Müddətindən asılı olmayaraq, bütün müharibə və münaqişələr sona çatır. Əbədi müharibə və münaqişə yoxdur. Ancaq müharibənin yaraları və fəsadları gec sağalır, bəzən elə dərin olur ki, heç sağalmır.
Bu fikirlər Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı məruzə ilə bağlı dərc edilərək təşkilatın üzvləri arasında yayılmış çıxışında yer alıb.
“2020-ci ilin noyabrında xalqımın, düşünürəm ki, əslində, Avropanın və dünyanın da həyatında son dərəcə əlamətdar hadisə baş verdi. 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsi və müharibəsi, nəhayət, işğal edilmiş ərazilərin Ordumuz tərəfindən azad edilməsi ilə başa çatdı”, - deyən R. Hüseynov bildirib ki, nəticəsiz vədlər verən nüfuzlu beynəlxalq təşkilatların, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun ümidinə qalarsa, sonsuza qədər davam etməsi ehtimal olunan düyünü Azərbaycan özü qıra bildi. Qeyd edib ki, artıq 10 aya yaxındır müharibə bitib, işğaldan azad edilmiş ərazilərdə sürətli quruculuq işləri başlayıb. Lakin bu yaxınlarda - avqustun sonunda həmin regionda olmuş, vəziyyəti bilavasitə müşahidə etmiş şahid kimi təsdiqləyə bilərəm ki, 1980-ci illərin sonlarından başlayan bu faciənin kökləri elə dərindir ki, ermənilərin törətdikləri fəsadların tam aradan qaldırılması üçün bəlkə də münaqişənin davam etdiyi müddətdən də uzun vaxt lazımdır.
“Qısa müddətdə salınmış və ən müasir tələblərə cavab verən yollardan keçə-keçə sağ və soldakı ucu-bucağı görünməyən xarabalıqları seyr edirdim. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində bir evi belə salamat qoymayıb. Sanki bu yerlərdə atom müharibəsi baş verib. Evlərin son daşına qədər söküb aparıblar. Bir vaxtlar həyat qaynayan yerlər xarabalığa çevrilib. Ermənistan bu əraziləri büsbütün minalarla doldurub. Bunların təmizlənməsinə illər lazımdır. Bu isə 30 ildir həsrət içində yaşayan məcburi köçkünlərin hələ də tezliklə doğma evlərinə qayıda bilməyəcəyindən xəbər verir. Vaxt ötür, nəsillər dəyişir”, - deyə R. Hüseynov vurğulayıb.
Diqqətə çatdırıb ki, Azərbaycan dövləti diqqətini ermənilər tərəfindən darmadağın edilmiş ərazilərin dirçəldilməsinə yönəldib və quruculuq işləri sürətlə gedir. Səkkiz ay ərzində işğaldan qurtarmış Füzulidə gözəl beynəlxalq hava limanı inşa olunub və artıq oraya ilk uçuşlar edilib. Dağılmış binaların yerində əvvəlkindən qat-qat yaxşıları inşa ediləcək. Amma ermənilərin məhv etdiyi yüzlərlə tarixi abidəni, yerlə-yeksan olunmuş yüzlərlə qəbiristanlığı, tar-mar edilmiş yüzlərlə məscidi, ibadətgahı, yüz illərlə yaşı olan çinarları, bu müharibədə həlak olmuş minlərlə gənci həyata yenidən qaytarmaq mümkün deyil. Bu qəlpələr yaddaş və ürəklərdə əbədi qalacaq, vaxtaşırı tərpənəcək, ağrıdacaq, göynəyəcək, yandıracaq.
“Təbii ki, ermənilər tərəfdən də acılar yaşamış sadə insanlar az deyil. Müharibənin zərbəsi hər iki tərəfə dəyir. Ermənistandan anaların fəryadı bu gün ardı-arası kəsilmədən ucalır. Bu illər ərzində minlərlə erməni gənci həyatını nəyin naminə itirdi? Ermənistan hakimiyyətini qəsb etmiş cinayətkar rəhbərlər öz puç xəyalları və ambisiyaları naminə onları nədən qurban etdilər? Dəyərdimi? Iflasdan başqa nə qazanıldı?”, - deyə R. Hüseynov qeyd edib.
O vurğulayıb: “Bütün bu humanitar faciələrin anlatdığı bir həqiqət var: qisasçılığa son qoyulmalı, illərcə silahdan yapışmış əllər artıq əməkdaşlığa doğru uzanmalıdır. Regionu bəladan qurtarmağın, onun inkişafının yeganə doğru yolu budur”.