RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Gəncəvi adına Ədəbiyyat muzeyində 20 Yanvar faciəsinin tarixi ibrətlərinə həsr edilən tədbir keçirilib Yan 19, 2021 | 10:57 / Tədbirlər

Yanvarın 18-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının azadlıq tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar hadisəsinin növbəti ildönümü videosessiya ilə qeyd edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov “İstiqlal yolunun başlanğıcı” adlı məruzə ilə çıxış etdi. Akademik çıxışında bildirdi ki, SSRİ-nin o vaxtkı rəhbərliyi hərbi gücünü göstərmək, Azərbaycanın yetişməkdə olan istiqlaliyyətinin qarşısını almaq, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunu və ağır texnikanı şəhərə yeridərək, dinc əhaliyə qarşı qanlı cinayət törətmişdir. Qeyd olundu ki, həmin günlərdə respublika televiziyasının enerji blokunun sovet təxribatçı qüvvələri tərəfindən partladılması, mətbuat üzərində ciddi hərbi senzuranın tətbiq edilməsi səbəbilə Azəarbaycan tam informasiya blokadasına salınsa da, bu, xalqın iradəsini sarsıda bilmədi. Daha sonra akademik Rafael Hüseynov deyib: “1980-ci illərin sonlarında başlanan milli azadlıq hərəkatını birdəfəlik dayandırmaq, xalqın azadlıq əzmini ürəklərdəcə susdurmaq istəyən imeriyanın niyyəti baş tutmadı. Əksinə 20 yanvarda törədilən faciə sonun başlanğıcına çevrildi. Azərbaycanın növbəti ildə baş verəcək dövlət müstəqilliyinin də, sovet rejiminin də çökərək tar-mar olmasının təməli də əslində o kədər və zəfər gecəsində qoyuldu”. 

Elmi sessiyada muzeyin “Komparativistika və bədii tərcümə” şöbəsinin müdiri, professor Şəfəq Əlibəylinin  1990-cı ilin Qanlı Yanvar günləri ilə bağlı xatirələri dinlənildi. Həmin ərəfədə Moskva şəhərində ezamiyyətdə olan alim vətənindən uzaqda yaşadığı Azərbaycan ağrısını, mövcud siyasi haqsızlıqlara qarşı əməli etirazlarını təfərrüatı ilə diqqətə çatdırdı. Şəfəq Əlibəyli qeyd etdi ki, həmin günlərdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin binasına olan dağıdıcı hücumlar, insan hüquqları və ölkə suverenliyinin amansızcasına pozulması Azərbaycan xalqının başına gətirilən faciənin davamı idi.

Daha sonra muzeyin “Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini” şöbəsinin müdiri Tomiris Babanlı “Böyük gecədən –Böyük qələbəyə aparan yol” adlı məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, “qara”nın bir mənası siyahdırsa, başqa bir mənası da böyükdür. Mənfur qonşularımızla Qarabağ uğrunda –böyük, əzəmətli “bağ” uğrunda başlanan mübarizəmizin yolu Qara yanvarla, Qaraqaya yaxınlığındakı vəhşətlə, Xocalı   qətliamı ilə davam edərək xalqımızı Birinci Qarabağ müharibəsinə, daha sonra Aprel döyüşlərinə və ən nəhayət İkinci Qarabağ  -Vətən müharibəsinə gətirib çıxardı. 20 Yanvardan ötən 31 illik zaman məsafəsindən baxanda o günlərin müdhişliyi, vahiməliyi ilə yanaşı, qəlbləri riqqətə gətirən, gəncliyin yenilməzliyinin, xalqımızın azadlıq səsinin heç bir imperiya cəlladları tərəfindən batırıla bilməməsinin şahidi oluruq.

Sonda qeyd edildi ki, azadlıq mübarizəsi və müharibəsində fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən, hər bir azərbaycanlıya sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook