə saat keçincə həm də Mədəniyyət Nazirliyindən cavab gəldi ki, araşdırdıq, kitabı buraxa biləcəyik, təcili təqdim edin.

"Hə" cavabının gəlməsini gözləmədən, vaxtı itirməmək naminə "Tofiq Bakıxanovun baletləri" kitabını artıq çapa tam hazır vəziyyətə gətirmişdik.

Göndərdik, Bəstəkarlar İttifaqında baxdılar.

Əsər, son səhifəsində də göstərildiyi kimi, tarixi gündə - məhz dekabrın 8-də, Tofiq Bakıxanovun 90 yaşının tamamında çapa imzalandı.

2-3 gün sonra artıq nəşrin siqnal nüsxələri ortada idi.

Lakin Mədəniyyət Nazirliyi də o yandan artıq razılıq vermişdi. Bu girəvəni əldən qaçırmaq heç rəva deyildi.
"Renessans A" nəşriyyatının direktoru, jurnalist və kitabşünas Ələddin Əsədzadə ilə razılaşdıq ki, gecə-gündüz bilməyək, bütün imkanları səfərbər edək, Bakıxanovlar nəslinin bütöv yolunu, o sıradan Tofiq müəllimin də ömür salnaməsini, yaradıcılıq nailiyyətlərini əks etdirən ayrı bir kitab da tərtib edək.

Əsas əzmdir. Niyyət varsa, ona doğru qətiyyətlə irəliləyirsənsə, məqbul nəticə hökmən alınacaq.

Bir neçə günün ərzində əvvəlki kitabdan da həcmli və daha nəfis, bəstəkar Tofiq Bakıxanovun 90 illiyinə həsr edilən "Bakıxanovlar - nəslin nəciblik ənənələri" adlı toplunu bütün bədii tərtibatı ilə hazırlayaraq, baxıb qiymətləndirmələrindən ötrü Mədəniyyət Nazirliyinə yolladıq.

Hər kitab tarixdir, onda qalmış da belə tarixi şəxsiyyət və məşhur şəcərə barəsində ola.
Kitablar doğulur və onların hamımızdan çox yaşayacağı, məktublar kimi ən uzaq sabahlara çatacağı da şəksizdir.

Beləcə, 2020-nin dekabrında, artıq bu il çapına ümid qırıldığı halda ən dar macalda yaranaraq işıq üzü görən bir əvəzinə iki kitab həm Azərbaycan musiqisinin patriarxlarından olan, dahi Üzeyir bəyin və Qara Qarayevin yetirməsi Tofiq Bakıxanovun 90 illiyinə vaxtındaca edilən sanballı ərməğana çevrildi, həm də tariximizin, mədəniyyətimizin möhtəşəm yolunun səhifələrinə işıq tutan gərəkli kitablar cərgəsini bir qədər də zənginləşdirmiş oldu.

Müdrik atalarımızın köhnəlməz sözləri həyatın hər yönünü, hər məqamını nəzərə alır. Görülməli işə zamanındaca əncam çəkməyi, təxirə salmamağı məsləhət bilərək, "Dəmiri isti-isti döyərlər", "Bu günün işini sabaha qoyma" da deyiblər, qaçaqaç deyil ki, təsəllisiylə tələsməmək nəsihətini verərək "Axşamın xeyrindən sabahın şəri yaxşıdır" da söyləyiblər.

Biz birinci öyüdü seçdik, bəhrəsi də yaşayacaq və faydasını hər kəsin duyacağı 2 gözəl kitab oldu!

akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook