RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Qardaş kimi əziz Yan 22, 2021 | 10:38 / Mühüm hadisələr
İstəkli Urmanı itirdik və bu itkiyə inanmaq da, bu itkiylə barışmaq da çətindir.
Uşaqlıq çağlarından tanıdığın-bildiyin, qəlbinə yaxın tutduğun qohumlarının, dostlarının, lap qonşularının, tanışlarının gedişiylə əsilndə sənin ömründən də yeri heç vəchlə və heç vaxt doldurula bilməyəcək daha bir qəlpə qopur.
Hər əbədilik gedən əzizimizlə birgə hissə-hissə biz özümüz də gedirik.
Urman varlığıyla, yaddaşıyla, xatirələriylə şəxsən məni uşaqlığım, yeniyetməliyim, ilk gəncliyimlə, o illərin içərisindəki, o illərdən daha əvvəlki vaxtlardakı doğmalarımla bağlayan və artıq sayı lap azalmış məhrəm körpülərdən idi.
Urman getdi, dünənlə aramdakı məsafə də birdən-birə sanki xeyli böyüdü.
“Urman” bizlərdə hələ-hələ rast düşülən ad deyil və mənə elə gəlirdi ki, ümumən bu ad təkdir.
Hətta bir vaxtlar belə təsəvvür edirdim ki, “urman” sözü ya “roman”, ya da “orman” kəlməsinin təhrif olunmuş şəklidir. Haçansa doğum şəhadətnaməsini yazanmı, ya bu qəbil qeydiyyatı aparanmı yanlışlığa yol verib, ona görə də belə alınıb və bu ad yeganədir.
Çünki bizim-qohum əqrəba söhbətlərində keçən adların sırasında elə buna oxşar başqa təhriflərdən də xəbərim vardı. Məsələn “Urşan” dediklərinin də əslində “Rövşən” olduğunu və Urmanın adının da elə təxminən həmin biçimdə təhrif sayıla biləcəyini zənn edirdim.
Amma sonralar oxuduqca rastıma slavyanlar arasında da, almanlarda da “Urman” adı çıxdı, başqırdlarda da həm bu adın, həm bu sözün olduğunu gördüm, hətta Maqadandan tutmuş Ukraynaya qədər çox yerlərdə “Urman” deyilən kəndlərin, qəsəbələrin, çayların varlığından xəbər tutdum.
Heç fürsət olmadı, tini düşmədi ki, bu haqda Urmanın özünə danışım.
Çünki hər görüşümüzdə o qədər maraqlı mətləblər barədə söhbətləşərdik ki, bu cür xırda məsələlər nə yada düşərdi, nə də onlara vaxt ayırmağa həvəs olardı.
Urman çox savadlı, hərtərəfli məlumatlarla dolu, geniş mütaliəli, tarixdən, ədəbiyyatdan saysız qiymətli kitabları oxumuş və oxuduğunu da dərk etmiş adam idi.
Nəinki yaşadığı Kürdəmirdə, heç paytaxt Bakıda o cür mükəmməl mütaliəli adamlara az təsadüf edilərdi.
Mən 30-40 il əvvəli deyirəm. O vaxtları ki, hamı oxuyurdu, camaatın əlindən kitab düşmürdü, universal bilikli adamlar Azərbaycan boyu az deyildi.
İndi isə Urman kimi hərtərəfli məlumatlı, davranışlarından tutmuş mənalı söhbətlərinəcən diqqətəlayiq ola bilən ziyalıların sayı heyflər ki, barmaqla sayılacaq qədər seyrəkdir.
Urman elə bu daxili zənginliyinə görə adının mənşəyini xəyalımda əlaqələndirdiyim romana da bənzəyirdi, ormana da.
Oxunduqca oxunası romana, ucu-bucağı görünməyən ormana!
Tale elə gətirmişdi ki, Urman Ağayev Kürdəmirdə yaşayıb-işləyirdi və o qabiliyyətlər ki, ondaydı, Bakıda yaşasaydı, mərkəzdəki ictimai-siyasi həyatın axarında olsaydı, bütün üstünlükləri ilə daha çox açılardı, respublikanın aparıcı insanları sırasında yer alardı.
Urman Kürdəmirdə yaşadı və 30 ildən artıq bir zaman ərzində dövlət, partiya, sovet orqanlarında çalışdı.
1960-80-ci illərdə isə bu orqanlar saat kimi dəqiq işləyirdi, o sahədə xidmət göstərən hər kəsdən yüksək məsuliyyət, intizamlılıq, bacarıq tələb olunurdu, vəzifə pillələri ilə qədəm-qədəm, bişərək, sınaqlardan keçib yetişərək irəliləyirdin.
Urman hətta o çağlar sağındakı-solundakıların əksərindən həmişə bir baş uca idi.
Şəxsən mən özüm 1970-ci illərin axırlarında, 1980-ci illərdə Universiteti bitirəndən, müəyyən qədər yaşa dolandan, təcrübələnəndən, müqayisə etmək imkanlarım artandan sonra aşkarca görürdüm ki, Kürdəmirdə vəzifələr tutan Böyükkişi Abdullayev, Urman Ağayev, Vaqif Hacıyev kimi insanlar səviyyələri etibarı ilə rayon miqyasına sığmırlar, onların hər biri öz sahəsində respublikada aparıcı vəzifələr tutmağa layiq, Azərbaycana böyük faydalar verməyə qadir qiymətli kadrlardır.
Böyükkişi Abdullayev kürsüsünə layiq, uğurlu kənd təsərrüfatı naziri də ola bilərdi, kənd təsərrüfatı üzrə Mərkəzi Komitənin katibi də və Azərbaycan bundan çox qazanırdı. Şəxsiyyət kimi sanbalı, təcrübəsi, idarəçilik, təşkilatçılıq qabiliyyəti ilə əvəzolunmaz hesab edilməli simalardan idi. Hətta eşitdiyimə görə 1980-ci illərin sonlarında onun sadaladığım yüksək vəzifələrdən birinə gətirilməsi söhbəti də ciddiləşibmiş, ancaq xəstələnməsi, vaxtsız gedişi bu niyyətin gerçəkləşməsinə imkan vermədi.
Urman Ağayev də işgüzarlığı, qabiliyyəti, düzlüyü ilə elə bir çəki sahibi idi ki, sovet dönəmində Azərbaycanın istənilən rayonunun Birinci katibi, ya artıq müstəqillik dövründə icra başçısı olmağa, ya respublika səviyyəli hansısa uyğun vəzifəni tutmağa, hara təyin edilərsə, orada son dərəcə faydalı olmaq, ona həvalə edilmiş sahəni qaldırmaq gücündə idi.
Ya Vaqif Hacıev bir balaca rayonun Mədəniyyət şöbəsinin müdiri olmaq deyil, Mədəniyyət nazirliyində məsul vəzifə tutaraq respublikanın mədəni həyatının inkişafına birbaşa impulslar ötürməyə qadir idi.
Belə olmadı, onlar doğma rayonda yaşadılar, ömürlərinin axırınadək sədaqətlə Vətənə, xalqa xidmət etdilər, varlıqları ilə Kürdəmirin özünəməxsus ziyalılıq mühitini yaratdılar, rayonda ümumi səviyyənin yüksəkliyini təmin etdilər.
Və bu qəbil seçkinlərin sayəsində nə qədər cavanlar tərbiyələndi, yetişdi.
Sovet əyyamlarında kənd rayonlarında raykomda vəzifə tutanların işi nə qədər gecəsi-gündüzü olmayan, zəhmət tələb edən idisə də, müəyyən imtiyazları da vardı. Bu imtiyazlardan biri də o dövrdə hər rayonun ticarət şəbəkəsinə məhdud sayda göndərilən mallardan hamıdan əvvəl xəbər tutmaq və xarici geyimlər, mebel, digər az tapılan ev əşyaları, texnika və bir də coxcildli nəşrlər, dünya ədəbiyyatı seriyasından olan kitabları hamıdan əvvəl ala bilmək imkanı idi.
1970-80-ci illərdə Bakıda mənzilində yaxşı kitabxananın olması prestij əlaməti idi, sərvət sayılırdı.
Neyləməli ki, bu nəcib şakərimizi də əldən verdik.
Təəssüf ki, indi kitaba meyl həddən artıq solub. Kitabsız, biliksizsə, nə adam adam olar, nə cəmiyyət qabağa gedər.
Urman başqalarından fərqli olaraq rayon kooperativlər ittifaqının bazasına daxil olan digər mallara maraq göstərməz, kitabları istəyərdi.
Maraq dairəsini bildiklərindən və xüsusi hörmət də bəslədiklərindən ambara daxil olan kitablar barədə birinci sorağı ona verərdilər.
Urmanın böyük şəxsi kitabxanası vardı və evində yaxşı kitabxanası olanların çoxundan bir başlıca təfavütü bu idi ki, aldıqlarının hamısını oxumuşdu, bəzilərini bir neçə dəfə mütaliə etmişdi, gözəl də yaddaşı olduğundan oxuduqlarından iqtibaslar da müdam söhbətlərini bəzəyərdi.
Kürdəmir kimi şəraiti çətin, iqlimi sərt bir rayonda sovet dövründə partiya işində çalışmaq asan deyildi. Tələbkarlıq yüksək idi, məhsul yığımı dövründə, illah da pambıq mövsümündə belə rayonlarda həyat ayrı bir rəng alırdı, əhalinin vəziyyəti dözülməz qədər ağırlaşırdı. Dükan-bazar, məktəb bir neçə aylığa qapadılar, hamı pambıq yığımına cəlb edilər, tarla əvəzinə təsadüfən küçədə-filanda görünən adamlar cəzalandırılardı.
Urman camaat arasındakı nüfuzu, şəxsiyyətinin sanbalı, sözükeçərliyi, əhaliylə rahat dil tapmaq qabiliyyəti, səmimiyyəti, mehribanlığı ilə müvazinət yaratmağı bacarırdı, qoymurdu ki, əsəblər lap tarım çəkilsin, hansısa fəsadlara gətirib-çıxarsın.
Mişətimizə çox da uzaq olmayan zamanda daxil olmuş bir sıra məfhumlar var ki, dilimizdə onları qarşılıq ola biləcək sözlər tapılbsa da, tam əvəzedici də sayıla bilməzlər. Bunlardan biri “предохранитель” kəlməsidir ki, mahiyyətini qismən ifadə edən “qoruyucu” sözü ilə tərcümə edilirsə də, hər halda bu o deyil.
Urman kimi sayğı sahibi, hamı tərəfindən qəbul edilən şəxslər dövlət işində həmişə lazımdırlar. Çünki onlar daim bu həssas sahədə çox ehtiyac duyulan “предохранитель” olmaq – hakimiyyətlə xalq arasında qoruma, tənzimləmə, kəskin küncləri sığallayıb yumşaltmat, yol verə bilmək yükünü çəkirlər.
Di gəl, həmişə ölçü bilən, məsafə saxlayan, danışığını da, hərəkətini də daxili nəzarətindən buraxmayan Urman tək bir dəfə sovet dövrünün qaydaları və davranış normaları ilə qətiyyən uyğunlaşmayan intizamsızlıq da etmişdi.
Sovet dövrü ilə sonrakı illəri müqayisə etməyə yaşı çatanlara bəllidir ki, o çağlarda rayon partiya komitəsinin birinsi katibi külli-ixtiyar sahibi idi.
Səbəbsiz yerə onları kinayə ilə “balaca padşahlar” adlandırmırdılar.
Onların hikkəsi, ədası, hökmünün yanında sonrakı dövrün icra başçılarının ən harını, ən yekəbaşı, ən qudurğanı da toyagetməlidir.
Nəkara idi kimsə Birinci katibin bir sözünü iki edə! Adamın dərisinə saman təpdirərdi.
Və günlərin birində aydın səmada şimşək çaxması kimi hadisənin əks-sədası bir neçə saata Bakıya, Mərkəzi Komitəyə də çatdı, bütün rayonlara da yayıldı: Kürdəmirdə raykomun şöbə müdiri birinci katibi çırpıb!
1930-40-cı illərdə belə hərəkətin üstündə günahkara güllələnmə verərdilər. Hadisənin baş verdiyi dövrdəsə, buna görə dərhal partiyadan çıxarılmaq və həbsə atılmaq qaçılmaz idi.
Hələ ailəsinin, qohum-qardaşının taleyi necə olacaq, bu başqa hekayət idi.
Kürdəmirdə baş verən hadisə sadəcə xuliqanlıq, iki adamın savaşması kimi qələmə veriləsi qəziyyə deyildi.
Dövlətin yerdəki dayağına əl qaldırmağı elə dövlətə qarşı qalxmaq, başqalarına da “belə etmək olar” ismarışı vermək, bir sözlə, dövləti cinayət törətmək mənasında yozmaq da mümkün idi.
Lakin həqiqətdə nə baş vermişdi?
Rayonun təsərrüfat həyatını çökdürmüş, kobud, nalayiq davranışı ilə Kürdəmir əhalisini bezdirmiş, alçaldıcı ifadələri gündəlik danışıq tərzinə çevirməklə dəqiqəbaşı təhqir etdiyi idarə rəhbərlərini, partiya-sovet işçilərini cana doydurmuş Birinci katib gəlir rayonun Kirov adına kolxozunun fermasına.
Elə maşından düşən kimi özünə xas tərzdə gül ağzını açır, başlayır əl-qolunu ölçə-ölçə, bağıra-bağıra ora toplaşanları söyüb-təhqir etməyə.
Hərə bir tərəfə qaçır və yanında təkcə onu müşayiət edən Urman Ağayev qalır.
Qeyzli birinci katib bir az da hökmlü görünməkçün çevrilir Urman sarı, başlayır amiranə tonla hərzə-hərzə danışmağa, arada söyüşə də keçir.
Həmişə səbrli, təmkinli, səsini heç vaxt qaldırmayan Urman qayıdır ki, xahiş edirəm ədəbli danışın.
Bu söz Birinci katibi lap dəli edir: “Sən kimsən mənimlə belə danışırsan?! Kürdəmirdə mənim sözümün qabağında kim söz deyə bilər? Bu rayonda heç kişi yoxdur”.
Və Urmanın şilləsi beşatılan kimi açılır.
Birinci katib heç yatanda ən qorxulu yuxusunda belə nəinki görə, hətta təsəvvür edə bilməyəcəyi bu qəfil şillənin zərbindən sərilir yerə.
Yumalanıb düşür peyinli-palçıqlı gölməçənin içinə.
Həmin şilləni belə sarsıdıcı, belə yıxıcı edənsə o idi ki, bu, tək bir nəfərin şilləsi deyildi.
Bu, bir pəzəvəngin əlindən zəncir çeynəyən, amma qorxudan cınqırını çıxara bilməyən bütün kürdəmirlilərin nifrətinin bir yumruqda düyümlənmiş qəzəbi, nifrəti idi.
Əslində bu şilləsi ilə Urman Ağayev yenə ömrü uzunu sədaqət və ləyaqətlə qulluq etdiyi dövlətin keşiyində idi. Çünki həmin şillə olmasaydı onsuz da 3 aymı, 5 aymı sonra əndazəni aşan Birinci katibə qarşı xalqın kini, hiddəti daha ağır nəticələrə gətirib çıxara bilərdi.
Və həmin şillənin şaqqıltısının xəbəri hansı kürdəmirliyə çatdısa – cavanın da, ahılın da, qocanın da dilində bircə alxış vardı: “Ay onun qadasını alım, ay onun əlinə qurban olum!”.
Öz taleyini kökündən dəyişə biləcək, böyük bədbəxtliklərə bais olan həmin bircə şilləsi ilə Urman Ağayev öz kişiliyini, mərdanəliyini də sübut etdi, bir rayonun heysiyyətinə, qeyrətinə də sipər oldu və həmin həşərata da, bütün respublika boyu o həşəratın tayı olanların hamısına da dərs verdi ki, özünüzü yığışdırın, xalqı bu qədər tapdalamaq olmaz!
Bəs qəhrəmanlıq necə olur, əziz vətəndaşlarım!
Bilirsən ki, sənin hansısa addımın sənin özünün məhvinə, yaxınlarının da sonsuz təqiblərinə, əzab-əziyyətlərinə bais olacaq, amma dəyanət göstərirsən, hər şeyə rəğmən həmin atılmalı addımı atırsan, üzü tüpürcəkli qalmaq nakişiliyini qəbul etməyərək nadürüstlərin alnına heç vaxt silinməyəcək damğa həkk edirsən.
Bu sıxıntılı yanvar günlərində əbədi ayrıldığımız, itkisinin acısını həmişə yanğıyla yaşayacağımız Urman belə cəsur, qətiyyətli, dönməz, igid insan idi.
Respublika rəhbərliyi təbii ki, bu ekstremal hadisəni dərhal araşdırmağa başladı, üzə vurmasalar da, şillənin vurulmasının savabının günahından çox olduğunu da anladılar və şükür ki, xeyirxah müdaxilələr də nəzərə alınmaqla məsələ çox qabardılmadan soyuduldu.
Amma Urmanın şilləsi də hər halda bir rəvayət, ibrət, nəsihət kimi dövlətçilik tariximizdə qaldı.
Gərək heç bir məmur, əlində millətin taleyinə təsir etmək girəvəsi olan heç bir yüksək səlahiyyət sahibi heç vaxt belə bir şillənin vurula bilmə ehtimalını unutmasın.
Başqa bir Urman bunu etməsə, dövlət edəcək, dövlət etməsə, geci-tezi var, o şilləni Allah özü vuracaq!
Həmin hadisədən xeyli müddət sonra bir hörmətli şəxs Bakıda məni evində təşkil etdiyi dost məclisinə dəvət etmişdi.
İlk sağlığı elə qonaqları təqdim etmək üçün özü başladı və hər kəs haqqında geniş məlumat verirdi.
Mənə çatanda yazdıqlarımı xeyli tərifləyəndən sonra qayıtdı ki, nitqinə də heyranam, əsl gözəl Azərbaycan dilində danışır, saatlarla çıxış edə dinləməkdən yorulmazsan, nitqində zərrəcə ləhcə əlaməti yox.
Və qayıtdı ki, yeri gəlmişkən, sən hansı rayondansan?
Cavab verdim ki, Kürdəmirdənəm.
Hamımız hiss etdik ki, hələ haqqında söz deyilmək növbəsi çatmamış qonaqlardan birinin sifəti nəsə qaraldı.
Məclis sahibi isə, sözünü davam edirdi və əlini həmin rəngi dəyişənə uzadaraq əlavə elədi ki, hə, filankəs müəllim də sizin rayonda neçə illər Birinci katib işləyib.
Həmin sabiq birinci katibi üzdən tanımırdım, amma adı çəkilincə yadıma düşdü bu hansı birinci katibdir və istər-istəməz nəzərim məşhur şillənin çalındığı sağ yanağına dikildi.
Adını yazmıram, haçandır rəhmətə gedib, onun üzqaralığına görə niyə doğmaları indi də xəcalət çəkməli olsun!
Bu da xatirimdədir ki, heç yarım saat keçməmiş o adam hanısa bəhanəylə məclisi tərk etdi...
Urmanda hələ cavan yaşlarından bir ağsaqqallıq siqləti vardı, bu keyfiyyətini sonacan hifz etdi.
Həmişə prinsipial, həqiqətpərəst, mübariz oldu.
Bu da yadıma düşür ki, təqaüdü hesablananda sovet dövründə tutduğu vəzifələrin müasir dövlət qulluğu statusuna bərabərliyi nəzərə alınmadığından ona az məbləğ müəyyən etmişdilər. Əmək və əhalisinin sosial müdafiəsi nazirliyinə gedib-gəldi, sözü eşidilməyəndə məhkəməyə müraciət etdi, qanunları yaxşı bildiyindən vəkil-filan da tutmadı, əksinə, özünün düşdüyü vəziyyətdə olan bir neçə başqasına da kömək etdi, hamısına almalı olduqları məbləğlər kəsildi və hətta əvvəl ödənilməmiş olan hssələri də son manatınacan aldılar.
Urman diqqətcil idi. Rayona yolum düşəndən-düşənə görüşsək də, telefonla vaxtaşırı danışardıq, elə bayram olmazdı ki, zəng vurub təbrik etməsin.
Yeni illər dönəcək, yeni bayramlar gələcək, ancaq daha heç vaxt o bayramlarda teılefonuma URMAN adını yazan zəng səslənməyəcək.
Telefonumda birgə olduğumuz axırıncı şəkil qalıb.
Nə acı ki, birgəliyimizin həmin son fotosunda da bir əbədi ayrılıq günündəyik.
Qardaşımla vida mərasimində.
O gün Urman bir az nasaz idi, möhkəm soyuqlamışdı, ancaq durub gəlmişdi.
Və elə Urman özü də mənə qardaş kimi əziz idi!..
Uçub getdi...
 
Rafael Hüseynov
22.02.2021
 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook