RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Azərbaycanda 4500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir Yan 30, 2021 | 17:36 / AŞPA məruzələr

Bu gün Azərbaycandakı ümummilli səviyyədə əhəmiyyətli məsələlər QHT-ləri, dövlət təsisatlarını, eləcə də bu sahələrə cəlb edilən beynəlxalq strukturları hər zaman olduğundan daha sıx əməkdaşlıq və qarşılıqlı dəstək şəraitində işləməyə səfərbər edir. Məhz belə ekstremal tarixi dövrdə gerçəkləşəcək iş birliyi və qazanılan təcrübələr Azərbaycanda QHT-lərin gələcək fəaliyyətinin daha səmərəli olmasına, dövlət təsisatları ilə daha sağlam münasibətlərinin formalaşmasına müsbət təsirini göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri azərbaycanlı deputat Rafael Hüseynov AŞPA sessiyasında “Avropa Şurasına üzv ölkələrdə QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlər” adlı məruzə ilə bağlı debatlardakı çıxışında deyib.

Bildirib ki, üzv ölkələrdə çox saylı QHT-lər fəaliyyət göstərir və onların sayı mütəmadi olaraq artır, fəaliyyət dairələri genişlənir. Ölkədən asılı olmayaraq, QHT-lərin problemlərinin çoxu oxşar olsa da, ölkələrdəki mövcud vəziyyətlə bağlı olaraq fərqli olanlarda var.

R. Hüseynov ölkəmizdəki QHT-lər haqqında məlumat verərək bildirib ki, Azərbaycanda 4500 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Ancaq ölkəmizdə yaranmış yeni tarixi şəraitlə bağlı məlum oldu ki, onların əksəriyyəti eyni sahədə fəaliyyət göstərirlər. QHT-lərin fəaliyyət sahələri oxşar olduğu üçün onların qarşılaşdığı və qarşılaşacağı problemlər də oxşar olacaq.

“Azərbaycan ağır müharibədən çıxıb və 30 ilə yaxın bir müddət işğal altında olan torpaqlarını azad edib. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində indi araşdırmalar aparılır, vurulmuş ziyanın miqdarı hesablanır. Yerli və xarici müşahidəçilər, eləcə də azad olunmuş ərazilərə səfər etmək imkanı olan ayrı-ayrı QHT təmsilçilərinin şahidliyi və ictimaiyyətə təqdim olunan videoçəkilişlər, fotolar həmin ərazilərdəki dəhşətli mənzərəni əks etdirir.

Azərbaycanın 1992-ci ildən 2020-ci ilin son aylarınadək təcavüzkarın nəzarətində qalmış 20 faiz ərazisinin əsas hissəsi, xüsusilə də Dağlıq Qarabağdan kənardakı 7 rayon tamamilə darmadağın edilib. Bütün infrastruktur, istehsalat və mədəniyyət müəssisələri, yaşayış binaları, məktəblər, xəstəxanalar, memarlıq abidələri, qəbiristanlıqlar, ibadətgahlar darmadağın edilərək yer üzündən silinib. Bu rayonlarda işğalın əvvəlindən bu günədək döyüşlər getməyib. Düşmən sanki təkbaşına bu ərazilərlə vuruşub. Dağıdılmış binaların daşlarına, qapı-pəncərələrinə, dəmir konstruksiyalarına qədər hər şeyi qəsb edərək aparıblar. Həmin ərazilərin başdan-başa minalanması isə bərpa işlərinə başlamağa, qaçqınların və məcburi köçkünlərin qayıdışına mane olur. Azərbaycan həmin əraziləri yenidən qurmalıdır ki, 1 milyon qaçqın və məcburi köçkünün yenidən doğma evinə qayıtmasını təmin edə bilsin”, - deyə R. Hüseynov 30 il işğal altında olmuş və indi azad olmuş ərazilərimiz haqqında ətraflı məlumat verib.

Qeyd edib ki, ölkəmizdə QHT-lərin əksəriyyəti mövcud vəziyyətin tələb etdiyi proseslərdə iştirak etmək əzmindədirlər. Qaçqın və məcburi köçkünlərin hüquqi yardıma ehtiyacları var. Onların məişət problemləri, səhiyyə, təhsil, məşğulluq kimi saysız-hesabsız məsələlərinin həlli qarşıda duran ən ümdə vəzifədir.

Müharibədən sonrakı bərpa və quruculuq işləri nəhəngdir və onların həlli istiqamətində bütün qüvvələr səfərbər olmalıdır. Bu proses hələ uzun illər çəkəcək.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook