RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Azərbaycanlı deputatın Avropada tarixin tədrisi ilə bağlı fikirləri AŞPA sessiyası çərçivəsində yazılı şəkildə yayılıb Yan 27, 2022 | 15:06 / AŞPA məruzələr

Olduğundan da təkmil Avropa və dünya qurmağın əsas yollarından biri də məktəbdən keçir, tədrisə, dərsliyə bağlıdır. 2020-ci ildə 17 üzv dövlətin Avropada tarix fənninin tədrisi zamanı öyrətmə mexanizmlərinin uyğunlaşdırılması, uğura imza atmaq üçün müşahidə missiyasında birləşmək niyyəti çox nəcibdir. “Ortaq Avropa Evi” ideyası bölüşdüyümüz dünyanın müştərək dəyərlərinin bərqərar olması ilə baş tuta bilər. Tədris sistemində, konkret olaraq tarix fənninin tədrisində müştərək mexanizmlərin təşəkkülünə gəlincə, bu, bir neçə mərhələdə gerçəkləşdirilə biləcək ideyadır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun qurumun qış sessiyasının 9-cu seansında “Avropada Tarixin Tədrisi Observatoriyası” adlı məruzənin müzakirəsi ilə bağlı çıxışında yer alıb. Azərbaycanlı deputatın çıxışının mətni avropalı parlamentarilərə yazılı şəkildə təqdim olunub. Cavab mətnində deyilir ki, tədris çox vacib sahədir və burada hər addım son dərəcə ehtiyatla atılmalıdır. Bütün ölkələrdə milli, Avropa və dünya tarixi tədris edilir. Tədris üçbucaqdır: öyrədən – müəllim, öyrənən – şagird, tələbə və öyrədilən - fənn və ona aid dərsliklər. Yekun mərhələyə çatmaq üçün tədris prosesinin ortaq prinsipləri formalaşdırılmalı, öyrədən və öyrənənlər tədrisin demokratik, sərbəst düşüncə, tənqidi və yaradıcı yanaşmadakı müştərək vərdişlərə yiyələnməlidirlər.

Qeyd edilib ki, Avropa təhsil məkanında ortaq, məzmunu və mahiyyəti ilə bir-birinə yaxın dərsliklər tərtib etməklə beynəlxalq təşkilatların onillərlə həyata keçirməyə çalışdığı və heç də həmişə müvəffəq olmadığı böyük niyyətlərin daha tez və daha səmərəli şəkildə reallaşdırılmasına töhfə verər.

“Parlament Assambleyasında hələ 2010-cu ilin yanvarın 27-də “Avropa təhsil şəbəkəsində ümumi dərsliklərdən istifadənin məqsədəuyğunluğu” adlı 12149 saylı Tövsiyə üçün məruzə hazırlamışdım. Həmin sənəddə bu ideyanın reallaşdırılması istiqamətində Avropa Şurasının görə biləcəyi və görməli olduğu işlərin konturlarını göstərmişdim. Həmin sənədi hazırladığımız vaxtdan 10 il sonra bu istiqamətə aparan konkret addımların atılmasına sevinir və Parlament Assambleyasında ilk əməli tədbirlərlə bağlı ayrıca məruzənin hazırlanmasından məmnunluq duyuruq”, - deyə R.Hüseynov yazıb. Diqqətə çatdırıb ki, tarixin tədrisi ilə bağlı müzakirə olunan bu layihənin normal işləyə bilməsi və arzu olunan səmərəliliyə çata bilməsi üçün əsas şərtlərdən biri onun icrasına bütün üzv dövlətlərin qoşulmasıdır. Sonrakı mərhələlərdə layihə daha da genişləndirilməli, ona cəlb edilən ölkələrin sayı artırılmalıdır. Çünki ümumi maraqlarla bağlı belə layihələrin həyata keçirilməsində miqyas böyük və coğrafiya nə qədər geniş olarsa, nəticə də bir o qədər qənaətbəxş olacaq.

Sonda azərbaycanlı deputat Avropada tarixin tədrisi ilə bağlı təşəbbüsün uğurla nəticələnməsini arzulayıb.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook