RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Onun görməyəcəyi kitablar Apr 30, 2021 | 13:22 / Mətbuatda çıxışlar

Çexiyalı diplomat dostum Petr Vaqnerin xatirəsinə

Mehriban, qısa ünsiyyətdən sonra hər adamla dil tapmağı bacaran insan idi. Lakin bütün bunlarla yanaşı və bəlkə bunlardan da daha əvvəl Petrlə elə ilk görüşümüzdəncə aramızda yaranan səmimi münasibətlərin, sonra mütəmadi davam edən sıx əməkdaşlığın, hətta o, Bakıdan gedəndən sonra da kəsilməyən əlaqələrimizin əsas səbəbi, yəqin, elə ikimizin də elmə, axtarışlara aludəliyimiz idi.

O, siyasətə elmdən gəlmişdi. Praqadakı Karlov Universitetinin Fəlsəfə fakültəsini bitirdikdən sonra Çexoslovakiya Elmlər Akademiyasında çalışmış, elm tarixi ilə bağlı araşdırmalar aparmışdı.

Sonra səmti diplomatiyaya sarı çevrilsə də, elm, tədqiqatçılıq həvəsi onunla həmişəlik qaldı.

Bakıda xarici ölkələrin səfirlikləri çox, həmin missiyaların əməkdaşları arasında müxtəlif səbəblərlə bağlı görüşdüklərimiz, əlaqə saxladıqlarımız da yetərincə.

Xüsusən son 20 ildə Milli Məclisdə təmsil olunmağımdan əlavə həm də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru olmağım belə ünsiyyətlərə daha münbit şərait yaratdı.

Təqribən bütün səfirliklər ara-sıra, bəziləri isə hətta tez-tez Azərbaycana gələn qonaqlarını Nizami muzeyinə gətirirlər, tamaşa edirlər, mədəniyyətimizin, ədəbiyyatımızın zənginliyi onların yurdumuza və xalqımıza rəğbətini bir qədər də artırır (söz yox, bunlar mənim "COVID erası"ndan qabaqkı yaddaşlarımdır).

Təbii, həmin gəlişlər əsnasında əcnəbi qonaqların əksəri mənimlə də görüşür, tanış oluruq, bir sıra hallarda bu görüşlər ölkələrarası sonrakı səmərəli mədəni əməkdaşlıqların inkişafına, bir sıra yeni müştərək layihələrin də ortaya çıxmasına imkan yaradır.

Fəqət heç də onların hamısı ilə Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin sabiq müavini Petr Vaqnerlə olan təki isti və sıx münasibətlər yaranmır, adətən, bu təmaslar daha çox rəsmi səciyyə daşıyır.

Petr Vaqner peşəkar diplomat idi və bağlandığı bu sahəni yaxşı bilən mütəxəssis idi. Amma hər dəfə onunla söhbətlərimizdən (və həmişə də uzun çəkən) fikir mübadilələrimizdən sonra növbəti dəfə düşünürdüm ki, onun simasında dəyərli bir alimi itirmişik. Çünki Petr əvvəldən elmin ardınca getsəydi, elə sevdiyi o sahədə də çalışsaydı, şübhəsiz ki, bu istiqamətdə böyük uğurlara çata bilərdi.

Onda axtarışlardan zövq almaq, hər kiçik tapıntıya görə qəlbən sevinmək, tədqiqinə başladığı sahəyə ürəyini qoymaq kimi vərdişlər çox qabarıq idi və bunlar əsl alimə xas keyfiyyətlərdir. Ancaq burası var ki, elə siyasətdə, diplomatiyada, dövlət işində də Petr Vaqner kimi çoxsahəli biliklərə malik, dərin təfəkkürlü, hadisələr, proseslər haqqında alimcəsinə mühakimələr yürüdən, dürüst nəticələrə tez gəlib çatmağın yollarını incə bir fəhmlə tez tutan şəxslərə həmişə ehtiyac var.

Muzeyin "Təəssüratlar Kitabı"nda 2016-cı il 13 dekabrdan qalan bu cümlə və imza Petr Vaqnerin yadigarıdır: "Sizin və muzeyinizin sayəsində gözəl vaxt keçirdim".

Axı mən görürdüm ki, Vaqner hər muzeyə gələndə, tarixi eksponatların, əlvan tabloların, nəfis xalıların, qədimi kitabların arasında olanda sadəcə gözəl vaxt keçirmir. Yaşayır!

İlk görüşümüzdən sonra təyin olunmuş gündə muzeyə gəlib bələdçinin müşayiəti ilə, ona saysız suallar yağdıra-yağdıra bir neçə saatlıq səyahət etdi.

Amma ürəyi və gözləri doymamışdı.

Sonra ikinci, üçüncü dəfə də gəldi, muzeyin zallarına yeni gəlişlərində daha çox vaxt sərf edərək zövq ala-ala, ləzzətlə, ruhən dincələrək baxdı.

Çex şərqşünaslığı ilə tanışlığım hələ tələbəlik illərində görkəmli alim Yan Rıpkanın rus dilinə çevrilərək Moskvada nəşr edilmiş "Fars-tacik ədəbiyyatı tarixi" monoqrafiyasından başlamışdı. Bu haqda söhbət açılanda Petr qayıtmışdı ki, həmin kitab ruscaya heç də tam halda çevrilməyib, xeyli ixtisarlar edilib, sənə orijinalı tapıb gətirərəm.

Vətənə növbəti səfərlərindən birindən qayıdanda böyük çex aliminin həmin kitabını gətirdi mənə.

Və həmin nüsxənin orijinallığı və bir özəlliyi də bu idi ki, ilk vərəqində Yan Rıpkanın öz avtoqrafı vardı.

Petr dedi ki, çoxdan buraxılmış bu kitaba indi hətta bukinist mağazalarında da rast gəlmək mümkün deyil, vaxtilə mənə universitetdə dərs demiş bir müəllimimdən istədim, o bağışladı, mən də sənə hədiyyə edirəm.

Petrlə çex və Azərbaycan xalqlarının ədəbi-mədəni əlaqələri ilə bağlı bir kitab hazırlamağı qət etmişdik.

Mənə bu haqda xeyli material təqdim etdi, özüm də kitabxana və arxivlərimizdən bolluca maraqlı yazılar, sənədlər topladım. Bu yazıları fotoların da müşayiət etməsini istəyirdim. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət arxivinə müraciət etdim. Tezliklə 1950-ci illərdən üzü bu yana müxtəlif nümayəndə heyətlərinin, ayrı-ayrı ədəbiyyat və mədəniyyət xadimlərinin Praqadan Bakıya səfərləri ilə bağlı anları əks etdirən fotolar silsiləsini mənə çatdırdılar.

Xatırlayıram ki, həmin fotoları Petrə göstərəndə necə sevinirdi.

"Bunların hamısı bizim mədəniyyət tariximiz üçün bir töhfədir", - söyləyirdi.

O mənada haqlı idi ki, həmin şəkillərin hamısını zamanında bizim fotomüxbirlər çəkmişdi. Olsun ki, tək-tək kadrlar nəzərə alınmazsa, bir çoxu heç çex arxivləri və fondlarında yoxdur.

Nə isə, həmin yazını bitirdim və qərara aldıq ki, bunu ayrıca kitabça kimi də nəşr edək.

O kitabı iki dildə təsəvvür edirdik: əvvəlcə Azərbaycan dilində olan mətn, ardınca mətnin çex dilinə tərcüməsi və ayrıca fotoalbom bölümü.

Sadəcə iri məqalə deyil, kitab ideyası yaranandan sonra mən yazını bir qədər də təkmilləşdirmək üçün ən son illərdə Azərbaycan-Çexiya ədəbi-mədəni münasibətləri ilə əlaqədar yeni materiallar da aramağa başladım.

Bu arada isə Petr Bakıdakı iş dövrünü tamamlayaraq  öz ölkəsinin Xarici İşlər Nazirliyinin sərəncamına qayıtdı.

Bir neçə ay sonra mənə artıq Moskvadan zəng vurdu ki, indi burdayam, amma köhnə layihələrimiz qüvvədə qalır, imkan düşdükcə onlara qayıdaq.

Hansılar idi o müəyyən hissəsini başa çatdırdığımız və tamamlanınca həm Azərbaycanın, həm Çexiyanın ədəbi-mədəni həyatında xoş əks-səda oyada biləcək layihələr?

Vaxtilə Nizami Gəncəvinin "Divan"ı və "Həft peykər" məsnəvisi çex dilinə tərcümə edilib.

"Sedm princezen" - "Yeddi gözəl" ilk dəfə 1934-cü ildə nəşr edilmişdi.

Svatopluk Kadleç, Vladimir Holan, Yaroslav Seifertin bədii tərcümə etdiyi, Vaslav Fialanın rəsmlər çəkdiyi, Method Kalabın orta əsrlər Şərq əlyazmaları üslubunda qrafikasını icra etdiyi həmin kitaba Yan Rıpka yalnız gəncəli dahinin həyat və yaradıcılığı, bu məsnəvisi haqqında sanballı oçerk yazmamışdı, həm də poemanın sətri tərcüməsini yerinə yetirmiş, ayrı-ayrı çətin anlaşıla biləcək kəlmələrə və tarixi adlara şərhlər, izahlar yazmışdı.

Sonra bu tərcümə bir neçə dəfə təkrar basılmışdı.

1954-cü ildə isə yenə Yan Rıpkanın təşəbbüsü ilə artıq çex və slovak oxucuların rəğbətini qazanmış Nizami Gəncəvinin irsinə daha bir müraciət edilir.

Professor Yan Rıpkanın müfəssəl son sözü və şərhləri, Pavel Eisnerin nəzmlə tərcüməsi və yenə rəssam Vaslav Fialanın illüstrasiyaları ilə bəzənmiş lirik şeirlər toplusu - Nizami Gəncəvi "Divan"ı 1954-cü ildə Praqada işıq üzü görür.

Hər ikisi gözəl idi. Amma Petrlə birgə xeyli müzakirələr aparandan sonra qət etdik ki, hərdən "Bəhramnamə" də adlandırılan "Yeddi gözəl"in üzərində dayanaq, onu həm də Çexiya və Azərbaycan dostluğunun daha bir rəmzi olaraq vahid kitab içində iki kitab kimi buraxaq.

Yəni çex nəşrini necə varsa elə də saxlayaq və ikinci hissə olaraq götürək. Birinci hissə isə mənim müqəddiməmlə başlansın, ardınca "Yeddi gözəl"in azərbaycanca tərcüməsi gəlsin, sonda isə yazacağım izah və şərhlər. Kitab boyu da Azərbaycan miniatürçüləri və fırça ustalarının, eləcə də çex  rəssamlarının bu əsərə çəkdikləri təsvirlər yer alsın.

Özüm Praqada olarkən Nizaminin Çexiya nəşrlərinin bir qismini köhnə kitablar satılan mağazalardan almışdım, bir neçəsini də mənə dostum, iqtisadçı  professor Nazim İmanovun oğlu, o vaxtlar Çexiyadakı Azərbaycan səfirliyində çalışan Araz tapıb göndərdi, qalanlarını isə Petr çatdırdı.

2017-ci ildə hazırlamağa başladığımız və çoxdan tamamlanmış həmin kitab çapını gözləyir və dəmi də gəlib yetişib - 2021-in Azərbaycanda "Nizami ili" elan edilməsi həmin nəşrin, nəhayət ki, üzə çıxmasını lap vacib edir.

O vaxt Petr Vaqnerlə çex və Azərbaycan dilindəki "Yeddi gözəl"in burada - Bakıdakı və orada - Praqadakı təqdimatları haqda da düşünmüşdük.

Bəstəkar dostum Rizvan Sədirxanovdan xahiş etmişdim ki, Nizaminin çexcəyə çevrilmiş şeirlərindən birinə romans yazsın ki, oradakı təqdimat mərasimində səslənsin.

Hətta gecənin ssenarisinəcən tərtib etmişdik...

... Aprelin 23-də Vətəndən uzaqlarda, Strasburqda, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında idim.

Gərgin iclaslardan birində telefonumun işıqlanan ekranının çatdırdığı soraq qara idi.

Bakıdakı Çexiya səfirliyində Petri əvəz etmiş Daniel Putik yazırdı: "Pis xəbərim var. Petr Vaqneri itirdik".

Əziz dostumuz xərçənglə üzücü qarşıdurmada elə həmin gün təslim olubmuş.

Neyləməli, hamımız bir gün gedəsiyik!

Petrin əbədi gedişinin acısı da, onun içərimizdə xatirəsinin sönməyəcək işığı da daim bizimlə qalacaq.

Ən azı dünyadan belə gedə bilirsənsə, demək, ömrü bihudə yaşamayıbsan.

Petr tarixçı alim idi, doktorluq dissertasiyasını da müdafiəı etmişdi və onun elmi üslubuna bir poetiklik, ifadə rahatlığı xas idi.

Elmi araşdırmalarından birini orta əsrlər və müasir Avropa tarixinin mahiyyətcə bənzər hadisələri arasında səsləşmələrin əks olunduğu rəmzlərə həsr etmişdi və yazı "İki dəfə girmək olmaz" adlanırdı.

Bilirsiniz bu deyim haradan gəlir. Heraklitin məşhur sözləridir ki, axan çaya bircə dəfə girmək olar.

Həyat da belə. Hamı üçün qaydası eynidir - bircə dəfə yaşanır.

Gecənin bir aləmində, Petrlə bağlı bu yazıya əlavə etməkçün sayını itirdiyim yaddaş disklərindən onunla muzeyimizdə çəkilmiş fotolarımızı arayıram. Nə illah edirəm, tapa bilmirəm. Bəlkə sabah, ya o biri gün heç gözləmədiyim halda həmin şəkillər özləri çıxacaq qarşıma. İndisə qeybə çəkiliblər.

Buna da elə Petrin məqaləsində olan sayaq rəmz kimi baxıram.

Qeybə çəkildi dostumuz, o daha yoxdur. Telefon nömrəsinin, elektron poçt ünvanının da həyatı onunla bitdi. Daha heç vaxt o nömrədən onun səsi, o ünvandan cavabı gəlməyəcək.

Amma sabahmı, bir neçə günmü, bir neçə həftəmi sonra qəfilcə qarşıma çıxacaq birgə fotolarımız kimi mənim və digər sevənlərinin yadına zamanaşırı onlu xatirələr düşəcək.

Və həmin xatirələrdə Petr diri olacaq, yenə ötənlərdəki kimi bütün səmimiyyəti ilə bizimlə üz-üzə dayanacaq, onsuz axmaqda davam edən Çaya dönə-dönə ayaq basacaq...

...Əlbəttə, geci-tezi var, bir az da əl gəzdirərək, müəyyən tamamlama işlərini görərək Petr Vaqnerlə birgə düşündüyümüz lazımlı kitabları hökmən buraxacağıq.

Amma nə heyif ki, Petr o nəşrləri görməyəcək, buraxmağı niyyət etdiyimiz kitabların hələ mətbəə qoxusu getməmiş ilk nüsxələrini əlində tutaraq özünə xas şirin təbəssümü ilə gülümsəməyəcək!..

26 aprel, 2021

akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook