RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” tele-essesində böyük dramaturq Hüseyn Cavidin yaradıcılığına nəzər salınıb + Foto Apr 28, 2021 | 12:28 / Mühüm hadisələr

AZTV-nin “Mədəniyyət” kanalında AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” tele-essesinin böyük dramaturq Hüseyn Cavidin misilsiz, çoxşaxəli yaradıcılığına həsr olunmuş növbəti buraxılışı yayımlanıb.

Verilişdə əbədi hürriyətin timsalı olan Hüseyn Cavid şeirinin gizlinləri, şairin misralarındakı heyrətli öncəgörümlər, Cavidin qeyb olan tamamlanmış dramları və keşməkeşli yolundan bəhs olunub.

Akademik R.Hüseynov anlaşılmaz bir xilqətin şöləsi kimi parlayan, bir ulduz kimi işıq saçan Hüseyn Cavidin 1937-ci il 4 iyun tarixində həbs olunmasından söz açıb. Bildirib ki, Cavidin əsərləri, əlyazmalarının böyük bir hissəsi “KQB” quzğunları tərəfindən ələ keçirilsə də, təsadüf nəticəsində bir neçə əlyazması günümüzə qədər gəlib çıxmışdır. “Bu əlyazmaların hər sətri bir yoldur”, -  deyə qeyd edən akademik ədibin “Cavid” təxəllüsünü qazanana qədər keçdiyi yoldan bəhs edib, onun heç bir vəchlə öz yolundan, məsləkindən dönmədiyini vurğulayıb. Əlavə edib ki, öz bənzərsiz dəsti-xətti ilə seçilən H.Cavid yazacağı şeirləri əvvəlcə bəddi nəsr nümunəsi kimi qeyd edərmiş, onun günümüzə qədər gəlib çatan qeyd dəftərçələri bunu deməyə əsas verir.

Akademik R.Hüseynov bildirib: “Böyük Cavid "Mən mülayim bir dənizəm, atəşlidir dalğalarım" söyləyirdi. Həqiqətən onun ömrü də, irsi də ucu-bucağı görünməyən bir dəniz kimidir. Hər dəfə baş vurduqca yeni gözəlliklərlə, yeni möcüzələrlə rastlaşırsan”.

O, Hüseyn Cavidi XII yüzillikdə yaşamış böyük şair və mütəfəkkir Ömər Xəyyamla müqayisə edərək Cavidin ən seçilmiş qəhrəmanlarından birinin "Xəyyam" dramında canlandırdığı Ömər Xəyyam olduğunu diqqətə çatdırıb. Bildirib ki, Cavid Xəyyamın simasında dövrünün fövqünə yüksələ bilən bir romantik qəhrəmanı canlandırmışdır. Xəyyamın ayıq şübhələri və həyat eşqi Cavidə öz daxili dünyasını işıqlandırmaq, sənətkar və cəmiyyət probleminə münasibətini ifadə etmək üçün münasib şərait yaratmışdır.

Akademik vurğulayıb ki, qaranlıq gecələr içərisindən işığa aparan yol axtarışında olan Hüseyn Cavid öz həyatını sanki əvvəldən görmüş, yazdığı əsərlərin özünün və ailəsinin başına gələcək bəlalara səbəb olacağını duymuş, lakin yolundan əsla dönməmişdir.

“Həyatdan erkən, yaradıcılığının ən bəhrəli dövründə qoparılmış Cavid kimi dahilər “Yaşasaydılar daha hansı şahəsərləri yarada bilərdilər?” sualı insanı daim düşündürür”,  - deyən R.Hüseynov qeyd edib ki, Azərbaycan insanının daxilində sözə sevgi olduqca H.Cavid də yaşamağa davam edəcək. 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook