RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael Hüseynov: Azərbaycan Xocalı faciəsini yaşadığı üçün Holokost acısını daha yaxşı hiss edir İyun 23, 2022 | 12:24 / AŞPA məruzələr

Azərbaycanda məscid, kilsə, sinaqoqun yanaşı olması ilə fəxr edirəm. Bu dini evlərin heç birinin qarşısında əli silahlı keşik çəkməyə ehtiyac yoxdur. Onların qapısı həmişə açıqdır və əsrlər boyu da belə olub.

XII əsrin məşhur yəhudi səyyahı Benyamin Tudela yazır ki, ö dövrdə Azərbaycanda 1000 sinaqoq vardı. Elə bu rəqəm özlüyündə orta əsrlərdə yəhudilərin Azərbaycan cəmiyyətinə necə sıx inteqrasiya etməsinin ən bariz göstəricisidir. Azərbaycanda antisemitizm yoxdur, heç vaxt da olmayıb. Ümumiyyətlə, ölkəmizdə qarşısına “anti” hissəciyini artırmağa məcbur qalacağımız heç bir təmayülün yaranmasına heç vaxt imkanı olmayıb. Tolerant mühit ölkəyə mədəni əlvanlıq və zənginlik bağışlayıb, sabit və rahat birgəyaşayışı təmin edən əsas güclərdən birinə çevrilib. Milli və dini ədavət hissi istənilən cəmiyyəti içəridən çürüdən, nifrət bəslədiyindən daha çox onun özünə zərər vuran arzuolunmaz xəstəlikdir. Bu nəticəyə gəlmək üçün uzun tədqiqat aparmağa ehtiyac yoxdur. Antisemitizm və ya digər bu qəbil bəd təmayüllərin arxasında sadə insanların niyyətləri deyil, məkrli siyasətlər dayanır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun yay sessiyası çərçivəsində “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə” adlı məruzənin müzakirəsi zamanı çıxışında deyib.

Bildirib ki, Holokost təkcə yəhudilərin deyil, bütün dünyanın heç vaxt acılarını unutmayacağı faciədir. Azərbaycan həmin faciənin ağrısını başqalarından daha yaxşı dərk edir, çünki bizim özümüzün də tariximizdə Xocalı soyqırımı kimi müsibət var. İnsanlıq əleyhinə ən müdhiş cinayətlər qəbilindən olan bu 2 faciənin səslənməsinin də bir-birinə bənzəməsi çox rəmzidir. İnsanların sevincləri fərqlidirsə də, böyük dərdləri həmişə oxşar və yaxındır. Faciələrin təkrarlanmaması, onları törədən təmayüllərin, antisemitizmin irəliləməməsi üçün başlıca şərt isə yaddaşdır, onu unutmamaqdır.

Antisemitizmi gerçəkləşdirməyə açıq şəkildə görünməyən, pərdəli üsullarla da rəvac verməyə cəhdlər edilir. Vaxtilə Assambleyada sanki belə mühüm bir siyasi platforma üçün gözlənilməz olan mövzu – sünnətlə bağlı məruzə hazırlamışam. Uşaqların sünnət edilməsini cinayət tərkibli hərəkət kimi Avropa ölkələrinin hüquq praktikasına daxil etmək məqsədi güdənlərin gizli, qərəzli hədəfinin məhz antisemitizm, islamofobiya olması, üzdən xırda görünən bir məsələ ilə Avropa cəmiyyətinə daxildən zərbə vurmaq niyyəti heç kimə sirr deyildi. Biz bunun qarşısını ala bildik. Ancaq çox sayda belə görünən və görünməyən təşəbbüslər olur, addımlar atılır. Ona görə də heç vaxt sayıqlığımızı itirməməliyik, antisemitizmə və bütün oxşar təmayüllərə qarşı mübarizə, belə halların ortaya çıxmasına səbəb olacaq addımların qarşısının vaxtında alınması daim yaddaşın üst qatında, gündəliyimizdə yer almalıdır.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook