RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İşığı bizimlə qalan - nekroloq Apr 27, 2022 | 12:00 / Mühüm hadisələr
Çiçəyə bənzəyən bir insanla əbədi ayrılığın 40-cı gününün astanasında bu sətirləri Vətəndən uzaqlarda, xiffətlə yazıram.
Onu çiçəyə yalnız ona görə bənzətmirəm ki, gül artıq doğuluşdan onun adında vardı.
Bəlkə elə “gül”ün adında olması zahirinə də, batininə də təsir etmişdi?!
Ömrü boyu gül kimi zərif, gül kimi həssas oldu.
Onu 35 il idi tanıyırdım. İlk görüşümüzdən işığını duymuşdum və sonacan da ondakı bu işığın azalmadığını gördüm.
Gülçöhrə xanım Rəhimova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin həyatda olan və bu elm, mədəniyyət məbədindən iki onillik yaşlı tək təmsilçisi idi.
Nə qədər ki, Gülçöhrə xanım həyatda idi mən muzeyimizi də, elə özümü də əslində olduğundan xeyli gənc hiss edirdim.
Gülçöhrə xanımı 2022-ci il martın 21-də, Novruz günü itirdik.
Gül idi, gül fəsli gələndə də getdi.
99 yaşının tamam olub, 100-ə adlamasına 25 gün qalırdı.
Gülçöhrə xanım 1923-cü il aprelin 15-də Ordubadda doğulmuşdu və 11 yaşı olanda ailələri Bakıya köçmüşdü.
1942-ci ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini 1947-ci ildə fərqlənmə diplomu ilə bitirmişdi və aspiranturada saxlanmışdı.
O, Nizami muzeyinə gələndə 1950-ci illər başlayırdı və həmin dövr muzeyin həyatındakı ən parlaq çağlardanmış.
Elə artıq həmin vaxt canlı klassiklər sayılan böyük alim və sənətşünaslarla birgə çalışmaq Gülçöhrə xanım üçün elə misilsiz təcrübə məktəbinə çevrilmişdi ki, sonra həm özü əvəzsiz bir muzeyçiyə döndü, həm də ənənələrin ən mötəbər ötürücüsü oldu.
Gülçöhrə xanım son dərəcə mülayim, hər kəslə mehriban davranan, işləməkdən usanmayan, həmişə təşəbbüslə dolu, iddiasız bir insan idi.
1966-cı ildə “Cəlil Məmmədquluzadənin dramaturgiyası” mövzusunda dissertasiya müdafiə edərək alimlik dərəcəsi almışdı.
Köhnə muzey əməkdaşlarının hamısı təsdiqləyirdi ki, Gülçöhrə xanım ekspozisiyalar qurulması, sərgilər hazırlanmasında xüsusi məharət sahibi idi. Ona görə də ən çətin, ən məsul sərgiləri hazırlamağı adətən ona etibar edərdilər.
Ancaq qəribə iş baş vermişdi. Adətən alimlik dərəcəsi qazanmışların vəzifəsi artırılsa da (və o vaxtlar muzeydə elmi dərəcəsi olanların sayı barmaqla sayılacaq qədər az idisə də), 1972-ci ildə Gülçöhrə xanımı böyük elmi işçilikdən kiçik elmi işçi vəzifəsinə keçirmişdilər.
Belə izah etmişdilər ki, guya muzeyin maddi imkanları məhduddur.
Gülçöhrə xanım ona xas olan kübarlıqla kəlmə kəsməmiş, dərhal razılaşmış, bunu elə belə olmalıymış kimi qəbul etmişdi.
Lakin əsl səbəb o idi ki, bir başqası vəzifəsinin artırılması üçün çox canfəşanlıq edirmiş, hey ora-bura yazırmış. Onu sakitləşdirmək lazımmış, boş olan müvafiq ştatsa yoxmuş.
Gücləri Gülçöhrə xanıma çatır.
Çünki irəlcədən əmin idilər ki, Gülçöhrə xanım hətta daxilən narazı qalsa belə, cınqırını da çıxarmayacaq.
Elə o cür də olur. Vəzifəsi kiçilir, məvacibi də azalır, ancaq Gülçöhrə xanım əvvəlki şövqü ilə işini davam etdirir və onda zərrəcə də olsa inciklik əlaməti sezən olmur.
Gülçöhrə xanım o əməkdaşlardan idi ki, onun yaxşılığını, onun əvəzsizliyini, onun nəcibliyini görməmək və dəyərləndirməmək mümkünsüzdü.
Vur-tut bircə il sonra onu yenə böyük elmi işçi vəzifəsinə seçirlər və bu mələk xaisyyətli xanım da baş verənləri heç vaxt üzə də vurmur. Tərcümeyi-halında vəzifəsinin kiçildilməsi məsələsini də həmişə “muzeyin maddi vəziyyəti” ilə əlaqələndirir.
Gölçöhrə xanımın yüksək muzeyçi bacarıqları vadar edirdi ki, həmişə onu arasınlar.
Başqa muzeylər də onun köməyindən tez-tez istifadə edərdi.
Cəfər Cabbarlının ev muzeyi yaradılanda ən qısa vaxt kəsiyində mövzu-ekspozisiya planını hazırlamaq lazım idi. Gülçöhrə xanım gecəsini-gündüzünə qatır, verilən vaxtdan da tez işi yekunlaşdırır və sonra yeni muzeyin ekspozisiyasının qurulmasında da yaxından iştirak edir.
Biz artıq XXI yüzildə Nizami muzeyinin yeni ekspozisiyasını qurarkən Gülçöhrə xanım 90-nını haqlayırdı.
Ancaq az qala hər gün yeni-yeni təkliflərlə mənə zəng vururdu, saatlarla danışırdı.
Əlbəttə, artıq ayrı epoxa idi, tam başqa səpkili ekspozisiya qurmağa ehtiyac vardı. Lakin mən muzeyin həyatında yeni dövrün başlanmasına sidq ürəkdən sevinən Gölçöhrə xanımın qəlbinə dəyməməkçün hər dəfə onu sonacan dinləyirdim. Və dinləməyə sövq edən bir başqa mühüm cəhət də o idi ki, Gülçöhrə xanım hər söhbətini bir-birindən maraqlı xatirələri ilə bəzəyirdi.
Sabah – aprelin 27-də əziz Gölçöhrə xanımla ayrılığımızın 40-cı günüdür. Ancaq bundan sonra nə qədər 40 günlər keçsə belə bu nurlu insan unudulan deyil.
Biz də - onu tanıyanlar, sevənlər də unutmayacaq, tarixində, yaddaşında, divarlarında silinməz izlərini qoyduğu Nizami muzeyi də!..
 
Rafael Hüseynov,
akademik
26 aprel, 2022,
Strasburq
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook