RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Mənə çox əziz olan insanın doğum günü Fev 10, 2021 | 17:33 / Yubileylər
Doğum günlərində adətən yaxınları, doğmaları, əziz tutulanları təbrik edirlər, onların gözlərini-könüllərini sevindirməkçün quruca sözlə kifayətlənməyib hədiyyə də təqdim etməyə çalışırlar.
Fevralın 9-da mənə yaxın, doğma, əziz olan bir insanın ad günüdür.
Onun doğum gününü əlbəttə ki, təbrik etmək istəyirəm, söz yox ki, könlünü bir hədiyyə ilə də fərəhləndirmək arzusundayam.
Hərçənd çox uzaqdadır – həm məsafəcə, həm vaxtca.
Ancaq mən onu elə lap yanımdaymış kimi təsəvvür edirəm.
Dünyada müxtəlif saat qurşaqları var.
Məgər qəlbimizə məhrəm olan bir kəsin dünyanın o başında büsbütün ayrı bir saat içərisində, tutalım gecə, şirin yuxunun qoynunda olması, bizim gündüzün günorta çağında olmağımız ürəklərimizin həmahəng döyüntüsünə təsir edə bilirmi?
Əsla yox!
Elə fevralın 9-da doğum günü olacaq əzizimin də məndən nə qədər aralıda olması, hansı təqvim içərisində, hansı ildə bulunması qətiyyən ona olan sevgimə, ruhən eyni saat, eyni dəqiqələr axarında qərar tutmağımıza təsir göstərə bilməz.
Həm də o elə güclü ruh sahibi, elə parlaq işıq daşıyıcısıdır ki, harda olur-olsun onu sevənə nəfəs qədər yaxın gəlməyi bacarır.
Deyirlər ki, doğum günündən əvvəl adamı təbrik etməz, ona hədiyyə verməzlər, gərək gözləyəsən gün gəlib çatsın.
Bunu ona görə söyləyiblər ki, düşər-düşməzi olar, günləri irəli çəkərsən, təbrik etdiyinə nəsə zaval toxunar.
Bu xalq gümanına sadədillik kimi baxan da olar. Lakin mən o qənaətdəyəm ki, xalq belə söyləyibsə, boşuna deməyib. Yəqin həyatın hansısa anlarında hansısa müşahidələr olub ki, belə etməməyi elə həmin sınaqların dərslərinə söykənərək məsləhət görüblər.
Di gəl, mənim əzizimin, doğmamın bu təhlükəsi də yoxdur.
O elə sağlamdır, elə qüdrətlidir ki, ona heç bir sədəmə toxuna bilməz.
Ölüm də onun qarşısında acizdir.
Çünki dünyaya gözlərini əbədi yummasından 440 il keçsə də, yenə diridir, bizimlədir.
Bu, dahi türk övladı Əlişir Nəvaidir.
Nizamimizdən düz 300 il sonra doğulub – 1441-ci ildə.
Torpaq üstündəki həyatı vur-tut 60 il sürüb.
Fəqət düşüncələrdəki, könüllərdəki ömrü bu an da davam edir və heç vaxt da bitməyəcək.
O, Nizamini özünə müəllim, Füzuli özünü onun qarşısında şagird hesab edib.
Ana dilimizi – türkcəmizi ali mərtəbəyə ucaltmasına, dilimizin əzəməti haqqında bizə “Mühakimər ül-lüğəteyn” kimi müstəsna bir qələm abidəsi yadigar qoyduğuna görə əbədi rəhmət və məhəbbətlər onunla olacaq!
Doğum gününüz mübarək, Ustadlar Ustadı!
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook