RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov Strasburq Universitetində Nizami Gəncəviyə həsr edilmiş konfransda çıxış edib Apr 28, 2022 | 11:43 / Mühüm hadisələr

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şəxsiyyətinə və irsinə bütün dünyada maraq getdikcə artmaqdadır. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2021-ci ilin “Nizami İli” elan edilməsi Nizamişünaslıqda yeni inkişaf mərhələsinin başlanmasına təkan verib. Nizami Gəncəvi ilə bağlı müxtəlif dillərdə işıq üzü görən yeni nəşrlər, dünyanın müxtəlif ölkələrində artıq ənənəvi hal alan elmi konfrans və simpoziumlar bunun əyani göstəricisidir.

Bu fikirləri AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov Strasburq Universitetində təşkil olunmuş “Nizami Gəncəvi və Azərbaycan ədəbiyyatı” mövzusunda elmi praktik konfransda deyib.

Strasburq Universiteti Türk Araşdırmaları Departamentinin təşkilatçılığı və Azərbaycanın Avropa Şurası (AŞPA) yanında Daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilmiş konfransda akademik Rafael Hüseynov “Nizami Gəncəvinin Azərbaycan və dünya ədəbi-mədəni fikrində yeri” adlı məruzə ilə çıxış edib. Azərbaycan şairi Nizaminin lap çoxdan milli çərçivələri aşaraq dünya şairinə çevrildiyinə diqqət yönəldən Rafael Hüseynov deyib: “Orta əsrlərdən dövrümüzə qədər tərtib edilmiş və sayı səkkiz yüzü aşan fars və türkdilli təzkirələrə ümumi baxış onu göstərir ki, klassik ədəbiyyatla bağlı məlumatlarımızın başlıca, ayrı-ayrı şəxsiyyətlərə münasibətdə isə bəzən yeganə qaynağı olan bu toplularda adı ən çox və sabit olaraq təkrarlanan şair Nizami Gəncəvidir. Nizami Gəncəvi həm öz dövründə, həm də sonrakı bütün yüzillərdə fasiləsiz olaraq ən yaxşıların ən yaxşısı mərtəbəsində qalmış, istisnasız olaraq bütün təzkirəçilər də, ayrı-ayrı dövrlərin kamil şeir biliciləri də onu şairlərin sərvəri saymışlar”.

R.Hüseynov bildirib ki, vəfatından az sonra onun adına və irsinə bağlı ədəbi məktəb yaranmış, XIII yüzillikdə hind şairi Əmir Xosrov Dəhləvi “xəmsəçilik” ənənəsinin təməlini qoymuşdur. Orta əsrlərdə Nizamiyə layiqli cavab yazmaq sanballı şairlər zümrəsinə qatıla bilmək üçün məxsusi imtahan sayılırdı və bu yoxlamadan uğurla keçənlər böyük ədəbiyyata vəsiqə qazanmış kimi olurdular. Nizaminin Azərbaycan ədəbi və mədəni düşüncəsinə güclü təsirinin şairin yaşadığı zamandan başlayaraq indiyədək davam etdiyini, həm də bu təsirin yalnız ədəbiyyatla məhdudlaşmadığını, sənətin ən müxtəlif sahələrində daim duyulduğunu, Nizami irsinin bir təkanverici, ideya qaynağı olaraq milli-mənəvi inkişafa əvəzsiz töhfələr verdiyini söyləyən akademik Rafael Hüseynov mülahizələrini tarixi nümunələr və dəlillərlə təsdiqləyib. Nizaminin öz doğma dili, şəhəri və yurdunun dərin təəssübkeşi olduğunu vurğulayan natiq, hələ şairin sağlığında əsərlərinin sərhədlər aşdığını, o dövrkü müsəlman Şərqi mədəni mühitinin diqqət mərkəzində dayandığını söyləyib: “Nizami Gəncəvi lap başlanğıcdan milli şair olmaqla yanaşı, sadəcə bir sarayın “məlik üş-şüəra”sı – “şairlər rəisi” deyil, bütöv regionun, dövrünün mədəni aləminin baş və ortaq şairi olmaq vəzifəsini də öhdəsinə götürüb. Çünki lap əvvəldən Nizami mövzu dairəsi, qəhrəmanları, düşüncə və ifadəsinin tərzi ilə bəşəriyyətə üz tutan bir mütəfəkkir kimi çıxış edirdi. O, yalnız öz xalqı və mədəniyyəti üçün deyil, bütün Yaxın və Orta Şərqi, hətta daha geniş götürərək, bütün mədəni aləmə əbədi düşüncə və cəmiyyət quruculuğunun yeni mükəmməl modellərini təklif edirdi. Bu qeyri-adi nəcib missiyasını Nizami Gəncəvi yalnız birbaşa öz qələmindən çıxmış “Xəmsə”sinin köməyi ilə gerçəkləşdirməyib, dünyada digər şairlərə nəsib olmayan çox sayda ardıcılının yaranması ilə meydana gələn məktəbinin davamçıları tərəfindən həyata keçirib”.

Nizami təsirinin hüdudlarından bəhs edən akademik Rafael Hüseynov fransız yazıçısı və ictimai xadim Lui Araqonun Parisdə 1962-ci ildə nəşr etdirdiyi kitabındakı fikirlərə istinad edərək bildirib ki, gəncəli müdrikə yazılan cavabların miqdarı latın və yunan dillərində olan bütün poemaların sayından artıqdır. Akademik Nizami Gəncəvinin Avropa və bütövlükdə dünya mədəniyyətinə münbit təsiri, “Xəmsə”nin müxtəlif xalqların ədəbiyyat və mədəniyyətindəki parlaq izləri haqda təfərrüatları diqqətə çatdırıb. Bir saatdan artıq davam edən mühazirədən sonra Rafael Hüseynov Strasburq Universiteti professorları və tələbələrinin çoxsaylı suallarını cavablandırıb. Universitetin professorları Stefan De Tapia, Samim Akgönül məruzə və müzakirələrlə bağlı məmnun olduqlarını bildiriblər. Strasburq Universitetinin elmi həyatına əhəmiyyətli təsir göstərən belə konfransların və fikir mübadilələrinin davamlı olması arzularını ifadə ediblər. Konfransın sonunda iştirakçılara Heydər Əliyev Fondunun dəstəyi ilə fransızca nəfis şəkildə nəşr edilmiş Nizami əsərləri və şair haqqında kitab və bukletlər təqdim edilib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook