RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Muzeydə “Xocalı – otuz ilin dərdləri, dərsləri və davam edən mübarizələri” adlı elmi sessiya keçirilib Fev 25, 2022 | 13:02 / Tədbirlər

Fevralın 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri hesab olunan Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə Ədəbiyyat Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov “Xocalı – otuz ilin dərdləri, dərsləri və davam edən mübarizələri” mövzusunda məruzə ilə çıxış edib. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun hərbi qüvvələri və erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri olduğunu söyləyib.

Akademik bəşəriyyətə, insanlığa qarşı törədilən cinayətlərin cəza müddətinin olmadığını bildirib: “Zaman, illər keçsə də, həmin cinayətlərin cəzası verilir və verilməlidir. Otuz il bundan əvvəl ermənilərin xalqımıza qarşı həyata keçirdikləri bu cinayətin də cəza müddəti yoxdur. Cinayəti törədənlər, onun icraçıları gələcəkdə də öz cəzalarını alacaqlar. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. 63 uşağın öldürülməsi isə gələcəkdə 63 ailənin məhv olması idi. Bu cinayət məhz onların azərbaycanlı olduqlarına görə törədilmişdi”.

Daha sonra Rafael Hüseynov, uzun illər dünya ictimaiyyətinin xəbərsiz qaldığı Xocalı soyqırımının miqyasının, dəhşətlərinin beynəlxalq aləmdə tanıdılması prosesinin artıq öz bəhrələrini verdiyini vurğulayıb. Bildirilib ki, artıq dünyanın ən müxtəlif ölkələrində fevral ayının 25-i və 26-da yürüşlər, mitinqlər keçirilir, toplantılar baş tutur. Avropa, Asiya və Amerikanın bir çox şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər keçirilir, sənədlər imzalanır.

Rafael Hüseynov hələ 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında həqiqi üzv olaraq fəaliyyətə başladığı ildə hazırlanan ilk sənədin məhz ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım və etnik təmizləmə, o cümlədən Xocalı soyqırımı haqqında sənəd olduğunu qeyd edib. “Bu, beynəlxalq təşkilatlar çərçivəsində, dünya miqyasında Azərbaycana qarşı törədilmiş bütün soyqırımları əhatə edən ilk rəsmi sənəd idi”, - deyə natiq əlavə edib. Bildirib ki, elə bu günlərdə Avropa Şurası Parlament Assambleyasında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş və Avropanın bir çox nüfuzlu deputatlarının imzaladığı yeni sənəd hazırlanmışdır.

Daha sonra muzeyin Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın “Təqvimin unudulmayan səhifəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib  ki, Xocalı qırğınının dünyada soyqırımı kimi tanınmasında Azərbaycan Respublikası ictimai-siyasi birlikləri, türk-Azərbaycan diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı, bədii ədəbiyyat nümunələrinin və bu faciəni unutmağa qoymayan ziyalılarımızın da xüsusi rolu vardır.

Sonda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanmış “Xocalı nişanəsi” adlı bədii-sənədli qısametrajlı film nümayiş olunub.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook