RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ədəbiyyat Muzeyində konfrans: Sənət və elm tarixində imzasını qoyan Azərbaycan qadınları May 06, 2021 | 12:17 / Mühüm hadisələr

Mayın 4-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Qadınlar Təşkilatının xətti ilə “Sənət və elm tarixinə imzasını qoyan Azərbaycan qadınları” adlı elmi-praktiki konfrans keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov konfransı giriş sözü ilə açaraq bildirib ki, İCESCO-nun  İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının qərarı ilə 2021-ci il İslam aləmində “Qadın İli” elan edilmişdir.

Akademik qeyd edib ki, Azərbaycan qadınının mədəni, ictimai həyatdakı fəaliyyət tarixi haqqında  silsilə konfranslar keçirmək, genişhəcmli məqalələr toplusu hazırlamaq mümkündür. Bildirilib ki, Azərbaycan qadınının tarixdəki mühüm yeri və rolu bu gün dünya ictimaiyyətinə ardıcıl çatdırılmalıdır. Çünki Azərbaycan qadınının cəmiyyətdəki əhəmiyyəti təkcə XX yüzilin hadisəsi deyil. Rafael Hüseynov çıxışında, tarixi ən azı VII əsrə söykənən “Kitabi Dədəm Qorqud” dastanlarındakı “qadın haqqı”, “ana haqqı”, “Tanrı haqqı” kəlamlarını yada salaraq türk dünyasında qadına verilən yüksək dəyərdən bəhs edib. Alim onu da vurğulayıb ki, qədim XII əsr dünyanın heç bir ölkəsində Azərbaycan tarixində olduğu qədər qadın qəhrəmanlığı, qadın diplomatiyası, qadın poetik yaradıcılığı ilə tanınmır. Odur ki, bu fenomen diqqətlə öyrənilməli və bütün dünyaya təqdim edilməlidir. Akademik, Azərbaycan qadınının cəmiyyət həyatındakı tarixi rolundan bəhs edərkən XX əsrin əvvəllərində milli ziyalılar və messenantların dəstəyi ilə teatr, elm və təhsil, mətbuat sahəsinə qadınların gəlişindən, Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış “Qızlar gimnaziyasından” bəhs edib. Bildirilib ki, həmin illərdə daha yeni, savadlı nəsillər yetişdirəcək təhsilli qadınlar dəstəsi üçün məxsusi dərsliklər yazılır, müqəddəs “Quran” doğma dilə daha sadə şəkildə tərcümə edilirdi.

Akademik Rafael Hüseynov, çıxışının sonunda Nizami muzeyinin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovaya muzeyin tarixi quruculuğunda mühüm rol oynamış ziyalı qadınların yaradıcılığını, o cümlədən, Azərbaycan qadınının tarixdəki rolunu işıqlandıracaq, tanıdacaq məqalələr toplusunun hazırlanmasını tövsiyə edib.

Elmi-praktik konfransda, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun Qadınlar Təşkilatının üzvləri – filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Əbdürrəhmanova da iştirak ediblər.

Tədbirdə muzeyin xanım əməkdaşlarının müxtəlif mövzularda məruzələri dinlənilib.

Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlı “Azərbaycan tarixində mühüm rol oynamış müdrik qadınlar Nizami muzeyinin ekspozisiyasında” adlı məruzə ilə çıxış edərək muzeyin zallarında sərgilənən və tarixi sərkərdə, ziyalı qadınların təsvir olunduğu müxtəlif rəsm əsərləri və heykəltəraşlıq nümunələrindən bəhs edib, o cümlədən, onların ədəbi irsi haqqında geniş məlumat verib.

Elmi-praktik konfransda muzeyin elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli “Görkəmli şərqşünas Şəfəq Əlibəyli” adlı məruzə ilə çıxış edərək, tanınmış şərqşünas-alim, professor Şəfəq Əlibəylinin zəngin yaradıcılıq yoluna işıq salıb.        

Tədbirdə, həmçinin muzeyin Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq “Qacarlar dövründə qadın şairələr” adlı tədqiqatı ilə çıxış edərək, Qacarlar xanədanının görkəmli şairə xanımları və dövrün digər məşhur xanımları haqqında ətraflı məlumat verib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook