RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov: Azərbaycan tarixin bütün dövrlərində Mərkəzi Asiyanın düşüncə həyatında ön sırada olub İyun 05, 2022 | 18:54 / Mühüm hadisələr

İyunun 2-də ADA Universitetində Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə işə başlamış 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Qarabağa həsr edilib və təqdim ediləcək mövzuların bir çoxu Azərbaycan, xalqımızın tarixdə qalan görkəmli şəxsiyyətləri, elm və sənət abidələri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, konfransın ilk iş günündə Milli Məclisin deputatı, akademik Rafael Hüseynov tədbirin iştirakçılarında böyük maraq doğuran “Orta əsrlər Şərq elmi, fəlsəfi və ədəbi düşüncəsində Azərbaycan mütəfəkkir və ədiblərinin qovuşduruculuq və yönəldicilik missiyası” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanın son min ildə müsəlman Şərqinin elmi, mədəni, ictimai-siyasi həyatında daim mühüm yer tutduğuna diqqət yönəldən Rafael Hüseynov deyib: “Tarixi salnamələr, səyahətnamələr və təzkirələrin məlumatları belə bir danılmaz həqiqəti ortaya qoyur ki, bütün orta əsrlər boyunca Azərbaycan yalnız görkəmli filosoflar, alimlər, şair, musiqiçi və musiqişünaslar yetirməmiş, onların bir qismi həm də vacib qovuşduruculuq və yönəldicilik missiyasını gerçəkləşdirib. Orta əsrlərdə müsəlman Şərqinin əksər seçkin ziyalılarına iki və üçdillilik xas idi, onların arasında türkcəni, ərəb və farscanı mükəmməl bilməklə yanaşı, bu dillərdə elmi və bədii əsərlər yaradanlar da az deyildi. Lakin azərbaycanlılar bu yöndə də fərqlənmiş, onların təmiz bilərək yaradıcılıqlarında istifadə etdikləri dillərin sayı daha çox olmuşdur”. Nizami Gəncəvinin “Xəmsə”sində azı 5 dildə olan kitablardan istifadə etdiyini, Zülfüqar Şirvaninin (XIII əsr) isə “Divan”ında 6 dildə nəsr və şeir yazdığını, XIX yüzildə Bahar Şirvaninin yalnız Şərq dillərində deyil, həm də fransızca şeirlər yazdığını, Abbasqulu ağa Bakıxanovun isə 10 dil bildiyini və bu sırada Şərq dilləri ilə yanaşı, fransız, rus, polyak və digər dillərin də olduğunu söyləyən Rafael Hüseynov çoxdillilik ənənəsinin Azərbaycan ziyalılığı arasında sonrakı dövrlərdə də davam etdiyini vurğulayıb. Bu isə Azərbaycan alim və ədiblərinə milli hüdudlardan kənara çıxmağa, daha geniş coğrafiya ilə təmasa girməyə imkan yaradıb. Azərbaycan zəka və ilham sahiblərinin dünya elmi və mədəniyyətinə təsiri məsələsinə toxunan akademik bildirib: “Mövzu dairəsi və ideyalarının çevrəsi ilə bütün Mərkəzi Asiyaya və insanlığa üz tutan Nizami Gəncəvi yaradıcılığı bir modelə çevrildi və XIII əsrdə hind şairi Əmir Xosrov Dəhləvidən başlayaraq ta XX əsrə qədər onlarla xalqın yüzlərlə sənətkarı Nizami məsnəvilərinə cavablar yazdı. XIII əsrdə Nəsirəddin Tusinin qurduğu Marağa rəsədxanası yanında əslində Beynəlxalq Akademiya fəaliyyət göstərirdi və burada ovaxtkı mədəni dünyanın dörd bucağından parlaq alimlər çalışırdılar, bu mühüm elm məktəbi və mərkəzini məhz Azərbaycanın münbit elm mühiti doğurmuşdu. XIII əsrdə Səfiəddin Urməvi, XV əsrdə Əbdülqadir Marağayinin yazdıqları musiqişünaslıq risalələri Yaxın və Orta Şərqin musiqi həyatında əsas qovuşdurucu elm və sənət abidələri, meyar sayılan, öyrənilən və ideyaları davam etdirilən təməl dərsliklər idi. X-XI əsrlərdə Bəhmənyar Azərbaycaninin, Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfədə yeni təlimlər, cərəyanlar yaratmaq təşəbbüslərini XIV əsrdə İmadəddin Nəsimi ictimai-siyasi həyatda, poeziyada və təriqətçilikdə davam etdirirdisə, oxşar qovuşduruculuq və yayıcılıq vəzifəsi Şah İsmayıl Xətainin səyləri ilə XV-XVI əsrlərdə Səfəvi sarayında rəssamlıq, lüğətçilik, tərcüməçilik sahəsində həyata keçirilirdi. Azərbaycan yaradıcı düşüncəsinə və mütəfəkkirinə xas həmin qəlib XIX-XX yüzillərdə də işləyirdi və Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, onların ardınca Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin”in səsi Qafqazdan İrana, Anadoluya, Orta Asiya və Hindistana qədər nəhəng məkana çatırdı, yenə əvvəllərdə olduğu kimi, etalon olmaq vəzifəsini, yaxınlaşdırıcı, ortaqlaşdırıcı, istiqamətləndirici vəzifəsini yerinə yetirirdi”. Məruzəsinin yekununda Rafael Hüseynov Azərbaycan dühasına xas olan daim öndə getmək, örnək göstərmək, qovuşduruculuq, istiqamətvericilik keyfiyyətinin daha bir parlaq ifadəsinin müsəlman Şərqində ilk demokratik respublikanın da məhz Azərbaycanda qurulması olduğunu bəyan edib.

nizamimuseum.az

 

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook