RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami muzeyində “Elm günü”nə həsr olunmuş elmi sessiya keçirilib Mart 27, 2021 | 12:48 / Tədbirlər

Martın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Elm günü”nə həsr olunmuş onlayn elmi sessiya keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov bildirib ki, ölkə başçısı tərəfindən “Elm günü” haqqında müvafiq Sərəncamın imzalanması ciddi elmi, ictimai-siyasi mənalar kəsb edir. Çünki elm istənilən dövlətin, millətin təməl meyarlarındandır və elmə xüsusi diqqətin göstərilməsi həmişə vacibdir. Hansı xalq, dövlət, ölkə elmə daha çox diqqət göstərirsə, onun gələcəyi də daha uğurlu və təminatlı olur.

Direktor çıxışında son illərdə Nizami muzeyində aparılan uğurlu elmi-tədqiqat işlərindən bəhs edib. Bildirilib ki, həm filologiya, həm də sənətşünaslıq elmi istiqamətləri üzrə fəlsəfə və elmlər doktorluğu dissertanturasının, doktoranturasının fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dörd elmi ixtisasın müdafiəsini keçirən Dissertasiya Şurası yaradılmışdır. Qeyd edilib ki, bu il fəlsəfə doktorluğu üzrə artıq 10-a yaxın dissertasiya işi müdafiə ərəfəsindədir.

Akademik Rafael Hüseynov məruzəsində, həmçinin orta əsrlərdə Yaxın Orta Şərqin universal zəka təmin edən təhsil şəbəkəsindən, elm və ədəbiyyatın sıx əlaqələrdən bəhs edib. Bildirib ki, tarixin bütün dönəmlərində azərbaycanlılar məhz universal zəkaları, parlaq istedadları ilə seçilmişlər. O, fikrini dahi azərbaycanlılar Xətib Təbrizi, Nəsirəddin Tusi, Abbasqulu Ağa Bakıxanov və digər böyük alimlərin şəxsiyyətini, zəngin yaradıcılığını geniş təhlil edərək əsaslandırıb.

Tədbirdə muzeyin Mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu da çıxış edərək Azərbaycanda ilk elmi-tədqiqat mərkəzi kimi fəaliyyətə başlamış “Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti”, o cümlədən 1926-cı ildə Bakıda işə başlamış I Bakı Türkoloji Qurultayı haqqında geniş məlumat verib. Qeyd edib ki, üzərindən 95 il keçməsinə baxmayaraq, I Bakı Türkoloji Qurultayı ehtiva etdiyi məsələlər məcmusu ilə, əhatə etdiyi vüsətli türk coğrafiyasına və elmi-siyasi aspektlərinə görə bu gün də ciddi araşdırmaların obyektidir.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook