RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanın UNESCO uğuru Noy 19, 2021 | 10:24 / Səfərlər
Saytlarda 2021-ci il noyabrın 17-də Parisdə UNESCO iqamətgahında baş verən hadisə sakit bir cümlə ilə verilir və əslində onun ehtiva etdiyi yetərincə ciddi yük həmin cümlədə sanki sezilmir: Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına üzv seçilib.
Dünyanın ən mötəbər qurumlarından olan Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm, Mədəniyət Təşkilatı – UNESCO 193 ölkəni qovuşdurur.
İclaslarında bu noyabr günlərində bizim də iştirak etdiyimiz UNESCO Baş Konfransı bütün üzv dövlətləri əhatə edir və 2 ildən bir toplanır.
Üzv ölkənin böyüküyündən-kiçikliyindən, əhalisinin azlığından-çoxluğundan asılı olmayaraq Baş Konfransda hər dövlətin bircə səsi var.
Baş Konfrans hər 4 ildən bir UNESCO-nun İcraiyyə Şurasını seçir.
İcraiyyə Şurası isə UNESCO-nun idarə heyəti deməkdir.
Məhz bu qurum Baş Konfransı hazırlayır, qəbul edilmiş qərarların icrasına nəzarəti həyata keçirir.
Yəni 193 ölkə arsından seçilən 58 ölkədən biri olmaq, İcraiyyə Şurasında yer almaq, burada təmsil olunduğun 4 il ərzində UNESCO-nun həyatında bir çox məsələlərin həllinə bilavasitə təsir imkanlarını qat-qat artırır.
İcraiyyə Şurasında üz olan ölkənin UNESCO çərçivəsində digər üzv dövlətlərə də bir çox mühüm layihələrinin irəliləyişi və gerçəkləşməsində dəstək olmaq, köməklik göstərmək imkanları artır.
Bu isə heç də xırda məsələ deyil.
Məsələn, elə Baş Konfransın 41-ci sessiyasının gedişində ara-sıra bir para böyük dövlətlərin təmsilçiləri ayrı-ayrı məsələlərin müzakirələri əsnasında bizə çıxış etmək, onlarla həmrəy olmaq, mövqelərini müdafiə etmək ricası ilə yaxınlaşırdılar.
Edirdik və çox minnətdar olurdular.
Bu isə sabah sənin də eyni qaydada onlara müraciət etməyinçün yaradılan zəmin deməkdir.
İcraiyyə Şurasında isə belə imkan və səlahiyyətlər qat-qat artıq olur.
Ona görə də ölkəmizin UNESCO-nun İcraiyyə Şurasına üzv seçilməsi çox sevindirivci və tarixi mənası olan hadisədir, ilk növbədə dövlətin nüfuzudur, Azərbaycanın beynəlxalq miqyasdakı diqqətəlayiq uğurlarından sayılmalıdır.
Azərbaycanın İcraiyyə Şurasına üzv seçilməsinə üzv ölkələrdən 143-ü səs verib.
Bu isə gərgin əməyin, aparılmış ardıcıl və səmərəli işin nəticəsidir.
Azərbaycan üçün mədəniyyət sadəcə ilk baxışdan mədəniyyət anlayışının təqdim etdiyindən daha geniş, daha güclü, daha təsirli olan bir qüvvədir.
Biz mədəniyyət ölkəsiyik, qədim mədəniyyət ölkəsiyik, zəngin mədəniyyət ölkəsiyik və mədəniyyət bizim o gücümüzdür ki, onun sayəsində ərazisi də, əhalisi də, iqtisadi çəkisi də, hərbi qüdrəti də və digər göstəriciiləri də bizdən dəflərlə böyük, çox olan istənilən dövlətlə inamla üz-üzə dayana və üstün də gələ bilərik.
Eləsə, mədəniyyət bizimçün həm də ən təsirli və ən möhtəşəm, ən incə və uzaqgedən siyasət sayılamamalıdırmı?
Mədəniyyətin bizə dünyanın ən müqtədir ordularından biri olmaq haqqını verdiyini qoca və müdrik Cavid bütün varlığıyla dərk etdiyi və duyduğundandır ki, sadəcə bircə dəfə deməklə ürəyi soyumur, üç dəfə “mədəniyyət” söyləyirdi:
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
UNESCO-nun İcraiyyə Şurasına Azərbaycanın üzv seçilməsi əlamətdar hadisədir və millət təqvimindəki Dirçəliş Günündə baş vermiş həmin fərəhli hadisəyə görə dövlətimizə və xalqımıza təbriklər yaraşır.
Mübarək olsun!
 
Rafael Hüseynov
akademik
Paris, 17.11.2021
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook