RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Akademik Rafael Hüseynov: “Dilçilik sahəsində yüksəkixtisaslı kadrların yetişdirilməsi zəruridir” Mart 07, 2017 | 13:39 / Mətbuatda çıxışlar

AMEA Rəyasət Heyətinin iclasında Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycanda dilçilik sahəsində mövcud problemlərdən danışıb, onların həlli yollarına dair təkliflərini səsləndirib.

“Dil ən ali sərvətimizdir” – deyə bildirən alim müasir dövrdə filoloq-tərcüməçilərin yetişdirilməsi və klassik ədəbi əsərlərimizin dünyanın müxtəlif dillərinə tərcümə edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə işlərin yüksək səviyyədə təşkili məqsədilə gənc və yüksək potensialı olan kadrlar Avropa ölkələrinə ezam olunmalı, müvafiq dilləri mükəmməl öyrənməlidirlər.

Akademik Azərbaycanın tanınmış klassik şair və yazıçılarının bütün dünyaya tanıdılmasının humanitar elmlər sahəsinin qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edərək, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı kitab və monoqrafiyaların Avropa dillərində yayılmasının zəruriliyini önə çəkib: “Humanitar sahənin uğurlarını təbliğ edən əsərlər yazaraq dünya elminə inteqrasiya etməliyik”. Akademikin sözlərinə görə, bu, alimlərimizin ölkə hüdudlarından kənarda tanınmasına xidmət etməklə yanaşı, həm də mövcud problemlərimizin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

O, qədim əlyazma nümunələrinin oxunmasının Azərbaycan tarixinin öyrənilməsi baxımından xüsusi önəm daşıdığını qeyd edərək, bu sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyindən danışıb. Hazırda AMEA-da dilçilik sahəsində fəaliyyət göstərən mütəxəssisləri, ədəbiyyatşünas alimləri bu prosesdə fəal iştiraka səsləyib.

R.Hüseynov ölkədə dilçilik və lüğətçilik sahəsində mövcud olan problemlərə də toxunub. Azərbaycanda lüğətçilik sahəsində klassik təcrübənin olduğunu qeyd edən alim orfoqrafiya lüğətinin hər 5 ildən bir yüksək səviyyədə yenidən çap olunmasının zəruriliyini qeyd edib. Azərbaycan dilinin izahlı lüğəti, eləcə də terminoloji və sahə lüğətlərinin hazırlanması sahəsində peşəkar kadrların yetişdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rafaelhuseynov.com saytına istinad zəruridir.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook